Yuxarıya
skip to main content

NİZAMNAMƏ

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir.


1. Ümumi müddəalar

1.1. Sosial Tədqiqatlar Mərkəzi (bundan sonra – Mərkəz) ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.

1.2. Mərkəz öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, xarici qurumlar, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz sahibkarlıq fəaliyyəti ilə o hallarda məşğul ola bilər ki, həmin fəaliyyət bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin. Mərkəzin fəaliyyəti nəticəsində əldə olunan vəsait (gəlir) onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.

1.5. Mərkəzin müstəqil balansı, sərəncamında olan əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Qanuna uyğun olaraq, Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.

1.7. Mərkəz Bakı şəhərində yerləşir.

2. Mərkəzin fəaliyyətinin məqsədi və istiqamətləri

2.1. Mərkəzin fəaliyyətinin məqsədi sosial tədqiqatların aparılmasını təmin etməkdir.

2.2. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. Azərbaycan Respublikasında sosial tədqiqat, təhlil və proqnozlaşdırma işi ilə, habelə ictimai rəyin öyrənilməsi ilə bağlı siyasətin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

2.2.2. dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını təhlil etmək, proaktiv yanaşma əsasında müasir informasiya texnologiyaları və innovativ üsullar vasitəsilə rəy sorğuları keçirmək, ictimai fikri öyrənmək, təhlil etmək və təkliflər vermək, elmi araşdırmalar aparmaq və bu sahədə dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;

2.2.3. sosialyönümlü innovativ həll üsulları, müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə, habelə internet informasiya resurslarında, sosial şəbəkələrdə aparılan çoxşaxəli fəaliyyətlə cəmiyyət-dövlət təmaslarını gücləndirmək və inkişaf etdirmək;

2.2.4. idarəetmə prosesinin təkmilləşdirilməsi, aparılan islahatların səmərəliliyinin artırılması məqsədilə, habelə verilən qərarların, görülən tədbirlərin mümkün təsirlərinə dair sosial tədqiqatlar aparmaq;

2.2.5. ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və onları idarə etmək.

3. Mərkəzin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifələri aşağıdakılardır:

3.1.1. Azərbaycan cəmiyyətində baş verən prosesləri, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını təhlil etmək, cəmiyyətin gələcək inkişaf istiqamətlərini proqnozlaşdırmaq;

3.1.2. Azərbaycan Respublikasının milli maraqları ilə bağlı olan qlobal və regional prosesləri, habelə ölkədə ictimai-siyasi, sosial, elmi-mədəni sahələrdə gedən prosesləri və hadisələri təhlil etmək, iqtisadi proseslərin sosial aspektlərini öyrənmək, bu sahələrdə baş verəcək dəyişiklikləri proqnozlaşdırmaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərinə dair təhlillər aparmaq, nəticələrə dair qabaqlayıcı təkliflər vermək;

3.1.3. ölkənin müxtəlif problemlərinin, o cümlədən Ermənistan– Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin mümkün siyasi, hüquqi, iqtisadi, hərbi və digər aspektlərinin sosioloji tədqiqatını həyata keçirmək;

3.1.4. cəmiyyətin inkişafının müxtəlif istiqamətləri, ictimai-siyasi, sosial məsələlər, mövcud problemlərin həlli və digər istiqamətlər üzrə aparılan araşdırmaların nəticələrini, bu sahədə təklif və proqnozları Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

3.1.5. islahatların səmərəliliyini artırmaq məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə sorğular və tədqiqatlar əsasında təhlillər aparmaq, islahatların mümkün nəticələrini proqnozlaşdırmaq;

3.1.6. həyata keçirilən siyasətlə, dövlət orqanlarının fəaliyyəti ilə bağlı ictimai rəyi öyrənmək məqsədilə sorğular keçirmək, təhlillər aparmaq, nəticələrə dair rəy və təkliflər hazırlamaq;

3.1.7. ölkədə keçirilən seçkilər və referendumlar zamanı ictimai rəyi öyrənərək nəticələri təhlil etmək və hesabatlar təqdim etmək;

3.1.8. dövlət orqanları (qurumları) ilə müvafiq məlumat mübadiləsini həyata keçirməklə onları sosial tədqiqatlara əsaslanan müvafiq statistik və analitik məlumatlarla təmin etmək;

3.1.9. dövlət idarəetməsində və ictimai münasibətlərdə davranış nəzəriyyələrinin, davranışın idarə olunması, sosial və siyasi psixologiya nəzəriyyələrinin tətbiqinə dair dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, bu sahədə araşdırmalar, təhlillər və qiymətləndirmələr aparmaq;

3.1.10. müasir informasiya texnologiyaları və innovativ həll üsulları vasitəsilə fərdlərlə dövlət orqanları arasında münasibətlərin daha səmərəli formada qurulması ilə bağlı təkliflər vermək;

3.1.11. informasiya resurslarının, sosial şəbəkələrin təhlili və sosioloji sorğular əsasında ictimai fikri öyrənmək, siyasi, sosial trendləri, cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələləri müəyyən etmək və bu barədə aidiyyəti dövlət orqanlarını və qurumlarını məlumatlandırmaq;

3.1.12. sosial rifahın qiymətləndirilməsi üzrə beynəlxalq hesabat və indekslərin müqayisəli təhlilini aparmaq;

3.1.13. dövlətin siyasətinin mütəmadi şərhini, cəmiyyətə əlçatanlığını təmin etmək, dövlətin müxtəlif sahələrdə gördüyü işlərin əhaliyə çatdırılmasını təşkil etmək və həyata keçirmək;

3.1.14. etnosiyasi, dini münasibətləri və problemləri təhlil etmək, bu sahədə mümkün problemləri proqnozlaşdırmaq və bununla bağlı təkliflər hazırlamaq;

3.1.15. Azərbaycan diasporunun, QHT-lərinin "yumşaq güc" və "publik diplomatiya"nın tərkib hissəsi kimi fəaliyyətini təhlil etmək və təkliflər hazırlamaq;

3.1.16. sosial tədqiqatlar sahəsində qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.17. normativ hüquqi aktların layihələrinin hazırlanması mərhələsində vətəndaş cəmiyyəti institutları ilə birgə ictimai dinləmələr təşkil etmək, qanunvericilik təşəbbüsü ilə çıxış edən subyektləri məlumatlandırmaq;

3.1.18. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Mərkəzin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.19. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq məsələlərə münasibət bildirmək;

3.1.20. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin sosial tədqiqatlar sahəsində fəaliyyətini əlaqələndirmək;

3.1.21. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müvafiq struktur bölməsinə davamlı olaraq təhlil, tədqiqat və sorğuların nəticələrini, habelə Mərkəzin inkişaf istiqamətləri, strateji məqsədləri və fəaliyyət planları ilə bağlı təkliflərini təqdim etmək;

3.1.22. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.23. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

3.1.24. Mərkəz əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.25. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini və təhlükəsizliyini təmin etmək;

3.1.26. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.27. Mərkəzə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.28. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.29. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, sosial tədqiqatlar sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.30. sosial tədqiqatlar sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.31. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Mərkəzin aşağıdakı hüquqları vardır:

3.2.1 fəaliyyətinə aid normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

3.2.2. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) və digər təşkilatlarla əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.3. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə müqavilə əsasında ödənişli xidmətlər göstərmək;

3.2.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.5. müvafiq sahədə xidmətlər göstərilməsində innovasiyaların tətbiqi ilə əlaqədar təkliflər hazırlamaq, onların həyata keçirilməsində iştirak etmək, bu sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə, vətəndaş cəmiyyəti institutları ilə, hüquqi şəxslərlə, təhsil müəssisələri, elmi müəssisə və təşkilatlarla, beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək;

3.2.6. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.7. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.8. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.9. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.10. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.11. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.12. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.13. Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Mərkəzin idarə olunması

4.1. Mərkəz öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir.

4.3. İdarə Heyətinin sədrini və digər üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyətinin digər üzvü həyata keçirir.

4.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.5.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün təsisçiyə təkliflər vermək və sənədlər (o cümlədən Mərkəzin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.5.2. Mərkəzin inkişaf istiqamətlərini, strateji məqsədlərini və fəaliyyət planlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etmək;

4.5.3. Mərkəzin fəaliyyətinə nəzarət etmək;

4.5.4. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Mərkəzin strukturunu müəyyən etmək;

4.5.5. Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

4.5.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Mərkəzin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Mərkəzin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.5.7. Mərkəzin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.5.8. Mərkəzin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.5.9. Mərkəzin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.5.10. Mərkəzin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.5.11. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.5.12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Mərkəzin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.5.13. Mərkəzin fəaliyyətini təşkil etmək;

4.5.14. aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.5.15. Mərkəzin strateji məqsədlərinin və fəaliyyət planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.5.16. bu Nizamnamənin 3.1.27-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.5.17. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.5.18. bu Nizamnamənin 3.1.16-cı və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.5.19. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.6. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.

4.7. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla qərar qəbul edilə bilməz.

4.8. İdarə Heyətinin sədri:

4.8.1. Mərkəzin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.8.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.8.3. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.8.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.8.5. Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.8.6. Mərkəzin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.8.7. Mərkəzin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.8.8. bu Nizamnamənin 4.5.4-cü yarımbəndində nəzərdə tutulmuş qaydada müəyyən edilmiş struktur və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.8.9. Mərkəzin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4.8.10. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, Mərkəzin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.8.11. Mərkəzin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.8.12. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Mərkəzin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.8.13. Mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.8.14. Mərkəzin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.8.15. Mərkəzin kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.8.16. Mərkəzdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.9. İdarə Heyətinin üzvləri:

4.9.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.9.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.9.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.9.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.9.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.10. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. Mərkəzin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Mərkəzin ilkin nizamnamə fondu 100.000 (bir yüz min) manatdır.

5.2. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır.

5.3. Mərkəz öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Mərkəz qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Mərkəzin, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Mərkəzin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

6. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Mərkəzin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. Mərkəzin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

7. Mərkəzdə uçot və hesabat

7.1. Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.

7.3. Mərkəz özünün idarə, filial və nümayəndəliklərində, habelə təsərrüfat cəmiyyətlərində maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Mərkəz öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Mərkəzin ləğvi və yenidən təşkili

Mərkəzin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.