Yuxarıya
skip to main content

"Al-Monitor" yazır: "Fələstinlilər vətəndaşlığa..." - TƏRCÜMƏ

16.09.2020

Yerusəlimdə yaşayan və İsrail vətəndaşlığını qəbul etmək istəyən fələstinlilərin sayı aparılan ictimai rəy sorğusunun nəticələrinə əsasən bugün yalnız 15% təşkil edir. Sorğunun nəticələri Yerusəlim Siyasət Araşdırma İnstitutu tərəfindən keçirilən virtual mühazirədə David Pallokun rəhbərliyi ilə təqdim edilib. Bu dəfəki faiz göstəricisi Orta Şərq Araşdırmaları üzrə Vaşinqton İnstitutunun 2015-ci ildə keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə əsasən qeyd alınan 52%-lik göstərici ilə müqayisədə olduqca azalıb. Mümkün ehtimal və analizlərə əsasən Qəzza Zolağında yaşayan İsrail vətəndaşlığını qəbul etmək istəyən fələstinlilərin sayının azalmasında Türkiyənin siyasi dəstəyi, Fələstin rəhbərliyi və Həmasın, daha dəqiq isə, Yerusəlimdəki fələstinlilərə təmin edilən xidmətlərin rolu böyükdür.

 

2018, 2019 və 2020-ci ilin ilk iki ayını əhatə etmiş qeyd edilən sorğu Yerusəlimin fələstinli əhalisinin ictimai rəy göstəricilərində əhəmiyyətli dəyişiklikləri əks etdirməklə eyni məqsədli 2010, 2011 və 2015-ci il sorğuları ilə müqayisədə kəskin fərqlər ortaya çıxarır. Pallok son beş ildə Yerusəlim sakini olan fələstinlilərin baxışlarındakı dəyişiklikləri müxtəlif səbəblərlə, xüsusən də, Əl-Əqsa məscidi ətrafında yüksələn gərginlik və il yarım davam edən 2015-ci il Yerusəlim nümayişləri ilə daha çox əlaqələndirir.

 

İsrail Yerusəlimdə yaşayan 435 min fələstinlini daimi yaşayışa icazə statusu verən lakin Fələstin vətəndaşlığını əldə etməyə qadağa qoyan şəxsiyyət vəziqəsi ilə təmin edir.

 

Türkiyə Yerusəlimdəki fələstinlilərə rəsmi qurumları, xüsusilə də, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi və Şərq Assosiasiyası, vətəndaş cəmiyyəti institutları vasitəsilə müxtəlif sahələrdə − təhsil, ev təminatı, ərzaq və s. formalarda yardım və inkişaf proqramları ilə davamlı dəstək göstərir. Bu tipli proqramların ən sonuncusu Türk Dəniz Fənəri Assosiyası ilə birlikdə bu ilin may ayında Şərq Assosiasiyası tərəfindən Koronavirus pandemiyasının geniş vüsət aldığı dövrdə onlayn platforma vasitəsilə həyata keçirilmiş “Yerusəlimdə həyat var” adlı 250 ailənin ərzaq, geyim və maliyyə dəstək səbətini əhatə edən proqram olmuşdur. Təşkilatın rəhbəri Cəlal əd-Din Darvan “Əl-Monitor”- a açıqlamasında bildirir ki, layihə Koronavirus pandemiyasının zərərlərindən əziyyət çəkərək iş yerlərində məşğulluğu dayandırılan Qüdsün fələstinli ailələrinin hazırki vəziyyətlə mübarizəsinə dəstək məqsədi daşıyır.

 

Bununla yanaşı, cənab Darvan, eyni zamanda, Şərq Assosiasiyasının Yerusəlimdə bir sıra digər layihələrdə də iştirak etdiyini vurğulayaraq bildirir ki, bunların sırasına Yerusəlimin ən qədim Fələstin ərazilərindən birində xarabalığa çevrilmiş Fələstin mülkünün bərpasını nəzərdə tutan Silvan Yenidənqurma layihəsi ilə yanaşı, o cümlədən, ayırıcı zolaq səbəbilə izolyasiyada qalmış Yerusəlim kəndlərinin əkin torpaqlarının rehabilitasiya və yaşıllaşdırılmasını nəzərdə tutan layihələr də daxildir.

 

Qeyd edilən tədbirlər nəticəsində, Türkiyə hal-hazırda İsrail üçün arzuolunmaz ölkəyə çevrilib. İsrail Milli Kəşfiyat Direktoratının 2020-ci il qiymətləndirməsinə əsasən türk təşkilatları Yerusəlimdə aktiv fəaliyyətləri səbəbilə ölkənin milli təhlükəsizliyini təhdid edən qurumlar siyahısına daxil edilib.

 

Fələstin Rəhbərliyinin Qüdsdəki hakimi Adnan Qaitin sözlərinə görə, Fələstin hökuməti Qüdsdə yaşayan fələstinli əhalinin İsrail tərəfindən həyata keçirilən yəhudiləşdirmə siyasətinə qarşı dayanıqlığının artırılması istiqamətində böyük səylər göstərir. O, bu prosesin xüsusən 2017-ci il dekabrın 6-sında ABŞ-ın Qüdsü rəsmi olaraq İsrailin paytaxtı olaraq tanımasından sonra daha da genişləndiyini bildirir. Qait, həmçinin, bildirir ki, Fələstin hökuməti İsrail hökumətinin evləri dağılmış əhaliyə tam kompensasiya verilməsini nəzərdə tutan müvafiq tədbirlərinə cavab reaksiyası verilməsini təşkil etməklə yanaşı, Fələstin mülkü sayılan mülkiyyətləri gizli yollarla İsrail məskunlaşma təşkilatlarına satanların əməllərinə qarşı da mübarizə aparır.

 

2019-cu il Avqustun 6-da İsrail Fələstin hakimiyyətinin Qüdsdəki fəaliyyətinə qadağa qoydu. Lakin Qait vurğulayır ki, bütün bunlara baxmayaraq, Fələstin öz dəstəyini davam etdirir.

 

Bu məsələdə Həmasın gördüyü tədbirlər sırasına isə Qüdsdəki fələstinlilərə maliyyə dəstəyinin təmin edilməsi daxildir. Bu barədə Həmas üzvü “Əl-Monitor”-a gizli açıqlamasında bildirməklə qeyd edir ki, İsrail tərəfindən törədilən yanğın nəticəsində ölənlərin ailələrinə Həmas tərəfindən maddi dəstək göstərilir. O, həmçinin bidirir ki, belə tədbirlərdən olduqca narahat olan İsrail rəhbərliyi Həmas tərəfindən olunan bu kimi maliyyə dəstəyinin qarşıdurmaların artırılmasına xidmət etdiyi və əməliyyatları dəstəklədiyi qənaətindədir. Gizli açıqlamanı verən Həmas üzvünün sözlərinə əsasən, maddi yardımlar Həmasın xaricdəki və Qəzza zolağındakı bölmələrindən Qərb Sahili və İsrailin içərisində yaşayan insanlara göndərilir ki, onlar da bu vəsaitləri Qüdsdəki ailələrə çatdırırlar. Bu proses isə İsrail təhlükəsizlik xidməti orqanları tərəfindən yaxından izlənilməklə daim təhdidlə üzləşir.

 

 

Qüds Beynəlxalq Mərkəzinin rəhbəri, Qüds və Müqəddəs Torpaqlara Dəstək üzrə İslam-Xristian Komissiyasının keçmiş direktoru Həsən Xatir Əl-Monitora danışarkən qeyd edib: “Qüdsdə yaşayan fələstinlilər, xüsusilə də, ayırıcı zolaqların digər tərəfindəki 150 minə yaxın fələstinli İsrail hökuməti tərəfindən tətbiq olunan yüksək miqdarda maliyyə öhdəlikləri, 14 müxtəlif adda vergilərin ödənilməsi məsuliyyəti daşımağa məcbur olmaqla, beləliklə, Qüdsdən uzaqlaşdırılma və Qərb Sahilinə doğru sıxışdırılma siyasətinin təsirinə məruz qalırlar. Xatir sözlərinə onu da əlavə edib ki, Qüdsün fələstinli sakinlərinə ərəb dəstəyinin azalması ilə paralel ərəb ölkələrinin populyarlığını itirməsi fonunda türklərin buradakı aktiv yardım xarakterli fəaliyyətləri Türkiyəyə qarşı getdikcə daha çox rəğbət formalaşdırır. O qeyd edir ki, 2010-ci ildə keçirilmiş Ərəb Sammitində Qüdsün fələstinli sakinlərinə dəstək məqsədilə 500 milyon ABŞ dolları məbləğində vəsait ayrılması qərara alınsa da, fələstinlilər bu vəsaiti heç bir zaman əldə etməyiblər.

 

Bununla birlikdə, Xatir, Fələstin rəhbərliyinin Qüdsdəki fələstinlilərə səhiyyə, təhsil və texniki xidmət göstərməsindəki rolu barədə də narazılıq ifadəsi ilə çıxış edir. Belə ki, Fələstin hökuməti tərəfindən Qüds fələstinlilərinin rifahı üçün illik büdcə olaraq ayrılan 8 milyon ABŞ dolları məbləğindəki yardımın İsrailin 2018-ci ilin mayında Qüds üzərində İsrail suverenliyini artırmaq məqsədi ilə ayırdığı beş illik dövrü əhatə edəcək 2 milyard dollarlıq vəsaitlə müqayisədə olduqca kiçik məbləğ kimi qaldığını qeyd edir. Lakin, eyni zamanda, Xatir bildirir ki, Qüdsün ABŞ tərəfindən İsrail paytaxtı olaraq tanınmasına etiraz edən Fələstin hakimiyyəti hələ də Qüds fələstinliləri tərəfindən daha çox dəstəklənir.


Mənbə: https://www.al-monitor.com/pulse/originals/2020/05/palestinians-jerusalem-israel-citizenship-pa-hamas-turkey.html#ixzz6XjXfwoXq

    Tərcümə:

Aytən Babayeva