Yuxarıya
skip to main content

KOVID-19-un Azərbaycanda Kiçik və Orta Biznesə (KOB) ilkin təsiri: Birinci Fazada Tədqiqatın Nəticələri

31.08.2020

Abstrakt

İnsanların sağlamlığına böyük təsiri ilə yanaşı, Koronavirus xəstəliyi 2019 (KOVID-19) qlobal iqtisadiyyata əhəmiyyətli dərəcədə öz təsirini göstərib və təəsüf ki buna qarşı mübarizə dünyada hələ də başa çatmayıb. KOVİD-19-dan sonra Azərbaycanda Kiçib və Orta Biznes (KOB) mənzərəsini daha yaxşı anlamaq məqsədi ilə Sosial Tədqiqatlar Mərkəzi (STM) sorğu araşdırması aparmışdır. Bundan əlavə, sorğu həm də KOB sahiblərinin KOVID-19 pandemiyasına cavab olaraq dövlət dəstəyi mexanizmlərini necə qiymətləndirdikləri barədə fikirlərini təmsil etməyi hədəfləmişdir. Bu sənəd birinci mərhələdə keçirilən anketinin əsas nəticələrini təqdim edir.

Tədqiqatın ikinci mərhələsi aparıldıqda sənəd yenilənəcəkdir.

 

KOB-lar və KOVİD-19

 

İstənilən bir ölkədə iqtisadi inkişaf və artımın, müxtəlif dərəcələrdə, Kiçik və Orta Biznes (KOB) -dən asılı olduğu geniş şəkildə tanınır (Kozubikova et al., 2017; Mura, Sleziak, 2015; Freel et al., 2010; Rajnoha, Lesnikova, 2016). Başqa sözlə, KOB-lar istənilən iqtisadiyyatın mühərrikləri rolunu oynayır. KOB-lar Koronavirus xəstəliyi 2019 (KOVID-19) səbəbi ilə indi daha çox diqqət mərkəzindədirlər çünki bütün dünyada bir çox dövlətlər tərəfindən tətbiq olunan məhdudlaşdırma tədbirləri biznez müəssisələrini risk altına qoyub. Belə ki, virusun yayılmasına nəzarət etmək cəhdləri son bir neçə ayda bir çox ölkələrin iqtisadi fəaliyyətlərini dayandırmasına təhrik edib.

 

Dünya 1930-1940-cı illərdən bəri bu miqyaslı bir böhran görmədiyini nəzərə alsaq, pandemiyadan dolayı yaranan hazırki durum heç də asan deyil. KOVID-19-un başlamasından bəri dünya iqtisadiyyatı geriləməyə başlayıb. Bu xəstəliyin yayılmağa başlaması ilə, siyasətçilər, tədqiqatçılar və alimlər yaranmış krizisin iqtisadi təsirinlərini ölçməyə çalışmaqdadırlar. Ancaq dəqiq bir yol xəritəsi yoxdur. Hər bir ölkənin təcrübəsi fərqlidir və gələcəkdə də fərqli olacağı gözlənilir . Qeyri-müəyyənlik tariximizdəki bu anı yəqin ən yaxşı xarakterizə edən sözdür.

 

Ümumiyyətlə isə, KOVİD-19, bu günə qədər qlobal iqtisadiyyata dəyən ən böyük zərbələrdən biri kimi qəbul edilir. Nəticədə, qlobal iqtisadiyyat tənəzzülə girib və iqtisadiyyatın yaxın gələcəkdə daha da ziyan alması gözlənilir. Bu presidentsiz problem qarşısında, Boston Konsaltinq Qrupunda (BCG) çalışan Philipp Carlsson-Szlezak, Martin Reeves və Paul Swartz Harvard Business Review’dakı 27 Mart, 2020-ci il məqaləsində1 bizlərə tənəzzüllərin və onların bərpasının müxtəlif “şok formaları”nda gəldiyini xatırladır. Onlar sözü gedən şok formalarını 2008-ci ildəki dünya maliyyə böhranına (QMB) istinadən xatırladırlar. Həmin məqalədə sözü gedən iqtisadi şok formaları V, U və L deyə izah edilir. Şok formasını müəyyən edən məqam isə hər hası bir böhranın iqtisadiyyatın təklif tərəfini nə dərəcədə sərt vurması ilə bağlıdır. Müəlliflərə görə, ən az zərər verən tənəzzülün şok forması V-dir. Bunu deməklə yanaşı, o da qeyd olunmalıdır ki, vəziyyətin necə olacağını və bu vəya digər bir iqtisadiyyatın hansı şok formasına sahib olacağını hələ də bilinmir. Xəstəliyin özü ilə bağlı böyük bir qeyri-müəyyənliyin olduğunu nəzərə alaraq, gələcək ssenarilər barədə proqnoz vermək baxımından son dərəcə ehtiyatlı olunmalıdır deyə düşünülür.

 

Beynəlxalq Əmək Təşkilatı (BƏT) isə öz növbəsində dünya işçi qüvvəsinin təxminən 81% -ni təşkil edən 2.7 milyard işçinin karantin müddətindən mənfi təsir gördüyünü təxmin edir. Xüsusilə də bu turizm, səyahət, qida xidməti, qonaqlama, istehsal və pərakəndə satış sektorlarında daha çox hiss olunur (ILO, 2020). İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən edilən bir təhlildə vurğulanır ki, “Xarici şoklara yüksək dərəcə həssaslıq və aşağı səviyyədə dayanma qabiliyyətindən dolayı KOB-lara təsir xüsusilə böyükdür.”2

 

Son aylarda, bir çox digər beynəlxalq təşkilatlar da xəstəliyin iqtisadi təsir formaları ilə bağlı proqnozlarını irəli sürüblər. Bunlardan biri, Ümumdünya İnvestisiya Hesabatı 2020-ni təqdim edən Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransıdır. Təşkilat, 2020-ci ildə 40% -ə qədər azalmasını nəzərdə tuturkən 2021-ci ildə daha 5-10% azalma olacağını təxmin edir3.

 

Müxtəlif mənbələrdəki bu göstəricilərlə tanış olmaqla yanaşı, diqqətə almalıyıq ki, bu rəqəmlər KOVID-19-dan yaranan təsirini tamlığı ilə bizlərə göstərmir. Bununla yanaşı, KOVID-19-dan əvvəlki dönəmdə də dünyada çox yayqın olan iqtisadi bərabərsizliyin KOVİD-19 ilə daha da ciddi bir problemə çevriləcəyi gözlənilir. Ancaq, bu hələ ki rəqəmlərə yansımır. Belə bir vəziyyət qarşısında dövlətlərin tutduğu mövqe və yardım siyasətləri həlledici rol oynayır. Bəzi ölkələr bu günə qədər böhrandan keçmək üçün qarşıya qoyduqları məqsədlərə müvəffəq olmuşlar, digərləri isə arzu olunan qədər efektiv olmamışdır.

 

Qlobal Bazarlarda KOVİD-19-un ilkin təsirləri

 

İlk öncə onu qeyd etmək lazımdır ki, KOVID-19-un təsiri iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli dərəcədə fərqli olacaq və bu, gələcək üçün ciddi tədqiqatlar və təhlillər tələb edir. Bu araşdırmanın mövzusu bu olmadığından onu deməliyik ki, bu hissə əsasən digər dövlətlərdə KOVID-19-un KOB-lara ilkin təsirinə nəzər salır. Karantin səbəbindən yaranan iqtisadi durğunluğun və böhranın uzun müddətli təsirini isə indiki dönəmdə yalnızca təxmin edə bilərik.

 

Daha əvvəl də qeyd edildiyi kimi, bir çox iqtisadiyatlarda, KOB-lar çətin və önü bəlirsiz bir dönəmdən keçir. Bu dönəmdə, dövlətlər daxili iqtisadi ekosistemlərini qorumaq üçün tədbir görüblər artıq4. KOB-lara yardım KOVID-19 böhranı ilə əlaqəli əksər dövlət yardım paketlərinin əsas hissəsidir. Ümumiyyətlə, paketlərə tədarükçülərin alıcıları vasitəsilə dolayı maliyyələşdirilməsi, birbaşa maliyyə yardımı, gecikmiş ödənişlərin zəmanətli bərpa olunması, vergi kreditləri və müəssisələrə digər maliyyə güzəştləri daxildir.

 

KOVID-19-un Yaxın Şərq və Şimali Afrika (YŞŞA) bölgəsindəki və Türkiyədəki KOB-lara təsirini bilmək üçün RAND Europe təşkilatı bu ilkin dönəmdə onlayn sorğu keçirənlər arasındadır. Sorğu 4 May - 21 May 2020 arasında aparılıb və əsas diqqət qaçqınların, qadınların və gənc sahibkarların sahib olduğu müəssisələrə yönəldilib. 171 KOB sahibi sorğuya cavab verib. Sorğuda iştirak edənlərin əksəriyyəti İordaniya, Livan, Fələstin və Türkiyə dövlətlərində yerləşir. YŞŞA bölgəsində və Türkiyədə sorğuda iştirak edənlərin 79%-i müəssisələrinə ümumi təsirin mənfi olduğunu söyləyib. Respondentlərin yarıdan çoxu, KOVID-19-un tələb və təklif zəncirinə, maliyyə və paylama kanalları da daxil olmaqla, bizneslərinin bütün sahələrinə böyük mənfi təsir göstərdiyini qeyd edib. Və yenə də, sorğuda iştirak edənlərin yarısından çoxu, 61%, bu hal davam edəcəyi təqdirdə bizneslərinin dörd aydan çox tab gətirə bilməyəcəyini düşünür. 85%-i isə bir ildən çox müddətdə tab gətirə bilməyəcəyini düşünür (Hoorens, Hocking, & Fays, 2020). Bu nəticə BMT-nin İnkişaf proqramının (BMTİP) Türkiyədəki müəssisələr üçün keçirdiyi sorğudakı oxşar nəticələrlə üst-üstə düşür. Belə ki, sorğuda iştirak edənlərin 96%-i pandemiyanın sahibkarların biznesi üçün ciddi təhlükə olduğunu bildirib (UNDP, 2020).

 

Asiya-Sakit Okean bölgəsində isə oxşar bir sorğu Youth Co:Lab lahiyəsi tərəfindən aparılıb. Onlar koronavirus pandemiyasının iş sahiblərinə necə təsir etdiyini və həmin sahibkarların necə reaksiya verdiklərini bilmək üçün 18 ölkədəki müxtəlif sektorlarda 410 gənc sahibkar arasında sorğu edib5. Tədqiqatın nəticələrinə görə, 31 Mart 2020 tarixinə əsasən, Asiya Sakit Okean bölgəsindəki 10 sahibkardan 9-u, 86%, KOVID-19-un işlərinə mənfi təsir göstərdiyini bildirib. Təsirə məruz qalanlar arasında 4-dən 1-i işlərini tamamilə dayandığını, 3-dən 1-i isə işlərində böyük bir yavaşlama olduğunu bildirdi. Faizlərdə olan nəticələr aşağıdakı kimidir:

  • Tamamilə dayanıb 21.96%
  • Xeyli yavaşlama 27.65%
  • Biraz geriləmə 21.19%
  • Cüzi bir geriləmə 14.99%
  • Müsbət təsir 6.20%
  • Heç bir təsir yoxdur 8.01%

 

Avropaya nəzər saldıqda görürük ki Avropada KOB-lar bütün bazarın 99,8% -ni təmsil edir. İş yerlərinin isə üçdə ikisini təşkil edir. Bunlar birlikdə əlavə dəyər artımının 60%-dir (Muller et al., 2019). İqtisadiyatın tələb tərəfində KOVİD-19-dan dolayı sənaye sahələrində bir neçə Qlobal Dəyər Zəncirinin (QDZ) dayanması və istehlakçı inamının aşağı düşməsi səbəbindən KOB-lara olan tələb əhəmiyyətli dərəcədə azalıb. Təklif tərəfində isə KOB-lar işgücü qıtlığı və nəqliyyatda yaranan dayanmalar səbəbindən maddi-texniki çətinliklərlə üzləşib (Juergensen, Guimón, & Narula, 2020).

 

Sorğulardan əldə edilən son rəqəmlərə gəlincə isə, Almanyada, KOB-ların 58%-i gəlirlərində ortalama hesabla 50%-lik bir düşmə yaşarkən, Hollandiyadakı KOB-ların 85%-i KOVID-19 səbəbi ilə maliyyə çətinlikləri yaşıyır. Belçikadakı şirkətlərin 40%-i gəlirlərində 75% ve ya daha fazla azalma bildirib. Portuqaliyada isə müəssisələrin 37% -i istehsalın 50% -dən çox aşağı düşdüyünü bildirib (European Cluster Collaboration Platform, 2020).

 

Birləşmiş Krallığa baxdıqda isə görürük ki, KOB-lar toplam müəssisələrin əldə etdiyi ümumi gəlirin 50% -ni təşkil edir və bu ölkənin işçi qüvvəsinin 44% -ni təşkil edir.

 

McKinsey tərəfindən Birləşmiş Krallıqdakı KOB-ların durumu ilə bağlı bu yaxınlarda aparılan sorğunun6 nəticələrinə görə sahibkarların yarısından çoxu bazarın durğunluğunun və ya tənəzzülünün qaçınılmaz olduğunu düşündükləri bildirib. Müəssisələrin yarıdan çoxu isə hal- hazırki ölkə iqtisadiyyatını çox və ya çox zəif hesab etdiyini bildirib. Eyni araşdırmada, İngiltərədəki iqtisadi sektorlar arasında təsir fərqlərinin mövcud olduğu da qeyd edilmişdir. Nəticələrə görə, böhrandan ən çox mənfi təsirlənən sahələr tikinti, kənd təsərrüfatı və logistikadır (sorğu edilən KOB-ların 90% -dən çoxu bu sektorlarda qazancın azaldığını bildirir). Bunun əksi olaraq, maliyyə və sığorta, elm və təhsil sahələrindəki KOB-lar ən az təsir alanlarlardır (Maria Albonico, Zdravko Mladenov, Ruchi Sharma, 2020).

 

Sorğunun digər önəmli bir nəticəsi isə odur ki, 80% KOB-lar öz biznes fəaliyyətlərinin dövriyyəsinin (ing. turnover) azalmaqda olduğunu bildiriblər. Bununla yanaşı, bir neçə əlaqəli təsiri bildiriblər. Onlar aşağıdakı kimidir:

  • Pandemiya sonrasında çalışan sayısını azaltma gözləntiləri (28%) ve biznes genişləndirmə lahiyələrində təxirə salınma (36%);
  • Kreditlər üzrə defolt barədə narahatlıq (dörddən biri);
  • İşçiləri işdə saxlamaq qabiliyyəti ilə bağlı narahatlıq (24%) və təchizat zəncirlərini davam etdirmək qabiliyyətinə dair şübhə (28%).

 

Kanadadakı KOB-lərin vəziyyətinə baxdığımızda isə vəziyyət fərqli görünmür. Məsələn, Kanada Biznes İnkişaf Bankının (BİB) Tədqiqat və Bazar Kəşfiyyatı bölməsi tərəfindən aparılan sorğusuna nəzər saldıqda görürük ki, sahibkarlar KOVID-19-un təsirini güclü şəkildə hiss ediblər. Respondentlərin 90%-i mənfi təsir göstərdiyini bildirib. 3%-i KOVID-19-un müsbət təsir etdiyini birdirərkən, 6%-i isə "indiyə qədər təsir göstərməyib" cavabını verib aparılan sorğuda (BDC, 2020).

 

Azərbaycandakı vəziyyətə keçməzdən əvvəl Şərq Tərəfdaşlığı (ŞT) ölkələrindəki vəziyyətə də qısaca baxmaq faydalı olardı. KOVID-19-un meydana çıxmasından dərhal sonra bu regiondakı hər bir ölkə böhranla mübarizə üçün siyasət tədbirlərini təsdiqlədi. Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində KOVİD-19-un təsir həcmini təxmin etmək asan olmasa da, bu vəziyyətin beynəlxalq ticarətdə və yerli istehsalda ciddi bir iqtisadi daralmaya səbəb olacağı şübhəsizdir. Məsələn, əsasən xidmət sektorundan asılı olan Gürcüstan iqtisadiyyatının hardasa 30%7 azalması gözlənilə bilər.

 

Gürcüstanla müqayisədə, Azərbaycan və Ukrayna iqtisadiyyatının KOVID-19- dan nisbətən daha az təsirə məruz qalacağı gözlənilir. Beynəlxalq Valyuta Fondundan verdiyi məlumata8 görə, Gürcüstan hökuməti özəl sektora, vətəndaşlara, müəssisələrə dəyən mənfi təsiri azaltmaq üçün ümumi dəyəri 3,4 milyard GEL olan anti-böhran planını hazırlamışdır.

 

Azərbaycanda KOB-lar KOVID-19-dan əvvəl

 

Bir çox digər ölkələr kimi, Azərbaycan da, xüsusilə də 2015-ci ildə Azərbaycan manatının devalvasiyasından sonra, ölkədə Kiçik və Orta Biznesi və sahibkarlığı təşviq etmək və gücləndirmək siyasətinə böyük ölçüdə maraq göstərir. Bu artan maraq fonunda, ölkədə son zamanlar KOB-lara dair inkişaf aşağıdakı kimi olmuşdur:

 

  • Azərbaycan hökuməti KOB-ların inkişafını dəstəkləmək və iqtisadi şaxələndirməni gücləndirmək üçün 2016-cı ildə "İstehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" ni qəbul edib. Bu cəhddə İqtisadiyyat Nazirliyi, KOB Yol Xəritəsinin reallaşmasına dəstək vermək üçün İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından (İƏİT) dəstək istəmişdir.
  • 28 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Kiçik və orta sahibkarlığın daha da təkmilləşdirilməsi haqqında" 1771 saylı Fərman imzalanıb.
  • Azərbaycan Respublikası Kiçik və Orta Biznesin (KOB) İnkişaf Agentliyi Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanına əsasən yaradılmışdır9. Agentliyin Nizamnaməsi və strukturu Azərbaycan Prezidentinin 26 iyun 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir10.

 

Ölkədə KOB-lara diqqətin daha da artmasına səbəb olan məzənnədəki dəyər itkisinə qayıtsaq, dəyə bilərik ki onun səbəb olduğu mənfi təsiri iqtisadiyyat yalnız 2018-ci ildə bərpa etdi. Həmin il sözü gedən bərpa ÜDM-də özünü 1.4% artım olaraq göstərib. Bu artım isə həmin il əsasən neft qiymətinin artması və qaz ixracı və hasilatın sürətlənməsi ilə əlaqədar olsa da, qeyri-neft sektorundakı artım 1.9% olmuşdur.

 

Son inkişaflar fonunda hökumət Azərbaycanda KOB-lar üçün işgüzar mühitin yaxşılaşdırılması istiqamətində irəliləyiş əldə etməyə çalışır. Dövlət Statistika Komitəsinin məlumatına görə11, 2018-ci ildə Azərbaycanda KOB-ların sayı 7 068 olub. Həmin ilin dekabr ayında Vergilər Nazirliyi və Dövlət Statistika Komitəsi tərəfindən tətbiq olunan metodologiyalardakı fərqlərin aradan qaldırılmasına xidmət edən KOB-ların yeni definisiyası təqdim edilib. Yeni definisiya, Avrupa Birliyinin (AB) definisiyası ilə qismən uzlaşır ve hər hansısa biznesin kiçik və ya orta deyə qərar verilməsində işçi sayısı ilə bağlı kriteriyaları əsas götürür.

 

Bu sektoru inkişaf etdirmək üçün davam edən səylərə baxmayaraq, Azərbaycanda KOB-ların iqtisadi potensialından hələ də tam olaraq istifadə edilmir. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilat (İƏİT) ölkələrində KOB-lar iş yerlərinin 60-70%-ni təşkil etdiyi halda, bu rəqəm Azərbaycanda 42.9%-dir. İƏİT ölkələrində KOB-lar əlavə dəyər artımının 60%-nı təşkil etdiyi halda bu rəqəm Azərbaycanda 13.4% olmuşdur.

 

Aşağıdakı cədvəl KOB-ların iqtisadi sahələrə görə bölgüsünü göstərir.

 

 
   

 

Mənbə: müəllif tərəfindən OECD et al. (2020)-dan adapte olunub.

 

Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində kompleks tədbirlər reallaşdırılmaqdadır. Bu tədbirlər biznes mühitinin yaxşılaşdırılması ali məqsədinə çatmaq istiqamətində bütün mümkün istiqamətləri özündə əks etdirir. İnstitusional islahatlar çərçivəsində bilavasitə ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, sözügedən biznes subyektlərinə müxtəlif təyinatlı xidmətlər göstərən və ən əsası bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və tənzimlənməsini həyata keçirən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz çoxspektrli fəaliyyəti ilə biznes subyektlərinin daima yanındadır.

 

Bu vacib və strateji baxımdan əhəmiyyətli fəaliyyətin təşkili istiqamətində Agentlik Kiçik və orta biznes evləri və KOB inkişaf mərkəzləri, eləcə də KOB dostu şəbəkələrini səfərbər etmişdir.

 

Qlobal çağırışlara adekvat olaraq Agentlik dövlət və sahibkar əməkdaşlığı kimi mühüm müqavilə mühəndisliyi istiqamətində də xüsusi olaraq Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişaf Mərkəzlərini təsis etmişdir.

 

Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsi məqsədilə kiçik və orta biznesin iqtisadi inkişafda rolunun, ÜDM-də və məşğulluqda payının artırılması, rəqabət qabiliyyətinin gücləndirilməsi, KOB subyektlərinin maliyyələşmə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi, gündəlik istehlak malları ilə təminatın əsasən KOB subyektləri vasitəsilə həyata keçirilməsi, KOB-ların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi kimi mühüm prioritetlər Agentliyin strateji baxışını formalaşdırmaqdadır.

 

Məhz bu səbəbdəndir ki, çox qısa müddət ərzində Agentlik ölkənin biznes ekosisteminin ən strateji təyinatlı aktorlarından birinə çevrilmişdir. Mərkəz öz fəaliyyətini ən qabaqcıl menecment prinsipləri əsasında qurmaqla sahibkarlıq subyektləri üçün ən etibarlı dost missiyasını daşıyır.

 

Azərbaycanda KOB-lar COVID-19-dan sonra

 

2020-ci ildə dünyada neft qiymətlərinin düşməsi və KOVID-19 Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərdi. Ölkə indilərdə pandemiyanın təsirindən çox yavaş bir şəkildə çıxmağa çalışır. Beynəlxalq Valyuta Fondunun (BVF) 14 aprel 2020-ci il tarixinə olan proqnozuna görə, 2019-cu ildə Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) 2.3% artmışdır. Bu il isə pandemiya səbəbiylə -2.2% azalacağı və 2021-ci ildə 0.7% -ə yüksələcəyi proqnozlaşdırılır14. Bu durumda, digər ölkələrdə olduğu kimi, pandemiyanın mənfi təsiri əsas olar KOB-ların üzərinə düşür. Mənfi təsiri azaltmaq üçün hökumət bir sıra fiskal və monetar siyasət qəbul edib.

 

  • Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 martında “Koronavirus (KOVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 1950 nömrəli Sərəncam imzalayıb. Bundan sonra isə Nazirlər Kabineti “Tədbirlər Planı”nı təsdiqləmişdir.
  • Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən sahibkarların pandemiya ilə bağlı dövlətin həyata keçirdiyi genişmiqyaslı dəstək mexanizmləri haqqında məlumatlandırılması, sahibkarlıq fəaliyyətinə təsirlərin və bundan yaranan ehtiyacların öyrənilməsi məqsədilə vebinar və digər onlayn maarifləndirmə tədbirləri təşkil edilmiş, sahibkarların müraciətləri operativ cavablandırılmış, sorğular keçirilmiş, habelə xüsusi karantin qaydalarına riayət etməklə sahibkarlarla və dövlət qurumları ilə əlaqələndirmə tədbirləri təşkil edilmişdir.
  • COVİD-19 pandemiyasının biznes fəaliyyətinə təsirinin öyrənilməsi məqsədi ilə aparılmış sorğularda ümumilikdə iqtisadiyyatın ticarət, istehsal, turizm, tikinti, nəqliyyat, ictimai iaşə və digər sektorlarını əhatə edən 1082 sahibkar iştirak etmiş və 30-dan artıq görüş təşkil edilmişdir. Pandemiyanın biznes fəaliyyətinə təsirini minimuma endirmək, sahibkarların və muzdlu işçilərin maraqlarının müdafiəsi və s. problemlərin həllinə dəstək məqsədilə sahibkarların təklifləri öyrənilmiş və aidiyyəti üzrə təqdim edilmişdir.

 

 

 

  • Həmin Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankı Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla əlavə tədbirlər görmüşdür15.

 

  • Aprelin 4-də hökumət təsirə məruz qalan müəssisələrə və fiziki şəxslərə ÜDM-in 4,1% -ni təşkil edən 3,3 milyard AzN məbləğində yardım elan etmişdir.

 

  • Sahibkarlara dəyən zərərin azaldılmasına və gəlirlərin dəstəklənməsinə yönəldilən tədbirlərə daxildir.

 

  • Azərbaycandakı hakimiyyət orqanları tərəfindən görülən tədbirlərə əlavə olaraq, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Azərbaycanında içərisində olduğu 38 ölkədəki müştəriləri üçün 1 milyard avro həcmində "həmrəylik paketi" hazırlayıb18.

 

  • Digər bir dəstək mənbəyi isə Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) olub. QDTİB Avstriya İnkişaf Bankı (AİB) ilə Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində mövcud kənd təsərrüfatı, xidmət və sənaye sektorlarına dair investisiya proqramları və layihələrini maliyyələşdirməyi hədəfləyən 30 milyon avro dəyərində bir saziş imzalayıb.

 

Sosial Tədqiqat Mərkəzinin KOB-lara dair sorğusu

 

Mövcud vəziyyətlə bağlı, Sosial Tədqiqatlar Mərkəzi KOB-lara KOVİD-19-dan sonrakı dönəmdə dəyən ilkin təsiri öyrənmək və onların hökümətin irəli sürdüyü tədbirlər barədə nə düşündüyünü və eləcə də həmin tədbirlərdən nə dərəcədə yararlandıqlarını öyrənmək üçün sorğu keçirmişdir. Aparılan sorğu nəzərdə tutulan tədqiqatın birinci fazasını təşkil edir.

 

Anketin keçirilmə metodu və təfərrüatları

 

Karantin səbəbi ilə sorğu özü-özünə uyğulama (ing. self-administered) metodu ilə aparılmışdır. Sorğu email vasitəsi ilə 199 sahibkara ünvanlanıb. Bu tədqiqat üçün struktur anket formasından istifadə edilmişdir. Ümumilikdə, 41 sual hazırlanıb. Sualların bəzisi növbəti aparılacaq sorğu üçün məlumat xarakterli dizayn olunmuşdur.

 

Anket, anlayışı və cavabı asan olan şəkildə hazırlanmışdır. 6 May - 2 İyul 2020 tarixlərində keçirilən sorğu ilkin olaraq pilot testindən keçirilmişdir. Pilot dönəmində keçirilən sorğu respondentlərin sualları cavabsız qoymadığını və ya müəyyən kateqoriyalara aid suallara qarşı qərəzli olub olmadığını yoxlamağa imkan vermişdir.

 

Suallar pandemiyanın birbaşa təsiri və hökumət dəstəyi siyasəti (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”) ilə əlaqəlidir. Suallar, biznes əməliyyatlarının səviyyəsi, müəssisənin gəlirləri, məşğulluq, gəlir, məhsuldarlıq kimi biznes riskləri göstəriciləri üzərində fokuslaşır.

 

Araşdırmada iştirak edən KOB-ların xüsusiyyətləri

 

Bu sorğu üçün seçilmiş KOB-lar bir neçə biznes məlumat bazasından seçilmişdir; geniş qrupları təmsil etməyə çalışılmışdır. Bu qruplar (n=199) (a) xidmət sektoru (72.36%), (b) sənaye (20.10%), (c) aqrar sektor (7.54%) olmaqla üç böyük sektoru əhatə etmişdir. Aşağıdakı cədvəl respondentlərin iş yeri kimi seçdikləri iqtisadi bölgələrin faizini göstərir.

 

Bakı

68.34%

Abşeron

8.54%

Gəncə-Qazax

5.53%

Şəki-Zaqatala

5.53%

Lənkaran

1.01%

Quba-Xaçmaz

1.51%

Aran

8.04%

Dağlıq Şirvan

1.51%

 

Sorğuda önə çıxanlar

 

Dövlət tərəfindən tətbiq olunan karantin tədbirləri zamanı iş rejiminin dəyişməsinə baxdıqda görürük ki, respondentlərin 21.61% -i əməliyyatlarını tamamilə dayandırdıqlarını qeyd ediblər. Əməliyyatlarını müvəqqəti dayandıranlar da 21.61% təşkil edib. KOB-ların 47.24% -i isə azaldılmış temptdə, yalnız 9.55% -i tam gücü ilə işləməyə davam etdiyini bildirib.

 

Aşağıdakı diaqram bizə Azərbaycanda KOVİD-19-un KOB-lara ilkin təsirini göstərir. Sorğuda iştirak edən sahibkarların əksəriyyəti pandemiyanın onların biznesinə mənfi təsir göstərdiyini deyərkən, 4.02% -i isə heç bir təsir hiss etmədiklərini bildirib.

 

 

Sorğunun nəticələri daha sonra göstərir ki, turizm (26%), restoran və kafe sektoru (22%) və təhsil sektoru (14%) KOVID-19 karantindən dolayı ən çox mənfi təsir alanlar arasındadır. Aşağıdakı diaqramda respondentlərin cavablarında göstərilən digər sektorlar üçün faizləri göstərilir.

 

 

Aydınlıq üçün qeyd etmək lazımdır ki, “Ticarət” cavabı üçün sorğuda paltar, məişət avadanlıqları, elektron və telekommunikasiya avadanlıqları, nəqliyyat vasitələri, və s. məhsullarının satışı nəzərdə tutulmuşdur. Bu sahədə çalışan sahibkarların onlayn alış- verişə keçməsi bu sahənin nədən az ziyan görənlər arasında olduğunu anlamağa kömək edir.

 

KOB-ların 91.46% -i gəlirlərində mənfi təsir gördüklərini və bunun da öz növbəsində sabit xərclərə və işçilərinin maaşlarına təsir etdiyini bildirib. Digər tərəfdə isə, 1.01% qisim respondentlər isə müsbət təsir gördüyünü bildirdi. KOVİD-19-un təsirinin olmadığını bildirən KOB sahibləri 7.54% olub.

 

Sorğuda iştirak edənlərin 78.39%-i, KOVİD-19 pandemiyasının təsirini minimuma endirmək üçün dövlətin KOB-lara dəstək siyasəti və tədbirləri barədə məlumatlı olduqlarını bildirib. Qalan respondentlər, yəni 21.61%, isə dövlət dəstəyi mexanizmlərindən xəbərsiz olduqlarını qeyd ediblər.

 

Pandemiyaya cavab olaraq dövlətin apardığı siyasətindən məmnunluğa gəldikdə isə, KOB sahiblərinin 37.69% -i çox məmnun olduqlarını, 35.68% razı qaldıqlarını, 13.07% -i qane olmadıqlarını bildirib. Respondentlərin 2.51% -i cavab verməkdə çətinlik çəkdiklərini söyləyib.

 

Sorğu həmçinin respondentlərin 94.47%-nin dövlət dəstəyinə ehtiyac duyduğunu aşkarlayıb. Yalnız 5.53% sahibkar hökumətdən heç bir yardıma ehtiyac duymadıqlarını bildirib.

 

Dövlətin tətbiq etdiyi vergi stimullarına (vergi güzəştləri və vergi tətilləri) gəldikdə, respondentlərin yarıdan çoxu onlar haqqında müsbət fikirdə olduğunu bildirib. 20% -i isə vergi güzəştləri barədə məlumatlı olmadığını qeyd edib. Təxminən 7%-i isə mənfi fikirdə olduğunu bildirib.

 

Respondentlərin əksəriyyəti vergi stimullarına (vergi güzəştləri və vergi tətilləri) müsbət baxdıqlarını bildirsələr də, 64.82%-i onlardan faydalanmadığını qeyd edib. Qalan respondentlər, yəni 35.18%, hökumət tərəfindən tətbiq olunan vergi güzəştlərindən faydalandıqlarını söyləyib.

 

Nilufər Məmmədova


 

İstinadlar

 

BDC. (2020). Survey on the impact of COVID-19 on Canadian SMEs.

Freel, M., Carter, S., Tagg, S., Mason, S. (2010), “The latent demand for bank debt: Characterising discouraged borrowers”, Small Business Economics, Vol. 1, No 1, pp.1- 16.

BDC. (2020). Survey on the impact of COVID-19 on Canadian SMEs.

European SMEs and the Impact of Covid-19. (2020). European Cluster Collaboration Platform, (June).

Hoorens, S., Hocking, L., & Fays, C. (2020). How small businesses are coping with the impact of COVID-19, 1–19.

ILO. (2020). Interventions to support enterprises during the COVID-19 pandemic and recovery. ILO ENTERPRISES Brief. Retrieved from http://www.oecd.org/coronavirus/en/

Investing in SMEs in the Eastern Partnership, Country Report, Azerbaijan. (2019), (June).

Juergensen, J., Guimón, J., & Narula, R. (2020). European SMEs amidst the COVID-19 crisis: assessing impact and policy responses. Journal of Industrial and Business Economics, (0123456789). https://doi.org/10.1007/s40812-020-00169-4

Maria Albonico, Ruchi Sharma, Z. M. (2020). How the COVID-19 crisis is affecting UK small and medium-size enterprises. McKinsey & Company, (June).

Muller, P., Robin, N., Jessie, W., Schroder, J., Braun, H., Becker, L. S., … Cooney, T. (2019). Annual Report on European SMEs 2018/2019 - Research & Development and Innovation by SMEs. https://doi.org/10.2826/500457

Kozubikova, L., Homolka, L., Kristalas, D. (2017), “The Effect of Business Environment and Entrepreneurs’ Gender on Perception of Financial Risk in The SMES Sector”, Journal of Competitiveness, Vol. 9, No 1, pp.36-50, DOI: 10.7441/joc.2017.01.03.

OECD et al. (2020), SME Policy Index: Eastern Partner Countries 2020: Assessing the Implementation of the Small Business Act for Europe, SME Policy Index, European Union, Brussels/OECD Publishing, Paris, https://doi.org/10.1787/8b45614b-en.

PwC. (2020). COVID-19: Cashflow considerations and UK government financing and tax options.

Rajnoha, R., Lesníková, P. (2016), “Strategic Performance Management System and Corporate Sustainability Concept - Specific Parametres in Slovak Enterprises”, Journal of Competitiveness, Vol. 8, No 3, pp.107-124, http://doi.org./10.7441/joc.2016.03.07

UNDP. (2020). Survey on Impact of COVID-19 on Enterprises and Needs; Report on survey results.