Yuxarıya
skip to main content

Azərbaycan həkiminin günü

17.06.2020

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

 

1918-ci il mayın 28-də milli tariximizin ən əlamətdar hadisəsi baş verdi - Azərbaycan dövlət müstəqilliyini elan etdi. Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçdü. Səhəri gün hökumətin kabinəsində ilk Səhiyyə və Sosial Təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırıldı.

 

Ümid yeri olmaq, şəfa paylamaq, ömürlərə ömür calamaq xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Elə bu nəcib peşələrinə görə həkimlər hər cür hörmət və ehtirama layiqdirlər.

 

Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Ölkəmizdə 600-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.

 

Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.

 

Həm də Koronavirus pandemiyasına qarşı Azərbaycan həkimləri mübarizə əzmiylə sağalan xəstələrin çoxalmasında əsas rolu oynayır.

 

Biz də Sosial Tədqiqatlar Mərkəzi olaraq Azərbaycan həkimlərini təbrik edir, onlara peşə fəaliyyətində uğurlar arzulayırıq!