Tədqiqatlar

Hökumətlər - orta yaş neçədir?

Müasir dövrdə inkişaf etmiş və bir sıra inkişaf etməkdə olan ölkələrdə idarəetmə aparatında gənc kadrlara geniş yer verildiyi müşahidə edilir. Elm və texnologiyanın sürətlə inkişaf etdiyi, siyasi-iqtisadi proseslərin sürətlə dəyişdiyi dövrdə zamanın nəbzini tuta biləcək gənc kadrların olması hər bir hökumət üçün çevik və effektiv idarəetmə nöqteyi-nəzərindən vacibdir.

 

Bu qısa məqalədə müxtəlif ölkələrdəki nazirlər kabinetlərinin yaş ortalaması nəzərdən keçiriləcək. Sonda isə müxtəlif inkişaf səviyyələrinə malik ölkələrdəki nazirlər kabinetlərinin ölçüsü barədə cədvəl təqdim ediləcək.

 

İlk olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə nəzər yetirək. Nazirlər Kabineti üzvlərinin orta yaşı 53,5, median yaş isə 54-ə bərabərdir. Nazirlər Kabinetinin ən cavan üzvünün yaşı 39 (bu yaşda iki kabinet üzvü fəaliyyət göstərir), ən yaşlı üzvünün yaşı isə 74-dür. Qeyd edək ki, hesablama zamanı nazirliklər, komitələr, xidmətlər və agentliklərin rəhbərləri, eləcə də, baş nazir və onun müavinlərinin (35 nəfər) yaşları nəzərə alınıb.

 

           

35 nəfərlik nazirlər kabineti üzvlərinin yaş üzrə paylanmasının ''boxplot'' qrafikində vizual təsviri.

 

 

İnkişaf səviyyəsinə görə dünyada ilk sıralarda dayanan Böyük Britaniyada Boris Conson kabinetinin orta yaşı - 48 təşkil edir ki, bu da Tereza Meyin rəhbərlik etdiyi əvvəlki kabinetin orta yaşından 3 il daha aşağıdır.[1] Digər Avropa nəhəngi olan Almaniyada[2] isə Angela Merkel kabinetinin orta yaşı 51,2-ə bərabərdir. Burada ən cavan nazirin yaşı 37, ən yaşlı nazirin yaşı isə 68-dir. Nazirlər kabinetinin orta yaşı səviyyəsi Avstraliya[3] və Yeni Zelandiya[4] üçün isə müvafiq olaraq 49,4 və 50 təşkil edir. Nəzərə çatdıraq ki, Yeni Zelandiyada Yakinda Ardernin 20 nəfərlik nazirlər kabinetində 6 nazirin yaşı 45-dən aşağıdır. Siyasi-iqtisadi modelinə görə özünəməxsusluğu ilə seçilən İsveçdə isə Stefan Löfvenin birinci hakimiyyəti dövrünədki (2014-18-ci illərdə) kabinetin orta yaşı 45,4 olub -ən cavan nazirin yaşı 27, ən yaşlı nazirin yaşı isə 68 təşkil edib.

 

İnkişaf səviyyəsinə görə yuxarıdakı ölkələrdən geri qalan Hindistanda[5] Narendra Modi kabinetinin orta yaşı - 60-a bərabərdir (əvvəlki kabinetin orta yaşından 2 il daha aşağı). İki Afrika dövlətinə nəzər yetirsək, Məhəmməd Buxarinin rəhbərlik etdiyi Nigeriya hökumətində nazirlərin orta yaşı 60, Siril Ramafozanın (Cənubi Afrika) kabinetinin orta yaşı isə 58-dir.

 

MDB məkanında vəziyyət necədir?

 

Azərbaycanın şimal qonşusu Rusiyada Vladimir Putinin kabinetinin orta yaşı 51, ən cavan nazirin yaşı 35, ən yaşlı nazirin yaşı isə 64-dir. Qazaxıstanda Qasım-Comərd Tokayevin Nursultan Nazarbayevdən təhvil aldığı kabinetin orta yaşı 50,5-dir ki, burada ən cavan nazirin yaşı 39, ən yaşlı nazirin yaşı 66-ya bərabərdir. Orta yaş səviyyəsi Ukraynada Vladimir Zelenski kabineti üçün 39 və Estoniya üçün isə 35-dir (diqqətə çatdıraq ki, Estoniya üçün göstərici 2015-ci ilə əsasəndir).

 

Digər qonşumuz Türkiyədə[6] isə hazırkı hökumət Türkiyə tarixinin ən cavan heyətinə malikdir. Rəcəb Tayyib Ərdoğan kabinetinin orta yaşı 49-dur ki, burada ən cavan nazirin yaşı 39, ən yaşlı nazirin yaşı isə 64-ə bərabərdir.

 

Bəs bu rəqəmlər nədən xəbər verir? Nəzərdən keçirilən ölkələrin kabinetləri üzrə statistik olaraq orta yaş 49-a bərabərdir. Lakin diqqətdə saxlamaq lazımdır ki, bu hesablamada yalnız bir neçə ölkə nəzərə alınıb.

 

 

Son olaraq isə, müxtəlif inkişaf səviyyələrinə malik ölkələrdəki nazirlər kabinetlərinin ölçüsünə nəzər yetirsək. Nüfuzlu "Business Insider" nəşrinin 2019-cu il üçün təqdim etdiyi statistikaya əsasən, nazirlər kabinetlərinin ölçüsü ölkə əhalisinin sayı və ya iqtisadi inkişaf səviyyəsi tərəfindən diqtə edilmir. Belə ki, 315 milyondan çox əhaliyə malik ABŞ-da cəmi 15 nazirlik fəaliyyət göstərirsə, əhalisi 6 dəfə kiçik olan Cənubi Afrikada bu göstərici 28 təşkil edir. 5 milyona yaxın əhalisi olan Yeni ZelandiyadaSinqapurda müvafiq olaraq 9 və 20 nazirlik, 83 milyonluq əhaliyə malik Almaniyada isə 15 nazirlik mövcuddur.

 

Müəlliflər - İnqilab Şahbazov və Zaur Əfəndiyev

 

İstinadlar


[1] https://www.itv.com/news/2019-07-25/key-statistics-about-the-new-cabinet/

[2] https://www.deutschland.de/en/topic/politics/new-german-cabinet-five-demographic-facts

[3] Malkolm Törnbul kabinetinin orta yaşı - 49,4 (son məlumatlar 2016-ci il üçündür)

https://australianpolitics.com/2016/04/10/the-ages-of-the-turnbull-government-ministers.html

[4] https://www.stuff.co.nz/national/politics/100574360/generational-change-average-age-of-cabinet-50-down-from-51-last-time

[5] https://www.indiatoday.in/india/story/smriti-irani-youngest-minister-in-modi-govt-average-age-1539112-2019-05-31

[6] https://www.cnnturk.com/turkiye/turkiye-tarihinin-en-genc-kabinesi-yas-ortalamasi-49

 

PAYLAŞ

Oxşarlar

Azərbaycanın mobil və internetlə təminatına görə dünyadakı yeri (İnfoqrafika)

Azərbaycanın mobil və internetlə təminatına görə dünyadakı yeri (İnfoqrafika)

08 Noyabr 2019

Azərbaycanda XXI əsrin tələblərinə cavab verən müasir informasiya infrastrukturunun, habelə iqtisadiyyatda mühüm yer tutan informasiya və kommunikasi… ƏTRAFLI

Mühafizəkarlıq və yeni sağ

Mühafizəkarlıq və yeni sağ

31 Oktyabr 2019

Etimoloji kökü latınca “conservare” sözünə əsaslanan mühafizəkarlıq qədim olana, ənənə və adətlərə bağlılığı ifadə… ƏTRAFLI

Ailə, karyera və sosial rol konflikti

Ailə, karyera və sosial rol konflikti

30 Oktyabr 2019

Dünyanın hər bir yerində peşəkar və təhsilli qadınlar sosial rollarının  balanslaşdırılması problemi ilə üzləşir və çox zaman rol … ƏTRAFLI