Yuxarıya
skip to main content

“Absurdun reallığı” yaxud “Freedom House” təşkilatının 2021-ci ildə demokratiyanı “ölçməkliyi”

05.03.2021

ABŞ-da yerləşən ,dünyada demokratiyanı “ölçmək işinə baxan” Freedom House" təşkilatı  martın 3-də  “2021-ci ildə Dünyada Azadlıq”  hesabat-reytinqini açıqlayıb.

 

Hesabat “Demokratiya mühasirədə”adlanır. (https://freedomhouse.org/countries/freedom-net/scores )

 

Təşkilatın əldə etdiyi ən əsas nəticələr belədir ki, “son 15 ildə demokratiya yalnız geriləmə prosesini yaşayıb. 2016-cı ildən başlayan demokratik tənəzzül 2021-ci ildə qlobal miqyas alıb. Hazırda dünya əhalisinin təxminən 75 %-i demokratiyanın çökməsi yaşanan ölkələrə düşür.  

 

 

 

Davam edən tənəzzül “demokratiyanın natamamlığı”, yaxşı və pislərə, “tam,qismən və ya qeyri-azad”  demokratiya modellərinin mövcudluğu ilə bağlı şübhələrin və ziddiyyətli  iddiaların  ortaya çıxmasına səbəb olub.

 

Təşkilat hesab edir ki, “bu fikirdən ən çox sui-istifadə edən Çin və Rusiya  məsuliyyətdən qaçaraq beynəlxalq nüfuzlarını gücləndirməyə fürsət tapıblar. Onlar hər ikisi demokratiyanın dağılmasını alqışlayır, onu daha da sürətləndirir”.

 

ABŞ  demokratiya və azadlıq reytinqində 11 pillə geriləyib. ABŞ-da demokratiyasının dəhşətli vəziyyəti, 2021-ci ilin ilk günlərində demokratiyanın simvolik ürəyinə- Kapitoliyə hücumda, seçki saxtakarlığı və irqi ayrı-seçkilik müzakirələrində  əksini tapdı. 

 

 

 

"Freedom House" təşkilatının ən ilginc qənaəti hər il olduğu kimi bu ildə Azərbaycanda demokratiyanın dəyərləndirilməsi ilə bağlıdır. Belə ki, təşkilat  açıqladığı hesabatda Azərbaycanı “qeyri-azad”, Ermənistanı isə “azad” ölkələrin sırasına daxil edib.

 

Təşkilatın reallıq kimi qələmə verməyə çalışdığı absurd(cəfəngiyat) bundan ibarətdir ki, Azərbaycanın son 30 ildə dünyada  bütün dövlətlər tərəfindən tanınan ərazi bütövlüyünü təmin etməsi, BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra etməsi haqqında yalandan ibarət şərhə yer verməsidir.

 

Həqiqətən də “məntiqinizə bərəkallah” deməyin yeridir. Sən demə, demokratiyalara ziyanlı təsir edən işğalçı müharibələr, etnik təmizləmə və ə Xocalı qətliamını törətmək deyilmiş... Yaxud Ermənistanda Paşinyanın öz opponentlərini həbsxanaya qapatması,onların həbsxanalarda aclıq edərək həlak olması və  “təzə baş qaldıran islahatlar”imiş...

 

Azərbaycanın 1 milyona yaxın qaçqın və məcburi köçkünün fundamental yaşam haqlarnı təmin etməsi, işğal edilmiş torpaqlarını azad etməsi Ermənistanda olmayan “islahatlara ziyanlı təsir edibmiş”...   

 

Reallıqda məlumdur ki,təşkilat Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 44 günlük  müharibədə insanlığa qarşı beynəlxalq hərbi və humanitar cinayətlər  törədilməsi, Ermənistanın hərbi-siyasi rəhbərliyi sentyabrın 27-dən başlayaraq təxribatçı əməllərini davam etdirərək Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmasından, Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutaraq, mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməsindən   xəbərdardır. Belə ki, onun "Amnesty International" təşkilatının  "44 günlük müharibədə Ermənistan Azərbaycanın mülki əhalisini hədəf alıb, qadağan edilmiş kasetli silahlardan istifadə edib” adlı hesabatından xəbəri olmamış deyil.

 

Cəbhə bölgəsi olmayan  Gəncəyə "SCUD-B” ballistik raketinin və Bərdəyə “Smerç” raketi ilə  hücumu,  mülki əhalinin bombalanması,  müharibə dövründə Ermənistan tərəfi beynəlxalq humanitar hüququ pozaraq mülki əhalini də hədəf alması, bunun nəticədə çoxlu sayda günahsız insanların ölümü ilə nəticələnməsi "Freedom House"-un həmkarı olan həmin təşkilatın hesabatında qeyd edilib.

 

Bütövlükdə isə -  2020-ci il  sentyabrın 27-dən başlayaraq, indiyədək 100 mülki şəxsin qətlə yetirilməsi, 416 nəfərin yaralanması, 548 mülki obyektin, 136  çoxmənzilli yaşayış binalarının, 135, 4.186 yaşayış evinin  dağıdılmasının Azərbaycana heç bir təsiri olmayıbmış...

 

"Freedom House" təşkilatı beynəlxalq hüququ kobud şəkildə pozmasının fərqində deyil. Belə ki, 2021-ci il üçün olan hesabatda Dağlıq Qarabağ ayrıca “qismən azad” ölkə kimi göstərilib. Amma nəyə əsaslandığını göstərə bilməyib. Çünki belə bir qondarma qurum artıq yoxdur. Çarəsiz qalaraq,  belə bir açıqlama verilib ki, "Dağlıq Qarabağla bağlı  2021-ci il üçün hesabatı tam hazır olduğu anda yerləşdiriləcək.  Demək istəyirik ki, "Freedom House" həmin hesabatı artıq tam şəkildə heç vaxt yerləşdirə bilməyəcək. Çünki Qarabağ azad edilib və dövlətimizin suveren ərazisinin tərkib hissəsidir.

 

Hesab edirik ki, aidiyyətli qurumlar "Freedom House" təşkilatına Azərbaycanın suveren haqlarına müdaxilə edərək, Dağlıq Qarabağı ayrıca struktur kimi göstərməsinə etirazını bildirməli, beynəlxalq hüququ pozmasını bəyan etməlidir.

 

Son olaraq onu deyə bilərik ki, "Freedom House" təşkilatının “ 2006-cı ildən dünyada demokratiyanın sürətlə çökməsi” qənaəti doğrudur. O da doğrudur ki, bu təşkilatın demokratiya modelləri ilə bağlı anlayış və təsəvvürləri olduqca yanlışdır.

 

Doğru olmayan isə, bu təşkilatın düzgün dəyərləndirmə metod və meyarlarının, ən başlıcası isə, bütövlükdə təşkilat rəhbərliyində ermənipərəst, regional dövlətlərlə bağlı təhlillərdə isə  erməni əsilli şəxslərin aparıcı yer tutması, o cümlədən, Ermənistanı “Bölgədə nadir bir parlaq nöqtə”(!?) kimi görən-qərəz və subyektivlik azarıdır.        

 

Əks-təqdirdə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, ədalətli və haqlı qələbəsinin Ermənistanda “islahatlara təsir etməsi” kimi absurd nəticəyə gəlinməsi sağlam məntiqə zidd, “absurdun reallığı” deyilən fenomendir.   "Freedom House" təşkilatı dünyada demokratiyanı yalnız “ölçməyə” davam etsə, onun nə üçün son 15 ildə yalnız gerilədiyini və 2021-ci ildə pik nöqtəyə çatdığını izah edə bilməyəcək. Deməli, təşkilat hələ də demokratiyanı düzgün ölçməyi öyrənə bilməyib. Çünki, hansısa subyektiv və qərəzli mövqelərlə yanaşıldıqda heç bir sahədə prosesləri obyektiv qiymətləndirmək mümkün deyil.

 

Bu baxımdan təşkilat seçim qarşısındadır: ya “ölçmə” metodunu dəyişməlidir, ya da bu işi bir kənara qoyub, özünə daha səmərəli məşğuliyyət tapmalıdır.


 

T.Allahyarova, professor,

STM İdarə heyətinin üzvü