Yuxarıya
skip to main content

Neftin qiymətindəki kəskin ucuzlaşma: proqnozlar nəyi göstərir? - (Ekspert Rəyləri)

12.03.2020

Bazar ertəsi, martın 9-da dünyada neftin qiymətində son 30 ildə ən kəskin ucuzlaşma baş verib.  Neftin qiyməti gün ərzində 31% ucuzlaşaraq 1991-ci ildən bəri ən aşağı səviyyəyə enib. "Brent" markalı neftin qiyməti 31,27 dollara düşüb.

 

Sonrakı günlərdə neftin qiymətində müəyyən qədər bahalaşma nəzərə çarpsa da, martın 12-də “Brent” markalı neftin qiymətində yenidən ucuzlaşma müşahidə olunub.

 

“Qara qızıl”ın may fyuçerslərinin qiyməti 5% ucuzlaşaraq bir barrelə görə, 35,35 dollar təşkil edib.

 

WTI markalı neft isə 5,2% ucuzlaşma ilə bir barrelə görə 32,56 dollar olub.

 

Azərbaycanın Azeri Light neftinin qiyməti brent markasına bağlıdır və adətən ondan 1-1,5 dollar baha olur.

 

“Goldman Sachs” bankının proqnozuna görə, neft bazarında yaranan təşviş yanacağın qiymətinin bir barrelə görə 20 dollaradək düşməsinə səbəb ola bilər.

 

Energetika üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə bildirir ki, neft bazarında yaranmış vəziyyətin müəyyən səbəbləri var: “Hazırda neft bazarında tələb və təklif arasında böyük bir disbalans mövcuddur. Neft tələbatının 2009-cu ildən etibarən ilk dəfə bu il ötən illə müqayisədə 90 min barel azalacağı proqnozlaşdırılır. Bu da əsasən Çində meydana gələn koronavirus epidemiyasından qaynaqlanır. Belə ki, Çin ötən il qlobal neft tələbatındakı artımın təqribən 80 faizini qarşılamışdı. Eyni zamanda, Çin dünyada nefti ən çox idxal edən ölkədir və qlobal neft idxalının 24%-i bu ölkənin payına düşür. Bununla yanaşı, Çin bu gün dünyanın 100-dən çox ölkəsinin birinci ticarət partnyorudur. Məhz bu baxımdan koronavirus epidemiyasının Çində meydana gəlməsi qlobal iqtisadiyyata ciddi təsir göstərir.

 

Təklif tərəfinə gəldikdə, ABŞ, Kanada, Braziliya və Norveçdə neft təchizatının kəskin artdığını müşahidə edirik. Belə bir vəziyyətdə bütün diqqətlər OPEC+ iclasında fokuslanmışdı. İnvestorlar və treyderlər buradan çıxacaq müsbət və güclü bir mesajı gözləyirdilər. Ancaq gözləntilər özünü doğrultmadı. Öncəki iclaslara da Rusiya müəyyən tərəddüdlərlə gəlirdi. Ancaq nəticədə tərəflər arasında razılıq əldə edilirdi. Bu səbəbdən, düşünülürdü ki, Rusiya bazarlıq payını artırmaq üçün belə bir mövqe seçib. İclas öncəsi tərəddüdlərə baxmayaraq, Rusiyanın bu dəfə də razılığa gələcəyi güman edilirdi. Ancaq OPEC-ə üzv və qeyri-OPEC ölkələri razılığa gələ bilmədilər. Səudiyyə Ərəbistanı neft hasilatının daha 1,5 milyon barel azaldılmasını təklif etsə də, Rusiya bu təklifə razı olmadı.

 

Hazırkı vəziyyətdə həm Səudiyyə Ərəbistanı, həm də Rusiya bazar paylarını artırma strategiyasına yönəlib. Belə ki, Səudiyyə Ərəbistanı Asiya bazarlarında artıq qiymətlərdə 6-8 dollar aralığında endirimə gedəcəyini bildirib. Mövcud müqavilə 1 aprel tarixinə qədər davam edir. İddialardan biri də budur ki, Səudiyyə Ərəbistanı aprel ayından neft hasilatını kəskin artıra bilər. Fevral ayında onun gündəlik neft hasilatı 9,7 milyon barel təşkil edirdi.  Ancaq, Səudiyyə Ərəbistanının potensial hasilat gücü 12,5 milyon barreldir. Paralel olaraq, Rusiya da növbəti aylarda tədricən əlavə 500 min barrel hasilat artımına gedə biləcəyini bildirib.

 

Bütün bunlar öz növbəsində neft bazarlarında bir növ şok təsir yaratdı və qiymətlər 1991-ci ildən bəri ən aşağı səviyyəyə endi. Təbii ki, burada psixoloji faktorların da rolu böyükdür. Çünki, qiymətlər 30% azaldıqdan sonra təkrar 20%-dən yuxarı dəyər qazandı. Yəni, bazar tədricən üzərindəki şoku atmağa başlayıb”.

 

Ekspertin proqnozuna görə, neftin qiymətinin ucuzlaşması uzunmüddətli olmayacaq: “Hazırkı neft qiymətləri heç bir tərəf üçün əlverişli sayılmır. Rusiyanın iqtisadiyyatı da neft gəlirlərindən asılıdır. Rusiyanın büdcəsinun təqribən 50 faizi, ixracatının isə 60 faizi neft-qaz gəlirlərindən formalaşır. Bu istiqamətdə, OPEC+ formatı da Rusiya üçün çox əhəmiyyətlidir. Çünki bazarın tənzimlənməsi istiqamətində mühüm rol oynayır.

 

Baxmayaraq ki, dünyada ən aşağı neft hasilatı qiyməti Səudiyyə Ərəbistanındadır (bir barel təqribən 3 dollar), onun büdcəsi neft gəlirlərindən daha çox  asılıdır. Bugün Səudiyyə Ərəbistanının büdcəsinin balanslaşdırılması üçün neft qiymətlərinin 83,6 dollar səviyyəsində olması lazımdır.

 

ABŞ-da şist nefti sahəsi iqtisadi nöqteyi-nəzərdən olduqca əhəmiyyətlidir, məşğulluq yaradır. Bu sahədə çalışanların sayı 11 milyon nəfərdən çoxdur. Eyni zamanda ABŞ-ın ümumi məşğulluğunun təqribən 6 faizi bu sektorun payına düşür. Dolayısıyla bu sahənin rentabelli olması üçün qiymətlərin 40-45 dollardan yüksək səviyyədə olması lazımdır. Qiymətlərin hazırki vəziyyəti göstərir ki, bu sahələrə qoyulan investisiyalarda ciddi azalmalar müşahidə edilə bilər. Onsuz da ABŞ şist neft şirkətləri maliyyə problemləri yaşayırdı və qiymətlər hələ 50 dollar səviyyəsində olanda belə gəlir marjaları kəskin azalmışdı. Bir çox şist neft sahələrinin neftvermə əmsalında azalmalar müşahidə edilirdi. Bu baxımdan ABŞ üçün də hazırki qiymət səviyyəsi sərfəli deyil.

 

Neft qiymətlərinin ucuz olması qlobal ticarət baxımdan da mənfi məqamlar ortaya çıxarır. Biz bunu birjalarda da müşahidə edirik. Amerika birjalarında S&P 500 indeksi 7.6 faiz, Nasdaq 7.3 faiz, Avropa səhm indeksləri təqribən 8 faiz, Asiya indeksləri isə 9 faiz dəyər itirib. Çünki, neft qiymətlərinin uzun müddət aşağı olması neft ixrac edən ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməyəcək, ölkələrin satınalma gücünü azaldacaq. Bu da öz növbəsində qlobal ticarətə mənfi təsir göstərəcək.

 

Digər tərəfdən,  neft idxal edən ölkələrə də öz təsirini göstərir. Bildiyiniz kimi, neft əsasən emal sənayəsində istifadə edilmək məqsədilə idxal olunur. Əgər neft idxal edildikdən sonra emal sənayesində istehal edilən məhsulu satacaq bazarlar olmayacaqsa, bu da, dolayı olaraq idxal edən ölkələrin iqtisadiyyatına təsir göstərəcək və ixrac gəlirlərini azaldacaq. Bununla yanaşı, mövcud qiymət səviyyəsi alternativ enerji bazarına da mənfi təsir göstərə bilər. Çünki, qiymətlərin uzun müddət bu səviyyədə qalması bu sektorun rentabelliliyinin itirilməsinə gətirib çıxara bilər.

 

Göründüyü kimi, hazırki neft qiymətləri heç bir tərəf üçün uzunmüddətli perspektivdə faydalı deyil, bu da onu deməyə əsas verir ki, qiymətlər yaxın bir zamanda yenidən arta bilər” .

 

Emin Axundzadə hesab edir ki, Azərbaycan 2014-cü ildən fərqli olaraq həm psixoloji, həm də iqtisadi cəhətdən mövcud vəziyyətə daha hazırlıqlıdır: “O dövrlərdə neft qiymətləri 100 dollardan yuxarı səviyyədə idi. Neft ixrac edən ölkələr bir növ bu qiymətlərə alışmışdı. Bütün proqnozlar onu göstərirdi ki,  neft qiymətləri nəinki azalacaq, əksinə artacaq. Məsələn, 2013-cü ildə Beynəlxalq Enerji Agentliyi proqnoz vermişdi ki, neft qiymətləri artmağa davam edəcək. Ancaq bunun əksinə 2014-cü ilin iyun ayından etibarən neftin qiyməti kəskin olaraq azaldı və 115 dollardan təqribən 2016-cı ilin yanvar ayına qədər 27,7 dollara düşdü. Bu da 4 dəfədən yuxarı azalma deməkdir. Ölkələr hazırlıqsız olaraq bu proseslə üzləşdilər, bu da, onların iqtisadiyyatlarına öz təsirini göstərdi.

 

Mövcud duruma baxdığımız zaman ötən iki ayın ortalama qiyməti ilə müqayisədə hazırki neft qiymətləri təqribən 38 faiz aşağı səviyyədədir. Son dövrlərdə bazarda qiymətlər 50-60 dollar səviyyəsində davam etdiyi üçün Azərbaycan vəziyyətə  hazırlıqlı idi. Son illərdə ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində əsaslı addımlar atılıb. 2014-cü illə müqayisədə ən böyük üstünlüyümüz odur ki, o dövrdə bizim davam edən bir çox strateji əhəmiyyətli layihələrimiz var idi. Cənub Qaz Dəhlizinin ən önəmli seqmentini meydana gətirən TANAP boru kəmərinin hələ təməli qoyulmamışdı, qarşıda bir çox işlər görülməliydi, vəsait ayrılmalıydı və biz bu layihələri dayandıra bilməzdik. Hazırda isə bu layihələrin hər biri istismara verilib və artıq gəlir götürülür. Digər tərəfdən qeyri-neft ixracı 14 faiz artıb. Bu tendensiyanın artan templə davam edəcəyi proqnozlaşdırılır. Çünki, SOCAR Karbamid, Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodlarının istehsal gücü ildən-ilə artır. Bu da, öz növbəsində bizim ixrac potensialımızı artırır. Ümumilikdə, Azərbaycanın 50 milyard dollar civarında aktivləri və valyuta ehtiyatları mövcuddur. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan hazırkı vəziyyətdə daha hazırlıqlı və iqtisadiyyatı daha dayanıqlıdır”.

 

Millət vəkili Aydın Mirzəzadə də bildirir ki, neft bazarında yaranmış vəziyyət Azərbaycana çox ciddi təsir göstərməyəcək:

 

“Azərbaycanın gəlirlərinin əsas hissəsi neft-qaz sektorundandır. Bu baxımdan neftin qiymətinin ucuzlaşmasının ölkəyə müəyyən qədər təsiri var. Ancaq Azərbaycanda əsası ulu öndər tərəfindən qoyulan və prezident İlham Əliyev tərəfindən davam etdirilən düşünülmüş bir iqtisadi model var. Neftdən, qazdan gələn gəlirlər birbaşa büdcəyə daxil olmur, Dövlət Neft Fonduna yığılır. Bu fond, xüsusilə, büdcə gəlir və xərclərini tənzimləyən bir orqan rolunu oynayır. Şübhəsiz ki, neft bazarında yaranmış vəziyətin müəyyən qədər təsiri olacaq. Ancaq ciddi bir təsirdən söhbət gedə bilməz. Eyni zamanda milli valyutamız manat da stabilliyini qoruyacaq. Azərbaycanın əhalinin sayına, ÜDM-in həcminə görə böyük valyuta ehtiyatı var.  (51 milyard dollara qədər) Bu isə bizim ÜDM-i bir neçə dəfə üstələyir. Xarici borcumuz valyuta ehtiyatımızdan üç-dörd dəfə azdır. Bu baxımdan Azərbaycan neft bazarında gedən dəyişiklikləri diqqətlə izləyir, müvafiq addımlar atır”.

 

Aydın Mirzəzadə vurğulayır ki, sosial layihələrin icrası davam etdiriləcək:

 

“Ola bilsin müəyyən layihələrin icrası dayandırıla bilər. Ancaq heç bir halda sosial layihələrin həyata keçirilməsi dayandırılmayacaq, həcmi azaldılmayacaq. Dövlətin əhali, vətəndaş qarşısında olan bütün sosial öhdəlikləri yerinə yetiriləcək. Prezident İlham Əliyev  altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı minimum əmək haqqının, minimum pensiyanın artmasının mümkünlüyünü də bildirdi. Cənab prezidentin tapşırığıyla hökümətdə çox ciddi layihələr işlənilir. Hesab edirəm ki, görülən tədbirlər Azərbaycanda maliyyə stabilliyini qoruyub saxlayacaq. Bu tədbirlərin təsirini biz ilk növbədə qiymətlərin qalxmamasında görəcəyik”.

 

Martın 10-da Nazirlər kabinetində keçirilən toplantıda bildirilib ki, Azərbaycanda valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə zəruri tədbirlər görülməsi üçün bütün imkanlar var.

 

Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib. İclasda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov və Baş Nazirin köməkçisi Fəxri İsmayılov iştirak ediblər.

 

İclasda bildirilib ki, Azərbaycanda həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasını təmin edəcək.

 

Eyni zamanda, dövlət büdcəsinin maliyyə dayanıqlığının daha da gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək, xərclərin optimallaşdırılması və səmərəli istifadəsi üzərində ciddi nəzarət davam etdiriləcək.

 

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov ölkə əhalisini dolların məzənəsi ilə bağlı təmkinli olmağa çağırıb: “Mən əhalini sakitliyə çağırmaq istəyirəm. Hökumətin və AMB-nin gördüyü tədbirlərdən görünür ki, biz bunu çox təmkinlə, hazırlıqlı qarşılayırıq. Əvvəldə də demişdik ki, ölkənin nə həcmdə ehtiyatları var. Bu problemi  layiqli qarşılamaq üçün kifayət qədər imkanımız var. 

 

Hökumətin və Mərkəz Bankın “B planı” var. Bu plan məhz neftin 30-35 dollarlıq qiymətinə hesablanıb və faktiki olaraq indi hökumət bu planla fəaliyyət göstərir.  Və biz bu probemi tez bir zamanda həll etmək əzmindəyik.

 

Əhaliyə çağırış ondan ibarətdir ki, onlar öz hərəkətləri ilə biz köməkçi ola bilərlər ki, bu problemi daha tez həll edək”.

 

Şəfanə İbrahimova

        stm.az