Tədqiqatlar

Ermənistan vətəndaşları arasında Rusiyanın reytinqi kəskin şəkildə aşağı düşüb – Sorğunun nəticələri bunu deyir

Qafqaz Tədqiqat Resurs Mərkəzi (CRRC) tərəfindən doqquzuncu dəfə keçirilən “Qafqaz barometri” sosioloji sorğusunun nəticələri açıqlanıb. Sorğu bir sıra maraqlı məqamları ilə diqqət çəkir və olduqca maraqlıdır. Qeyd etmək istərdik ki, sosioloji sorğu Ermənistan vətəndaşlarının bəzi ölkələrə, xüsusilə Rusiyaya münasibətinin kəskin dəyişdiyini özündə əks etdirir. Sorğunun təhlil hissəsinə keçməmişdən əvvəl qeyd edək ki, respondentlərə təqdim olunan suallar arasında Azərbaycanla da bağlı suallar olub. Tədqiqat işi “Qafqaz barometri – 2019” adlandırılsa da, sorğu 21 fevral-15 mart 2020-ci il tarixləri aralığında aparılıb və bu ilin nəticələrini özündə ehtiva edir. Bu məqalədə Qafqaz Tədqiqat Resurs Mərkəzi (CRRC) tərəfindən keçirilən tədqiqatın bizim üçün maraqlı olan bəzi detallarına nəzər salmağa çalışacağıq.

 

Qafqaz Tədqiqat Resurs Mərkəzinin (CRRC - Caucasus Research Resource Center) missiyası nədən ibarətdir və Cənubi Qafqaz haqqında data toplamağa niyə maraq göstərir?

 

Sorğunun nəticələrini təqdim etməzdən öncə Qafqaz Tədqiqat Resurs Mərkəzi haqqında qısa məlumat vermək istərdik.

 

Şəkil 1.  (CRRC - Caucasus Research Resource Center- Armenia) Qafqaz Tədqiqat Resurs Mərkəzi – Ermənistanın loqosu

 

Bu Mərkəz 2003-cü ildə ABŞ-ın Avrasiya Əməkdaşlıq Fondunun (Eurasia Partnership Foundation) təşəbbüsü, bir əsrdən çox müddətdə fəaliyyət göstərən nüfuzlu Nyu-York Karnegi Korporasiyasının (zəruri qeyd: hazırda rəhbəri Vartan Qriqoriandır – geniş izahata ehtiyac yoxdur, soyadı hər şeyi izah edir) maliyyə dəstəyi ilə yaradılıb [Gregorian, Vartan . A Message to Our Community in Support of Equality, Dignity, and Justice. Carnegie Corporation of New York. 06.02.2020 URL: https://www.carnegie.org/news/articles/message-our-community-support-equality-dignity-and-justice/ (access date: 10.07.2020)]. Mərkəz Ermənistanla yanaşı Azərbaycan və Gürcüstanda da fəaliyyət göstərir və sosial tədqiqatların həyata keçirilməsi ilə məşğuldur. Aşağıdakı linkdə Qafqaz Tədqiqat Resurs Mərkəzinin tanıtım vidosu ilə tanış ola bilərsiniz. [Caucasusbarometer.org. İntro video. 29.04.2014. URL: https://www.youtube.com/watch?time_continue=6&v=8prPEh5Y6H0&feature=emb_title (access date: 10.07.2020)].

 

“Qafqaz barometri – 2019” Ermənistan sorğusunun əsas məqsədi

 

“Qafqaz barometri – 2019” adlı layihənin əsas məqsədi Ermənistan vətəndaşlarının digər ölkələrə münasibətini öyrənmək olub.

 

Ermənistanda hələ sovet dövründə mərkəzi rəhbərliyə və Moskvaya münasibəti birmənalı olmayıb. Kremldə də bunu yaxşı bilirdilər. 

 

Ermənistanda Rusiyaya münasibət niyə dəyişib? (konseptual təhlil)

 

1998-ci ildə Levon Ter-Petrosyanın hakimiyyətdən getməsi və Robert Köçəryanın prezident kürsüsünə oturmasından sonra Rusiyanın bu ölkədə mövqeyi bir qədər də möhkəmlənmişdi. Ermənistan vətəndaşları Rusiyanı qardaş ölkə kimi təqdim edirdilər, lakin son illərdə vəziyyət əsaslı surətdə dəyişib.

 

 

 

Diaqram 1. Rusiya Ermənistanın dostudur? (illər üzrə dinamika)

 

Diaqramdan da göründüyü kimi, Rusiyanın Ermənistandakı nüfuzu illər ötdükcə aşağı düşməkdə davam edir. 2013-cü ilin sorğusunda respondentlərin 83%-i Rusiyanı yaxın dövlət hesab edirdisə, növbəti illərdə bu rəqəm kəskin azalıb (2015-ci ildə 75%, 2017-ci ildə 63%), son sorğuda isə rəyi soruşulanların cəmi 57%-i Rusiyanı “qardaş” ölkə kimi gördüyünü bildirib. Buna baxmayaraq, hətta bu göstəricilərə görə də Rusiya Ermənistana dost ölkələr siyahısında liderliyini davam etdirir [Հայաստանցիների շրջանում Ռուսաստանի վարկանիշը կտրուկ անկում է ապրել. CRRC-Armenia. Youtube. 06.07.2020. URL: https://www.youtube.com/watch?time_continue=3&v=balGoQIiMXc&feature=emb_title (müraciət tarixi:11.07.2020)]

 

Diaqramda əks olunan məlumata görə deyə bilərik ki, Rusiya ilə bağlı kəskin azalma 2017-ci ilin sorğusunda özünü biruzə verib. Həmin vaxt Ermənistan vətəndaşları Aprel döyüşlərinə görə Rusiyanı ittiham edirdilər. Məhz dördgünlük müharibə Ermənistanda Rusiyanın nüfuzun yüksək templə aşağı düşməsinə səbəb oldu. Qeyd olunan məqam Rusiyanın Ermənistanda nüfuzunun itirməsinə gətirib çıxardı.

 

Düşünürük ki, Rusiyanın Ermənistanda nüfuzunun itirməsinin obyektiv səbəbləri var. Bunu təkcə Aprel döyüşləri ilə əlaqələndirmək olmaz. Rəsmi Moskva ilə Bakının hərbi-strateji tərəfdaşlığı var və silah satışı ilə bağlı milyardlarla dollar məbləğində müqavilələr uğurla icra olunur. Halbuki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanla tərəfdaşdır. Azərbaycan isə bu təşkilatın üzvü deyil. Digər tərəfdən, Ermənistan özü üçün təhdid hesab etdiyi Türkiyənin Rusiya ilə siyasi, iqtisadi, hərbi və enerji müstəvisində yaxınlaşması həzm edə bilmir. İrəvanda Rusiya-Türkiyə yaxınlaşmasını Ermənistanın suverenliyi üçün təhlükə hesab edirlər.

 

Daha çox koronavirus COVİD-19 pandemiyası ilə yadda qalan 2020-ci il Ermənistanda Rusiyanın nüfuzuna zərbə vuran başqa bir hadisə ilə də əlamətdar oldu, ölkəni təbii qazla təmin edən “Qazprom” şirkəti qiyməti artıracağını bəyan etdi. Ermənistan hökuməti beynəlxalq bazarda təbii qazın qiymətinin düşməsinə rəğmən “Qazprom”un belə qərar verməsini qəbul etmək istəmədi. Bununla yanaşı, koronavirus pandemiyasının gücdən saldığı ölkə təbii qaz üçün əlavə pul ödəmək niyyətində deyil. Düşmən dövlətdə ümumi rəy bundan ibarətdir ki, Rusiya həqiqətən Ermənistanın dostudursa, belə bir vəziyyətdə təbii qazın ixracından əlavə gəlir qazanmaq barədə fikirləri kənara qoymalıdır. Sadaladığımız bütün bu məsələlər yekunda Rusiyanın Ermənistanda reytinqinin aşağı düşməsinə səbəb olub.

 

Ermənistanda yeni nəsil Rusiyadan niyə narazıdır?

 

 

 

Diaqram 2. Rusiya Ermənistanın dostudur? (yaş nisbəti ilə bağlı göstəricilər)

 

Diqqətçəkən digər bir məqam ondan ibarətdir ki, erməni gənclər arasında Rusiyanın nüfuzu daha aşağıdır. 18-35 yaş aralığında olan respondentlərin cəmi 52%-i Rusiyanı özünə dost hesab edir. Sorğu üç yaş qrupunda aparılıb: 18-35, 36-55 və 56 yaşdan yuxarı. 18-35 yaşlarında olan ermənilərin 52%, 36-55 yaşındakı ermənilərin 60% və 56 yaşdan yuxarı ermənilərin 59% -i tərəfindən Rusiyanı əsas dost ölkə hesab edir.

 

Ermənistanın paytaxtından kənarda Rusiyanın nüfuzu böyükdür

 

 

Diaqram 3. Rusiya Ermənistanın dostudur? (Şəhər və kənd arasında göstəricilər)

 

Keçirilmiş sorğunun nəticələrinə əsasən qeyd edə bilərik ki, paytaxt İrəvanda respondentlərin 47% -i, Ermənistanın digər şəhərlərində - 57%, kəndlərdə isə 66% əsas Rusiyanı dost ölkə hesab edir. Kəndlərdə Rusiyanın nüfuzunun daha yüksək olmasının da öz obyektiv səbəbləri var.

 

Ermənistan yeni dost axtarışında...

 

 

Diaqram 4. Fransa Ermənistanın dostudur? (İllər arasındakı dinamika)

 

Sorğu həm də Ermənistanın yeni dost axtarışında olduğunu üzə çıxardı. Son sorğularda Fransa yeni dost mövqeyinə daha uyğun görünür. Axırıncı açıqlanan məlumatda Ermənistanda respondentlərin 12%-i Fransanı dost mövqeyində görür. Bu, 2017-ci il ilə müqayisədə 7% çoxdur. Halbuki, 2013, 2015 və 2017-ci illərdə bu göstəricidə Fransa 5% səs toplaya bilmişdi. Belə vəziyyətin yaranmasına son illərdə Fransada ermənilərin mövqeyinin güclənməsi böyük ölçüdə təsir göstərib və bu Avropa dövlətinin Ermənistanın dostları siyahısında Rusiyadan sonra ikinci pilləyə qalxmasına səbəb olub.

 

Ümumilikdə Ermənistanın dost siyahısı aşağıdakı kimi sıralanıb.

1. Rusiya

2. Fransa  

3. Gürcüstan (4%). 2013-cü ildə bu göstərici 2%, 2015-ci ildə də 2%, 2017-ci ildə isə 3% olub.

4. İran

 

Ermənistanda Azərbaycanı düşmən kimi ilk pillədə görürlər

 

Diaqram 5. Ermənistanın düşmənləri (Ölkələrin sıralaması)

 

Ermənilərin özlərinə əsas düşmən hesab etdiyi dövlət yenə də Azərbaycandır (75%), ikinci pillədə Türkiyə qərarlaşıb (22%). Maraqlıdır ki, 1% respondent Rusiyanı özünə düşmən kimi görür.

 

Məxməri inqilabdan sonra Ermənistanda Rusiyanın mövqeyinin zəifləyəcəyi ilə bağlı proqnozlar verilirdi. Hətta Ermənistanın Rusiyanın orbitindən çıxdığını dair qəti şəkildə fikir söyləyən ekspertlər də tapılırdı. Əslində, Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətini qaldırmaq niyyəti də əsassız deyil. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra onun siyasi xəttində Qərbə meyillənmə müşahidə olunurdu. “Soros”çuların yeni Ermənistan hakimiyyətində mövqeyi güclənirdi. İnqilab eyforiyası bitəndən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Qərbə meyillənməyin dövlət üçün o qədər də asan olmayacağını dərk etdi. Belə olan halda, Paşinyan özündən əvvəlki hərbi xunta rejiminin açdığı cığırla gedərək Rusiyanın ətəyindən bərk-bərk yapışdı.

Ermənistan-Türkiyə sərhədində bayraq şousunun əsl səbəbi

 

Bu gün Ermənistan təbii qazla yanaşı, bir çox sahələrdə Rusiyadan asılı vəziyyətdədir. Bunu özünə yaxşı fürsət hesab edən Kreml təbii qazla bağla etdiyi həmləni başqa sahədə və başqa imkanları ilə da çox rahatlıqla edə bilər. Ötən həftənin sonu Ermənistanın prezidenti Armen Sarkisyan dövlətin Türkiyə ilə sərhədinə səfəri zamanı Rusiya ilə Ermənistan bayraqlarının dalğalandığı yerdə şəkil çəkdirməklə iki ölkənin dost olduğuna diqqət çəkməyə çalışıb. Prezident Sarkisyan dövlət sərhədində dalğalanan Ermənistan və Rusiyanın dövlət bayraqlarının qarşılıqlı etimada söykənən dost və müttəfiq münasibətlərin simvolu olduğunu qeyd edib [Айрумян, Н. Армен Саркисян не оставляет России выбора? «Лрагир.ам». 07.07.2020. https://www.lragir.am/ru/2020/07/07/178209/ (дата обращения: 11.07.2020) ].

 

 

 

Şəkil 2. Ermənistanın Prezidenti Armen Sarkisyan Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsinin rəisi, general-leytenant Roman Qolubitski ilə Türkiyə ilə sərhəddində. Mənbə: Ermənistan Respublikası Prezidentinin rəsmi saytı

 

Qeyd edək ki, 1992-ci ilin 30 sentyabr tarixində imzalanan müqaviləyə əsasən Ermənistan Respublikasının Türkiyə və İranla dövlət sərhəddini Rusiyanın sərhəd qoşunları nəzarətdə saxlayır.

 

Nəticə

 

Sonda belə qənaətə gələ bilərik ki, 2013-cü ildən başlayaraq Ermənistanda keçirilən sorğuya görə Rusiyanın bu ölkədə reytinqi 26% azalıb. Bu səpkidə olan sorğular üçün 26% kifayət qədər böyük göstərici hesab olunur.

 

Digər tərəfdən, xüsusi qeyd etmək istərdik ki, bir ölkənin sərhəddini başqa bir ölkənin əsgərləri qoruyursa və həmin sərhəddə başqa bir ölkənin bayrağı dalğalanırsa bu, özü-özlüyündə maraqlı fakt kimi qəbul olunmalıdır. 

 

Erməni xalqının böyük əksəriyyəti Rusiyaya nifrət bəsləsə də, bunun hazırki vəziyyəti dəyişəcəyi inandırıcı görünmür. Ən azından 2044-cü ilədək Rusiyanın 102-ci hərbi bazası Gümrü şəhərində saxlanılacaq.


 

Sosial Tədqiqatlar Mərkəzinin

Daxili siyasətin təhlili departamentinin

baş məsləhətçisi, politoloq İlyas Hüseynov

 

PAYLAŞ

Oxşarlar

Dünyada və Azərbaycanda elmi tədqiqat və kadr potensialı: bəzi statistik müqayisələr

Dünyada və Azərbaycanda elmi tədqiqat və kadr potensialı: bəzi statistik müqayisələr

08 İyul 2020

COVID-19 böhranı elmi mübadilə və kollektiv sosiallaşmanın yeni formalarının zəruriliyini ortaya qoydu. Əslində, koronavirus pandemiyasına qədər digə… ƏTRAFLI

SORĞU: BEŞİNCİ DALĞA – AZƏRBAYCAN / “ŞƏRQ TƏRƏFDAŞLIĞI”

SORĞU: BEŞİNCİ DALĞA – AZƏRBAYCAN / “ŞƏRQ TƏRƏFDAŞLIĞI”

07 İyul 2020

Hesabatın qısa icmalı ilə buradan da tanış ola bilərsiz!   İLLİK NƏTİCƏ ÜZRƏ HESABAT   Avropa İttifaqının maliyyə dəstəyi ilə ECO… ƏTRAFLI

Epidemiyanın sosiologiyası – “Tale cəmiyyəti” konsepsiyası

Epidemiyanın sosiologiyası – “Tale cəmiyyəti” konsepsiyası

20 May 2020

Sosiologiyada epidemiyaların cəmiyyətdə yaratdığı təsir effektlərinə dair bir neçə yanaşma vardır. Birinciyə görə, epidemiya cəmiyyətdə anom… ƏTRAFLI