Yuxarıya
skip to main content

Miqrasiya fenomeninə ümumi baxış: Daxili və xarici amillərin səbəbləri, fərqli faktorları və Azərbaycan

12.10.2019

Tarixən insanlığın, cəmiyyətin inkişafında və Avropa sivilizasiyasının bərpasında miqrasiya mühüm rol oynamışdır. Tarixin bütün dövrlərində mövcud olan miqrasiya fenomeni real proses olaraq, insanların həyatında əhəmiyyətli yer tutaraq tədqiqi və öyrənilməsi hər zaman diqqət mərkəzində olmuş və bu gün də aktuallığını saxlamaqdadır. Hər bir sivil dövlət üçün həm ümumən təhlükəsizlik maraqlarının, həm də daxili əmək bazarının təmini baxımından qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparmaq, bu sahənin çevik və işlək mexanizmlər əsasında tənzimlənməsi üçün sosial böşluqların müəyyən edilməsi zəruridir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının  hesabatına əsasən 2019-cu ildə dünyada miqrantların sayı 71 mln çatmışdır. Hesabata əsasən dünyada hər gün 37 min insan öz evini tərk etmək məcburiyyətində qalır.

 

Hazırkı dövrdə miqrasiyanın və onun səbəblərinin, problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Onu da qeyd etmək lazımdır ki, əsasən son 30 ildə miqrasiaya əmək mübadiləsində sərbəst işçilərin sayını artırmaqla iqtisadiyyatın canlanmasına da xidmət emişdir. Əhalinin başqa yerlərdə yaşamağa başlama səbəbləri, miqrantın bir ölkənin başqa bir bölgəsinə və ya başqa bir ölkəyə köçmək barədə qərarı bir sıra müxtəlif amillərlə müəyyən edilir. Yerdəyişmənin baş verməsi üçün müəyyən təsiredici səbəblər vardır. Bu səbəblərə  iqtisadi, sosial, siyasi, ekoloji, hüquqi, milli, dini, mədəni, irqi, psixoloji, humanitar və s. amilləri göstərmək olar.

 

 

Miqrasiya fenomeninin meyarları olaraq, tələbat faktoru kimi fərdin öz maddi vəziyyətini yaxşılaşdırmaq məramını, mobillik faktoru kimi qanun əsasında ölkədən ezamiyyətə, elmi konfranslarda iştirak etməyə, xidmət vəzifəsinin yerinə yetirilməsinə, daimi və ya müvəqqəti əmək müqaviləsi əsasında işləməyə gedənlərin hərəkətini özündə əks etdirir və stabillik faktoru kimi isə fərdin yeni yaşayış yerində məskunlaşmaq, onu özünün “ikinci evi” və ya “ikinci vətəni” hesab etmək istəyini qeyd etmək olar. Miqrasiyanın bu amilləri həmin prosesin axınına, həcminə və intensivliyinə təsir göstərən sosial şərtlər məcmusu kimi çıxış edir. Miqrasiyanın mahiyyətini onun etnik, iqtisadi, siyasi-coğrafi problemlərlə əlaqəli olması müəyyənləşdirir. Bu baxımdan miqrasiya insanın tələbatının tam və təminatlı ödənilməsinə yönələn, öz mövcudluğunun yaxşılaşdırılması əzmi ilə fərqlənən mobilliyin təbii təzahürüdür. Miqrasiya prosesində insanın tələbatları qismində aşağıdakı amilləri aid etmək olar:

 

  • öz bacarıq və potensialını daha mənalı və dolğun reallaşdırmaq istəyindən irəli gələn miqrasiya: özünütəsdiq kimi burada daha təminatlı, mənalı həyat tərzi üçün bunu təmin edən yerin axtarışı cəhdləri başlıca motiv olaraq çıxış edir;
  • obyektiv olaraq əhalinin müəyyən hissəsinin yaşayış səviyyəsi aşağı olan ərazilərdən müvəffəqiyyətli və təminatlı həyat arzusu ilə köçməsi;
  • cəmiyyətdə özünü uğursuz hesab etməkdən irəli gələn miqrasiya: cəmiyyətlərdə elə qrup insanlar vardır ki, gündəlik həyatda özünü kəşf etmək, tapmaq və göstərmək qabiliyyətinə malik olmadıqlarından miqrasiyanı vəziyyətdən çıxış yolu kimi seçirlər;
  • fərdin öz doğma ölkəsində perspektivsizliklə üzləşməsi nəticəsində siyasi motivə əsaslanan miqrasiya.

 

Miqrasiyanın səbəbləri xüsusi və tipik, subyektiv və obyektivdir. Ölkədəki informasiya məkanı və sosial şəbəkələrdə aparılan monitorinq əsasında müəyyən edilən əhali miqrasiyasının tipik səbəblərinə aşağıdakıları göstərmək olar:

  • Həyat keyfiyyəti və yaşayış şəraitinin yaxşılaşdırılması arzusu;
  • Fərdi peşə istiqamətlərini həyata keçirmək və inkişaf etdirmək üçün imkanlar axtarışı: istədiyi yerdə, ixtisasa və peşəyə uyğun olaraq yaxşı iş şəraiti olan işlə məşğul olma;
  • Həm fərdi həm də cəmiyyət baxımından dəyişməyə olan ehtiyac və yaşayış şəraitinin müəyyən şəkildə dəyişməsi, bilqilərin və mədəniyyətin inkişafı;
  • Regionda ekoloji vəziyyətin pisləşməsi;
  • Sağlamlıqla bağlı, iqlim şəraitinin sağlamlıq vəziyyətinə təsirinə görə və s.;
  • Rəsmi nikah bağlamaq üçün və yaxın/qohum insanlarla birləşmə;
  • Etnik və sosial münaqişələrin inkişafı, hərbi əməliyyatların artması;
  • ailə münaqişələri;
  • iş şəraitinin pisləşməsi, iş yerində münaqişə vəziyyətinin artması;
  • təsadüfi hallar və s.

 

Dünyada və Azərbaycanda  fəal müşahidə edilən əmək miqrasiyası

 

Azərbaycan üçün miqrasiya prosesləri yenilik deyil. Ölkəmiz ötən əsrin 80-ci illərinin sonlarında daxili-xarici məcburi miqrasiyaya məruz qalmışdır. Ermənistanın apardığı deportasiya, soyqırımı və təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan keçmiş SSRİ–də qaçqın və məcburi köçkün problemi ilə üzləşmiş ilk ölkə olub. 80-ci illərin sonundan başlayaraq Azərbaycandan gedən və Azərbaycana üz tututan minlərlə insan sosial, iqtisadi, siyasi, mədəni, münaqişə əsasında, etnik, dini və s. kimi müxtəlif səbəblər əsnasında miqrasiya prosesinin subyektləri olmuşdur.

 

Dünya üzrə miqrantların təxminən 70 faizi əmək miqrantlarıdır, yəni xaricə iş tapmaq üçün gələn və ya artıq işləyən insanlardır.

 

İnkişaf etmiş ölkələr dünya üzrə əmək miqrasiyasının 68 faizini təşkil edir. İnkişaf etmiş ölkələrin işçi qüvvəsində miqrantlar 18,5 faizi təşkil edirsə, ümumən dünya üzrə işlədiyi ölkədə hər iyirminci işçi xaricdən gəlib. İnkişaf etmiş ölkələrdə miqrantların iş əldə etmə ehtimalı daha yüksəkdir. İş üçün gələnlərin 70 faizdən çoxu iqtisadi cəhətdən fəaldır. Yerli əhali arasında isə bu rəqəm 60 faizdən aşağıdır. Bu cür ölkələrdə miqrantlar işçi qüvvəsinin 18,5 faizini təşkil edir.

 

Dünya Əmək Təşkilatının son tədqiqatına görə, inkişaf etmiş ölkələrdə əmək miqrantlarının axını tədricən səngiyir və istiqamət orta gəlirli ölkələr tərəfə yönəlir. Dünya Əmək Təşkilatının son tədqiqatına görə orta gəlirli ölkələr qrupuna daxil olan Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan və Türkmənistan əmək miqrantlarının axınını tədricən öz üzərinə çəkir. Azərbaycanda əcnəbi işçi miqrantlar arasında əsasən tikintidə, neft sektorunda və müxtəlif xidmət sahələrində çalışanlar üstünlük təşkil edir.

 

Bir çox dövlətlərdə olduğu kimi Azərbaycandan da gedən miqrant işçilər arasında yaş həddi 20-50-dir. Bu iş qabiliyyəti olan əhalinin ən məhsuldar hissəsini təşkil edir. 

 

SSRİ dağıldıqdan sonra MDB ölkələri kütləvi miqrasiya problemi ilə rastlaşdılar. MDB ölkələrində əmək miqrantlarının əksəriyyəti qeyri-leqal fəaliyyət göstərir və onların sayı təxminən 10 milyondan çoxdur. Bu baxımdan təkcə Rusiya Federasiyasında qeyri-leqal miqratların sayı 2 mln. nəfərə qədərdir və bu rəqəmin təşkilində soydaşlarımızın sayı ilk yerləri təşkil edir.

 

Miqrasiyanın nəticələri özünü müxtəlif tərəfdən göstərir. Qeyd olunduğu kimi, onlar bəzi hallarda münaqişələrin mənbəyi olaraq, pozitiv və neqativ xarakter daşıyır. Ona görə də hazırda əhali miqrasiyasının tənzimlənməsi demoqrafik siyasətin çərçivəsindən çıxaraq yeni kompleks yanaşmaları, dövlətin və ictimai təşkilatların səylərinin birləşdirilməsini tələb edir.

 

Miqrasiya proseslərinə nəzarət edilməsi dünya ölkələrinin eyni zamanda Azərbaycanın ictimai-siyasi sabitliyinin qorunmasında böyük rol oynayır. Əks halda miqrasiya siyasətinin tənzimlənməsi və bu proseslərlə bağlı qəbul olunan qanunlar  öz əhəmiyyətini itirmiş olur. Cünki  miqrant axınlarının cəmiyyətin sosial infrastrukturuna və vəziyyətinə təzyiqi nəticəsində yaranan təhlükələr mürəkkəb problemləri sırasındadır.

 

Dinamik dəyişikliklərlə təzahür olunan müasir dövrdə əhalinin miqrasiyasının son dərəcə intensivləşməsi, onun strukturu, funksiya, forma, mənbə və tipologiyasında baş verən dəyişikliklər Azərbaycan da daxil olmaqla, dünyanın bütün ölkələri üçün miqrasiya şəraitinin dinamik şəkildə dəyişməsinə və yeni istiqamətlərin yaranmasına səbəb olur. Bu baxımdan dəyişən miqrasiya reallığına uyğun şəkildə hər bir dövlətin müvafiq təhlükəsizlik siyasətinin həyata keçirilməsi zərurəti yaranır.

 

Elnarə Qəribova