Yuxarıya
skip to main content

Qarabağ - problemə bir başqa baxış

24.09.2019

 

Savaş daim xalqların yaddaşında ağır izlər qoyur. O formada ki, bəzən savaşların vurduğu psixoloji yaralar və qoyduğu dərin izlər öz gerçək miqyasını aşaraq bir ölkənin coğrafi boyundan böyük olur.

Savaşın psixoloji etüdləri

 

Dünyanın gözü önündə qətliamlar yaşanır, xalqlar və millətlərə qarşı soyqırımı aktları baş verir, torpaqlar qəsb olunur, insanlar istilaya, soyğunçuluğa, talana məruz qalır. Tarixdə savaş zehniyyəti ilə bağlı bir sıra nəzəriyyələr və yanaşmalar mövcuddur. 

 

Müxtəlif zaman kəsimlərində militarist cəbhəni müdafiə edən filosofların, fikir adamları və psixoloqların gəldiyi təxmini ortaq qənaətlər belədir: 

 

1) Bəzən bir dövlət öz gələcəyini sığortalamaq üçün savaşmaq məcburiyyətindədir. Buna da belə izah verə bilərik: potensial təhlükə proqnozlaşdırılırsa və ya gözlənilirsə, vaxtından əvvəl döyüş strategiyası formalaşmalıdır.

 

2) Çağdaş durumdan narazılıq. Bir ölkə öz mövcud vəziyyəti ilə barışmadan digər dövlətlərdə, qonşuluğundakı ölkələrdə, yaxud dünyanın başqa ucqar nöqtələrində döyüş əməliyyatları apara bilir. Hantinqton nəzəriyyəsinə görə, mövcud vəziyyətlə razılaşmamaqdan doğan müharibələr iki qismə bölünür; 

a) Öz tarixi ərazilərinin qayıdışını istəmək, b) Haqsız formada başqalarının ərazilərini talamaq və qəsb etmək. 

 

3) İmperiya maraqları. Tarixdə imperializm qədər həm başqalarına, həm də imperializmin öz dayaqlarına qarşı savaş açan ikinci bir ideologiya mövcud deyil. İmperializmi xarakterizə edən məşhur sosioloq Dürkheym onu dünyanın əzab portreti kimi xarakterizə edirdi. İmperiya ruhu bəzən böyümək instinktinin bütün real və təsəvvürlərə sığan meyarlarını aşır. İmperializm dağıdıcı, qəsbkar müharibə ritualıdır desək, yanılmarıq.

 

4) Müharibələr milli varlığın elementi kimi. İndiki dünyada modern savaş nəzəriyyəçiləri müharibələri qlobalizm təhdidini sərhədləyən anlayış kimi dəyərləndirirlər. Onlar belə hesab edirlər ki, savaş olmasa, vahid dünya coğrafiyası hansısa bir yaxın əsrdə mütləq gerçəkləşəcək və nəticədə sərhədlər aradan qalxacaq, nisbətən zəif və ya sayı az olan toplumlar və onların ərsəyə gətirdiyi dövlətçilik təsisatları böyük güclər tərəfindən daim “təqib olunacaq”.

 

Anti militarist mövqe

 

Müharibə əleyhinə fikirləri müdafiə edən beynəlxalq sülh nəzəriyyəçiləri və aktivistlər isə bütün deyilənlərin əksinə, müharibələrin heç vaxt vasitə ola bilməyəcəyini müdafiə edirlər. 

 

Onlar qətiyyətlə inanırlar ki, harada müharibə varsa, orada sadəcə ağrı, göz yaşı və kədər mövcuddur. İstənilən halda bu düşüncə ilə razılaşmaq olmur. Ona görə ki, sülh cəhdləri bəzən tükənən və limitlənəndir. Sülhün nail ola bilmədiyi uğurlar var, bütün dünyada sülh danışıqları nəticəsiz qalanda araya müharibələr girir.

 

Sülhü ideologiya halına gətirənlərin nəzərə çatdırmaq istədiyi əsas tezislər belədir: 

 

1) Müharibə itkidir. İstənilən müharibə resursların, insanların, maddi qaynaqların itirilməsinə səbəb olur. 

 

2) Müharibə imicin korlanmasıdır. Siyasi təhlilçilər belə qənaətə gəlir ki, müharibəni başladan dövlətin beynəlxalq obrazı korlanır. Lakin digər ümumiləşdirici tezisə keçmədən qısaca qeyd edim ki, bu bənd qətiyyən indiki dünya reallığında özünü doğrultmur. Çünki bu gün müharibəni başlayan tərəf güclü olanda müharibəyə məruz qalandan daha çox üstün görünür. Hətta zəif olsa belə. Elə məhz bu səbəbdən dolayı ədalətin həqiqətə, dürüstlüyün yalana, haqlının haqsıza məğlub kimi təqdim edildiyi sanki “dəyər dissidentliyi” edən bir Yer kürəsində yaşayırıq. 

 

3) Müharibə məğlubolma ehtimalıdır. İstənilən bərabərşərtli müharibə bir qazanana və bir məğluba malikdir. Tərəflərdən biri mütləq sonda məyus olmağa məhkumdur. Baxmayaraq ki, tarixdə bu sadaladığımız nüansların tam əksi də mövcud olub. Məsələn, məşhur “Pirr qələbəsi” misalını gətirə bilərik.

 

İşğaldan qurtuluşa doğru

 

Bəzən tarixin formasiyası dövrün ictimai-siyasi mühiti ilə tərs mütənasiblik təşkil edir. 

 

Ağıllı strateqlər və dövlətin beyin mərkəzləri idarəçiliyin daha effektiv üsullarını tətbiq edirlər. 

 

Xüsusən, atəşkəs dövrlərində bu addımlar birbaşa təfəkkürlə əlaqəli formatda dərin analitik təhlillər və siyasi gedişlərdən ortaya çıxır. 

 

Çox inanılan və yüz illərdir istinad olunan filosof Möstenskiyö qeyd edirdi ki, xalqların dövləti idarə edən hissiyyatlı insanlara yox, uzaqgörən liderlərə ehtiyacı var. 

 

İşğala və terrora məruz qalan xalqlar üçün bu, xüsusi önəm daşıyır. Bəs işğal başa çatana qədər işğala məruz qalanın qurtuluş elementləri nələrdir?

 

1) Düşünülmüş siyasi strategiya. Daha çox idarəedici komandaların və zehniyyətin proqnozlaşdırıcı missiyaya malik strategiyaları mühümdür. Çünki ancaq uğurlu strategiya işğalın son nöqtəsi ola bilir. Bertran Rassel mühazirələrinin birində yazırdı ki, strateqlər işğalçının süqut lokomotividir.

 

2) Vahid komanda ruhu. Ancaq birlik və həmrəylik qəbul edilən strateji xəttin uğurlu davam etməsinə zəmin yarada bilir.

 

3) Təsiretmə gücü. Həm idarəetmə, həm də toplumun rifahı ilə paralel, xarici basqılar qarşısında da yegənə istinad nöqtəsi təsiredicilik qabiliyyətinin effektivliyi ola bilər.

 

4) Planların və qərarların rasionallığı. Böyük fikir adamlarının və dövləti idarə edənlərin qərarlarının məntiqi ardıcıllığı o qərarların qəbul mexanizmindən daha önəmlidir.

 

Dekart qeyd edirdi ki, düşüncə yalnız fərdin deyil, xalqların da qurtuluş yoludur.

 

Beyin həm də siyasi xilasetmənin üsuludur. Biz əsla siyasi qərarlara fokuslanmırıq. Anlatmaq istədiyimiz işğal anlayışın fəlsəfi-sosioloji mahiyyətidir.

 

Beyin adamlarının Qarabağ səssizliyi

 

Hər nə qədər düşüncə adamları və filosoflar nəzəriyyələrini praktiki tətbiq etməkdə zəif görünsələr də, dünya gücləri bəzən öz maraqlarını təhdid edən əhəmiyyətli hadisələrə, qlobal təhdidlərə qarşı sağlam mövqe ortaya qoya bilirlər.

 

"Böhran dövrü", "fəlakət dövrü" kimi adlandırılan periodlarda filosoflar şahid olduqları hadisələrə laqeyd qalmırlar. Belə ki, J. P. Sartr Fransanın Əlcəzairi işğal etməsi və qətlinə, Qramski isə Mussolini rəhbərliyi və faşizminə sərt reaksiya göstərmiş, L. Lövental, T. Adorno, M. Horkhaymer və V. Bencamin kimi filosoflar yəhudi mənşəli olmalarının da təsiri ilə Hitler rəhbərliyi və faşizminə qarşı son dərəcə kəsin reaksiya vermişdilər. Yenə bir çox filosof Vyetnam müharibəsi və işğalına qarşı müqavimət göstərmişdi. 

 

 

Belə ki, marksist və sol yönümlü filosofların çoxu sağ düşüncəli filosoflar və fikir adamları kimi qəsbə məruz qalmanı qınayıblar.

 

Bu ziyalıların çoxu irqçiliyə və ağların üstünlüyünə qarşı açıq mövqe nümayiş etdirmələrinə, nasizmə və Cənubi Afrikadakı aparteid rejiminə müxalifət olmalarına, köhnə və yeni müstəmləkəçiliyə qarşı görünmələrinə baxmayaraq, hələ də Avropada yalnız “Holokost əlilləri” kimi təqdim olunan avropalı yəhudilərin statusunda bir dəyişiklik görməyi rədd edən sartrçı irsi bölüşürlər. 

 

Bodriyar, E. Balibar və S. Zizek kimi filosof və mütəfəkkirlər isə bəzən işğalçıya qarşı şərtli rəğbət göstəriblər. 

 

Bəs niyə bu gün dünya intellektualları və filosofları Ermənistan adlı işğalçıya qarşı səs çıxarmırlar? Vaxtilə Mişel Fuko ziyalılığın 3 elementini ayırırdı, bunlardan biri haqlının müdafiəsidir. Düşünə bilərsiz ki, bəlkə, biz səsimizi çatdırmırıq? İnanın ki, bu, qlobal şüur baxımından o qədər kiçik bir məsələdir ki. 

 

Düşünə bilərsizmi ki, Avropanın mərkəzində bir dövlət digərinin ərazisini işğal edir? Yaşlı, qadın, uşaq demədən bir millətə qarşı qətliam törədir və sonra o qətliamı törədənə heç kim heç nə demir. 

 

 

 

BMT-nin 4 qətnaməsini heçə sayan, beynəlxalq hüququ və prinsipləri lazımsız bir hala salan erməni qəsbi 20 ildən çoxdur davam edir. Axı necə olur ki, əsrlər öncə Renessansa qədərki qırğınları hələ indi də xatırlayan və bəzən lənətləyən qlobal intellektuallar Qarabağ işğalı ilə bağlı mövqe bildirmir, səslərini çıxarmırlar?

 

Tarixi istədikləri kimi yozanların Qarabağ həqiqətlərini görməməyi təkcə böyük bir eyib deyil, həm də birtərəfli şərhin növbəti mərhələsidir. Çünki səlib yürüşlərini də, “Varfolomey”i də bax belə şərh edirlər. 

 

Bütün siyasi, elmi, fəlsəfi yanaşmalar bizə bir şeyi göstərir: Azərbaycan xalqının maraqlarının yeganə qarantı dövlətdir, iqtidarın bütün düşünülmüş addımları isə doğrudur və qlobal etinasızlığın tüğyan etdiyi müasir şəraitdə ən uyğun qərardır.

 

 

Azərbaycanda Qarabağ qalası

 

Atəşkəs dövründə böyük işlər görmək lazımdır. Bəzən Azərbaycan iqtidarını Qarabağ məsələsi ilə bağlı bir iş görməməkdə qınayanlar ya xaricdəki və daxildəki bəzi radikal siyasi qrupların dediyini təkrarlamış olur, ya da bilməyərəkdən bu qədər görülən işi görməzlikdən gəlirlər.

 

Azərbaycanda bu günə kimi məcburi köçkünlərlərlə bağlı böyük işlər görülüb. Humanitar fəlakəti aradan qaldırmadan II Qarabağ savaşını başlatmaq sadəcə intihara bərabər akt olardı.

 

Birbaşa ölkə başçısının iştirakı ilə bu mövzuda beynəlxalq konfranslar və geniş müşavirələr keçirilib. Prezident tərəfindən 6 fərman və sərəncam, Nazirlər Kabineti tərəfindən isə 7 qərar və sərəncam imzalanıb. Məcburi köçkünlərin sosial problemlərinin həllinə 7 milyarddan çox vəsait ayrılıb.

 

 

2003-2018-ci illər ərzində məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı Prezident tərəfindən 72 fərman və sərəncam imzalanıb, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 220 qərar və sərəncam, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 11 qanun qəbul edilib.

 

Bu günə qədər məcburi köçkünlərimiz üçün böyük işlər görülüb. Məktəblər, şəhərciklər, rabitə xətləri, drenaj şəbəkəsi, kanalizasiya xətləri, elektrik yarımstansiyası və tikilib istifadəyə verilib.

 

Bir neçə ay öncə bir qrup dostumuzla Tərtərdə salınan məcburi köçkün düşərgəsini ziyarət etmişdik. Onlarla birlikdə bayramı qeyd etdik. Necə möhtəşəm bir şərait yaradılmışdı.

 

 

Əlbəttə, könül istərdi ki, Qarabağımız azad olunsun, bütün köçkünlərimiz öz dədə-baba yurdlarına qayıtsın. 

 

Onsuz da zaman haqqın yanında mütləq olacaq. Nə zaman olacaq, deyə bilmərəm, amma qələbə mütləq bizimlədir.

 

Dəyər verdiyim millət vəkillərindən birinin gözəl bir sözü  var: “Azərbaycanda ikinci, Qarabağ boyda bir infrastruktur qurulub”.

 

Savaşa da, sülhə də hansı gözlə və hansı mövqedən baxmağımızdan asılı olmayaraq, bir nüansı unutmamalıyıq: torpaqlarımız mütləq qayıdacaq!

 

 

Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır