Tədqiqatlar

Azərbaycanda yaşlılara qayğı: məsuliyyət kimdədir?

Dövlət Statistika Komitəsinin 2019-ci il üçün göstəricilərinə görə yaşı 60-dan yuxarı olan vətəndaşlar əhalinin 11,5%-ni təşkil edir1. Beynəlxalq proqnozlar 2050-ci ildə ölkə əhalisinin 25%-ə qədərinin yaşlılardan ibarət  olacağını göstərir2. Bununla əlaqədar, Azərbaycanda yaşlılara qayğı rejiminin mövcud vəziyyəti xüsusi önəm daşıyır. Qayğı rejimi qayğının müxtəlif sosial aktorlar və institutlar arasında bölüşdürülməsinin sabit təkrarlanan məcmusudur3. Başqa sözlə, qayğı rejimi cəmiyyətdə qayğı məsuliyyətinin müxtəlif sosial institutlar və aktorlar arasında necə bölüşdürülməsindən  irəli gələrək mövcud olan qayğı təminatı formasıdır. Yaşlılara qayğının təmin olunmasında müxtəlif sosial aktorların iştirakçılığı yalnız ənənə və qanunverici baza ilə deyil, həm də vətəndaşların qayğı təminatçısına nə dərəcədə inanması, onun təqdim edə biləcəyi xidmətlərin qayğı normaları və idealları ilə uyğunluq səviyyəsindən asılıdır.

 

Sosial Tədqiqatlar Mərkəzini tərəfindən həyata keçirilmiş “Azərbaycanda yaşlılar: qayğı və rifah” adlı tədqiqatda* respondentlərin qayğı təminatçısı kimi  görmək istədikləri sosial aktorları daha dəqiq və hərtərəfli müəyyənləşdirmək üçün onlara belə bir sual ünvanlanmışdır: “Gələcəkdə yaşlıların sayı daha çox olacaq. Fikrinizcə, onların tələbatlarını ödəmək üçün əsas məsuliyyət kimin üzərindədir?”

 

 

Ailə və dövlət. Diaqramdakı göstəricilər yaşlılıq dövründə  arzuolunan, ideal  qayğı rejimi haqqında bir sıra  məsələlərə aydınlıq gətirir. Gözləntilərin böyük hissəsi  daha çox ailə institutu və dövlətlə əlaqədardır. Respondentlərin 68,8%-i yaşlıların tələbatlarını ödəmək üçün əsas məsuliyyətin ailə,  62,1%-i isə dövlət (sosial işçilər) üzərində olması fikri ilə tam razıdır. Bu bir tərəfdən, ailə qayğısı ənənəsinin davam etməsi, digər tərəfdən dövlət qayğısına münasibətdə yüksək gözləntiləri göstərir. Yəni, respondentlərin fikrincə, yaşlılara ən ideal qayğı forması ailə və dövlət arasında bölüşdürülən qayğıdır. Qeyd etmək vacibdir ki, burda ailə dedikdə, məhz bir ev təsərrüfatında birləşmiş nüvə ailə nəzərdə tutulur. Belə ki, “digər qohumların” yaşlı insanın qayğısına qalmaq məsuliyyəti ilə heç razılaşmayanların sayı da kifayət qədər yüksək -  67,1%-dir.

 

Dostlar və qonşulardan qayğı gözləntisi isə maksimal neqativ seçim faizi -  74,6% qazanmışdır. Bu göstəricilər onu ehtimal etməyə imkan verir ki, gələcəkdə yaşlılara qayğının təmin olunmasında icma resurslarının potensialının reallaşmama təhlükəsi mövcuddur, bu resursların  səfərbər olunması məqsədyönlü təbliğat-təşviqat proqramları, davamlı layihələrin həyata keçirilməsini tələb edir. İcma resurslarından səmərəli istifadə həm bu sahədə məsuliyyətin sosial aktorlar arasında daha effektiv bölüşdürülməsi, həm də cəmiyyətdə tənhalıq, anomiya kimi sosial və sosial-psixoloji problemlərin azaldılmasının şərtidir.

 

 

Özəl sektor. Növbəti vacib məsələ özəl sektorun (özəl qayğı mərkəzlərinin, qayğı üzrə ixtisaslaşan agentliklərin) məsuliyyəti ilə bağlı gözləntilərdir. Özəl sektorun yaşlılara qayğı xidmətlərində iştirakçılığı ilə ümumən razılaşanlar və razılaşmayanların faiz göstəriciləri təqribən  bir-birinə yaxın rəqəmlərdir. Razılaşanlar 46,6% (tam razılaşanlar – 22, 44%, əsasən razılaşanlar – 24, 17% olmaqla), razılaşmayanlar isə  - 49,6% dir (heç razı olmayanlar  - 46, 4%, əsasən razı olmayanlar 3,2%-dir). Belə paylanma yaşlılara qayğı sahəsində özəl sektor tərəfindən təqdim olunan xidmətlərin inkişafı üçün əlverişli şəraitin yaradılması, sahibkarların belə fəaliyyətə cəlb olunması üçün stimullaşdırılmasının məqsədəuyğunluğu nəticəsinə gəlməyə imkan verir. Bu sahədə dövlət dəstəyi ilə xüsusi proqramların həyata keçirilməsi özəl sektorun yaşlılara qayğı xidmətlərini inkişaf etdirməsində mühüm rol oynaya bilər.

 

Xeyriyyə cəmiyyətləri və könüllü təşkilatları. Ölkəmizdə bir qədər kiçik miqyasda olan xeyriyyə cəmiyyətlərindən və daha geniş vüsət almaqda olan könüllü təşkilatlarından müsbət gözləntilər uyğun olaraq, 63% və 56%-dir. Bu da yaşlılara qayğı məsuliyyətinin sosial aktorlar arasında daha balanslaşdırılmış bölgüsü üçün müvafiq sahələrin inkişafının  vacibliyini göstərir.  Cari ilin dövlət başçısı tərəfindən “Könüllülər ili” elan olunması, habelə karantin müddətində könüllü fəaliyyətlərinin daha da genişlənməsi müvafiq sahədə təcrübənin genişləndirilməsi üçün mühür rol oynaya bilər.

 

Könüllülərin  öz icmaları çərçivəsində ərazi bölgüsü üzrə səfərbər olunması həm də icma resurslarının səmərəli istiqamətdə səfərbər olunması deməkdir. Könüllülər ilk növbədə instumental qayğı (evdə kiçik təmir işləri, bazarlıq etmək və s.) işlərinə qoşula bilər. Bu fəaliyyətə  yaş məhdudiyyəti qoyulmayaraq, bu sahəyə həm də yaşlı vətəndaşların da cəlb olunması təşviq olunmalıdır. Onların fiziki imkanları gənclərə nisbətən bir qədər məhdud olsa da, oxşar həyat təcrübəsi, ünsiyyət vərdişləri ünsiyyət çatışmazlığı yaşayan, azhərəkətli, tənhalıqdan əziyyət çəkən daha yaşlı insanlar üçün əvəzsiz resursdur. Bu öz növbəsində, həm də fəal yaşlanma ideologiyasının da təşfiqi deməkdir.

 

Respondentlərin yarıdan çoxunun (63%) xeyriyyə cəmiyyətlərinin yaşlılara görə məsuliyyət daşıması fikrinə müsbət yanaşması da, bu sahədə innovativ fəaliyyətlərin həyat keçirilməsi və görülən işlərin genişləndirilməsinin səmərəli ola biləcəyi nəticəsinə gətirir. Burda da müvafiq təşfiqedici proqramlar, müxtəlif  qurum, təşkilat, şirkətlərin xeyriyyəçilik fəaliyyətinə həvəsləndirilməsi yaşlı nəslin, xüsusilə sosial-iqtisadi vəziyyəti bir qədər məhdud olan və qayğıya ehtiyacı olan vətəndaşların rifah halının yaxşılaşdırılmasını şərtləndirər.

 

Humay Axundzadə

STM-in baş məsləhətçisi


 

1Azərbaycan Respublikası Dövlət statistika Komitəsi/ Əhalinin yaş qrupları üzrə çəkisi/ https://www.stat.gov.az/source/demoqraphy/ linki üzrə (müraciət tarixi 21.02.2020)

2Population Situation Analysis: Beyond the Demographic  Transition in Azerbaijan (2015) / Author: Avdeev A., UNPFA/UNDP Population Situation Analysis: Beyond the Demographic  Transition in Azerbaijan (2015) / Author: Avdeev A., UNPFA/UNDP

3Здравомыслова, Е. А., & Темкина, А. А. (2015). 12 лекций по гендерной социологии: учебное пособие. Издательство Европейского Университета в Санкт-Петербурге.


 

* Sorğuya əhalinin 18 yaşdan yuxarı hissəsi milli-reprezentativ təsadüfi seçmə vasitəsilə cəlb olunub,  doqquz  iqtisadi-coğrafi bölgə əhatə edilib. 6 respublika tabeliyində şəhər (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran), 35 rayon olmaqla əhalinin sayına proporsional olaraq seçmə aparılıb. Respondentlərin sayı nəzərdə tutulmuş seçmə həcminin minimal 1212 nəfər ümumi sayını nəzərə almaqla müəyyənləşdirilib. Statistik xəta 2,8%-dir.

PAYLAŞ

Oxşarlar

İdarəetmə və fəlakətlərin idarə edilməsi dövründə etimad

İdarəetmə və fəlakətlərin idarə edilməsi dövründə etimad

24 Sentyabr 2020

Nilufər Məmmədova   Məqalə fəlakətlərin idarə olunması dövründə effektiv idarəetmə və inamın rolunu konseptləşdirmək və qiymətl… ƏTRAFLI

Dövlət müəssisələrinin inkişafın əsas drayverlərinə çevrilməsi

Dövlət müəssisələrinin inkişafın əsas drayverlərinə çevrilməsi

11 Sentyabr 2020

Azərbaycanda su, nəqliyyat, enerji, rabitə, kommunal və digər bir sıra sektorlarda xidmətlər dövlət müəssisələri əliylə həyata keçirilir. D&o… ƏTRAFLI

KOVID-19-un Azərbaycanda Kiçik və Orta Biznesə (KOB) ilkin təsiri: Birinci Fazada Tədqiqatın Nəticələri

KOVID-19-un Azərbaycanda Kiçik və Orta Biznesə (KOB) ilkin təsiri: Birinci Fazada Tədqiqatın Nəticələri

31 Avqust 2020

Abstrakt İnsanların sağlamlığına böyük təsiri ilə yanaşı, Koronavirus xəstəliyi 2019 (KOVID-19) qlobal iqtisadiyyata əhəmiyyətli dərəcədə… ƏTRAFLI