Yuxarıya
skip to main content

Elm siyasidirmi?

17.10.2019

Elm və siyasətin bir-birindən ayrı olması çox vaxt öz-özünə aydın fakt kimi qəbul olunur. Lakin elmə belə yanaşma özü siyasi tarixə malikdir. O, qismən Soyuq müharibə illərində anti-kommunist alət kimi formalaşmışdır.

Bir il öncə ABŞ-ın Jon Hopkins Universitetində Odra C. Volfun  (Audra J. Wolfe) müəllifliyi ilə “Azadlıq laboratoriyası” ("Freedom’s Laboratory") kitabı nəşr olunmuşdur. Müəllif dövlət sənədləri, şəxsi yazışmalar, son zamanlar məxfiliyi ləğv olunmuş kəşfiyat təlimatlarını təhlil edərək, ABŞ-ın siyasi və elmi elitalarını “Qərb”i Sovet İttifaqından fərqləndirmək üçün elmi necə  müstəsna rola çıxardığını aşkar etmişdir. Volf öz kitabında Amerika siyasətçi və diplomatlarının Soyuq müharibə illərində apolitik (qeyri-siyasi elmi) elm ideyasını siyasi məqsədlərlə istifadə etməyə nail olduqlarını, bu gün elmin Qərbdə necə anlaşılmasının Soyuq müharibə dövrünün mədəni diplomatiyasına əsaslandığını göstərir.

 

Elm cəmiyyətin ən təsirli institutlarından biridir. Müasir elmin iki əsas cəhəti var: o, elitardır və  baha başa gəlir. Elitarlıq o demək deyil ki, onu yalnız müəyyən qism insanlar həyata keçirə bilər. Bu o deməkdir ki, alim olmaq üçün illər, hətta onilliklərlə bu və ya digər elmin nəzəriyyə və praktikasına yiyələnmək lazımdır.

 

Elmin baha başa gəlməsi onun elitarlığı ilə əlaqədardır. Xüsusilə elmi texniki tərəqqi qabaqcıl elm sahələrinin böyük resurslar tələb etməsini şərtləndirib. Bu isə o deməkdir ki, alimlərin tədqiqat apara bilmələri üçün kimsə bu xərcləri ödəməlidir. ABŞ-da ilk əvvəllər o “kimsə” filantroplar (Rokfeller fondu) və ya iri sənaye müəssisələri (Bell Labs) idi. Soyuq müharibə dövründə isə bu sahədə dövlətin rolu artmağa başladı. “Dəmir pərdədən” digər  tərəfdə  -  Sovet İttifaqında dövlət elmi elə əvvəlcədən öz nəzarətinə götürmüşdü. 

 

ABŞ müşahidəçiləri Sovet İttifaqında dövlətin müxtəlif elm sahəsinə (hətta təbiət elmlərinə də) birbaşa müdaxiləsini, elmi biliklərin açıq-aşkar ideolojiləşdirilməsini görərək, belə bir qərara gəlirlər ki, əks tərəflə qarşıdurmada “Qərb”in ideoloji konstuktunu “həqiqət müdafiəçisi” ideyası üzərində qurmaq məqsədəuyğundur. Soyuq müharibə “döyüşçüləri”  Stalin dövründə bərqərar olmuş elmi əks nümunə kimi gətirərək, öz alimlərini apolitik elmin müdafiəçiləri kimi səfərbər etməyə nail olmuşlar. Onların bu işdə uğurlu olmasının səbəbi yalnız Sovet elminin deyil, həm də Hitler Almaniyasının nümunəsi idi. Belə ki, Almaniyanın Hitler dövründə bir sıra texnoloji irəliləyişlərinə baxmayaraq, nüvə silahının istehsalında uğursuzluğa düçar olmasının səbəbi siyasi rejimin antisemit münasibətinə görə, nisbilik və kvant nəzəriyyəsini “yəhudi fizikası” adlandırıb rədd etməsi idi. Hesab olunur ki, amerikanların bu məsələdə uğur qazanması elm və siyasəti bir-birindən ayıra bilməsi ilə əlaqədar olub.

 

Soyuq müharibə illərində ABŞ tərəfinin çətinliklərindən biri məlumat azlığı idi. Bu məsələnin ilkin həlli Avropa konsulluqlarında yer alan “elmi attaşe” ştatlarının yaradılması idi. Daha sonralar isə Dövlət Departamenti öz taktikasını dəyişir. Onlar  sadəcə olaraq, xaricə səfər etmiş (çox zaman federal maliyyə dəstəyi ilə) amerikan alimlərini səfərdə öyrəndikləri haqqında danışmağa dəvət edirdilər. Bu adi elmi münasibətlərin kəşfiyyat məqsədləri üçün istifadə olunması idi. Lakin əmin olmaq olar ki, Sovet tərəfi də eyni taktikadan istifadə edirdi.

 

 

Kəşfiyyat məlumatlarının toplanmasından əlavə ABŞ Dövlət Departamenti mədəni diplomatiya və təbliğat kampaniyası keçirirdi. Amerika  Sovet ittifaqına zidd olaraq, azad tədqiqat mayakı kimi özünü təqdim etməyə başlayır. Onlar ittifaq ölkələri və inkişaf etməkdə olan ölkələrlə elmi tədqiqat və mübadiləni dəstəkləməyə başlayır. Mərkəzi Kəşfiyyat İdarəsi Asiya Fondu kimi təşkilatları maliyyələşdirmək üçün  milyonlarla dollar sərmayə qoyur ki, “apolitik elmi” təbliğ etsin. O, bir sıra digər işləri də maliyyələşdirirdi: biologiya dərsliklərinin  tərcüməsi, konfansların maddi dəstəyi, akdemik nəşrlərin, nüvə silahının zərərsizləşdirilməsinin dəstəklənməsi və s.

 

"Azadlıq Laboratoriyası" kitabının müəllifi olaraq,  A.Volf  Mərkəzi  Kəşfiyyat İdarəsinin opportunizminə qəzəblə yanaşsa da, özü də istəmədən MKİ-nin alətinə çevrilmiş alimlərin bir çoxu onun qorxusunu bölüşmürdülər. Belə ki, elm Soyuq müharibə siyasətində mühüm rol oynasa da, tədricən diplomatlar alimləri deyil, alimlər də  diplomatları öz tədqiqatları üçün istifadə etməyə başladılar.

 

 

Bu tarixi faktlar müasir elmin qarşısında bir vacib sualı açıq qoyur. Bütün alimlər elmin inkşafında maliyyələşmənin mühüm rolunu qeyd edirlər. Amma bu elmin öz obyektivliyini və akademik azadlığı qoruyub saxlamasına necə təsir edir? Elmin apolitikliyini israr etmək, onu apolitik etmir, amma elmi mümkün edən siyasi şərtləri, onun təşkilinə təsir etmiş siyasi seçimləri  daha dərindən anlamağa mane olur. Elm uğrunda olan ideoloji kampaniyalar dünyanın müxtəlif regionlarında baş versə də, onların öz nəticələrinə görə ən təsirli olanı dünya gücləri arasında baş vermiş olanıdır ki, bu da müzakirə olunan kitabda amerikan alimi tərəfindən ərtaflı təhlil olunmuşdur.


 

Mənbə: http://bostonreview.net/science-nature/michael-d-gordin-science-political

 

Sosial Tədqiqatlar Mərkəzi

Sosial-İqtisadi Təhlil Departamenti