Yuxarıya
skip to main content

Qismət Rüstəmovla Mario Varqas söhbəti (Müsahibə)

18.12.2020

Müsahibimiz yazar Qismət Rüstəmovdur.

Qismət: “Lyosanı ona görə oxumaq lazımdır ki, gerçəkləyin birqatlı, birüzlü olmadığını anlayasan”.


 

- Sizi ən çox təsirləndirən yazar kim olub?

 

- Məni təsirləndirən əsərlər çox olub. Fikirləşirəm ki, yaradıcılığın ilk illərində, yazmağa təzə başlayanda adam daha çox populyar əsərlər oxuyur. 18-20 yaşımda mənim üçün Dostoyevskinin əsərləri, onun Raskolnikov personajı maraqlı gəlirdi, yaxud Cek Londonun “Martin İden”i. Fikirləşirdim ki, məni narahat edən sualların cavabı həmin obrazların dilindədir, həmin obrazların narahatlığından kənarda mənim üçün heç nə yox idi. Özümü həmin obrazlarla eyniləşdirirdim, sonralar Nabokovdan öyrəndim ki, bu, yaxşı oxucu olmağın ən birinci mərhələsidir. Amma elə ki, özün yazmağa başlayırsan, ədəbiyyatla peşəkar məşğul olursan, artıq saf-çürük edirsən, nələrisə arıtlayırsan. Mənim son illərdə gəldiyim qənaət belədir ki, hamı öz ədəbi əcdadlarını müəyyənləşdiməlidir. Həm öz ədəbiyyatında, həm də dünya ədəbiyyatında hansı xəttin, həlqənin davamı olduğunu aydınlaşdırmalısan. Bu mənada mənim üçün indi, məsələn, Füzuli yox, Nizami, Dostoyevski yox, Tolstoy, Balzak yox, Flober, Soljenitsın yox, Nabokov daha maraqlıdır, doğmadır. Adlarını çəkdiklərim üslubçulardır, estetlərdir və mən özümü üslubçular xəttinin davamı kimi görmək istəyərəm. Bu gün haqqında danışacağımız yazıçıyla bağlı söhbətə ayaq vermək üçün deyim ki, Latın Amerikası ədəbiyyatının dünyaya bəxş etdiyi ən əfsanəvi şöhrət sahibi yazıçı Markes idi. Markes hamı kimi mən də zamanında böyük ləzzətlə və həvəslə oxumuşam. Amma Mario Varqas Lyosanın yaradıcılığı ilə tanışlıq fikirlərimin dəyişməsinə səbəb oldu.


 

- Niyə Mario Varqas Lyosa?

 

 

- Sözün açığı, Lyosaya Nobel mükafatı verilənə qədər mən onun cəmi bir neçə əsərini oxumuşdum. Nobeldən sonra bütün külliyatını əldə elədim və başladım hissə-hissə oxumağa. Lyosa mənə Markesdən daha doğma gəldi. Niyə? Birincisi, bayaq dediyim ədəbi əcdadlar məsələsinə görə, Lyosa mənim üçün özümü yaxın saydığım ədəbi dünyagörüşünün növbəti həlqəsi oldu. Lyosa yaradıcılığa solçu, sartrçı çılğınlıqla, radikallıqla başlayıb. Məsələn, çox erkən yaşlarında, deyəsən 23 yaşında yazdığı məşhur “Şəhər və itlər” romanı buna ən yaxşı nümunədir. Sonradan daha estetcəsinə, daha üslubi zənginliyə appelyasiya edən, estetik yüklü yaradıcılığının ikinci mərhələsi başlayır, 60-70-ci illərdən sonra yazdıqları ilə. Markesin yaradıcılığı Lyosaya baxanda daha çox jurnalistikadan gələn oyunbazlıqlarla zəngindir, qeyri-müəyyənliklər, daim folklora söykənən və ondan doğulan magizm. Amma Lyosanın yaradıcılığında magik şeylər yoxdur, hər şey çox rasionaldır, estetik planda hər şey əqli nəticə ilə həll olunub və rasionallıq qətiyyən yazdıqlarının bədii gücünü azaltmayıb.

 



- Lyosanın ilk hansı əsərini oxumusuz?


- Lyosadan birinci “Şəhər və itlər” romanını oxumuşam, 24-25 yaşım var idi. O vaxtlar bir yazı yazmaq istəyirdim, indi dostlara da deyirəm ki, nədənsə qaldı o yazı. Ara-sıra yadıma düşür, xeyli də qeydlər götürdüyüm həmin essedə çox gənc yaşda yazılan məşhur romanlar haqqında yazmaq istəyirdim. Məsələn, bu sırada Tomas Mannın “Buddenbruklar”ı, Orxan Pamukun “Cevdet bəy və oğulları”, Mario Varqasın “Şəhər və itlər”i romanları var idi. O ərəfədə həmin əsərləri tapdım və ardıcılıq oxumağa başladım. “Şəhər və itlər” Lyosanın ilk romanıdır. Əsərdə bizim dillə desək, bir hərbi hissənin içərisində baş verən “dedovşina”dan bəhs olunur. Zamanında çox səs-küy doğurmuş əsərdir. Hətta, deyəsən, Lyosa özü də o hərbi hissədə qulluq edib. Roman çıxandan sonra hərbi alay nümayişkaranə şəkildə romanın nüsxələrini yandırıb. İkinci romanı “Yaşıl ev”dir. Lyosanın yaradıcılığının birinci dövrü Sartrçıdır, bu dövrdə o, radikal solçudur, problematikası daha çox sosialdır, tonu nevrotikdir. Yaradıcılığının ikinci dövründə Lyosa liberal qanada keçir və maraqlıdır ki, onun bədii gücünün, məhsuldarlığının artdığı dövr də məhz bu dövrdür. İkinci dövrdə konfiqurasiyalar da, mətnin strukturu da, mövzuların rəngarəngliyi də dəyişir. Həmin dövrdən sonra onun yaradıcılığında, məsələn, erotizm xüsusi xətt kimi daxil olur. Orta təbəqənin basdırılımış, latent şəkildə üzə vurulmayan erotik çatışmazlıqları fonunda Perudaki ictimai-siyasi məsələlər paralel şəkildə qabardılmağa başlanır.


-Lyosanın ən sevdiyiniz əsəri hansıdır?


- Onun ən sevdiyim əsəri “Culiya xala və cızma-qaraçı” romanıdır. Əsər bir az avtobioqrafik səciyyəlidir. Roman 18 yaşlı Mario adında gəncdən bəhs edir, həmin Mario da elə Lyosanın özüdür. O, hüquq fakültəsinin tələbəsidir, radioların birində işləyir, xəbərləri yazır. Elə bir dövrdür ki, hələ televiziya hamının evində yoxdur, insanlar gündəlik radio-seriallara qulaq asırlar. Mario həm də roman yazmaq istəyir. Bu mühitdə bir gün qardaşı arvadının bacısı, Culiya adında, 32 yaşlı dul qadın Mariogilə qonaq gəlir və onların arasında sevgi münasibəti başlayır. Münasibətləri Perunun paytaxtı Limada səs-küy yaradır, ailə düşünür ki, bu əxlaqi baxımdan düzgün deyil. Həm də ona görə düzgün sayılmır ki, həmin dövrlərdə Peruda yetkinlik yaşı 21 yaş sayılırdı, Marionun isə 18 yaşı var idi, yəni hüquqi baxımdan da evlənməkləri doğru deyildi. Romanın əsas xətti Mario ilə Culiyanın arasındakı sevgi, nikah bağlamaq üçün qaçıb müxtəlif məkanlara getməkləri, çabalamaları və Marionun roman yazmaq istəyidir. Əsərdə həm də Pedro Kamaço adında, Boliviyalı bir obraz var. O, dayanmadan radio seriallar yazan bir adamdır və ölkədə çox məşhurdur. Onu ən yaxşı radio serial müəllifi olduğu üçün Marionun işlədiyi radio transfer edir. Pedro ilə tanışlıq Marioya bir az qəribə gəlir, onunla tanışlıq olanda özünü cazibəli dünyaya girmiş kimi hiss edir, çünki Kamaçio çox populyardır. Bu həm də elə dövrdür ki, Lyosanın yaradıcılığı Sartrçı mövqedən qurtulur və populyar ədəbiyyat elementlərindən öz yaradıcılığında məharətlə istifadə etməyə başlayır. Artıq Lyosa dedektiv və melodramatik əsərlərdən əxz etdiklərini öz əsərlərində istifadə edib, öz ədəbiyyatını onlarla sintez edir. Onun qəhrəmanının Pedro Kamaço ilə tanışlığı, bu mənada simvolikdir, sanki elə öz başına gələnlərdir.


- Əsərin orijinallığı nədə idi?


- Romanın qəribə strukturu var. Əsərin bütün tək rəqəmli hissələri Mario ilə Culiyanın əhvalatıdır, hər cüt rəqəmdə olanlar Pedro Kamaçonun yazdığı bir radio-pyesdir. Əsər Marionun həyatı, iş yeri, ailəsi ətrafında baş verənlərlə başlayır. İş mühiti gözəl təsvir olunur. Məsələn, yazır ki, ölkədə iki radio var. Biri daha milli radiodur, milli musiqilər verir, digərində isə caz, rok-n-roll və sair gedir və daha avropasentristdir. Mario da həmin avropa-mərkəzçi radionun işçisidir. Bir fəsli belə oxuyandan sonra hər növbəti cüt rəqəmli fəsil Kamaçonun yazdığı bir radio-pyesin mətni olur. Mətnlər ilk başda bir-birilə əlaqəli görünsə də, get-gedə əlaqə qırılır, Perunun ictimai həyatı, polis, səhiyyə sistemiylə bağlı kiçik hekayələrə çevrilir. Pedro yazdığı pyeslərin qəhrəmanlarını unutmağa başlayır, bu əhvalat o biri əhvalatla qarışır, birinci pyesdə ölən qəhrəman beşinci pyesdə dirilir.

 

- Tək rəqəmli və cüt rəqəmli hissələri Lyosa niyə belə fərqləndirirdi?

 

- Bu düzxəttli, səbəb-nəticə əlaqələri üzərinə fokuslanan, bir xəttli, bir variantlı klassik realist romanın ənənəvi qəlibindən öz əsərini çıxarmaq üçün Lyosanın etdiyi cəhd idi. Eyni şeyi Xulio Kortasarın “Xana-xana oyunu”nda, Orxan Pamukun “Qara kitab” romanında, Kabrera İnfantenin “Tələdə üç aslan”ında, Culian Barnsın “10,5 hissədə dünya tarixi” romanında görə bilərik. Bu, 70-80-ci illərdə dünya ədəbiyyatından məşhurlaşan, bu gün də aktuallığını itirməyən mərkəzsiz roman anlayışına uyğun gəlir, ensiklopedik roman da deyirlər buna. Hər hissəsini açıb müstəqil əsər kimi oxuya bilərsən. Əsərdə ana xətt Mario və onun sevgisidir, əsərdəki parçalar da romanı bir mənalılıqdan çıxarır. Müstəqil hekayələr olsa da, hekayələri yazan Pedro Kamaço həm də Marionun həyatında var, axı. Əsərin mövzusu, strukturu çox gözəl və zərifdir, həm də çığır-bağırsız ironik dildir. Latın Amerikası ölkələrinin bir-biriylə ədavəti Kamaçonun dilindən mükəmməl ifadə olunur. Həmçinin inanılmaz cəlbedici ailə mənzərələri var. Bəlkə də hamımızın yaşadığı, gündə başımıza gələn, amma ədəbiyyat olmağının fərqinə varmadığımız ailə həyatı ilə bağlı səhnələr Lyosada mükəmməl təsvir olunur və anlayırsan ki, sən elə ədəbiyyatın içində yaşayırmışsan. Bizə elə gələ bilər ki, bunları yazmaq lazım deyil, biz daha fəlsəfi şeylər yaza bilərik, amma əsəri oxuyanda anlayırsan, fəlsəfəni elə buradan da çıxartmaq olar.


 

-Ailə münasibətləri əsərdə necə ifadə olunur?

 

- Ailədə 18 yaşlı Marionun ilk hekayəsi çıxanda deyirlər ki, ona dəyməyin, onun gələcəyi var, ailənin intellektualıdır. Culiya xala sərbəst, azad qadın tipidir. Ailədə Marionun onunla münasibətlərini duyduqdan sonra bütün nəsilin onlara qarşı birləşməyi çox qəribə təsvir olunub. Əsər həm də ona görə avtobioqrafikdir ki, doğrudan da, Mario Varqas Lyosanın birinci həyat yoldaşı Culiya Ukida özündən yaşca böyükdür və romanda bəhs elədiyi qardaşı arvadının bacısıdır. Lyosa bir neçə dəfə ailə həyatı qurub, macərapərəst adamdır bir az. Əsər populyarlaşandan sonra ilk həyat yoldaşı Culiya Akida Lyosanın əleyhinə bir roman yazıb ki, sən oradakı əhvalatları təhrif edirsən. Lyosa da ironiya ilə deyir ki, orta statistik oxucular kimi mənim həyat yoldaşım bir şeyi səhv başa düşür, ədəbiyyat həyatı olduğu kimi əks elətdirmək deyil, onun içinə yazıçı təxəyyülü, fantaziyası daxil etməkdir. Fredrik Ceymson adlı məşhur bir nəzəriyyəçi var, onun modenizm haqqında bir neçə kitabına oxumuşam. Sevdiyim bir kitabı var, adı belədir: “Postmodernizm və ya gec kapitalizmin mədəni məntiqi”. Kitabda dünyadakı geopolitik hadisələrdən filan bəhs olunsa da, ən ciddi hissəsində söhbət incəsənətdən gedir, o parçalarda Ceymson xüsusi olaraq Lyosadan və onun “Culiya xala”sından danışır. Lyosanın modernist romandan postmodernizmə keçidi, populyar kültürdən yararlanması kitabda çox gözəl ifadə olunur, əsər haqqında əlavə mənbə istəyən oxucular həmin kitabdan dəyərli materiallar tapa bilər. Kapitalizmi gec keçmiş ölkələr burada ayrıca izah olunur. Latın Amerikasından avropaya gedən yazarların çoxu ya anqlo-sakson meyilli, ingilis dilli olur, ya da fransız. Lyosa fransız meyilli idi, bu da Sartra olan sevgisi ilə bağlı olub. İkinci romanını da Fransada çap elətdirib, orada hekayə müsabiqəsinin qalibi olub. Uşaqlıq illərini Limada keçirib, sonra özünün dediyi kimi, Sartrın Parisi ilə, sevdiyi Marqaret Tetçerin Londonu ilə tanış olur. Son dövrlər Nyu-York və Madridi də bu şəhərlər sırasına aid edə bilərik. Lyosa deyir ki, Albert Kamyunun individual əxlaqını, əfsuslar olsun ki, Sartrdan sonra kəşf etdim.

 

- Lyosanın əsərlərinin belə aktual qalmasını nə ilə izah etmək olar?

 

- Lyosa hər dövrün dilində danışmağı bacarır. Məsələn, indi dünyanın gündəmində olan terror məsələsi onun demək olar ki, bütün romanlarında da araşdırılır. Məsələn, General Lituma obrazı, ya da “And dağlarında terror” əsəri. Limada gerçəkdən baş vermiş bir terror aktı ilə bağlı araşdırma aparan jurnalistlər “Aydınlıq yol” terror qruplaşması və yerli qəbilələr tərəfindən öldürülür və bu əhvalatın romanını yazmaq üçün Lyosa hadisənin baş verdiyi yerə gedib araşdırmalar aparıb, müsahibələr alıb.

 

- Necə oldu ki, Latın Amerikasından çıxan bir yazıçı “Culiya xala və cızma-qaraçılar” ilə bütün dünyada sevildi?

 

- Bunun bir neçə səbəbi var.Birinci səbəb ispan dilinin arealının böyük olmağıdır. İkincisi onlar müəyyən bir ideya arxasınca düşməyə, lap dəqiqi özlərini dünyaya təqdim etməyə lap çoxdan başlayıblar. Lyosanın yeni dövrün ən maraqlı gənc yazıçılarından olan Xuan Qabriel Vaskeslə söhbəti var. Orada Lyosa deyir ki, Borxes gedib avropada mühazirələr deyəndə hamı heyrətə gəldi, kimdir bu ingilis dilində eleqantlıqla danışan, Buenos-Ayresli kor kişi, Şekspiri əzbər şeirlər deyir? Demək məsələ aydındır, lokomotivlər, ədəbi avtoritetlər var, dünya mədəniyyətinin dilində danışmaq təcrübəsi var. Latın Amerikasında indi də həmin ənənə davam edir, Markeslə bitməyib heç nə. Məsələn, mənim sevdiyim Xuan Qabriel Vaskes “Düşən əşyaların səsi” romanı ilə prestijli, dünyanın ən intellektual ədəbi mükafatların sayılan İMPAC DUBLİNİ aldı. Bəs yaxşı neyləməliyik? Dünya mədəniyyətinin dilində danışmaq üçün, Artur Rembo demiş, modern olmaq lazımdır. 21-ci əsrdə yaşayıb 19-cu əsr alətləri ilə, dili ilə, üslubu ilə heç nə edə bilməzsən. Biz tərcümə olunmalıyıq, antologiyalar şəklində, müstəqil müəlliflər kitabları şəkildə. Amma biz Azərbaycan ədəbiyyatı olaraq tərcümə olunmuruq, özümüzü aldatmayaq, heç yaxındakı böyük Türkiyə kitab bazarında da yoxuq.

 

- Əsərdə hansı hissələrə düzəliş etmək istəyərdiz?

 

- Düzəliş deməyək, amma mən hər əsəri oxuyanda onun analoji variantını düşünürəm. Orada Mario ilə Culiya xala uzaq bir yerə gedirlər ki, illeqal kəbin kəsdirsinlər. Yolda bir taksi şoferi deyir ki, belə nigah olmaz, gedir şampan tapıb gətirir. Bu final olaraq orijinaldır, amma ona qədər olan hissələri bəzi hissələri bəlkə yazmamaq da olardı. Amma mən bunları əsərə 2015-ci ildən baxıb deyirəm, bu mənada dediklərim Lyosanın səhvini tutmaq kimi çıxmasın. Əsəri bir neçə dəfə oxumuşam. İtalo Klavinonun dediyi kimi, artıq bu əsər mənim xəyali və real kitab rəfimdə klassiklər sırasındadır.

 

-Əsəri Azərbaycan ədəbiyyatında hansısa əsərlə müqayisə etmək olarmı?

 

- Tam olmasa da, struktur olaraq Yusif Səmədoğlunun “Qətl günü”nə bənzədə bilərik. Çünki bizim proza daha çox sosrealist, ən yaxşı halda psixoloji realizm qatındadır. Bir az mübahisəli səslənsə də, mən həmişə deyirəm ki, bizdəki modernizm də yarımçıq olub. Modernizmi tam keçmədiyimiz üçün də postmodernizm də tam alınmır bizdə. Bizdə klassik realizm ənənəsi güclüdür, rus ədəbiyyatının təsiri ilə. Baxırsan, 50-ci illərdə Türkiyədə Ahmet Hamdi Tanpınar nələrdən yazırdı, bizimkilər nələrdən. Poeziyamızda hər dövrdə yaxşı nümunələr tapmaq olar, amma nəsrdə eksperimentlərdən qorxan, hər şeyi yazıçıdan daha çox publisist, jurnalist kimi dərk edən bir ədəbiyyat ənənəsi var.

 

- Konkretləşdirək, oxucular Lyosanın bu əsərini niyə oxusunlar?

 

- Əsər alışdığımız forma və strukturda deyil. Əsər tabuların əleyhinə qışqırmadan, sakit, eksperimental formada necə yazmaq olduğunu bizə göstərir. Əsər dünyanın bir çox ölkəsində səsli-küylü və orijinal roman kimi qarşılandı. Əsər vərdiş olunmamış ideya və məzmuna görə hamıya maraqlı olar. Lap konkret, bu əsəri ona görə oxumaq lazımdır ki, gerçəkləyin birqatlı, birüzlü olmadığını anlayasan. Arzu edək ki, Azərbaycan dilinə tərcümə olunsun və oxucular da bu romanla tanış olsun.




Hazırladı
Tural İsmayılov