Yuxarıya
skip to main content

Azərbaycan əhalisinin miqrasiyası: Demoqrafik mənzərə, məcburi və daxili miqrasiyanın kəsişməsi

22.09.2020

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycan Respublikası əhalisinin sayı son 100 ildə (1919-2019) 5,1 dəfə artaraq 1 milyon 952 miyon nəfərdən 2019-ci ildə 10 milyon 05 min nəfər olub.  Ölkə əhalisinin artım tempi sovet dövrünə nisbətən aşağı düşüb. Əgər müstəqllik illərinin ilk dövründə əhalinin  illik orta artım tempi 1,6 faiz təşkil edirdisə, 2018-cu ilə bu rəqəm 0,8 faizə düşüb. Kənd yerlərində əhalinin artım səviyyəsi şəhər yerinə nisbətən daha yüksəkdir. Hazırkı dövrdə bütün sahələrdə olduğu kimi, əhalinin demoqrafik davranışlarında da qloballaşma prosesi getməkdədir. Bu, dünyanın demək olar ki, bütün bölgələrində davam edir.

 

Buna baxmayaraq qeyd etmək lazımdır ki, əhalinin sayının artım tempinə görə Azərbaycan dünya ölkələri arasında hələ də irəlidə gedən dövlətlərdən biridir. Xüsusilə qeyd edək ki, son 120 il ərzində ayrı-ayrı dövrlərdə Azərbaycanın başına gələn fəlakətlər nəticəsində verdiyi böyük əhali itkilərinə baxmayaraq, burada əhalinin sayı yetərincə yüksək templə artaraq 1897-ci ildəki 1 milyon 807 min nəfərdən 2019-cu ildə 10 milyon nəfərə çatmışdır. Başqa sözlə, bu dövrdə Azərbaycan əhalisinin sayı 5,5 dəfə artmışdır. Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycanda daxili miqrasiya və urbanizasiyanın sosial aspekləri” adlı hesabatında müqayisə üçün göstərək ki, eyni dövr ərzində

Rusiyanın əhalisi 2,1 dəfə, Ukraynanın əhalisi 1,6 dəfə, Gürcüstanın əhalisi 2,6 dəfə, Ermənistanın əhalisi 3,8 dəfə, bütövlükdə keçmiş SSRİ ərazisində yaşayan əhali 2,3 dəfə, dünya əhalisi isə 4 dəfə artmışdır.[1] Lakin Azərbaycanda demoqrafik artıma təkan verən əsas amillərdən biri başqa ölkərdən gələn miqrantlar olub. Yalnız XX ərsin 60-ci illərindən etibarən əhalinin artımı təbii artım hesabına baş verib.

 

Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycanda daxili miqrasiya və urbanizasiyanın sosial aspekləri” adlı hesabatı əsasında aparılan tədqiqata əsasən 1897-ci ildən sonrakı 120 ili əhatə edən dövrdə Azərbaycan Respublikasının əhalisinin sayı bu dövrdə gedən tarixi, sosial-iqtisadi və siyasi proseslərin gedişatından və xarakterindən asılı olaraq bəzi hallarda kəskin şəkildə azalıb, bəzi dövrlərdə sürətlə artıb, bir müddət də stabil artım dinamikasına malik olub. Təkcə XX əsrdə Azərbaycan beş dəfə kəskin demoqrafik çətinliklərlə qarşılaşıb:

 

1) 1905-1907-ci illərdə çar Rusiyasının hakim dairələrindən hərtərəfli yardım alan erməni quldur dəstələri İrəvanda, Zəngəzurda, Göyçədə, Naxçıvanda, Qarabağda, Gəncədə, Bakıda və başqa ərazilərdə dinc əhaliyə amansızcasına divan tutub, şəhər və kəndlər yandırılıb, insanlar qəddarlıqla öldürülüblər.

 

2) 1914-1920-ci illərdə I Dünya müharibəsi, xarici müdaxilə, vətəndaş müharibəsi, ermənilər tərəfindən azərbaycanlıların soyqırımı və s. hadisələr nəticəsində Azərbaycan əhalisinin sayı 387 min nəfər və ya 16,6% azalaraq 2 milyon 339 min nəfərdən 1 milyon 952 min nəfərə düşüb.

 

3) 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi zamanı Azərbaycan əhalisinin sayı 568,4 min nəfər və ya 17,4% azalıb. Bununla əlaqədar Azərbaycan əhalisinin sayı özünün müharibədən əvvəlki səviyyəsinə yalnız 10 il sonra, yəni 1955-ci ildə çatıb.

 

4) 1948-1953-cü illərdə Ermənistan ərazisində 150 min nəfərdən çox azərbaycanlı öz əzəli torpaqlarından deportasiya olunub.

 

5) 1988-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində torpaqlarımızın 20%-i işğal edilib, bir milyon nəfərədək soydaşımız qaçqın və məcburi köçkün düşüb, o cümlədən 250 min nəfərdən artıq azərbaycanlı Ermənistandan  qovulub.

 

Beləliklə, son iki əsr ərzində 1,5 milyon nəfərdən çox azərbaycanlı öz tarixi torpaqlarından məcburi surətdə deportasiya edilib. Zorakı deportasiyalar, müharibələr nəticəsində baş verən yerdəyişmələr ölkənin demoqrafik vəziyyəti ilə yanaşı, immiqrasiya, emirqasiya və daxili miqrasiya proseslərinə ciddi təsir göstərib.

 

Keçən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq respublikamızda sosial-iqtisadi və demoqrafik baxımdan əhalinin miqrasiya prosesinin müxtəlif istiqamətləri nəzərə çarpmağa başlayıb. Bu istiqamətlərdən iki hal daha səciyyəvi xarakter daşıyıb:

 

  • Müstəqilliyimizin ilk illərində baş verən müharibə nəticəsində yerli əhalinin mərkəzi və regional şəhərlərə yerləşdirilməsi;
  • Regionlarda ağır sosial-iqtisadi vəziyyətlə, infrastrukturun bərbad vəziyyətə düşməsi ilə əlaqədar olaraq vətəndaşların kənd yerlərindən mərkəzi şəhərlərə, o cümlədən qonşu dövlətlərə getməsi; şəhər əhalisinin artması nəticəsində yeni-yeni yaşayış məskənlərinin formalaşması və s.

 

Yuxarıda qeyd edilən xronoloji bölgü üzrə Azərbaycandakı miqrasiya prosesi iki mərhələdə - 1991-1994 və 1995-2018-ci illər üzrə tədqiq edilib. Birinci dövr məcburi/zoraki miqrasiya olduğundan keyfiyyət sorğusu ikinci dövrü (1995-2018) əhatə edir. Birinci dövr üçün miqrasiyanın sosial, siyasi və ictimai səbəblərini aydınlaşdırmaq məhdud olduğundan sorğumuzda məcburi köçkünlər və qaçqınlar iştirak etməyib. 

 

Məcburi və daxili miqrasiyanın kəsişməsi

 

Azərbaycanda regional xarici miqrasiyanın  bir çox səbəbləri vardır. 1988-ci ildə Ermənistanın  etnik təmizləmə siyasətinin növbəti və sonuncu qurbanları olan 350 min azərbaycanlı tarixi torpaqlarımızdan çıxarıldı. Torpaqlarımızın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşən insanların əksəriyyəti müvəqqəti yaşayış yeri kimi Abşeron yarımadasına, Bakıya, Sumqayıta və digər böyük şəhərlərə üz tutdu. Məskunlaşan əhalinin təxminən 92 mini Bakıda, 18 mini Sumqayıtda, 4 mini isə Abşeronda olmaqla 115 mini bu bölgədə yerləşdi.

Beləliklə, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğalı nəticəsində formalaşan məcburi köçkünlərlə birlikdə təqribən bir milyona yaxın insan öz vətənində köçkün vəziyyətinə düşmüşdür.

Hal-hazırda Azərbaycanda zorakı daxili və xarici miqrasiyanın əsasını təşkil edən 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün  vardır.

 

 Qrafik 1.

 

 

Mənbə: Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (2012 yanvar)

 

Bununla yanaşı, ötən əsrin 90-cı illərinin əvvəllərində Gürcüstanda azərbaycanlılara qarşı yönələn etnik münaqişədə də ölkəmizə pənah gətirən xeyli sayda soydaşımız oldu. Ümumiyyətlə, 90-cı illərin əvvəllərində 70 minə yaxın gürcüstanlı Azərbaycana köç etdi. Onların müəyyən bir qismi vətəndaşlıq alsa da, bir qismi bu gün də Gürcüstan vətəndaşı olaraq ölkəmizdə yaşayır, böyük əksəriyyəti Azərbaycan vətəndaşları ilə ailə həyatı qurublar.

 

Digər bir miqrasiya dalğası işğal olunmuş torpaqlarda baş verir. Ermənistan Dağlıq Qarabağ və  işğal olunmuş 7 rayonda məskunlaşmanı artırmaq üçün hər il dünyanın digər münaqişə ocaqlarında yaşayan erməni əsilli miqrantları (əsasən Suriyadan) həmin torpaqlarda yerləşdirir. Bunu da beynəlxalq hüququn kobud şəkildə pozulması ilə yanaşı, Azərbaycan Respublikasının demoqrafik durumuna, etnik tərkibinin formalaşmasına süni şəkildə edilən müdaxilə saymaq olar.

 

Qeyd edək ki, regiondakı münaqişələrlə əlaqədar yaranan sosial, iqtisadi və siyasi problemlər ölkənin bütün vətəndaşlarına təsir göstərib. Bu problemlərin kütləvi təzahürü isə özünü əhalinin bölgələrdən Bakıya və ətraf rayonlara axınında göstərdi. Hökumət regionlarla paytaxt arasındakı sosial-iqtisadi inkişaf balansını tənzimləmək, urbanizasiya prosesinin bir istiqamətdə getməsinin qarşısını almaq üçün bir sıra stimullaşdırıcı tədbirlər, regionların inkişafı ilə bağlı milli proqramlar həyata keçirdi.

 

Həmin stimullaşdırıcı tədbirlər sırasında 2004-cü ildən icra olunan “Regionların sosial-iqtisadi inkişafı” proqramı, təhsil qurumlarında (əsasən məktəblərdə) çalışan işçilərin regionlarda işləmələrini stimullaşdırmaq üçün  daşınmaz əmlakla, yüksək maaşla və digər sosial təminatlarla təmini, insan resurslarının qorunmasını, idarə olunmasını qeyd etmək olar.


Elnarə Qəribova

Daxili siyasətin təhlili departamenti

Baş məsləhətçi

 


[1]Şahbaz Muradov, Çingiz Baxış. Azərbaycan Respublikasında etno-demoqrafik proseslər: tarixi dəyişikliklər və reallıqlar. Bakı, 2013