Yuxarıya
skip to main content

Azərbaycanda urbanizasiya: Bakı necə böyüyür?

08.09.2020

Urbanizasiya ilə iqtisadi böyümə arasında sıx əlaqə mövcuddur. Dünyada şəhər yoxsulluğunun artması bir çox insanın, o cümlədən kasıbların bu ərazilərə köçmələri ilə əlaqədardır. Cəmiyyətin dayanıqlığını təmin edən orta təbəqənin formalaşmasında da şəhərlərin rolu mühümdür. Məsələn, Azərbaycanda orta təbəqənin əsas hissəsi şəhərlərdə yaşayır. Aparılan tədqiqatın nəticələri sübüt edir ki, şəhərlər əhalinin təhsil səviyyəsinin artmasına daha çox təsir göstərir. Bu baxımdan bu gün urbanizasiya Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması, habelə onun dünyagörüşünün və həyat tərzinin qlobal çağırışlarla uzlaşdırılması məqsədlərinə xidməti vacib elementlərdən biri olmalıdır. Təəssüf ki, Azərbaycanda iqtisadi inkişafin yükünü öz üzərinə daha çox paytaxt Bakı götürür, digər şəhərlər prosesə ləng qoşulur. Dünya Bankının ölkələrin urbanizasiyasına dair hesabatından məlum olur ki, Azərbaycanda şəhərləşmə SSRİ-nin 40-50-ci illərdəki siyasətini əhatə edən dövrdən sonra çox da sürətlə inkişaf etməyib. 

Qrafik 1. MDB ölkələrində urbanizasiya (%) (Mənbə: Dünya Bankı)

 

 

 

Qrafikdən göründüyü kimi, 1960-cı illərdə Azərbaycanda şəhər əhalisinin sayı 52.7% olmaqla, Rusiya ilə eyni səviyyədə olub. 2018-ci ildə bu göstərici 55,7% olmaqla, postsovet ölkələri arasında ən aşağı artım tempinə malik olub. Azərbaycanda urbanizasiyanın belə zəif tempdə getməsinin əsas səbəblərindən biri 1970-ci illərdə qəbul edilən “Yaşayış yeri və olduğu yer haqqında” Qanuna görə, Bakıya qeydiyyatın məhdudlaşdırılması oldu. Əgər digər şəhərlərə qeydiyyata düşmək üçün evlilik, mənzilə sahib olmaq və dövlət tərəfindən təyinatla mümkün idisə, Bakı üçün bu şərtlər bir qədər sərtləşdirilmişdi. Bundan əlavə, həmin vaxt kənd və şəhər arasında fərqlərin aradan qaldırılması əsas hədəflərdən biri idi. Mingəçevirdə, Gəncədə, Sumqayıtda  xeyli sayda sənaye müəssisələri açıldı. Bakı ilə müqayisədə o bölgələrdə resurslar paylaşılmışdı. Müstəqillikdən sonra bu şəhərlərdə sənaye müəssisələri azaldı, imkanlar məhdudlaşdı, Bakı isə, əskinə, neft sektorunun hesabına böyüməyə başladı.

 

Bakı 150 ildə ildə necə böyüdü?

 

XIX əsrin 50-ci illərinə qədər Bakı əhalisinin sayına görə Şamaxı, Şəki, Gəncə və Şuşadan sonra 5-ci yerdə olub. 50-ci illərdə “neft bumu” başlayandan sonra qısa zamanda - 1859-cu ildə Bakı artıq əhalisinin sayına görə ikinci pilləyə yüksəlir.  

 

Bakıda əhalinin sürətli artımı o dövrdə çar Rusiyasının yeritdiyi köçürmə siyasəti və Azərbaycanın neft mədənlərinin intensiv surətdə istismar edilməsi ilə bağlı idi. Bakıya kütləvi köçün kökündə bir tərəfdən Şamaxıda baş verən zəlzələ, digər tərəfdən İrandan azərbaycanlıların (o illərdə “həmşəri” adlanırdı), çar Rusiyasından qeyri-müsəlman xalqların neft buruqlarında işləmək üçün gəlmələri dururdu. Həmin dövrdə Bakının etnik tərkibi miqrantlar hesabına sürətlə dəyişdi.

 

Bakının sürətlə böyüyüb çar Rusiyasında və sovet dövrünün ilk illərində 5 ən böyük şəhərlər sırasına düşməsi, XX əsrdə Qafqaz regionunda ən böyük , XXI əsrdə isə Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Avropa regionlarında yerləşən 10 qlobal şəhərdən birinə cevrilməsi özü ilə sosial problemləri də gətirdi. Şəhərin içməli su təminatı, kanalizasiya təchizatı, səhiyyə sistemində çətinliklər yaranır, tez-tez epidemiyalar yayılırdı. Yeni sosial infrastrukturun qurulması böyük sərmayələr tələb edirdi.

 

Xüsusilə, müstəqillik illərində Bakı və ətraf qəsəbələrinin sürətli böyüməsi aqlomerasiyaya çevirib. Ölkə ərazisinin 2,5%-ni təşkil edən paytaxt əhalinin rəsmi olaraq 22.8%-ni (2,3 milyon nəfər) özündə cəmləşdirib. Qeyri-rəsmi isə  bu statistika daha böyükdür. Bakının qeyri-rəsmi əhalisinin sayının da ildən-ilə artdığını nəzərə alsaq, Azərbaycanda miqrasiyanın bir istiqamətdə getdiyini görmək olur. Təbii olaraq, harada inkişaf varsa, insanlar da oraya meyil edir.

 

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycanda daxili miqrasiya və urbanizasiyanın sosial aspekləri” adlı hesabatında 2018-ci il üçün Bakının miqrasiya saldosu müsbət (+)35,7% təşkil etdiyini göstrəib. 2009-cu illə müqayisədə 2018-ci ildə ev təsərrüfatlarının 11%-i miqrantların hesabına artıb.

 

Paytaxta gələn miqrantların böyük hissəsi Xəzər, Sabunçu və Binəqədi rayonlarında yerləşib. Həmin rayonların miqrasiya saldosu müvafiq olaraq +105,8% (2 dəfə çox), +85,4% və +52,1% təşkil edir. Bundan əlavə, mirqasiya saldosu Qaradağda +19,2%, Səbaildə +22,2%, Suraxanıda +36,3%, Nərimanovda +32,4%, Nizamidə +13,2%, Xətaidə +20,6%, Yasamalda +7,9% təşkil edib.

 

Qrafik 2. Bakı üzrə miqrasiya səviyyəsi

 

 

 

Nəsimi və Yasamal rayonlarında şəhərsalmanın yenidən qurulması ilə əlaqədar burada yerləşmə nisbətən azalıb. Nəsimi rayonu ərazisində tikililərin azalması və söküntü işləri ilə əlaqədar əhalinin köçürülməsi buranın miqrasiya saldosunu mənfiyə salıb:mənfi (-)4,4%. Lakin Nəsimi rayonunda “daimi” miqrasiya azalsa da, “rəqqasvari” miqrasiya (gündəlik giriş-çıxış edənlər) ən pik səviyyədə müşahidə olunur. Belə ki, rayonda daşınmaz əmlakın qiymətinin digər rayonlarla müqayisədə yüksək olması mənzil əldə etmək imkanlarında əlaçatanlığı azaldır. Lakin onu da qeyd etmək lazımdır ki, paytaxtın məşğulluq imkanlarına görə adıçəkilən rayon ən aktiv bölgələrdən biridir.

 

Bakının təsiri altında ətraf şəhər və qəsəbələrin böyüməsi ümumilikdə Abşeron iqtisadi rayonun da miqrasiya saldosunu da müsbət (+) 30 %-ə çatdırıb. Belə ki, Sumqayıt, Xırdalan və Abşeron əhalisinin əksəriyyətinin iş yerləri Bakıda yerləşir. Ötən əsrin 90-cı illərinə qədər Bakının ərazisində 30-dan çox kənd olubsa, paytaxtın ətraf yaşayış məntəqələrinin sürətlə böyüməsi nəticəsində kəndlər qəsəbə statusu alıb. Hətta qəsəbə və kəndlər inzibati ərazi olaraq Bakının tabeliyindən çıxarılaraq Abşeron rayonuna verilib, Xırdalana qəsəbədən şəhər statusuna qədər böyüyüb. Bu baxımdan Bakı ətrafındakı yaşayış məntəqələrinin, şəhərlərin istehsal, nəqliyyat və mədəni əlaqələrlə birləşməsilə regionda monomərkəz və ya aqlomerasiya yaranıb.

 

Bakıda miqrasiyanın xarakteristikası mürəkkəbdir. Çünki bir paytaxt kimi iş, sosial və siyasi imkanlarına görə güclü olması digər regionların əhalisini özünə cəlb edir. Yuxarıda qeyd olunduğu kimi, sovet dövründə Bakı şəhərində qeydiyyatsız yaşamağa, işləməyə qoyulan qadağa müstəqillik illərində aradan qalxdıqdan sonra uzun illər boyu regionlarda işsizlik, elektrik, qaz, su problemlərindən əziyyət çəkən əhali ya qonşu ölkələrə, ya da paytaxta axın etməkdədir: gənclərin böyük hissəsi ya ali təhsil almaq, ya da iş üçün Bakı və Sumqayıta üz tuturlar.

 

Eyni zamanda paytaxt 1988-1990-cı illərdə qaçqın və məcburi köçkünlərin yaratdığı zorakı/məcburi miqrasiyanın sosial, iqtisadi fəsadlarını öz “çiyinlərin”də çəkməli oldu.

 

Paytaxta doğru köçün artması və onun yaratdığı meqaproblemlər

 

  • STM-ın tədqiqat qrupunun gəldiyi qənaətə görə, bu gün Bakıda təqribən 3 milyondan çox insan daimi yaşayır.
  • Eyni zamanda 500 mindən çox insan paytaxta qısamüddətli (buraya gündəlik iş, məhsullarını bazara çıxarmaq və təhsil almaq üçün Bakıya gələnlər daxildir) giriş-çıxış edir ki, buna “rəqqasvari” miqrasiya deyilir. Bütün dünyada olduğu kimi, Bakı aqlomerasiyasında da əhalinin həddindən çox toplanması bir sıra ekoloji problemlərə gətirib çıxarır: hava çirklənməsi, su çatışmazlığı, tıxac, tektonik aktivlik, ictimai təhlükəsizlik və s.
  • Regionun nüvə mərkəzi olan Bakı şəhərindən 5-10 km məsafədə yerləşən qəsəbələrdə, kəndlərdə və Xırdalan şəhərində 1989-2018-ci illər ərzində əhalinin sayının artım tempi çox yüksək olub. Sumqayıt ilə Bakı arasında "rəqqasvari" miqrasiya gərginliyi ilə seçilir. Bu istiqamətdə şəhərə gün ərzində 300 mindən çox nəqliyyat vasitəsi daxil olur və “20 Yanvar” metrostansiyasında böyük tıxaclar yaranır. Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Bakı şəhərində 660 mindən çox nəqliyyat vasitəsi daimi qeydiyyatdadır. Bununla yanaşı, hər gün Abşeron, Sumqayıt, eləcə də respublikanın digər şəhər və rayonlarından paytaxta 250-300 min və bəzən daha çox nəqliyyat vasitəsi daxil olur. Habelə 2 mindən çox avtobus cəlb edilməklə sərnişindaşıma həyata keçirilir. Nəticədə avtomobil yollarında sutka ərzində 1 milyona yaxın nəqliyyat vasitəsi hərəkətdə olur. Bakı şəhəri bütün meqapolislərə xas olan və gündəlik həyat ahənginə mənfi təsir edən nəqliyyat sıxlığı ilə üzləşir.
  • Aqlomerasiyanın yaratdığı digər problem ictimai sabitliyin təminatıdır. Şəhər böyüdükcə ictimai asayişin qorunması məsələsi də çətinləşir, mürəkkəb hal alır. Nəzarət imkanları çətinləşdikcə cinayətkarlıq, narkotik vasitələrin dövriyyəsi və ondan istifadə, insan alveri artır. 2019-cu ilin 11 ayında paytaxtda cinayət törətmiş 5591 nəfərdən 37%-i respublikanın digər şəhər və rayonlarının sakinləridir. 2018-ci ilin analoji dövrü ilə müqayisədə həmin kateqoriyadan olan şəxslərin sayı 22% artıb.
  • Bu gün Bakı böyüdükcə onun kommunal təchizatında yüklənmələr gedir və bunun genişləndirilməsi əlavə sərmayələr tələb edir. “Tikinti bumu”nun yarandığı 2000-ci illərin ortalarından etibarən yeni binalar inşa edilərkən çirkab (fekal) kanalizasiya xətləri belə yağış kanalizasiyasına qoşulub. Bu da ölkənini ekoloji tarazlığını pozan bir amildir. Eyni zamanda Azərbaycan regionda şirin su ehtiyatına görə ən az təmin olunan ölkədir. Bakı genişləndikcə bu yöndə qoyulacaq investisiyaların da ardı gələcək və əlavə vəsaitlər tələb edəcək.
  • Aparılan sorğular və müşahidələrdən görünür ki, insanları kəndlərdən şəhərə doğru qaçıran səbəb təkcə işsizlik problemi deyil. Onlar şəhərdə mövcud olan dinamik və sərbəst həyatın axtarışındadırlar. Bu gün regionların qaz, işıq, su təchizatı qurulub, amma asudə vaxtın təşkili yetərli vəziyyətdə deyil.

 

Vüsalə Rüstəmova

Sosial-İqtisadi Təhlil Departamenti

Baş məsləhətçi

 

Məqalənin istinad edildiyi “Azərbaycanda daxili miqrasiya və urbanizasiyanın sosial aspektləri” adlı hesabatın tam mətni ilə http://stm.az/uploads/25d09-hesabat-miqrasiya-6.pdf  linkindən tanış olmaq mümkündür.