Tədqiqatlar

Azərbaycan dəmir yolunun keçdiyi tarixi yol; inkişaf prespektivi

İnsanların, ticarətin, xidmətlərin və sərmayənin dünyada sərbəst dövr etdiyi bir zamanda daha çevik nəqliyyat vasitələrindən istifadə etmək, hər gün sənişin və yük daşımalarında artan tələbatı qarşılamaq dövlətlərin qarşısında duran vacib məsələlərdən biridir. Bu baxımdan iqtisadiyyatda daşıma sektorunun dəyəri istehsal sektoru qədər əhəmiyyətlidir. Böyük şəhərlərdə, dövlətlərarası sərnişin və yük daşınmalarında dəmir yolunun strateji əhəmiyyəti yüksəkdir. Qlobal iqlim dəyişikliyinin qarşısını almaq, daha ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə etmək, nəqliyyat sektorunda yaranan tixacların aradan qaldırılması üçün bütün dünyada dəmir yolunun inkişafına önəm verirlər.

 

Azərbaycanda gəlincə, müstəqillikdən sonra dəmir yol infrastrukturunun böhranlı vəziyyətdən çıxarmaq üçün, ölkənin nəqliyyat sektorunda bir sıra iri layihələr həyata keçirilmiş, tranzit potensialının gücləndirilməsi, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün dəmir yoluna yönələn investisiyaların həcmi artıb. Son 10 ildə Azərbaycan dəmir yolları 2,5 faiz genişlənib. Hazırda ölkə üzrə dəmir yollarının uzunluğu 2954 km, istismar uzunluğu 2133 km-dir. Onlardan 803 kilometri ikiyollu, 1329 km-i isə bir yolludur. Yolun ümumi istismar  uzunluğunun 1169,17 kilometri və ya 54,8%-i elektrikləşdirilib, 964,9 kilometri, yəni 45,1%-i teplovoz dartısı ilə işləyir. 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə  "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı imzaladığı sərəncam çərçivəsində bu istiqamətdə xeyli işlər görülmüşdür. 2011-ci ildən etibarən başlayan yenidənqurma işlərindən sonra polad yollar modernləşdirilib, yeni xətlər istafadəyə verilib. 2017-ci ildən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycan və region dövlətləri üçün qlobal əhəmiyyətə malikdir. BTQ Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə gedir. Beləliklə, sözügedən dəmir yolu orta və uzaq Asiyadan Avropaya daşınacaq yüklərin üçün alternativ tranzit yola çevrilib.   

 

Azərbaycanda dəmir yollarının tarixin baxdıqda inkişafla yanaşı, böhran dolu bir dövrünü də yaşayıb.  Hələ XIX əsrin 60-cı illərində Bakı neft hasilatının artması və başqa ölkələr ixracı dəmiryollarının inkişafında bir təkan yaratdı. Çünki xam neftin daşınması, əsasən, dəmiryolları vasitəsilə həyata keçirilirdi.  Bu baxımdan Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdiriməsi birbaşa neft daşınması ilə əlaqədar olmuşdur. XIX əsrin ortalarından Bakıda hasil olunan neftin daşınması üçün, əsasən, Xəzər dənizinə qədər karvanlar vasitəsiylə həyata keçirilirdi. Bu da sahibkarlar üçün baha başa gəlirdi.  Dünyada daşınmada tətbiq olunan müasir texnologiyanın Bakıya da gətirilməsi üçün  neft sahibkarlarının mədənlərlə neftayırma zavodları arasında  dəmiryolunun çəkilməsi haqqında bir neçə dəfə Nazirlər Komitəsinə müraciətlər etmişdilər. Onların təkidli ilə  Nazirlər Komitəsinin çar II Aleksandrın iştirakı ilə 1878-ci il iyunun 16-da keçirilən iclasında neft sahəsində dəmir yolunun tikintisi  layihəsi təsdiq olunur.  25,2 verst uzunluğunda olan dəmir yolunun çəkilməsi isə "Poti-Tiflis" dəmir yolu cəmiyyətinə həvalə edilir və qisa müddətdə dəmiryolu istismara verilir.

 

Tikintisi 1978-ci ildə başlayıb, 1879-cu ildə yekunlaşan dəmir yoluna 784 min  872 rubl xərc çəkilir.  1879-cu ilin dekabrın 17-dən etibarən Balaxanı-Suraxanı-Sabunçu stansiyaları ilk yükünü qəbul edir. Dünyada  ilk dəfə olaraq neft məhz bu yolla sisternalarla daşınmağa başlanır. Sovet dövrünün ilk illərində şəhər infrastruku qurularkən dəmir  yollarının genişləməsi planları həyata keçirilməyə başlayır. Bu məqsədlə 1925-ci ildən etibarən Bakı-Sabunçu dəmir yolu xəttinin yenidənqurulması və ellektriklləşdirilməsi işlərinə başlandı.

 

Dəmir yollarının idarəedilməsi isə bir neçə dəfə Zaqafqaziya Dəmir Yolunun tərkibinə daxil edilsə də, sonradan müstəqil dəmir yolu kimi sərbəst fəaliyyət göstərməyə başlamışdır:

 

  • 1945-ci il iyulun 6-da SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə müstəqil Azərbaycan dəmir yolu yaradılmışdır. Yollar nazirinin 1945-ci il 28 iyul tarixli 674 saylı əmri ilə Azərbaycan dəmir yolu 1945-ci ilin oktyabın 1-dən təşkil edilmişdir.
  • 1953-cü ilin may ayının 14-də  Azərbaycan və Zaqafqaziya dəmir yolları Zaqafqaziya dəmir yolu adı altında birləşdirilmiş, mərkəzi idarəsi Tbilisiyə köçürülmüşdür.
  • 1955-ci il oktyabrın 3-də Azərbaycan dəmir yolu SSRİ Nazirlər Sovetinin 1773 saylı qərarı ilə müstəqil dəmir yolu elan olunmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il 717 saylı qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirmişdir.
  • SSRİ Yollvar Nazirnin 2 mart 1963-ci il tarixli  270 saylı əmri ilə yenidən Azərbaycan və Zaqafqaziya dəmir yollarının tərkibində struktur dəyişikliyi aparıldı və bu iki idarə Zaqafqaziya dəmir yolu adı altında birləşdirildi və dəmir yolunun Azərbaycan sahəsi Azərbaycan hissəsi adlandırıldı.
  • SSRİ Yollar Nazirnin 1 iyun 1967-ci il tarixli 15-859 saylı əmri ilə Azərbaycan dəmir yoluna yenidən sərbəstlik verildi və o  vaxtdan bu günə kimi müstəqil dəmir yolu kimi fəaliyyət göstərir.
  • Azərbaycan Nazirlər Kabinetinin 8 avqust  1995-ci il tarixli 171 saylı əmri ilə Azərbaycan Dəmir Yoluna - Azərbaycan Dövlət Dəmir Yolu adı verilmişdir.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 iyul 2009-cu il tarixli sərəncamı ilə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.

 

Son 30 il ərzində Azərbaycan dəmir yollarının aktivlərini lazımi vəziyyətdə saxlamaq üçün kifayət qədər sərmayə qoymaq imkanına malik olmadığından dəmir yolları boyu çoxlu sayda texniki problemlər yaranmışdır. Bu da zamanla dəmir yolu ilə daşıma imkanlarını məhdudlaşdırmışdır. Müstəqillik illərinin ilk dövründə Azərbaycan torpağının 20 %-nin işağl edilməsi, yaranan iqtisadi böhran, ölkələr arasında  mövcud olan iqtisadi əlaqələrin kəsilməsi dəmir yolunun işinə də mənfi təsir göstərmişdi. Erməni təcavüzü nəticəsində Azərbaycan Dəmir Yolunun 240, 4 km. sahəsi işğal altına düşmüş və təsərrüfatlara  təxminən 45 mln. 60 min ABŞ dolları məbləğində ziyan dəymişdir.

 

Qeyd olunan problemlərin həll edilməsi məqsədilə qəbul olunan dövlət proqramı çərçivəsində dəmir yolu infrastrukturunun və hərəkət heyəti parkının yeniləşdirilməsi üzrə tədbirləri həyata keçirilməyə başlayıb. Vaqon və lokomotv parklarının yenilənməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr işləri aparılır. Görülən işlər nəticəsində  Davos Ümumdünya İqtisadi Forumunun 2019-cu il hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü, nəqliyyat infrastrukturunun səviyyəsinə görə  31-ci yerdədir.

 

Hazırda “Azərbaycan Dəmir Yolun” QSC-də 176 stansiya mövcuddur. Əgər yarandığı ilk on ildə dəmir yolunun inkişafı neftçıxarmanın və neftayırmayın inkişafı ilə sıx bağlı idisə, XX əsrin ikinci yarısından etibarən çoxsahəli iqtisadiyyata xidmət edir, eyni zamanda qonşu ölkələrə böyük həcmli tranzit  daşınmaları da yerinə yetirir. Bügünkü gündə Azərbaycan Dəmir Yolları” QSC ildə orta hesabla 14 mln. ton yük, 2.8 mln.dan çox sərnişin daşıyır.

 

“Azərbaycan Dəmir Yolun” QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevlə görüşdə Abşeron dairəvi dəmir yolunun tikintisi və yenidənqurulması haqqında məlumat verən zaman da bildirib ki, bu yolun ümumi uzunluğu 200 kilometrə yaxın olacaq. Bu dairəvi dəmir yolunun birinci hissəsi Bak-Biləcəri-Xırdalan-Sumqayıt, oradan isə Novxanı, Fatmayi, Məhəmmədi, Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov, “Koroğlu” və nəhayət, Bakını birləşdirən yol ilin axırınadək tamamlanacaq. İndi Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınırsa, tam istifadəyə verildikdən sonra təqribən bu rəqəm 25-30 min sərnişinə qalxacaq.

 

Sosial-İqtisadi Təhlil Departamenti

PAYLAŞ

Oxşarlar

İdarəetmə və fəlakətlərin idarə edilməsi dövründə etimad

İdarəetmə və fəlakətlərin idarə edilməsi dövründə etimad

24 Sentyabr 2020

Nilufər Məmmədova   Məqalə fəlakətlərin idarə olunması dövründə effektiv idarəetmə və inamın rolunu konseptləşdirmək və qiymətl… ƏTRAFLI

Azərbaycanda yaşlılara qayğı: məsuliyyət kimdədir?

Azərbaycanda yaşlılara qayğı: məsuliyyət kimdədir?

23 Sentyabr 2020

Dövlət Statistika Komitəsinin 2019-ci il üçün göstəricilərinə görə yaşı 60-dan yuxarı olan vətəndaşlar əhalinin 11,5%-ni təşki… ƏTRAFLI

Dövlət müəssisələrinin inkişafın əsas drayverlərinə çevrilməsi

Dövlət müəssisələrinin inkişafın əsas drayverlərinə çevrilməsi

11 Sentyabr 2020

Azərbaycanda su, nəqliyyat, enerji, rabitə, kommunal və digər bir sıra sektorlarda xidmətlər dövlət müəssisələri əliylə həyata keçirilir. D&o… ƏTRAFLI