Yuxarıya
skip to main content

Səadət Yusifova “Sosial rifah dövlətinin qurulması Prezidentin yeni islahatlar kursunun strateji xəttini təşkil edir”

24.09.2019
"Biz bu gün yeni yaradılmış Sosial Tədqiqatlar Mərkəzinin ilk təqdimatında iştirak edirik. Belə bir Mərkəzin yaradılması dinamik dəyişən dünyanın yaratdığı çağırışları öyrənmək, onlara uyğunlaşmaq və onların yaratdığı imkanlardan istifadə etmək zərurətindən irəli gəlir. Unutmayaq ki, XXI əsr sürətli dəyişiklər əsridir, əgər əvvəllər ictimai münasibətlərdə fundamental dəyişiklərin baş verməsi üçün əsrlər tələb olunurdusa, indi bu proseslər bir nəsil, hətta ondan daha qısa müddət ərzində baş verir".
Bunu Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransda Azərbaycan Przidenti Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova deyib.

PA-nın şöbə müdiri bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı informasiya cəmiyyəti, rəqəmsal cəmiyyət anlayışlarını ön plana çıxarır: "Biz bu gün hər bir insanın informasiyanı istehsal və istehlak etmək imkanında olduğu qlobal informasiya mühitində yaşayırıq. Bu isə, öz növbəsində bütün fəaliyyət sahələrində yeni yanaşmaları şərtləndirir. Təbii ki, bu cür mühüm transformasiya dövründə dövlətlər müşahidəçi kimi qala bilməz. Onlar həmin prosesdə bilavasitə iştirak edirlər və bir sıra hallarda dəyişiklilərin təşəbbüskarı olurlar".

S.Yusifova qeyd edib ki, 10 il əvvəl ilə müqayisə etsək görərik ki, dövlətin siyasi gündəliyində də əsaslı dəyişikliklər baş verib: "Çünki hazırda uğurlu dövlət idarəetməsi sosial həyatın bütün aspektlərinin elmi cəhətdən kompleks öyrənilməsindən, ictimai münasibətlərin inkişaf tendensiyalarının, dəyişiklikləri doğuran amillərin müəyyən edilməsindən, dəyişikliklərə çevik reaksiya verilməsindən, optimal həll yollarının tapılmasından, düzgün proqnozlşdırmadan, qısa, orta və uzun müddətli perspektivlərin müəyyən edilməsindən asılıdır. Bu transformasiya dövlətlərin həyatında, davranışında və siyasətində özünü göstərir. Zamanla ayaqlaşmanı və ən əsası bir sıra məsələlərdə hətta onu qabaqlamanı şərtləndirir. Cəmiyyətlərin, dövlətlərin həyatında baş verən köklü dəyişiklər hər zaman onu gerçəkləşdirən liderlərin adları ilə bağlıdır. Müasir Azərbaycan Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplər əsasında qurulub, onun yaratdığı möhkəm dövlətçilik təməli üzərində qurulub. Məhz həmin prinsipləri rəhbər tutaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları “uzunmüddətli dayanıqlı inkişaf strategiyasını” müəyyən edib. Əgər retrospektivdə müstəqil Azərbaycanın tarixi inkişaf yoluna baxsaq, biz son 16 ildə tamamilə yeni Azərbaycanın yarandığını görmüş olarıq".

Şöbə müdiri vurğulayıb ki, bugünkü Azərbaycan həm də bir neçə gün əvvəl 25 illiyini qeyd etdiyimiz “Əsrin müqaviləsi”nin yaratdığı ölkədir: "Həmin müqavilə imzalanarkən Ümummilli lider demişdi ki, ““əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı və firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin qorunması üçün imkanlar yaradacaq”. Onun arzuları bu gün həyata keçmiş gerçəklikdir".

S. Yusifova, həmçinin əlavə edib ki, zaman yerində dayanmır, özü ilə növbəti yeniliklər gətirir: "Hazırda biz rəqəmsal texnologiyaların inkişafı ilə xarakterizə olunan növbəti sənaye inqilabını yaşayırıq. Azərbaycan Prezidentinin son illər həyata keçirdiyi sistem xarakterli islahatlar məhz həmin transformasiyanın mərhələli şəkildə reallaşdırılmasına hədəflənib. Bu özündə həm sosial innovasiyaları, həm institusional, həm də kadr islahatlarını ehtiva edir. Sosial innovasiyalar cəmiyyətdə sosial dəyişiklər doğuran məsələlərin həllinə yönəlmiş ideyalar, strategiyalar və texnologiyalardır. Sosial innovasiyalar insan həyatının keyfiyyətinin artırılması, qlobal tendensiyalara uyğun olaraq sosial infrastrukturun təkmilləşdirilməsi üçün yeni texnologiyalardan və biznes ideyalardan istifadəni nəzərdə tutur.

Cənab Prezident dəfələrlə öz çıxışlarında deyib ki, “bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Təsadüfi deyil ki, “sosial rifah” dövlətinin qurulması Azərbaycan Prezidentinin “yeni islahatlar kursunun strateji xəttini təşkil edir".