Yuxarıya
skip to main content

Devalvasiyanın iqtisadi mahiyyəti - TƏHLİL

04.06.2020

Hardasa, 5 il əvvələ qədər devalvasiya termininin mənasını yalnız iqtisadçılar bilirdi desək, yanılmarıq. Lakin qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, eləcə də, onların milli iqtisadiyyatımıza təsiri bu kimi bir çox iqtisadi terminlərin gündəlikdə dəfələrlə işlənməsinə səbəb oldu. Bunlardan biri olan devalvasiya sözü də 2015-ci ildən bəri ən çox istifadə olunan iqtisadi terminlərdən birinə çevrildi. Lakin bu qədər müddətin keçməsinə baxmayaraq, hələ də çoxları terminin mənasına müəyyən qədər bələd olsa da, tam olaraq, leksik mənasını başa düşmür. Bəziləri bu prosesin yalnız milli manatın dollar qarşısında dəyər itirməsi, loru dildə “dolların bahalaşması” kimi başa düşür. Bəs həqiqətən elmi cəhətdən əsaslandırılmış devalvasiya nədir ? Sözün etimologiyası ilə bağlı mülahizələrlə tanışlıq devalvasiya termininin daha yaxşı dərk edilməsinə kömək edəcək.

 

Devalvasiya sözü de- prefiksi və valuation isminin birləşməsindən əmələ gələn söz olmaqla, ingilis dilindən dilimizə keçmiş, devaluation termini dilimizdə devalvasiya kimi işlədilir. De- prefiksi, ingilis dilindəki fransız və latın dillərindən alınan sözlərin önündə işlənən sözdüzəldici şəkilçidir. Latın dilindən tərcümədə de-çıxışlıq hal bildirən –dan şəkilçisi dair, aid kimi qəbul olunur. Valuation hissəsi isə, ilk dəfə təxminən 1520-ci illərdən başlayaraq orta fransız dilində işlənmişdir. Valuation sözünün valuer (qədim fransız dilindəki valoir), yəni qiymət verən şəxs sözündən yarandığı dilçilik elminə məlumdur. Hələ 1898-ci ildə istifadə olunan devalvasiya (devaluation) sözü yalnız 1914-cü ildən sonra spesifik maliyyə xarakteri daşımağa başlamışdır. Xatırladım ki, devalvasiyanın mənası milli pul vahidinin dəyərdən düşməsi kimi qəbul olunur.

 

Devalvasiyaya gedən hökumətin əsas məqsədi ölkənin sənaye vəziyyətini (ilk növbədə ixrac) yaxşılaşdırmaq, əmtəə və xidmətlərin idxalı şərtlərini isə əksinə – pisləşdirmək, yəni daha dəqiqi ölkəyə xarici valyuta axınını artırmaq, valyutanın ölkədən çıxmasının qarşısını almaqdır. Həmçinin devalvasiya ölkədə iqtisadi artımı sürətləndirir, işsizliyin səviyyəsini aşağı endirir, zərurət yarandıqda (böhran və ya depressiya zamanı) ölkə iqtisadiyyatını “yenidən işə salır”.

 

Bu hadisəyə nümunə kimi, 1992-ci ildə Britaniya funtu 12%, İtaliya lirəsi 7% , 1998-2002-ci illərdə İndoneziya rupisi və Argentina pesosu dəyərlərini dəfələrlə, 2007-2008-ci illərdə İslandiya kronu 2 dəfə ucuzlaşmışdır ki, bu da həmin ölkələrin iqtisadiyyatlarında baş verən problemlərin aradan qaldırılmasına istiqamətlənmiş addım kimi qeyd olunur. Həmçinin 2008-2009-cü illərdə Şərqi Avropanın əksər ölkələrində milli valyutalarının 1.2-2 dəfə devalvasiyaya məruz qalması isə maliyyə böhranı zamanı həyata keçirilən lazımi monetar siyasət kimi qiymətləndirilir. Məsələn, Polşanın milli valyutası zlotı 2008-2009-cu illərdə 1,5 dəfə ucuzlaşdırılıb, nəticədə iqtisadi artım bərpa olunub və proses hazırda da yüksələn xətlə davam edir. Bu, devalvasiyanın müsbət nəticəsinə dair yeganə nümunə deyil.

 

Azərbaycanda bu prosesin baş verməsi isə, “məhəlli düşüncədən” fərqli olaraq, bir ilin deyil, bir neçə ilin, yəni yaxın keçmişin, qısammüdətli dövrün gedişatından törəyən səbəbin məntiqli nəticəsi oldu. Hələ 2009-cu ilin iki ayı ərzində neftin qiymətinin birdən-birə $150-dən $38-ə düşməsi neft gəlirlərindən asılı olan bir çox ölkələrin, o cümlədən, Azərbaycanın da neft ixracı gəlirlərinin kəskin azalmasına gətirib çıxartdı. Yaranan çətinliklər fonunda Azərbaycan hökuməti qeyri-neft sahələri üzrə istiqamətlərdə ilkin addımları atmağa başladı. Elə həmin ilin Aprel ayında “İqtisadi və Sosial İnkişaf Mərkəzi” (CESD) tərəfindən “Azərbaycan Respublikasının Anti-Böhran Konsepsiyası” formalaşdırlıdı. Anti-böhran tədbirlərinin içərisində əsas yerləri ölkənin pul-kredit siyasətini əhatə edən maliyyə və bank sektoru tutmuşdur ki, bu da qarşıdakı illərdə bu sahəyə diqqətin daha çox ayrılacağını təsdiq edən səbəblərdən biri hesab olunurdu. Təsadüfi deyil ki, 09.07.2008-ci il tarixində öz maksimum həddinə (15 %) çatan uçot faiz dərəcəsi məhz qeyd edilən konsepsiyanın reallaşdırılmasından sonra 05.24.2009-cu ildə özünün ən aşağı həddi-2% səviyyəsində qərarlaşdı. Adıçəkilən tədbirlər kompleksi öz aktuallığını tam olaraq 5 il qorudu.

 

Belə ki, 2014-cü ilin ikinci rübündən etibarən, qlobal iqtisadi konyukturun kəskin şəkildə transformasiyaya uğraması dayanıqlı inkişaf strartegiyası üzrə proseslərin sürətləndirilməsi, resurs asılılığının minimuma endirilməsi və diversifikasiya tədbirlərinin artırılması zərurətini yaratmışdır. Dünya bazarında neftin qiymətinin ucuzlaşması nəticəsində ölkəyə valyuta axının azalması valyuta bazarına müəyyən təzyiqlər yaratmaqla yanaşı, kəskin azalmaqda olan valyuta ehtiyatları makroiqtisadi sabitliyi ciddi təhlükələrlə üz-üzə qoymuşdu. Həmçinin, ticarət partnyorlarımız olan ölkələrdə son 2 ildə milli valyutanın kəskin ucuzlaşması manatın həmin valyutalar qarşısında real dəyərini möhkəmləndirmiş və qeyri-neft sektoru məhsullarının ixracını xeyli zəiflətmişdir. Təkcə, 2014-cü il oktyabr tarixində rus rublunun 2 dəfə-yə qədər ucuzlaşması Azərbaycandan Rusiyaya ixrac olunan məhsulların həcminin azalması və idxalın artmasına, nəticədə tədiyyə balansında mənfi saldoya gətirib çı-xarmışdı. Mövcud vəziyyətlə barışmayan Azərbaycan hökuməti bir sıra məqsədləri hədəfləməklə bu istiqamətdə ən əsas tədbirlərdən biri olan devalvasiya prosesini həyata keçirdi.

 

Qeyd edək ki, ilk devalvasiyadan sonra manat dollar qarşısında 34% dəyərdən düşdü və valyuta kursu “1 USD = 0.78 AZN” –dən “1 USD = 1.05 AZN”-ə dəyişdi.

 

Birinci devalvasiyadan 10 ay sonra , yəni 21.12.2015-ci ildə manat təzyiqlərə tab gətirməyərək ikinci dəfə ucuzlaşdırılmağa məruz qaldı. Bu dəfə ucuzlaşma əmsalı daha böyük – 47% oldu. Yeni kurs “1 USD = 1.55 AZN” şəklində təyin edildi və Azərbaycan Respublikası Mərkəzi Bankı “üzən məzənnə” sisteminə keçidlə bağlı qərarını ictimaiyyətə bildirdi. Sonrakı dövrlərdə USD/AZN məzənnəsi dəfələrlə yuxarı-aşağı hərəkət etdi, hətta bəzi hallarda 1 USD = 1.9 – 2 AZN həddinə gəlib çatdı. Hal-hazırda isə, xeyli müddətdir ki (son 3 il ərzində) bu kurs sabitləşib və “1 USD = 1.70 AZN” civarında müəyyən olunub.

 

1.Bank əmanətləri manatla olan vətəndaşlarımız. Banklara manatla əmanət qoyan vətəndaşlarımız artan gəlirləri fonunda yenə də məzənnə fərqindən ziyana düşdü. Həmin dövrdə, banklara qoyulan 7 milyard manatın 4 milyardı milli valyutada yatırıldığından, məzənnə fərqindən toplam halda vətəndaşlarımız 1,3 milyard manat itkiyə məruz qalmışdı.

 

2.Banklardan dollarla kredit götürənlər. Eyni qaydada, banklardan dollarla kredit götürən vətəndaşlarımızın borcları da daha da artdı, dollarla kredit götürən biznes qurumlarımız əlavə olaraq bu fərqdən yaranmış itki ilə üzləşdi. Bu isə dollarla götürülən kredit portfellərinin geriyə dönüşünü çətinləşdirməklə, banklarda problemli kreditlərin xüsusi çəkisinin artmasına gətirib çıxardı.

 

3.İstehlakçı davranışları zəifləməklə xərcləri artan ailələr. Biznes qurumlarının anbarlarda qalan “stokları” həmin dövr tam qurtarmadığı üçün böyük həcmli (30% həddində) qiymət artımları ilkin mərhələdə tam müşahidə olunmurdu. Lakin sonradan idxal mallarının və buna reaksiya verən daxili bazarda qiymətlərin yüksəlməsi ailə büdcələrinə ciddi təsir göstərdi

 

Buna görə də devalvasiya zamanı baş verən hadisələrin axarını nəzarətdə saxlamaq və devalvasiya siyasətinin uğurlu olması üçün bir sıra işlər görülməyə başladı. Belə ki, ölkədə fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin fəaliyyəti sonlandırıldı. Bu səlahiyyətin ancaq banklara verilməsi qara bazar ticarətinin qarşısının alınmasını nəzərdə tuturdu. Ölkəmizdə devalvasiya sonrası iqtisadi proses və situasiyaların hesablanması, müsbət tendensiyalı olması üçün bir sıra kompleks tədbirlər həyata keçirildi. Bu sahədə Azərbaycanda elə ilk aylardan ciddi işlər aparıldı, xüsusilə böyük firmaların süni qiymət artımı siyasəti sərt intizam-cəza tədbirləri ilə İqtisadiyyat Nazirliyi tərəfindən alındı.

 

Nəzərdə tutulan tədbirləri davamlı olaraq həm inzibati, həm də monetar qayda da həyata keçirilməklə pul-kredit sahəsi ilə yanaşı əhalinin psixologiyasında da ruh yüksəkliyinin əldə olunmasına nail olundu. Turizm və qeyri-neft sektorunda baş verən köklü dəyişikliklər, mikrosahibkarlığın inkişaf etdirilməsi, yeni fəaliyyət sahələrinin meydana gəlməsi də devalvasiya şokundan sonra ölkə iqtisadiyyatının artım trendinə nümunə kimi göstərilə bilər.

 

Lakin təəssüf hissi ilə qeyd edirəm ki, bütün bu görülən işlər və əldə olunan nəticələr fonunda yenə də müəyyən narazılıqlar və qarayaxmalarla rastlaşırıq. Ardıcıl son 3 ildə maliyyə mənbələri məlum olmayan, qeyri-peşəkar və səriştəsiz fəaliyyətlərilə seçilən KİV və media şəbəkələri qərbdə özlərinə məskən salan bir sıra “iqtisadçı-ekspertlərin” panika yaymaq məqsədilə “Devalvasiya olacaq”, “Dollar bahalaşacaq” və s. kimi əsassız fikirlərini işıqlandırması və əhalidə psixoloji gərginlik yaratması, şübhəsiz, çoxumuza məlumdur. Əsas da bu ilin ilk 2 ayı ərzində bu cür təşviş doğuran çağırışlar sanki ölkə və ölkədən kənar kimlərinsə marağına uyğun hərəkət edənlərin harayı idi. Bütün bu zidd fikirlərə isə ölkə rəsmiləri yekun fikirləri ilə nöqtə qoymağı bacardı. Bir sıra iqtisadçı-analitiklər, nazirlik nümayəndələri, Mərkəzi Bankın səlahiyyətli simaları ilə yanaşı Ölkə Başçısının da məsələyə mövqe bildirməsi bütün qaranlıq qalan məsələləri gün işığına çıxardı. 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirə zamanı Prezident cari ilin əvvəlində devalvasiya ilə əlaqədar yaranan süni ajiotaja münasibət bildirməklə, çıxışında, qarşıdakı dövrdə də makroiqtisadi sabitliyin qorunacağına əminliyini qeyd etmiş, həmçinin əhaliyə manatın məzənəsi ilə bağlı yaranan panikaya inanmamaq çağırışı etmişdir.

 

Eləcə də, bir neçə araşdırma və təhlil də yeni devalvasiyanın olması fikrinin əsassız iddia olduğunu ortaya göstərir. Baxmayaraq ki, ilin mart və aprel aylarında neft qiymətlərində neqativ volalitlik baş verdi, lakin qonşu ölkə Rusiyanın Səudiyyə Ərəbistanı ilə bir masa arxasına keçməsi “Azəri light” markalı neftin də qiymətinin tarixinin ən minimum həddi 15.81 $-dan (21.04.2020) bu günədək 37.14 $-a qədər artması (57.4%) ictimai publikada müəyyən qədər gərginliyin azalmasına təkan verdi. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin açıqlamasına əsasən, 2020-ci ilin ilk 4 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 161 ölkə ilə xarici ticarət əməliyyatları 1.951.129.300 dollar azalma ilə 9.688 252.020 dollar olmuşdur. Tədiyə balansında 2.924.612.060 dollar müsbət saldo, xarici ticarət dövriyyəsində azalmada idxalın ixracı üstələməsi və ixracın 65.09% paya malik olması, yanvar-mart aylarında xam neft satışından gəlirin ötən ilin eyni dövrünə nisbətən cəmi 11.650.000 dollar (0.3%) azalması, qeyri-neft məhsulları ixracının 13.714.610 dollar (3.3%) artması qarşıdakı dövrdə də ən azı, ilin sonuna qədər manatın sabit qalacağına inam yaradır.

 

Bundan başqa, ilin ilk 4 ayı ərzində Mərkəzi Bankın Dövlət Neft Fondunun iştirakı ilə dəfələrlə keçirdiyi valyuta hərraclarında dollara tələbin tam təmin edilməsi və manatın ortaçəkili məzənnəsinin 1.7000 AZN/USD səviyyəsində formalaşması da bir daha milli valyutamızın sabitliyinə əmin olmağa səbəb olur.

 

Həmçinin nəzəri hissəsində qeyd etdiyimiz devalvasiyanın baş verməsinə əsas səbəblərdən də biri işsizlik səviyyəsinin yüksəlməsi, məşğulluğun aşağı səviyyəyə düşməsini qeyd etdik. Sonuncu devalivasiyadan bu günə qədər ölkədə rəsmi işsizlik səviyyəsinin sabit 5% səviyyəsində saxlanması, hətta pandemiya məhdudiyyətləri dövründə belə ilkin mərhələdə 300 min fərdi və mikrosahibkara iş yerlərinin itirilməməsi məqsədi ilə 80 milyon manat, muzdlu işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 215 milyon manat vəsaitin ayrılması, sahibkarlıq subyektlərinə məşğulluq məsələlərinə həsass yanaşmaları, mövcud şəraitdə işçilərin ixtisar edilməsi və əməkhaqlarının azaldılmaması barədə ciddi xəbərdarlıq edilməsi, işçi saylarının nəzarətdə saxlanılması və işçilərin hüquqlarının pozulmasına yol verilməməsi kimi tapşırıqların verilməsi də ölkədə məşğulluğun qorunmasına səbəb oldu ki, bu proses də yeni devalivasiyanın baş verməməsinə təsir göstərəcək əsaslı faktorlardan biridir.

 

Göründüyü kimi, hətta durğunluq dövrü belə həm sosial, həm də iqtisadi cəhətdən bütün xərcləri qarşılaya bilən Azərbaycan hökuməti kifayət qədər valyuta ehtiyatına malikdir ki, bu da milli valyutanın sabit saxlanılmasında əhəmiyyətli rola malik nüanslardandır. Lakin, qarşıdakı dövrdə ixracı daha da artırmaq və xarici valyuta axınını gücləndirmək məqsədilə milli valyutanın tam üzən məzənnə rejiminə keçməsi ilə bağlı qərar verə bilər ki, bu da manatın dollar qarşısında xırda dalğalanmalarının (1.65-1.70-1.75) baş verməsinə səbəb ola bilər. Lakin bu heç də ona dəlalət vermir ki, 5 il əvvəlki devalvasiya hadisəsi təkrarlansın, dollar anidən 2.00-2.50 məzənnə səviyyəsinə yüksəlsin. Buna görə də, insanlar panikaya qapılmamalı və bu barədə dövlət rəsmilərinin açıqlamalarına ciddi mənbə kimi istinad etməlidir, nəinki müəyyən şəxs və qrupların marağına xidmət edən, ölkədə siyasi və iqtisadi cəhətdən qarışıqlıq yaradan ünsürlərin.

 

Pünhan Musayev

  Mingəçevir