Yuxarıya
skip to main content

Neft bazarında panika: pandemiya, azalan tələbat və neft “savaşı"

04.04.2020

Beynəlxalq maliyyə təşkilatları tərəfindən neftin qiyməti ilə bağlı proqnozlar hələ ki nikbin deyil. İnvestorların əsas diqqəti OPEC, Rusiya və ABŞ arasında neft  hasilatının azaldılması ilə bağlı əldə oluna biləcək  razılaşmadadır.

 

Qeyd edək ki, 6 mart 2020-ci ildə Vyanada ən böyük kartel iştirakçıları - Rusiya və Səudiyyə Ərəbistanı saziş üçün yeni parametrlər barədə razılığa gələ bilmədilər. Əksinə, Rusiya və Səudiyyə Ərəbistanı arasında yaranan neft “savaşı” yeni bir böhrana yol açdı.

 

Başqa tərəfdən koronavirus (COVİD-19) pandemisyasının iqtisadiyyatda, xüsusilə istehsalatda yaratdığı daralma neftin qiymətini son 20 ilin ən minimum həddinə qədər saldı. Beləliklə, iki həftədən az bir müddətdə neftin bir barrelinin qiyməti 40-50 faizdən, ilin əvvəlindən isə üç dəfəyədək ucuzlaşdı. 

 

Hətta bəzi neft şirkətlərində tək rəqəmli ticarət müşahidə olundu. Venesuela xam malı bazara 6 dollar/barrelə, Rusiya  10 dollar/barrelə qədər çıxardı. Azərbaycanın “Azerlight” markali nefti isə aprelin 2-də 16.53 dollar\barrelə, aprelin 3-də 20,24 dollara qədər qalxış etdi.  Bir çox analitiklər hesab edir ki,  xam neftin sutkalıq tədarükü 10 milyon barrel azaldılmalıdır.

 

Aprelin 2-də ABŞ prezident D.Trampın Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman  və Rusiya preizdenti V.Putinlə telefon danışığından sonra hasilatın azaldılacağı ilə bağlı müsbət siqnallar gəlməyə başlayıb. D.Tramp aprelin 2-də sutkalıq hasilatın 15 milyon barrel azaldılacağı ilə bağlı tvitindən sonra bir neçə dəqiqə ərzində Brent markalı neftin iyun fyuçerslərinin qiymətində kəskin yüksəliş baş verdi və 36 dollara qədər artım oldu. Sonra qiymət geriləsə də, hazırda 29-34 dollar arasında dalğalanır.

 

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanın neft şirkəti “Saudi Aramco” bazara tədarükü aprelin 1-dən 12 milyon barrelə qədər artırmağı planlaşdırdığını açıqlamışdı. Rusiya isə gündəlik istehsalı 11.5 milyon barrel təşkil edəcəyini bəyan etmişdi. Bu iki dövlətin birgə hasilatı təqribən 23,5 milyon barrel təşkil edir. Belə olan halda sutkalıq ümumi hasilat 15 milyon barrel azaldılacağı təqdirdə bu ölkələrin hər biri hasilatını ən azı 40-50 faizdən çox ixtisar etməlidir.

 

Hasilatın kəskin azalmasına neft ölkələri hazırdırmı?

 

Qeyd edək ki, 2016-cı ildə neft ixrac edən dövlətlər arasında OPEC+ çərçivəsində gündəlik neft hasilatını 1,2 milyon barrel azaldaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Azərbaycanda 11 neft ixrac edən ölkə ilə birlikdə bu sazişə qoşularaq ümumi hasilatın sutkada 558 min barrel azaldılmasıma imza atıb. 2020-ci ilin birinci rübü üçün bu öhdəlik 1.7 milyon barrelə yüksəlsə də, martın 6-da Vyana şəhərində OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşündə ilin sonunadək gündəlik neft hasilatının əlavə 1,5 mln. barrel azaldılması ilə bağlı razılıq əldə olunmayıb. Rusiyanın bundan imtina etməsi Səudiyyə Ərəbistanı tərəfindən neft “müharibəsi” elan edilməsinə gətirib çıxardı və  hazırda iki ölkə arasında yaranan gərginlik öz acı nəticələrini göstərir.

 

Hasilatçı ölkələr üçün indiki vəziyyətdə istehsalı azaltmaqdan başqa variantı görünmür. Çünki indiki qiymətlər neft ölkələri üçün sərfəli deyil. Bəzi hasilatçı dövlətlər nefti maya dəyərindən də aşağı qiymətə satırlar.

 

Ayrı-ayrı ölkələr tərəfindən bir barrel neft istehsalının maya dəyərinin aşağıdakı kimidir:

 

 

Əlbəttə ki, bunlar təqribi göstəricilərdir, bəzi ölkələr  üçün yalnız istehsal dəyəridir. Onun nəqli, çatdırılması və s. xərcləri əlavə etdikdə neftrin 1 barrelinin dəyəri daha da artır. Məsələn, Neft Araşdırmaları Mərkəzinin hesablamalarına görə, Azərbaycanda neftin hasil olunub BTC-yə yüklənməsi və nəqli xərci neftin maya dəyərini təqribən 16-18 dollara qədər qaldırır.

 

Son həftələr bəzi proqnoz mərkəzləri dünyada neftin qiymətinin bir barrel üçün 5 dollar səviyyəsinə enməsi ilə bağlı ssenarilər də təqdim edirlər. Bunu yetərli qədər neftin saxlanması üçün anbarların olmaması və logistika ilə əlaqədar problemlərin yaranması ilə izah edirlər.

 

“Financial Times” “Wood Mackenzie”in hesabatına istinadən yazır ki,  Brent  markalı neftin qiyməti 25-30 dollar / barel arasında uzun müddət qalarsa, sutkalıq 10-15 milyon barrelin azalmasından sonra əldə olunan gəlirlə şirkətlər istehsal xərclərini və vergi ödəmələrini  icra edə bilməyəcəklər. Belə vəziyyətdə neft şirkətləri maliyyə sabitliyini qorumaq üçün istehsal layihələrini dayandırmalı olacaq. Bir sözlə, 2020-ci il üçün neft-qaz sektoruna investisiyaların qoyulması azala bilər.  Bloomberg-in məlumatına görə, neftin qiymətinin kəskin enməsindən sonra qlobal neft və qaz sənayesinə investisiya büdcələri ən az 31 milyard dollar azalıb. Yeni layihələrin təsdiqlənməsi bazarda vəziyyət sabitləşənə qədər təxirə salına bilər.

 

“ExxonMobil”, “Equinor”, “Total”, “Shell”, və “Chevron” kimi dünyanın bir sıra ən böyük neft və qaz şirkətləri əsas kapitalın azaldıması planlarını açıqladılar. Belə olan halda, Azərbaycanda da neft şirkətləri xərclərini optimallaşdırmaq üçün işçilərin ixtisarlarına gedə bilər.

 

Neft qiymətlərinin düşməsinin ən ciddi nəticələrini ABŞ-dakı şist şirkətləri yaşayacaq. Çünki şist neftin istehsalı 30 dollar\barrelin üstündədir.  Hasilatı 10 dollar və ya daha aşağı başa gələn dövlətlərin digər problemi büdcələrinin neftdən asılı olmasıdır. Neft gəlirlərinin azalmasa dövlətlərin sosial öhdəliklərinin yerinə yetirilməsində problemlər yaşada bilər. Dövlətlərin mövcud rezervləri isə uzunmüddətli dövr üçün nə qədər hazırdır, bu hökumtələrin atacağı addımlardan, verəcəyi qərarlardan asılıdır.

 

 

Proqnozlar və gözləntilər

 

 

Bir sıra maliyyə təşkilatlarının analitikləri 2020-ci il üçün neftin qiymətini o qədər də nikbin dəyərləndirmirlər. “Goldman Sachs”ın proqnozuna görə istehsalın  azaldılması ilə bağlı razılıq əldə olunsa belə neftin qiymətlərinə yalnız qısamüddətli dəstək verəcəkdir. Çünki hazırda bazar tam dolub, alıcı yoxdur, neftə olan gündəlik tələbatda 5-10 milyon barrel azalma var. Hətta üzümüzə gələn həftədən bu azalmanın 20 milyon barrel olması proqnozlaşdırılır.

 

Dünyada 1,8 milyard barel neft anbarı tutumu olduğu təxmin edilir, hazırda sənayedə onun 71 faizi istifadə edilir. Lakin xam malı bir yerdə uzun müddət keyfiyyətli saxlamaq mümkün deyil, eyni zamanda saxlama yerlərinin tam istifadəsinə mane olan digər maddi-texniki problemlər də mövcuddur. Belə olan halda hasil olunan neft hara yerləşdiriləcək?

 

ABŞ Energetika Nazirliyinin strateji neft ehtiyatları üçün 77 milyon barel neftin alacağını bəyan etsələr də, hökumətin  2 trilyon dollarlıq stimullaşdırma  planından sonra bu qərarı hələlik ertələnib. Hazırda ABŞ-in strateji neft ehtiyatları 27 mart 2020-ci il tarixinə 10,5 milyon barel, benzin ehtiyatları 6,1 milyon barrel artıb. ABŞ hökuməti neft şirkətlərinin zərərlərinin sığrotalanması üçün bu addımı atır.

 

Çin COVİD-19 pandemiyasını geridə buraxaraq, ən böyük neft istehlakçısı kimi bazarlara yenidən dönməsi, hələ ki tələbata təsir göstərə bilmir. Çin fabriklərini yenidən açsa da, dünyanın qalan hissəsi kilidlənməyə başlayıb və  onların məhsullarına tələbatı aşağı salır. Bu da Çin ixracında kəskin daralma yaradacaq.

 

Hələ ki, neft bazarı aprelin 6-da videokonfrans formatında OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin görüşündən çıxacaq qərardan və qarşıdakı həftədə pandemiya qarşı mübarizədə nə kimi  tendesiyanın müşahidə olacağından asılıdır.

 

 

 

Vüsalə Rüstəmova

Sosial-iqtisadi təhlil departamenti