Yuxarıya
skip to main content

Qarabağda ermənilərin dalandan çıxmaq dilemması

17.12.2020

Azərbaycanın işğalda olan topraqlarını azad etmək üçün keçirdiyi 44 günlük hərbi əməliyyatdan sonra Ermənistan itkiləri ilə barışmaq istəmir. Erməni diasporu hazırda öz beyin mərkəzlərini qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınmasına yönəlik ciddi addımalara, hibrid savaşına keçib.

Hələ 2016-cı ilin aprelində Qarabağ əraziləri üzərindəki hərbi qarşıdurmanın kəskin şəkildə artması Ermənistanı Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyi barədə daha fəal düşünməyə sövq etmişdi. Qondarma respublikanın tanınmasına dair Ermənistan millət vəkilləri tərəfindən qanun layihəsi də hazırlandı. Ölkənin prezidenti isə hərbi əməliyyatların geniş miqyas alacağı təqdirdə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıyacağını əsas gətirdi.

 

Lakin ötən 44 gün müharibə dövründə Ermənistan belə bir qanun layihəsi qəbul etmədi. Baxmayaraq ki, “tanınma” ilə bağlı müxtəlif aksiyalar da təşkil olundu. Hazırda erməni lobbisinin əsas senarisi qondarma DQR-nın tanınması kampaniyasını genişləndirmək və buna legitimlik donu geyindirməkdir. Ermənistanın baş naziri Nikol Paşinyan  beynəlxalq ictimaiyyətə müraciət edərək Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını istəyib.

İndiyədək qondarma DQR müstəqilliyinin tanınmasına hansı dövlətlər necə dəstək göstərib?

(Diaqram 1)

 

Bundan əlavə, Hollandiya, Belçika və Uruqvay dövlətlərində də müxtəlif səviyyələrdə tanınma ilə bağlı təşəbbüslər həyata keçirilib. Beynəlxalq hüquqa görə Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissədir. Sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibədə də  Azərbaycan Ordusu münaqişə ətrafında reallığı dəyişdi. Azərbaycan işğal olunmuş 7 rayonunu, eyni zamanda Dağlıq Qarabağın ən əhəmiyyətli mövqelərini–Şuşa, Xocavəndin böyük hissəsini, Hadrut və Suqovuşanı işğaldan azad etdi. Bundan sonra qondarma respublikanın tanınması, Qarabağ ermənilərinə “müstəqillik” ümidləri verilməsi, lobbi tərəfindən qurulan separatçı oyunlar yerli xalqın nəinki dünyaya, hətta Cənubi Qafqaza inteqrasiyasının qarşısı ala, sosial yoxsulluğun girdabına sürükləyə bilər. Anklavda qalan ermənilərin inteqrasiya olma istəklərindən vaz keçib, separatçı siyasətlərinin aqibətinin necə olacağını qondarma DQR-nın özünün təqdim etdiyi statistik rəqəmlərlə təhlil edək. 

 

Dağlıq Qarabağ əhalisi və məşğuliyyəti: gerçək statistika?

 

Qondarma respublikanın təqdim etdiyi saxta statistikada qeyd olunur ki, 2019-cu ilə görə orada 149 min nəfərə yaxın əhali yaşayıb. (Cədvəl 1)

 

Region/nəfər

Əhalinin sayı

Kişilər

Qadınlar

Xankəndi

58322

27332

30990

Əskəran

17050

8430

8620

Hadrut

11998

6096

5902

Ağdərə

19818

9990

9828

Xocavənd

21276

10 744

10532

Kəlbəcər

3262

1676

1586

Şuşa

5396

2663

2733

Laçın

11673

6004

5669

Ümumi

148795

72935

75860

 

Verilən statastikadan görünür ki, Ermənistan 27 il ərzində Dağlıq Qarabağa bitişik Kəlbəcər və Laçın rayonlarında qanunsuz  məskunlaşma aparıb. Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli və Ağdamla bağlı hər hansı bir göstərici statistik bülletenlərinə daxil etməyiblər. Amma Qubadlı, Cəbrayıl və Zəngilanın bəzi məntəqələrində yaşayış olduğu məlumdur. Ermənilər “Artsax dövləti” adlandıraraq tərtib etdikləri xəritədə beynəlxalq siyasi güclərin təzyiqini nəzərə alaraq 5 rayonu çıxmaq şərti ilə, Kəlbəcər və Laçını yaratdıqları qondarma dövlətin tərkibinə daxil ediblər. Bu məsələni hətta Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində də açıq bildirdi ki,  Laçın dəhlizi ilə bağlı Azərbaycana müəyyən təzyiqlər göstərilib.

 

Eyni zamanda Prezident İlham Əliyev Dağlıq Qarabağın real erməni əhalisinin sayını 2019-cu ildə  65 min nəfər təşkil etdiyini qeyd etmişdi. Deməli, ötən müddət ərzində Ermənistan qanunsuz  məskunlaşma apararaq oradakı erməni əhalisinin sayını 2 dəfə artırıb. Kəlbəcər və Laçının boşaldılmasına dair xarici mediada gedən müxtəlif reportajlardan da görünür ki, əhalinin böyük əksəriyyəti son 20-25 ildə orada yerləşiblər. Livan, Suriya və digər ölkələrdə yaşayan ermənilərin bu ərazilərdə qanunsuz yerləşdirilməsi hazırda Ermənistan üçün qaçqın problemi yaradacaq ki, bu da zamanla sosial-psixoloji gərginləşməni artıracaq.  

 

II Qarabağ müharibəsinə qədər əhalinin 57 faizi şəhər, 43 faizi kənd yerlərində yaşayıb. Rəqəmlərə görə, iqtisadi fəal əhali (15-75 yaşında) ümumi əhalinin 65.6 faiz təşkil edib.

Diaqram 2

 

 

2014-2018-ci illər üzrə verilən statistikada aydın olmayan məqamlardan biri,  əhalinin məşğulluq səviyyəsində 3 faiz artım olduğu halda, işsizlik səviyyəsinin dəyişməz olaraq qalmasıdır.  Qeyd edək ki, məşğul və işsiz əhali, əsasən, iqtisadi fəal əhalidir. Belə olan halda iqtisadi fəal əhalinin məşğulluğu 52 faizdən 57 faiz arasında dəyişib. (Bax diaqram 3). Əhalinin işsizlik səviyyəsi isə 13 faiz təşkil edib. 

Diaqram 3

 

Qondarma respublikanın əhalisinin məşğuliyyətinə gəlincə, məşğul əhalinin böyük əksəriyyəti dövlət sektorunda və yerli özünüidarəetmədə çalışıb. 2018-ci ilin statistikasına görə, məşğul əhalinin hər 1000 nəfərinin 42.5-i dövlət işində, 16.2  nəfəri isə qeyri-dövlət işində çalışıb.

İqtisadi sahələr üzrə təqdim edilən statistikadan məlum olur, məşğul əhalinin  65 faizi təqribən 3 sektorda fəaliyyət göstərib:

1. “Dövlət” idarəçiliyi və onun müdafiəsi (burada hərbi qulluqçular nəzərdə tutulur),

2. Təhsil sektoru

3. Aqrar sektor

 Sonrakı yerlərdə səhiyyə, satış, tikinti, istehsal, sənaye sektorları gəlir.

 

Diaqram 4

 

 

 

Yuxarıda da qeyd etdiyimiz kimi, işsizlik səviyyəsi 13 faiz olub ki, bu da yüksək bir göstəricidir. Əslində, beynəlxalq təşkilatların təftişindən kənarda qalan və alternativ hesabatlılığı olmayan statistikanın reallığı tam əsk etdirdiyini söyləmək çətindir. Sadəcə olaraq qondarma hökumət  BMT-nin, Beynəlxalq Valyuta Fondunun standartlarına formal bir görüntü yaradaraq, “Artsax”ın müstəqilliyinin legitimləşdirilməsinə hesablanmış bir siyasət həyata keçirməyə çalışıb.  Lakin bu halda belə, təqdim olunan rəqəmlər orada sosial yaşayışın aşağı olduğunu, iqtisadi inkişafın kənardan gələn yardımlar hesabına formalaşdığını deməyə əsas verir.

 

Xüsusilə, gənc nəsil üçün heç bir prespektiv vəd etmir. Məhz bu səbəbdəndir ki, məşğulluq statistikasında ən yüksək işsizlik səviyyəsi gənc və orta nəsil arasındadır.( Xüsusilə, 15-40 və 45-49 yaş aras).  Nəzərə alsaq ki, bundan sonra ermənilərin yaşayacağı ərazilərin məşğuluq, iqtisadi dəyər yaratmaq potensialı aşağı düşəcək o zaman gənc və orta nəsil üçün böhranlı bir həyat gözləyir.

Diaqram 5

 

Büdcə, idxal və ixrac: bizə nə deyir?

 

Ermənilərin uydurduğu statistikaya görə, 2011-2019-ci illər ərzində ÜDM- 10,3 faiz artaraq 713 milyon ABŞ dolları təşkil edib. Qondarma DQR-nın ÜDM-in istehsal strukturunda dağ-mədən hasilatı üstünlük təşkil edib (qızıl, mis, tikinti daşları hasilatı).  2019-cu ilin ÜDM-ində dağ-mədən 13,7 faiz,  inşaat 10,7 faiz, təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq isə  9,5 faiz olub. Elektrik və qaz təchizatı isə ÜDM-in 7,8 faizini təşkil edib.

 

Ötən il  Dağlıq Qarabağın ticarət dövriyyəsi 476,6 milyon dollar təşkil edib. Qondarma respublika  ixracdan çox idxal edir və  2019-cu ilin ticarət dövriyyəsində 67 milyon ABŞ dollarlıq kəsir yaranıb. Qarabağ ixracatının üçdə ikisi Ermənistanın, üçdə biri Rusiyanın payına düşdü.

Əsas ixrac maddələri mineral məhsullar (2020-ci ilin birinci yarısında 73 fazi), əlvan metallar (8 faiz) və bitkiçilik məhsullarıdır (7 faiz).

Dağlıq Qarabağda, eyni zamanda Ermənistana elektrik enerjisi ixrac etməsinə imkan verən bir çox kiçik su elektrik (SES) stansiyasiları da var.

Diaqram 6.

 

Dağlıq Qarabağa kim kömək edir?

 

Qondarma respublikanın büdcəsinə əsasən demək olar ki, gəlirlər təbii resurslardan daxil olan vergilər, Ermənistanın dövlət büdcəsindən transfert və xaricdəki lobbi təşkilatlarından daxil olan vəsaitlər hesabına formalaşıb.  İndiyədək Ermənistan qondarma respublikanın büdcə xərclərinin 50-60 faizini maliyyələşdirirdi. 2017-ci ilə qədər bu yardım Qarabağın büdcə sənədlərində "dövlətlərarası kredit", indi isə "büdcə krediti" kimi qiymətləndirilib. 2019-cu ildə İrəvan tərəfindən Qarabağ büdcəsinin birbaşa maliyyələşdirilməsi 120 milyon ABŞ dolları təşkil edib.

Diaqram 7.

 

 

Noyabrın 10-dan sonra bölgədə idarəçilik dəyişdiyindən artıq bu gəlirlərin tam olaraq kəsiləcəyini demək olar. Çünki xərclərin strukturunu əmək haqları, təhsil, səhiyyə və sosial müdafiə xərcləri təşkil edir. Belə olan halda, regionda sülh içində yaşamaqdan imtina edərlərsə, o zaman Ermənistan həmin əhalini qaçqın kimi qəbul edərək, indiyədək olan xərcləri tam olaraq ödəmək məcburiyyətində qalacaq.

 

Qarabağ ermənilərinin və Ermənistanın itkiləri

 

Müharibədən sonra ermənilər Dağlıq Qarabağda xeyli iqtisadi itkiyə məruz qalıblar. Belə ki, istehsalat və sənaye sahəsinin fəaliyyəti demək olaraq ki, iflic vəziyyətinə düşəcək.

İstehsalat və sənaye. Bu sektor üzrə əsas 4 sahə göstərilir:

1. Əlvan metalların hasilatı və açıq karyerlərin işlədilməsi,

2. Yüngül və yeyinti sənayesi

3. Elektirk enerji, qaz və buxar

4. Su, su emalı və tullantılar və onların təkrar emal

 

Qondarma respublikanın "Statistika Komitəsi"nin hesabatlarında Qubadlı, Cəbrayıl, Füzuli rayonlarındakı su və torpaq ehtiyatlarından, hətta Kəlbəcərin mədən yataqlarından əldə etdikləri gəlir, qoyulan investisiyalar, istifadədə olan torpaq sahələri barədə heç bir məlumata rast gəlmək olmur. Yalnız keçmiş DQMV-nin Ağdərə (Martaket) (indiki Tərtər) rayonundakı mədən sənayesinin istehsal gücü haqqında məlumat verilir. Belə aydın olur ki, Kəlbəcər də daxil olmaqla, digər rayonların təbii resurslarından, torpaqlarından indiyədək Ermənistan dövləti istifadə edib. Təsadüf deyil ki, Ermənistan dövlət büdcəsinin ən böyük vergi ödəyicilərindən biri  Kəlbəcərin Zod yatağını işlədən şirkətlərdir. Erməni ekspertlərinə görə, Zod yatağının fəaliyyətinin məhdudlaşdırılması ilə dəyər zəncirinin yaratdığı 6 min iş yeri itirilə, nəqliyyat daşımaları azala, Ermənistanın ÜDM-i azal bilər.

 

Dağlıq Qarabağa gəlincə, 2018-ci ilin hesabatlarına görə, dəmir filiz və əlvan metal (qızıl, dəmir,mis və sair) sənayesi ümumi sənayenin 55,4 faizini təşkil edib. Burada əsas rol Ağdərədə yerləşən dağ-mədən yataqları tutur. Hazırda həmin yataqlar Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgə sayılır. Lakin buraya gələn elektrik enerjisi Suqovuşan üzərindən daxil olur və bundan sonra Azərbaycanın icazəsi olmadan heç bir qeyri-leqal istehsaldan söhbət belə gedə bilməz.

 

Kəlbəcərdə yerləşən Zod yataqlarının 70 faizdən çoxu, xüsusilə qızılın sıxlığına görə ən keyfiyyətli torpaq hissəsi Azərbaycan ərazisində qalır.

 

2018-ci ildə yüngül və yeyinti sənayesi ümumi sənaye istehsalının 22,7 faizinin təşkil edib. Mövcud bölmənin strukturuna nəzər saldıqda ət və ət məhsulları, un və un məhsulları, süd və süd məhsulları, şərabçılıq, qismən də xalçaçılıq tutur. Əlbəttə, bu istehsalın əsas xammalı yenə də  Azərbaycanın işğal altındakı torpaqları idi. Təqribən 13 min ha əkin torpaqlarda 95 min ton taxıl istehsal olunurdu. Bunun 50 min tonu buğda, 45 min tonu arpa olub. İstehsal olunan məhsulun bir hissəsi Ermənistana da ixrac olunurdu.

 

Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan  “Sputnik-Armeniya” verdiyi açıqlamadan bəlli olur ki, Azərbaycanın işğal altında saxladığını ərazilərdəki əkinçilik və heyvandarlıqla nəinki qondarma respublikanın, Ermənistanın özünün belə ərzaq təhlükəsizliyində böyük önəm daşıyıb.

 

Onun açıqlamasına görə, müharibəyə qədər Qarabağda təxminən 100 min tonayaxın buğda yığılırdı, bir neçə su elektrik stansiyası işləyirdi, indi isə həm taxıl sahələrinin, həm də su elektrik stansiyalarının əhəmiyyətli hissəsi Azərbaycanın nəzarətinə keçib.

 

Beynəlxalq Böhran Qrupunun “Dağlıq Qarabağda çıxılmaz vəziyyətdən çıxmaq” adlı tədqiqatında da göstərilir ki, Dağlıq Qarabağın kənd təsərrüfatı məhsullarına olan tələbatının təqribən 30 faizdən çoxunu (üzdə biri) ona bitişik Qubadlı, Cəbrayıl, Zəngilan və Laçın ödəyib. Bu təsərrüfatı genişləndirmək məqsədilə ABŞ-da yerləşən “Tufenkian” Fondu  Cəbrayılda yeni bir kəndin salınmasına 900 min dollar xərcləyib.  Təkcə bu fond DQ-ya bitişik rayonlara kənd təsərrüfatınını subsidiyalaşmasına 2003-2015-ci illərdə 2 milyon dollar ayırıb.

 

Qeyd: “Tufenkian” Dağlıq Qarabağ və ona bitişik rayonlara yatırdığı investisiyalar infoqrafiki

 

 

Qondarma respublikanın sənayesinin  21,2 faizini elektrik enerjisinin istehsalı təşkil edib. Qarabağda 31 Su Elektrik Stansiyası (SES) tikilib. Onun təkcə Laçın rayonunda 9 SES, Qubadlı və Zəngilan rayonunda 7 SES tikilib. Bu SES-lər üzərindən Zəngilan və Zəngəzur ərazisinə düşən mədənlərin, habelə yaşayış sahələrinin elektrik enerjisini təmin edirdilər. Bu SES-lərin hamısının Azərbaycanın mərkəzi idarəçiliyinə daxil olması həm Dağlıq Qarabağın ermənilər yaşayan bölgəsinin, həm də Ermənistanın enerji təhlükəsizliyinə, sahibkarlığın durumuna mənfi təsir göstərəcək.  

 

Turizm sektoruna görə də həm Ermənistanın, həm də Qarabağın əsas gəlir yerlərindən biri Azərbaycanın işğal altında saxladıqları dilbər güşələri olub. 2019-cu ildə 42 min turist qəbul ediblər. Turistlər ən çox Rusiyadan (19 min 160), ABŞ-dan (7 min 527), Fransa (1661), Almaniya (765), Liviya (700), Polşa (690), Çin (671),

Argentina (600), Kanada (575), Suriya (570) və sair ölkələrdən gəlib. Əlbəttə, gələnlərin əksəriyyəti elə erməni mənşəli xarici vətəndaşlar olub. 27 ildə Qarabağın dirçəlməsi üçün milyardlarla vəsait yatırım ediblər.

B

eləliklə, Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan qanunlarına riayət etmədikləri halda bundan sonra tam sosial-iqtisadi bir blokada vəziyyətinə düşə bilər və Ermənistan dövləti bu sosial yükü daim üzərində bir təzyiq kimi hiss edəcək. Əslində, illərlə qoyulan investisiyalar, Ermənistan büdcəsindən ayırmalar erməni xalqı üçün böyük maddi itkidir. Hazırda rəsmi Bakının uzatdığı əl onları böhrandan xilas edə bilər. Əks siyasət regionda yaşayan ermənilər üçün bir sosial intihara səbəb olar.

 

   Vüsalə Rüstəmova

STM-in baş məsləhətçisi


 

İstifadə olunan mənbələr

https://www.youtube.com/watch?v=kT4kgNDjVrE Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin nitqi

https://aqreqator.az/az/siyaset/1153795

https://www.crisisgroup.org/europe-central-asia/caucasus/nagorno-karabakh-conflict/255-digging-out-deadlock-nagorno-karabakhBeynəlxalq Böhran Qrupu