Yuxarıya
skip to main content

Dünyada insanların əksəriyyəti cəmiyyətlərin qırılmalara məruz qalaraq zəifləmə və parçalanma təhlükəsi ilə üzləşdiyi qənaətindədir – britaniyalılar arasında getdikcə yayılan düşüncə tərzi...

26.12.2019

“Ipsos MORI” araşdırma mərkəzinin 2019-cu ildə apardığı tədqiqat və keçirdiyi sorğuya əsasən əldə olunan nəticələr göstərir ki, dünyada yetkin yaşa çatan şəxslər arasında əksəriyyət insan yaşadıqları cəmiyyətdə sosial sistemin çatlara məruz qalaraq çökmə prosesində olduğu düşüncəsindədir. Bu fikir britaniyalılar arasında da son üç ildə dominant ideyaya çevrilmişdir; əslində isə 2016-cı ildən sonra dünyada populist düşüncələrin artmasını sübut edən göstəricilər azdır.

 

Global Advisor onlayn sorğu platforması üzərindən həyata keçirilən və 27 ölkədə ümumilikdə 18 mindən çox insan arasında aparılmış onlayn sorğunun nəticələri onu deməyə əsas verir ki, dünyada populist düşüncələrin mövqeyi dəyişməz qalsa da, ölkələr üzrə nəticələrdəki nəzərə çarpan fərqlərə baxmayaraq, nativist nöqteyi-nəzərlər yüksəlməyə başlayıb. Sorğunun iştirakçı yaş kateqoriyası isə ümumilikdə əhatə etdiyi coğrafi areal üzrə 16-74 yaş arası, daha çox şəhərlərdə yaşayan, təhsilli və işləyən əhali qruplarını əhatə edib. Britaniya nümunəsinə nəzər saldıqda görmək mümkündür ki, digər ölkələrlə müqayisədə populist yanaşmalar bu ölkədə üstün mövqeyə malikdir, nativist əhval-ruhiyyə isə nisbətən aşağı səviyyədə özünü göstərir. Bununla belə, Britaniyada sosial-siyasi sistemin statusu haqqında fikirlər getdikcə daha çox bədbinləşməyə və özündə narahatlıqları ifadə etməyə başlayıb.

 

Zədələnmiş sistem

 

Araşdırma sübut edir ki, ümumiyyətlə sistem və ənənəvi siyasət haqqında qlobal miqyasda dünya əhalisinin nəzərində ümumi narazılıqlar mövcuddur. İsveçi kənarda saxlamaqla, dünyada hər on nəfərdən yeddisi iqtisadiyyatın yalnızca zəngin və nüfuzlu şəxslərin mənafeyini nəzərə alan formada idarə edildiyini düşünür. Sorğuda Meksika (79%), Macarıstan (78%) və Peru (78%) ən çox iqtisadiyyatın müəyyən qrup şəxslərə xidmət etdiyini düşünən respondentlərə malik ölkələr sırasında olsalar da, İsrail (65%), Malayziya (57%) və İsveç (60%) nisbətən aşağı faiz göstəricisi ilə bu fikri daha az dəstəkləyən insanları əhatə edir. Hal-hazırki vaxtda Britaniyalılar arasında isə respondentlərin 70 faizi iqtisadiyyatın saxtalaşdırıldığı fikrini irəli sürür, 2018-ci ildə isə bu göstərici 63 faiz olmuşdur. Dünya üzrə 66% (2/3) insan ənənəvi partiyalar və siyasətçilərin əhalininin mövqe və manefeyini nəzərə almadıqları qənaətindədir. Bu fikir həmçinin Cənubi Afrikada (78%), Meksika (76%), Fransa, Peru və İspaniyada – 75% üstün mövqedədir. İsveç (50%), İsrail (49%) və Yaponiyada (48%) isə əhalinin müəyyən hissəsi belə düşüncəyə malikdir. Digər tərəfdən, Britaniyada bu rəqəm 69% təşkil edir (2016-cı ildən etibarən belə qənaət insanlar arasında nisbətən zəif təsirə malik idi - 2018-ci ildə 57% təşkil edirdi).

 

Cəmiyyətdə qırılmalar mövzusuna yenidən qayıtdıqda isə, qlobal olaraq 54% insan yaşadığı cəmiyyətin zəifləmə və parçalanma əlamətləri göstərdiyi düşüncəsinə inanır. Hər ikisi 78% olmaqla Braziliya və Cənubi Afrika, 84 % ilə daha çox bu fikri dəstəkləyən əhaliyə qrupuna malik Polşadan geridə qalır. Mövzu ilə bağlı dünya üzrə artan sıra ilə qeyd edildikdə isə sözügedən faktor üzrə göstərici Səudiyyə Ərəbistanında 24%-dir təşkil etsə də, Belçika və İsraildə bu rəqəm əhalinin 1/4-ni əhatə etməklə 25%-lik nəticələr göstərir. Koreyada belə göstərici 43%, Avstraliyada 47%, Malayziyada 54%, Çilidə 57% olmaqla bərabər, ABŞ-da bu rəqəm 60 faiz nisbətindədir. Meksika və Peruda isə bu fikirlə razılaşanların sayı müvafiq olaraq 61% və 63% təşkil edir. Britaniya nümunəsinə nəzər saldıqda, 2016-cı ildən (56%) sonra cəmiyyətin parçalanmaya məruz qalması fikrində olanların sayı artaraq 63%-ə çatmışdır.

 

Ümumilikdə, sorğunun nəticələrinə əsasən öz ölkəsində normal həyat şəraiti səviyyəsindən məhrum və müvafiq sosial siyasətin tətbiq-əhatə dairəsindən kənarda qaldığını hesab edən dünya sakinlərinin orta göstərici səviyyəsi belədir:

  • 70% insan iqtisadiyyatın zəngin əhali kateqoriyasının mənfəətini təmin etdiyini hesab edir;
  • 66% hesab edir ki, ənənəvi siyasətlər vətəndaşların maraqlarını nəzər almır;
  • 54% dünya sakini yaşadığı cəmiyyətin parçalanma səviyyəsində olduğunu düşünür.

 

Mövzu ilə bağlı olaraq həyat şəraitindən narazı kütlə əsasən Latın Amerikası və Şərqi Avropa ölkələrində cəmləşib.

  • Dünya ölkələri üzrə respondentlərin 64%-i hakimiyyətdə güclü siyasi iradəyə malik liderin idarəçiliyi zənginlərin “əlindən almaq” xəttini izləməsi fikrini düzgün hesab edir
  • 49% dünya sakini olan respondent ölkələrində sosial-iqtisadi və siyasi sistemin vəziyyətini gücləndirmək üçün artıq formalaşmış lakin müasir tələblərə cavab  verməyən və sistemə ziyan olan qaydaları dəyişə biləcək siyasi liderin idarəçiliyə gəlişi fikrini dəstəkləyir
  • 62% isə digər tərəfdən hesab edir ki, yerli ekspertlər onların problemlərini düzgün şərh etmirlər

 

Qeyd etmək lazımdır ki, ilk iki mülahizə daha çox ispandilli cəmiyyətlərdə geniş yayılmışdır.

 

Nativizm

 

Orta dünya vətəndaşı daha çox yerli vətəndaşların imtiyaz üstünlüyünü qəbul edərək miqrasiya mövzusuna münasibətdə tərəddüdkar mövqe nümayiş etdirirlər. Belə ki,

  • Sorğunun nəticələrinə əsasən dünya üzrə 60% respondent öz ölkəsində bütün miqrantların qəbul edilməsi fikrini dəstəkləmir;
  • Başqa məsələdə isə 60% repondent  hesab edir ki, iş imkanlarının məhdud olduğu hallarla bağlı işlə təmin edilmə zamanı işəgötürənlər daha çox yerli vətəndaşlara üstünlük verməlidirlər;
  • və 43% dünya sakini repondent belə hesab edir ki, immiqrantlar yerli sakinlərin sosial xidmətlərə əlçatanlıq imkanlarını məhdudlaşdırırlar.

 

Aparılmış sorğu nəticələrinə əsasən bu cür nativist yanaşmaların dominant olduğu ölkələr sırasında Türkiyə, Malayziya, Serbiya və Rusiyanı qeyd etmək mümkündür.

 

Beləliklə, öz ölkəsində cəmiyyətin sosial imkanlar və keyfiyyət göstəricilərində zədələnmə və qırılmaların baş verdiyi ideya və əhval-ruhiyyəsində olan respondentlər qlobal miqyasda 54% faiz göstərici ilə dünya əhalisi arasında üstünlük təşkil edir. Digər tərəfdən, 25% bu fikrə tərəddüdlə yanaşdığı halda, dünya üzrə 18% faiz respondent bu cür yanaşmaları dəstəkləmədiyini ifadə edir. Yalnız 3% məsələdə tərəfsiz mövqe nümayiş etdirir.

 

Avropa ölkələrində bu mövzuda faiz nisbətləri araşdırma nəticələrindən aydın olduğu kimi əsasən müxtəlifdir. Cəmiyyətin qırılma və sosial-siyasi parçalanmaya məruz qaldığını düşünən insanların faiz göstəriciləri üzrə Polşa 84%-lə bu sırada üstünlük təşkil etsə də, İspaniyada bu rəqəm – 69%, Macarıstanda – 66%, Rusiyada – 64%, Almaniyada isə 63% təşkil edir. Böyük Britaniyada da insanların  63%-nin mövcud  fikirlə razılaşması onların geniş miqyasda qeyd edilən əhval ruhiyyədə olduqlarını nümayiş etdirir və olduqca yüksək rəqəm olmaqla cəmiyyət fərdlərinin mövzu ilə əlaqədar pessimistik mövqeyini də sübuta yetirmiş olur. İsveç və Fransada əhalinin müvafiq olaraq 49 və 46 faizinin belə düşüncəyə malik olması aparılan tədqiqatının nəticələrinə əsasən bəlli olur. Cəmiyyətdə artıq parçalanmaların baş verdiyi fikrinin digər Avropa ölkələrinə nisbətdə daha az səviyyədə formalaşdığı ölkələr isə olduqca çoxmillətli və multikultural cəmiyyətlərə malik olan İtaliya (34%) və Belçikadır (25%). Lakin  həmin ölkələrdə göstərilən səviyyədə insanların qeyd edilən fikirlərə malik olmaları yenə də istənilən halda cəmiyyət üçün düşündürücü amilə çevrilməli məqamdır.

 

Beləliklə, aparılmış sorğunun gəldiyi nəticələrə uyğun olaraq qeyd etmək mümkündür ki, hal-hazırda dünyada insanlar arasında iqtisadiyyatların müəyyən təbəqələrdən asılılığı, miqrasiya problemlərinin geniş sosial-iqtisadi çətinliklərə, o cümlədən, cəmiyyətdə sosial dəyişikliklərə yol açması fikirləri üstünlük təşkil etməkdə, bəzi ölkələrdə artıq getdikcə genişlənməkdə olan fikri proses kimi davam edir. Dünyada əksəriyyət olaraq insanlar siyasi sistem və partiyaların işindən narazıdır. Bütün bunlar dünya əhalisini narahat edən, onların həyat şəraitlərinin keyfiyyətli şəkildə formalaşdırılmasına və təmin edilməsinə mane olan, həmçinin, cəmiyyətdə ümidsizlik və sosial geriləmə hallarına gətirib çıxara bilən əsas faktoralara çevrilib. Bu kimi həllivacib məsələlərin nizamlanmasında siyasi sistemlərin idarəediciləri ciddi və sistematik planlama yaratmaqla sosial-iqtisadi məsələlərin və mənzərənin tənzimlənməsi üzrə konkret sosial-siyasi addımlar atmalı və mexanizmlər müəyyənləşdirməlidirlər. Britaniya nümunəsinə gəldikdə isə, “Ipsos MORI” icraçı direktorunun sözlərinə görə, Böyük Britaniya cəmiyyət nümayəndələri arasında siyasi sistemin fəaliyyətinə dair narazılıqlara görə dünyada ön sıralarda qərarlaşan ölkədir. Lakin istənilən halda, onun sözlərinə əsasən, Brexit prosesləri ilə paralel vəziyyətin müsbət istiqamətdə dəyişməsini göstərən müəyyən əlamətlər artıq mövcud olmağa başlayıb.

 

Nəticədə, sosial-siyasi sistemin qırılmaları ölkələrin və cəmiyyətlərin inkişafına zərər olan olduqca vacib məsələlər olaraq dünya əhalisinin nəzər nöqtəsində dayanan əsas problemlər olaraq qalmaqdadır ki, dövlətlər bu məsələlərlə bağlı təxirəsalınmaz tədbirlər görmədiyi müddətcə, gələcək sorğu nəticələrinin dəyişilməsi sadəcə gözlənti və ya baş verən proseslərin fonunda yalnızca ehtimal olaraq qalır.

 

    Hazırladı:

Aytən Babayeva