Yuxarıya
skip to main content

74 yaşlı tribuna

02.09.2019

2019-cu ilin 24-30 sentyabr tarixlərində Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası baş tutdu. Əvvəlcədən elan olunduğuna görə BMT Baş Asambleyasının 74-cü sessiyasında 196  nümayəndə heyətinin iştirakı nəzərdə tutulurdu. Bu nümayəndə heyətlərinə başçılıq edənlərdən 91 nəfəri ölkə başçısı, 6 nəfəri vitse-prezident, 45 nəfəri baş nazir, 5 nəfər vitse-premyer, 44 nəfəri xarici işlər naziri idi. Daha 5 nümayəndə heyəti müşahidəçi və digər statuslarda iştirak edirdi. Baş Assambleyanın bu sessiyasına  193 dövlətdən 100-dən artığının ölkə rəhbəri qatılmayıb.

 

Müstəqil Dövlətlər Birliyi ölkələrinin əksrəyyətinin də rəhbərləri Baş Assambleyaya xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətlərini göndərib.  MDB, Ukrayna və Gürcüstandan olan ölkə rəhbərləri yeni seçilmiş şəxslər idi: Ukraynadan cənab Zelinski, Qazaxıstandan cənab Tokayev, Gürcüstandan xanım Zurabaşvili və Ermənistandan Paşinyan.

 

Əlbəttə, bu dövlətlərdən olan rəhbərlər içərisində cənab Tokayev BMT tribunasından ilk dəfə istifadə edən şəxs deyil. O, təcrübəli diplomat və BMT Baş katibinin müavini və BMT-nin Cenevrə bölməsinin baş direktoru olmuş şəxsdir.

 

 

Rusiya Federasiyasının Prezidenti sessiyada iştirak üçün Xarici İşlər naziri cənab Lavrovu nümayəndə heyətinin rəhbəri təyin etmişdi.

 

Azərbaycan Respublikasının Prezidenti də Baş Assambleyanın sessiyasında iştirak üçün nümayəndə heyətinə rəhbərliyi cənab Məmmədyarova tapşırmışdı. Prezident İlham Əliyev BMT Baş Assambleyasının sessiyalarında dəfələrlə iştirak edib və möhtəşəm çıxışları ilə yadda qalıb. Lakin elə vaxtlar olub ki, Baş Assambleyada ölkəni təmsil etməyi Xarici İşlər nazirinə həvalə edib.

 

Bir çox dövlətlər BMT-nin Baş Asaambleyasında ümumiyyətlə səfir səviyyəsində iştirak edir. Kanada bu il Baş Assambleyaya xarici işlər nazirinin müavinlərindən birini göndərib. Adətən dövlət rəhbərləri Baş Assambleyanın sessiyalarında mühüm bəyanatlar vermək üçün və ya görüşlər üçün istifadə edirlər. Belə hallar olmadıqda  bir qayda olaraq tədbirə nümayəndə heyəti göndərirlər.

 

BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri-Rusiya Federasiyasının Prezidenti cənab Putin BMT Baş Assambleyasının illik sessiyalarında 4 dəfə iştirak edib. 2000, 2003, 2005-ci ildə və sonuncu dəfə 10 illik fasilədən sonra 2015-ci ildə Baş Assambleyanın yubiley sessiyasına qatılıb. Sonrakı illərdə də Rusiya Federasiyasını xarici işlər naziri təmsil edib.

 

Ötən il eyni vaxtda keçirlən 73-cü sessiyada da Azərbaycanı cənab Elmar Məmmədyarov təmsil etmişdi. Nazir bu il keçirilən 74-cü sessiyada  "Yoxsulluğun aradan qaldırılması, keyfiyyətli təhsil, iqlim fəaliyyəti və inteqrasiya üçün çoxtərəfli səylərin təşviq edilməsi” mövzusunda çıxış edib.

 

Ermənistanın Baş Naziri Nikol Paşinyandan fərqli olaraq Azərbaycan xarici siyasət idarəsinin rəhbəri plenar sessiyanın mövzusuna uyğun danışıb və ölkədə həyata keçirilər sosial-iqtisadi islahatlardan, Azərbaycanın beynəlxalq humanitar layihələrdəki iştirakından bəhs edib. Məmmədyarov həmçinin Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsindən və Ermənistanın işğal siyasəti, bu siyasətdə baş verən son dəyişikliklərdən, Ermənistan rəhbərliyinin destruktiv mövqeyindən və münaqişənin sülh yolu ilə həllinə əngəl yaradan fəaliyyətindən bəhs edib.

 

Nazir çıxışında qeyd edib ki, “son iki ildə iki ölkə rəhbərləri arasında birbaşa təmaslar və xarici işlər nazirlərinin görüşlərinə baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən həqiqi marağın olmaması münaqişənin nizamlanması prosesinə mane olur. Əksinə, Yerevan həm sözlə, həm də əməlləri ilə prosesi ləngidir və münaqişənin tezliklə sülh yolu ilə həlli səylərinə zərbə vurur. Ermənistan Baş naziri və Hökumət üzvlərinin bu yaxında səsləndirdikləri bəyanatları onların beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq, ilhaqçı siyasət yürütdüklərinə dair heç bir şübhəyə yer qoymur.

 

Son zamanlar verdiyi açıqlamalarında, o cümlədən BMT Baş Assambleyasının Ümumi Müzakirələrində Ermənistanın Baş naziri Hökumətinin danışıqlardakı strategiyasını, yəni "müharibənin nəticələrini qorumaq" məqsədini açıq şəkildə bəyan etdi. Əslində, Ermənistan rəhbərliyinin niyyəti, qeyri-qanuni güc tətbiqi vasitəsilə və beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranan, insanlığa qarşı ağır cinayətlər, müharibə cinayətləri, soyqırımı aktları və işğal olunmuş ərazilərdə yaşayan bütün qeyri-ermənilərin tam etnik təmizlənməsi ilə müşayiət olunan qəbul edilməz status-kvo vəziyyətinin müdafiəsidir”.

 

Qısa arayış: BMT Baş Assambleyası BMT Nizamnaməsinə uyğun yaradılan və fəaliyyət göstərən BMT-nin 6 əsas orqanlarından biridir. Digər əsas orqanlar: Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Katiblik, Qəyyumluq Şurası və Beynəlxalq Ədalət Məhkəməsidir. Beynəlxalq Ədalət Məhkəməsi istisna olmaqla digər əsas orqanlar BMT-nin Nyu-York ofisində yerləşir. Beynəlxalq Ədalət Həhkəməsi Niderlandın Haaqa şəhərində yerləşir və fəaliyyət göstərir.

 

Sahib Məmmədov

Ekspert