Yuxarıya
skip to main content

Kibercinayətkarlıq: reallığın təhlükəli adı

17.05.2020

İnsanların şəxsi sağlamlıqlarından ciddi narahatlıq keçirdiyi bir dövrdə, bəzi fürsətcil cinayətkardan mövcud vəziyyətdən qazanc naminə istifadə edirlər. Qlobal olaraq cinayətkarlığın sayında ciddi azalma müşahidə edilsə də, dələduzluq və kibercinayətkarlıq hallarında diqqət çəkən dinamika müşahidə edilməkdədir.

 

Bu qısa məqalədə bir sıra ölkələrdən dələduzluq və kibercinayətkarlıq əməllərinin timsalında pandemiya dövrünün cinayətkarlıq dinamikasına nəzər yetirəcəyik.

 

 

''Böhran həm də fürsət yaradır'' prinsipi kriminogen əməllər üçün də keçərlidir. Belə ki, Europol təşkilatının bildirdiyinə görə, aşağıda sadalanan istiqamətlərdə vətəndaşların cinayətkarlar tərəfindən ''hədəflənmə'' ehtimalı daha yüksəkdir;

 

- keyfiyyətsiz qoruyucu maskaların satışı;

- yeni növ koronavirusa qarşı dərman adı altında mənşəyi və istifadəsi şübhə doğuran dərman preparatlarının satışı;

- internetdən artan istifadə kontekstində müxtəlif onlayn dələduzluq əməllərinin qurbanına çevrilmək.

 

Vətəndaşlara qarşı ən geniş yayılan qanunsuz əməllərdən biri isə cinayətkar qrupun özünü tibbi heyət, bəzən isə dezinfeksiya komandasının əməkdaşları kimi təqdim edərək, evlərə daxil olmasıdır. Europol tərəfindən ''korona testi'' adlandırılan bu qanunsuz əməlin törədilməsində bir sıra vətəndaşların məlumatsızlığından, əlacsızlığından və bəzi hallarda, tənhalığından istifadə edilir.

 

İsveçrədə kriminoloqlar tərəfindən aparılmış kiçik ölçülü tədqiqat göstərib ki, COVID-19 ilə əlaqədar dələduzluqla bağlı edilmiş 245 müraciətin yarısı gigiyenik məhsulların satışı ilə bağlıdır. Daha dəqiq desək, 163 halda müştəri onlayn müstəvidə ödənişi etsə də, qarşı tərəf gigiyenik məhsulları müştəriyə çatdırmadan, vəsaiti mənimsəyib. İsveçrənin nüfuzlu Credit Suisse bankı isə maddi cəhətdən zəngin insanlar üçün xüsusi olaraq yaradılmış saxta investisiya paketləri, eləcə də, ianə kampaniyalarının meydana çıxdığına diqqət çəkib. Bənzər xəbərdarlığı Dünya Səhiyyə Təşkilatı da təqdim edib.

 

Pandemiya dövründə COVID-19 ilə əlaqədar dələduzluqdan yalnız sıravi vətəndaşlar yox, hüquqi şəxslər də zərər çəkib. Məsələn, Sinqapurdakı özəl müəssisələrdən biri €6.6 milyon dəyərində qoruyucu maska sifariş etsə də, qarşı tərəf öhdəliyini yerinə yetirmədən, vəsaiti mənimsəyib.

 

Biz nələr etməliyik?

 

İstənilən növ cinayətin baş verməsində hədəf və onun müdafiə statusu həlledicidir. COVID-19 ilə əlaqədar geniş yayılmış qanunsuz əməllər demək olar ki, yalnız bir kateqoriyaya aiddir - mülkiyyət əleyhinə cinayətlər. Təbii ki, hüquq-mühafizə orqanlarının birbaşa vəzifələrindən biri məhz cinayətkarlara qarşı mübarizədir. Ancaq mövcud vəziyyət bir qədər fərqlidir. Bir çox insan qorxu və əlacsızlıqdan ''korona testinin'', yaxud onlayn dələduzluq və fırıldaqların qurbanına çevrilir. Məhz buna görə də, qarşı tərəfin etibarlılığını yoxlayaraq özünüzü qorumağınız sizin öhdəliyinizdir.

 

     İnqilab Şahbazov 

STM-n baş məsləhətçisi


 

Mənbələr

 

Swissinfo (2020) Switzerland sees more online crime amid coronavirus shock. https://www.swissinfo.ch/eng/law-and-order-_coronavirus-shock-creates-fertile-ground-for-online-crime-/45710562

 

Europol (2020) How criminals profit from the covid-19 pandemic. https://www.europol.europa.eu/newsroom/news/how-criminals-profit-covid-19-pandemic