Yuxarıya
skip to main content

Qeyri-neft sektorunun inkişafına dəstək olacaq 4 sahə: Qısa zaman üçün əsas prioritetlər

03.05.2020
 
Dünyada bir neçə həftəlik karantin, faciəvi insan itkiləri və qlobal iqtisadiyyatın bir çox sahələrində fəaliyyətin dayanması hökumətlərin bundan sonra hansı radikal addımlar atacağına dair çoxlu konspiroloji düşüncələr formalaşdırıb.
 
Qısa müddət ərzində müəssisələr tam gücünü bərpa edə biləcəkmi? İş yerlərində ixtisarlar baş verəcəkmi?
 
Turist səyahətləri 2019-cu ilin səviyyəsinə nə zaman gələcək?
 
Dərin tənəzzülün qarşısını almaq üçün mərkəzi banklardan və hökumətlərdən gələn trilyon dollarlıq yardım paketləri pandemiyanın yaratdığı fəsadların aradan qaldırılmasına kifayət edəcəkmi?
 
Bu gün bütün bu suallar toplumun bütün təbəqələrini düşündürür.
 
Analitiklərə görə, koronavirus pandemiyası 1930-cu illərdən bəri həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan iqtisadiyyatları əhatə edən ilk böhrandır. Lakin hazırki böhran dünya müharibəsinin ağır itkilərdən sonra yaranan böhrandan tam fərqlənir. Əgər mühariblərdə zərər görən tərəflər varsa, bundan mənfəət əldə edib qazanclı çıxan dövlətlər də olur.
 
Bu dəfəki düşmən isə COVİD-19 adlanan virusdur ki, bütün dünya dövlətərini bir-birindən ayırdığı kimi, onunla mübarizə aparmaq üçün hər kəsi ətrafına toplayıb. Hər bir ölkənin itkiləri demək olar ki, bərabər səviyyədədir və bundan kimlərin hansı yollarla daha az zərərlə çıxacağı hökumətlərin daha çevik siyasətinə bağlı olacaq.
 
Qeyd etdiyimiz kimi, COVİD-19 pandemiyasının yaratdığı səhiyyə, iqtisadi və sosial şokların postpandemiya dövründə fərqli məcraya yönələcəyi ilə bağlı bir sıra konspiroloji fikirləri ortaya çıxarıb.
 
Belə ki, sərhədlərin heç bi əhəmiyyət kəsb etmədiyi qloballaşan dünyada ölkələr birdən-birə özünə qapandı, adi maska və tibbi avadanlıqlar üçün mübarizə apardılar. 
 
Pandemiya bununla siyasi və iqtisadi vahidin hələ də milli dövlət olmasına dair güclü xatırlatma etdi.
 
Eyni zamanda son on ildə qlobal tədarük zənciri üzrə Çinin liderliyi sürətlə artıb. Dünya ucuz əmtəə məhsulları ilə təchizatına görə Çindən tam asılı vəziyyətə düşüb.
 
Koronavirusun ilk aşkar olunduğu Çində karantin rejiminin tətbiqi və istehsalatın dayanması əksər xarici müəssəsələrin xam-mal təchizatında problemlər yaşatdı, bir çoxu fəaliyyətini dayandırmalı oldu. Artıq inkişaf etmiş dövlətlər Çindən xam mal asılılığını azaltmaq üçün iqtisadiyaytın daha da şaxələndirilmiş formalarına müraciət etməyi düşünürlər. Buna görə, bir çox kiçik müəssisələr iri müəssisələrə birləşə, sənayedə yeni bir dönəm yarada bilərlər. Karantin dövrü ərzində qlobal tədarük zəncirinin bir hissəsi olan firmalar risklərin və fasilələrin yaratdığı böyük itkilərin şahidi oldular.
 
Gələcəkdə bu firmalar daha çox yerli və keyfiyyətli, lakin daha az qlobal olan tədarük zəncirlərini nəzərdən keçirə biləcəklər.
 
Məsələn, Avropanın avtomobil şirkətləri avtomobil hissələrinin istehsalının bir qismini Avrozonaya köçürülməsi məsələsinin artıq müzakirə etməyə başlayıb. Bu isə böyük bir bazarda Çinin mövqeyini zəiflədə bilər.
Əlbəttə, bu, bir-iki ilə deyil, daha uzun bir müddətli dövr üçün reallaşa biləcək bir strategiyadır. Amma əsas məsələ bu haqda fikirlərin masa üzərinə çıxarılmasıdır.
 
Bir növ pandemiya qlobal terminlər sırasına iqtisadi millətçilik termini gətirdi.
 
Bundan əlavə, insanlar səyahət vərdişlərinə bir müddət məhdudiyyətlər tətbiq etməsi, dövlətlər öz sərhədlərini bağlaması aviaşirkətlərin rentabelliyin aşağı salıb, hətta müflislərmə təhlükəsi yaradıb. Bu da beynəlxalq aviaşirkətlərin, hava limanlarının gəlirlərinə ciddi təsir göstərir. Beynəlxalq Hava Nəqliyyatı Təşkilatına görə, hava limanları gəlirlərində bu il 250 milyard dollar itirə bilər. Beynəlxalq uçuşlar isə tam bərpa olunmayacağı təqdirdə bəzi aviaşirkətlər may ayının sonunadək iflas edə bilər.
Bloomberg News Z-Score metodundan istifadə edərək növbəti 2 ildə müflisləşmə riski zonasında olan aviaşirkətlərin adını dərc edib.
 
Siyahıda adıçəkilən aviaşirkətlərin zərərlərini və borclarını ödəmə qabiliyyətinin aşağı düşdüyü və dövlət dəstəyi olmadan bazardakı rəqabətə tab gətirə bilməyəcəyi deyilir.
 
Bu səbədən yalnız dövlətin maliyyə dəstəyi əsasında böhran risklərini azalda bilərlər.
 
Bundan əlavə, sözügedən sektor 2019-cu ilki vəziyyətinə qayıdana qədər işçilərin ixtisarlarına getməyə məcbur olacaqlar. Beynəlxalq Əmək Təşkilatının hazırki məlumatına görə, pandemiya 2.7 milyard işçiyə təsir göstərir ki, bu da dünya işçi qüvvəsinin 81 faizini təşkil edir. Bunların arasında aviaşirkətlər ön yerlərədn birini tutur.
 
Belə bir vəziyyətdə Azərbaycan hansı mövqe sərgiləməlidir?
 
Bir tərəfdən pandemiya nəticəsində yaranan iqtisadi durğunluq, digər tərəfdən neftin qiymətinin kəskin ucuzlaşması və maya dəyərinə satılması iqtisadiyyatın daha çevik bərpa oluna bilən sahələrinə diqqəti yönəldir. İqtisadiyyat naziri Mikayıl Cabbarov bir bmüddət əvvəl də qeyd etmiş ki, koronavirus pandemiyası ölkə iqtisadiyyatına gündəlik 120-150 milyon manat zərər vurur.
 
Bu gün hökumət əhalinin sosial vəziyyətinə və sahibkarlara dəyən zərəri azaltmaq üçün pandemiya ilə mübarizəyə təxminən 3,5 milyard manatlıq bir anti-böhran büdcəsi müəyyənləşdirdi. Anti-böhran büdcəsi böhranın dərinləşməsinin, sosial vəziyyətin ağırlaşmasının qarşısının alınmasına yönəlib. İkinci mərhələdə isə iqtisadiyyatın bərpası üçün müəyyən addımların atılması gözlənilir. İqtisadiyyatın bərpası üçün ucuz maliyyə, yüngül vergi yükü və tələbi yaradan bazarlara çıxış önəmli olduğu kimi, daha sürətlə bərpa olan və inkişaf edən sahələrin dəstəklənməsi də əsas prioritet olmalıdır.
 
İqtisadiyyatın çevik bərpasına yardım edə biləcək sahələr hansılar ola bilər?
 
Azərbaycanın qeyri-neft sektorunda hazırda aqrar və turizm sahəsi əsas prioritetlik təşkil edir. Pandemiya dövründə turizm sektoru ən böyük zərər görmüş bir sahədir. Bu sahənin daha az zərərlə çıxması üçün dövlətin maliyyə dəstəyi göstərməsi və güzəştlər tətbiq edilməsi vacibdir, amma iqtisadiyyatı dirçəltmək üçün indiki şəraitdə prioritet sayıla bilməz. Hazırda turizm uzun müddətli vadedə gəliri gətirəcək bir sahədir.
 
Daha çevik addımlar sırasında idxaldan asılı olduğumuz bəzi kiçik mal-məhsulların istehsalına, xidmətlərin təklifinə təkan vermək olar. Azərbaycan daha çox hansı
sahələrdə sürətli inkişafa nail ola bilər:
 
Birincisi aqrar sektor. Aqrar sektorun inkişafı eyni zamanda ərzaq təhlükəsizliyi üçün də vacib amillərdən biridir. Ölkənin idxalında neft və neft məhsullarından sonra əsas yeri kənd təsərrüfatı məhsulları tutur. Bundan əlavə, əmək qabiliyyətli əhalinin böyük bir qismi də bu sektorda faəliyyət göstərir. Deməli, kənd təsərrüfatının daha çox dəstəklənməsi işsizlik probleminə də müsbət təsir göstərə bilər.
 
İkinci sahə kiçik əmtəə məhsullarının istehsalına təkan vermək, bu sahədə kredit, faiz güzəştləri tətbiq etmək ola bilər. Məsələn, pandemiya dövründə ən böyük tələbat tibbi spirtlərə, dezinfeksiya məhlullarına, maska və əlcəklərə yarandı.
 
 
Azərbaycan hökumət çevik qərar çıxararaq maska istehsalına başladı, spirt istehsalını isə genişləndirdi.
 
Postpandemiya dövründə də əhalinin daha çox tələbat yaratdığı xırda məhsulların istehsalını artıra, hətta idxalını təşkil edə bilər.
 
Buna görə kiçik bizneslərin maliyyə əlçatanlığını təmin etmək üçün ucuz kreditlərə
çıxışını təmin etmək lazımdır.
 
Bu zaman başlangıc müddət üçün kredit ödəmələri ilə bağlı müddəti uzada bilərlər və.s
 
Üçüncü, rəqəmsallaşmanın genişlənməsinə diqqət ayrılmalıdır.
 
Postpandemiya dövründə informasiya texnologiyaları sahəsində sürətli inkişafa nail olan ölkələr daha sürətli bərpa dövrü yaşayacaq.
 
Burada dövlətlə yanaşı, özəl sektor üçün geniş meydan yaratmaq, yaradıcılq azadlığını dəstəkləmək lazımdır.Karantin dövründə ən gəlirli çıxan sahə məhz İT sahəsi çıxdı. Qısa müddət ərzində on milyonlarla insan onlayn idarə etməyə qoşuldu. Bu dövrdə əsas kapital İT sahəsinə axdığına görə, postpandemiya dövründə bu yöndə investisiyaların da həcmi artacaq.
 
Çox yaxşı olardı ki, Azərbaycan da bu bazarda öz mövqeyini qərarlaşdıra bilsin.
 
Bundan sonra onlayn biznesin üstünlük təskil edəcəyini nəzərə alsaq, hər bir azərbaycanlı xarici saytlardan yüksək həcmdə məhsullar sifariş verə bilər. Azərbaycan öz biznes və xidmət strukturunu onlayn paltformaya tam köçürməyi və keyfiyyətli məhsul təqdim etməyi bacarmalıdır ki, ölkədən kapital axınının qarşısını almaq mümkün olsun. Dördüncü sahə mədəniyyət və incəsənət sahəsidir. Mədəniyyət və incəsənət Azərbaycan özünü ən yaxşı təqdim etdiyi sahələrdən biridir. Əsas hədəf kimi yerli bazarla yanaşı, Orta Asiya, Türkiyə, Rusiya və ərəb ölkələrinə yönələ bilər. Daha sonra Şərq dünyasından başlanan bazar Avropaya çıxmaq üçün əsas trampilin rolunu oynaya bilər. Xüsusilə, köklü musiqi ənənəsinin olması, Azərbaycan musiqi öz xarakteriskası ilə fərqlənməsi böyük maraq yarada bilər. Bu sahədə orta sahibkarlığa dəstək və güzəştlər prioritet sayıla bilər. Belə ki, prodüser mərkəzlərinə dəstək verilə, onlar üçün yaradıcılq platformaları təşkil edilə bilər. Daha tez inkişaf edən sahələrin sürətlə dəstəklənməsi, bu sektora sərmayələrin qoyulmasının sövq edilməsi pandemiyanın zərərlərini qısa müddətdə aradan qaldıra bilər. Əlbəttə, uzun müddəti əhatə edən anti-böhran tədbirlər üçün ciddi iqtisadi və
sosial islahatların aparılmasına ehtiyac var. Azərbaycanın 41,3 milyard ABŞ dolları təhlükəsizlik “yastığı”nın mövcud olması anti-böhran tədbirlərini görmək üçün geniş imkanlar açır.
 
 
Vüsalə Rüstəmova

Sosial-iqtisadi təhlil departamenti