Yuxarıya
skip to main content

2020-ci ilin yekunları və növbəti ildən gözləntilər ictimai rəydə

13.01.2021

2020-ci il ölkəmiz və dünya üçün əlamətdar hadisələrlə zəngin oldu. COVID-19 pandemiyası və iqtisadi çətinliklər ilə başlayan il 27 ildən sonra Ermənistanın işğalı altındakı torpaqlarımızın azad edilməsi ilə yekunlaşdı. Bununla yanaşı, il ərzində siyasi, iqtisadi və sosial müstəvilərdə bir sıra mühüm hadisələr də qeydə alındı. Fevral ayında keçirilən Milli Məclisə seçkilər, müxtəlif vaxtlarda bir sıra vəzifəli şəxslərin qanunazidd əməllərə görə vəzifədən uzaqlaşdırılması, ölkədəki idarəetmə sahəsindəki islahatlar və COVID-19 pandemiyasının təsirlərinin azaldılması istiqamətində qəbul edilən sosial yardım paketləri bu hadisələrdən sadəcə bir neçəsidir.

 

Fərdi müstəvidə isə COVID-19 pandemiyası demək olar ki, cəmiyyətin bütün qruplarının həyatına müxtəlif formalarda təsir etdi. İş rejimindəki dəyişiklik və bir sıra sektorlarda iqtisadi fəallığın zəifləməsi, eləcə də, karantin rejiminin insanların sosial münasibətləri üzərindəki məhdudlaşdırıcı təsirləri 2020-ci ilin səciyyəvi xüsusiyyətləri kimi yadda qaldı.

 

Hər il olduğu kimi, dünyanın bir sıra nüfuzlu rəy mərkəzləri və sorğu şirkətləri lokal və qlobal səviyyələrdə 2020-ci ilin insanlar üçün necə keçdiyini öyrənir. Bu ənənə əsasında Sosial Tədqiqatlar Mərkəzi cari tədqiqatı lokal xüsusiyyətləri nəzərə alaraq 27-29 dekabr tarixlərində əhali arasında sorğu keçirib.

 

Bu tədqiqatın bir neçə məqsədi var:

  • Vətəndaş nəzərində 2020-ci ildə ölkəmiz və respondentlərin özləri üçün ən əlamətdar hadisələri öyrənmək
  • Əhalinin müxtəlif cəhətlər üzrə həyat məmnuniyyətini öyrənmək
  • Əhalinin COVID-19 virusu əleyhinə vaksinasiyaya münasibətini müəyyən etmək
  • Əhalinin 2021-ci il üçün planları və növbəti ildən gözləntilərini müəyyən etmək
  • Təhsil alan respondentlərin virtual tədrisin keyfiyyəti və gələcək perspektivləri barədə fikirlərini öyrənmək

 

Metodoloji prinsiplər

 

Sorğu Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında aparılıb. 

 

Sorğuda təsadüfi üsulla seçilmiş 1050 respondent iştirak edib. Hər iqtisadi rayon üzrə sorğuya cəlb olunan respondentlərin sayı proporsional olaraq müəyyənləşdirilib. Sorğuda iştirak edən respondentlərin sosial-demoqrafik göstəricilər üzrə müxtəlifliyi təmin olunub.

 

Tədqiqatın keçirilməsində kəmiyyət metodologiyası çərçivəsində anket sorğusundan istifadə edilib. Karantin rejiminin məhdudiyyətlərini və sorğuda iştirak edən tərəflərin sağlamlığını nəzərə alaraq, sorğunun aparılmasında telefon müsahibəsi üsulundan istifadə olunub.

 

Sorğu başa çatdıqdan sonra hər bir anket üzrə birbaşa bazada toplanan məlumatlar SPSS - Statistical Package for the Social Sciences (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) vasitəsilə təhlil edilib. Seçmənin ölçüsü əsasında statistik xəta əmsalı 3.0%, əminlik dərəcəsi 95%-dir.

 

Yuvarlaqlaşdırma səbəbindən faizlərin cəmi 100%-dən fərqlənə bilər.

 

Nəticələr

 

  • 2020-ci ildə respondentlər şəxsi həyatlarında ən yaddaqalan hadisə kimi də Vətən müharibəsindəki qələbəmizi bildirmişdir (40.9%).
  • Daha sonra yadda qalan hadisə kimi respondentlər yaxın ailə üzvünün itirilməsini (10.6%), ailədə xoşbəxt hadisəni (7.5%), koronavirusa yoluxmağı (7.5%) qeyd ediblər.
  • 18.4% respondent üçün 2020-ci ildə xüsusi yaddaqalan hadisə olmayıb.
  • 2020-ci ildə respondentlərin nəzərində ölkəmiz üçün ən yaddaqalan hadisələr kimi 44 günlük Vətən Müharibəsi (86.7%)COVID-19 pandemiyası (27.9%) olub ki, bu da anlaşılandır.
  • Cari il respondentlərin üçdə ikisi üçün (70.2%) müxtəlif dərəcələrdə (19.0% “çox uğurlu”, 51.2% “əsasən uğurlu”) uğurlu olduğu halda, yerdə qalan 29.9% üçün uğursuz olub.
  • Respondentlərin 67.4%-i 2020-ci il ərzində həyatından bu və ya digər dərəcədə məmnun qalıb.
  • Təxminən hər dörd nəfərdən biri (28.9%) 2020-ci il üçün nəzərdə tutduğu planların heç birini həyata keçirə bilməyib. Cəmi 43.5% respondent planlarının ya hamısını, ya da müəyyən bir qismini reallaşdıra bilib.
  • Respondentlərin 67.4%-i 2020-ci il ərzində həyatından bu və ya digər dərəcədə məmnun qalıb.
  • Respondentlərin 82.9%-i sağlamlıq durumundan, respondentlərin mütləq əksəriyyəti ailə üzvləri ilə şəxsi münasibətlərdənətrafdakı şəxslərlə, dostları ilə münasibətlərdən müxtəlif dərəcələrdə razıdır (98%).
  • Respondentlərin 27.8%-i aylıq gəlirindən16.9%-i mövcud iş vəziyyətindən heç razı deyil. Dövlət sektorunda çalışanların aylıq gəlirindən və mövcud iş vəziyyətindən məmnuniyyət səviyyəsi digər qruplara nisbətdə yüksəkdir.
  • 2020-ci ildə respondentlərin özü, yaxud ailəsi üçün ən böyük 3 problem kimi bunlar qarşıya çıxır; maddi vəziyyətin aşağı olması (36.3%), sağlamlıqla bağlı problemlər (24,3%)işsizlik (19.1%).
  • Təxminən hər dörd nəfərdən biri (22.1%) üçün isə heç bir əhəmiyyətli problem olmayıb.
  • Rəyi soruşulanların müəyyən bir hissəsi (15.8%) 190 manat birdəfəlik ödəniş üçün haqqı çatsa da, onu ala bilməyib.
  • 190 manat alan respondentlər isə 16.0% təşkil edir. Sorğuda iştirak edənlərin daha çox hissəsi 190 manat birdəfəlik ödənişin ona aid olmadığını bildirib (68.3%).
  • Sahibkarlıq subyektlərinə verilən dəstəklə bağlı sual sorğuda iştirak edən respondentlərin 20.1%-nə (210 nəfər) verilmişdir. Həmin respondentlərin (210)  8.6%-i sahibkarlıq subyektləri üçün nəzərdə tutulan maliyyə dəstəyi proqramından yararlansa da, nisbətən çox sayda 10.5% sahibkar onu əldə edə bilməyib.
  • Nəzərə çarpacaq məqamlardan biri budur ki, 13.8% respondent sözügedən dəstəyi sahibkarlıq subyekti rəsmi qeydiyyatda olmadığından ala bilməyib.
  • Əksər vətəndaşların nəzərində Azərbaycan üçün 2020-ci ilin ən böyük problem (71.2%) Covid-19 pandemiyası olub. İşsizlik 14.7%müharibə nəticəsində itkilərimizin olması 7.1% respondent tərəfindən əsas problemlərdən biri kimi göstərilib.
  • Virtual tədrisin keyfiyyətinə dair respondentlər arasında birmənalı fikir yoxdur. Respondentlərin 14.4%-i virtual tədrisin keyfiyyətindən tam məmnun, 37.2% əsasən məmnun olduğunu bildirmişdir.
  • Respondentlərin 16.9%-i virtual tədrisin keyfiyyətindən əsasən məmnun olmadığı halda, 24.8%-i heç məmnun deyil.
  • Narahatedici məqam bundan ibarətdir ki, təxminən 6.7% şagird, yaxud tələbə virtual tədrisə qoşula bilmir.
  • Sorğuda iştirak edənlərin yarısından çoxu (54%) 2020-ci ildə internetin keyfiyyətindən müxtəlif dərəcələrdə (18.4% “tam razı qaldım”, 35.6% “əsasən razı qaldım”) razı qaldığı halda, 36.7% məmnun qalmayıb. Demək olar ki, respondentlərin hər on nəfərindən biri (9.3%) internetdən müntəzəm qaydada istifadə etmir.
  • Rəyi soruşulanların təxminən 38.8%-i dünyanın pandemiyadan əvvəlki vəziyyətinə ən gec aprel-iyun aylarına qədər qayıdacağını hesab edir. Lakin əhəmiyyətli sayda respondent (29.4%) bu sualı cavablandırmaqda çətinlik çəkib.
  • 47% respondent 2021-ci il ərzində Azərbaycanın yerdə qalan digər ərazilərini də (Xocalı, Xocavənd, Xankəndi) tamamilə azad edəcəyini düşünür. Təxminən 38% respondent bu barədə fikir bildirə bilməyib. Cəmi 4.5% respondent bunun heç vaxt reallaşmayacağı qənaətini paylaşır.
  • Respondentlərin 31%-i 2021-ci ildə tədrisin tamamilə distant üsulla keçiriləcəyini düşündüyü halda, 29.2% bunun tam əksini (sinif şəraitində) düşünür. Nisbətən daha az sayda respondent (20.3%) hər iki üsulun paralel olaraq tətbiq ediləcəyi qənaətindədir.
  • Sorğuda iştirak edənlərin müəyyən bir hissəsi (40.5%) COVID-19 virusu əleyhinə vaksinasiya edəcəyini bildirsə də, nəzərəçarpacaq bir hissəsi (29.0%) əks mövqedən çıxış edib. 30.5% respondent isə bu barədə qərarsızdır. 65 yaşdan yuxarı respondentlərin yarısından çoxu vaksinasiya etdirmək niyyətindədir. Kişilər arasında vaksinasiya etdirmək istəyi qadınlara nisbətdə daha çox yayılıb.
  • COVID-19 virusu əleyhinə vaksinasiya etdirmək istəməyən (29.0%) respondentlərin 50.7%-i vaksinin əks təsirlərindən qorxduğunu41.7% respondent isə onun keyfiyyətinə etibar etmədiyini səbəb kimi göstərmişdir. Bu nəticələrə əsasən deyə bilərik ki, əhali arasında vaksinasiyaya dair maarifləndirmə işləri həyata keçirilməsinə ciddi ehtiyac var.
  • Pandemiya 2020-ci ildə insanların həyatını əhəmiyyətli dərəcədə dəyişdi. Bu cəhətdən rəyi öyrənilənlər arasında ən çox müşahidə edilən dəyişiklik bununla əlaqəlidir ki, 39.4% evdə əvvəlkinə nisbətən daha çox qala bilir. Pandemiyanın şərtləndirdiyi sosial məsafə prinsipi insanların sosial həyatına ciddi təsir etdiyindən, 25.6% üçün 2020-ci ildəki əsas fərqlərdən biri qonaq getmək və qarşılamaqla bağlı olub. Təxminən hər dörd nəfərdən biri (26.9%) əvvəlkinə nisbətən şəxsi gigiyenasına daha çox diqqət etməyə başladığını bildirib.
  • 2020-ci ilin bir çox insanda yaratdığı bədbinliyə baxmayaraq, daha çox respondent (77.2%) 2020-ci illə müqayisədə 2021-ci ilin daha yaxşı olacağına inanır.
  • 2021-ci il üçün insanların planları arasında ən geniş yayılanı karyeraya başlamaq və ya karyeranı dəyişməklə bağlıdır (12.3%). Maraqlıdır ki, əhəmiyyətli sayda respondentin (31.6%) 2021-ci il üçün hər hansı planı hələ ki, yoxdur.

 

Sorğu nəticəsində əldə olunan məlumatlara əsasən deyə bilərik ki, insanlar ümumilikdə 2020-ci ili yaxşı dəyərləndirirlər. 2020-ci ilin müsbət qiymətləndirilməsinə təsir edən əsas amil Vətən müharibəsində Qələbəmiz, torpaqlarımızın işğaldan azad edilməsi olmuşdur. Digər müsbət hal isə insanların 2021-ci illə bağlı gözləntilərinin müsbət olması və özləri üçün planlar qurmasıdır.

 

COVID-19-a qarşı mübarizənin effektiv aparılması, həmçinin virus əleyhinə vaksinin artıq 2021-ci ildən tətbiq olunması ilə bağlı fikirlər insanlarda pandemiyadan əvvəlki vəziyyətə qayıdışla bağlı gözləntiləri artırıb.