Yuxarıya
skip to main content

Texnokratik şüur və ideologiyanın uğursuzluğu? - İkinci Hissə

20.04.2021

Qədim bürokratik struktur ilə texnokratik elitalar arasındakı fundamental fərq ondan ibarətdir ki, qədim bürokratiyalar “əmr vermək və qadağan etmək”dən ibarət olan sosial nəzarət sistemi olmaya meyillidir. Bürokratlar idarə etdikləri sistem ilə uyğunlaşmayanları cəzalandırmaqla öz məqsədlərini reallaşdırırlar. Texnokratlar isə sosial nəzarət mexanizmi kimi maddi insentivlər sistemindən və təhsil indoktrinasiyasından istifadə etməyə meyillidir. Bu həm də onunla bağlıdır ki, texnokratlar texnoloji innovasiyalar vasitəsilə maddi mükafatlandırmanın daha geniş və daha sürətli təminatını reallaşdıra bilir. Aşağı səviyyəli bacarıqları və yüksək eqoları səbəbilə status mərkəzli və sayğı tələb edən bürokratlardan fərqli olaraq texnokratlar cəzalandırmaya daha az meyillidir. Onlar həqiqətən bilirlər və bilikləri ilə müəyyən şeyləri etməyə qadirdirlər. Texnokratiya daha çox iş və tapşırıq mərkəzli elita olmaqla daha az status əndişəsinə sahibdir. Bununla belə, texnokratlar daha çox kosmopolitan və iş oriyentasiyalı olsalar da, ətraflarındakı insanlara qarşı daha az həssas olurlar. Onlar yaratdıqları “konsyumerizm” kimi maddi insentivlərdən öncül motivasiya mexanizmi olaraq istifadə edirlər.

 

Texnokratiyanın inkişafı demokratik nəzarətin mümkünlüklərini zədələməklə yanaşı, bürokratik struktura nəzarət edənlərin hakimiyyət icrasını da məhdudlaşdırdı. Hegemon siniflər və elitaların hakimiyyət legitimliyi gücləndirilsə də, bu, onların qərarlarının texno-elmi diktələrə tabe olduğu reallığını dəyişdirmir. Yeni texnologiya hegemon siniflər və elitalar üçün nəhəng iqtidar alətləri formalaşdırsa və ya mobilizasiya etsə də, bu proses eyni zamanda hakim siniflər üçün imkanlar müxtəlifliyini də daraldır. Texnokratiyanın böyüməsi siyasi-iqtisadi və hərbi hakimiyyəti gücləndirsə də, bu hakimiyyəti təmsil edənlərin funksional muxtariyyətini məhdudlaşdırır. Hakim elitaların təhlükəsizliyi getdikcə daha çox texnokratiyadan asılı hala gəlir.

 

XIX əsrin Sen-Simonçu baxışına görə, şəxslər üzərində nəzarət “şeylərin” administrasiyasına yol açacaq. Bu gün şeylər arasında əsas idarə edilməli olan insanlardır. Bu, insanların heç bir digər obyektdən fərqi olmayan şeyləşmiş obyektlərə çevrilməsinin başlanğıcı idi. Bürokratik orqanizasiyanın elmiləşməsi dərin bir şəkildə eniqmatik proseslərə səbəb oldu. Modern cəmiyyəti legitimləşdirmə forması olaraq texnokratiyanın formalaşdırılması həm rasional, həm də irrasional komponentlərə sahib olmaqla özünü nümayiş etdirirdi. Texnokratiyanın effektivliyə, texnoloji inkişafa və böyüməyə tabe olması ilə məhsuldarlıq və fiziki həzzlərə düşkünlük kəskin dərəcədə artdı. Həyatın maddi təminatı üçün imkanlar sürətlə genişləndi. Lakin buna paralel olaraq, vulqar və fetişist istehlakçılıq və konformizm də özünü qabarıq bir şəkildə göstərirdi.

 

Texnoloji subsistemin böyüməsi ilə siyasi qüvvələrin hegemoniyası məhdudlaşdırıldı. Texnoloji alətləri idarə edən bürokratlar və siyasi təyinatlar onların əmrində olan yeni texnologiyalara qarşı yadlaşdı. Ziddiyyətli məqam ondan ibarətdir ki, texnoloji sinfin asılı olduğu və idarə edildiyi bürokratiya texnoloji proseslər haqqında çox az şey bilir. Texnokratlar elitar məqsədlərə, bürokratlar isə vasitələrə qarşı yadlaşır. Bununla da, texnologiya bəzi hallarda qeyri-texnoloqların, bürokratik rəsmilərin və siyasi təyinatların nəzarətinə tabe olur.

 

Bu, modern texnoloji ideologiyanı  sənaye cəmiyyətinin legitimləşməsi olaraq düşünməyə icazə verirmi? Onu “ideologiyanın sonu” olaraq düşünmək qeyri-refleksiv bir prezumpsiyadır. Yeni texnologiyanın rasionallığı klassik bürokratiyanın hüdudlarında inkişaf edir. O, bürokratiyaların başındakı qeyri-bürokratlar, qeyri-ekspertlər tərəfindən qoyulan məqsədlərə çatmaq üçün daimi təzyiq altındadır. Texnoloji rasionallığın menecerial və iqtisadi maraqlara tabeliyi yeni texnokratiya tərəfindən daha da sərtləşdirilir. Texnoloqların siyasi, hərbi maraqlardan, sosio-kultural reallıqlardan tam azad olmaq fantaziyası bir texnoloji ideologiya, yanlışlıqla artıq nail olunduğu düşünülən bir proyektdir. Bununla bərbər, texnoloqların rəsmilərə və menecmentə diktə etdiyi, habelə texnoloji olaraq inkişaf etdirilən bürokratiyanın müstəsna bir şəkildə effektivlik və səmərəlilik standartına bağlı olduğu geniş yayılmış və qəbul edilən bir düşüncədir. Bu, C.Qalbreys və D.Bell tərəfindən irəli sürülən “bilik cəmiyyəti” və “ideologiyaların sonu” ideyasının təməlini təşkil edir.

 

 

Yürgen Habermas bildirir ki, texnoloji şüur digər bütün ideologiyalardan daha az ideolojidir. O əlavə edir ki, bu bir rasionallaşdırılmış təxəyyül və ya Freydian anlamda bir illüziya deyil. Çünki o parçalanmış simvolların və ya qeyri-şüuri motivlərin gücünə əsaslanmır. Marks və Engels Habermasın “yeni” texnokratik ideologiya üzərində müşahidə etdiyi illüziya-dağıdıcı xarakteri ən erkən, ön texnokratik burjua iqtisadiyyatında görürdülər (6).

 

“Burjuaziya insan və insan arasında saf mənfəətçi-eqotist maraqdan başqa heç bir bağ yarada bilmədi. O, dini coşğunun, rıtsarlıq entuziazmının və siyasi sentimentalizmlərin səmavi ekstaziyalarını eqotist hesablamaların buzlu sularında boğdu”. Bu, “dünyanın sehrinin pozulması”nın konstant prosesi idi. Dini sədaqət tərəfindən motivasiya edilən və fəaliyyətlərini Tanrı sevgisi ilə açıqlayan insanların müqəddəslik sevgisi yox oldu və burjua erasında insani reallığın səmavi ikonoqrafiyası aradan qalxdı. Burjua insanı hər şeyi dünyəvi xoşbəxtlik üçün edir. İdeoloji təkəbbür və eqoizm dini sadiqliyi əvəzlədi. Texnokratik şüur etik halın aradan qalxmasını deyil, həyatın bir kateqoriyası kimi etikanın repressiyasını təmsil edir. Sosializmin marksist versiyası özünü “utopik”, “həqiqi” sosializm kimi formalardan ayrımaqla əxlaqi sentimentallıqlara deyil, tarixi qaçılmazlıq ilə gələn və nəyin nə olduğuna əsaslanan bir fenomen olaraq müəyyən etdi. Ona görə də, Marksizm özünü aşkar bir şəkildə “elmi sosializm” adlandırmaqla insanın düşüncələri və əxlaq normalarına əsaslanmayan, əksinə onları müəyyən edən sosial inkişafın qaçılmaz qanunlarını aşkar etməyə çalışırdı.

 

Pozitivist düşüncəsinin ideologiyanın klassik əsri dövründə Fransada ortaya çıxdığı zənn edilir.  Pozitivizm post-inqilabi Fransanın sosial olaraq yenidən qurulması  proyekti idi. Ortaya çıxan yeni cəmiyyət - qeyri-yetkin burjuaziya Maarifçiliyin və Protestantizmin doğurduğu anarxik fərdiyyətçiliyə üstün gələn və “neqativizm”i aşacaq pozitivist modeli qəbul etməli idi. Yeni pozitivizmə əsasən bölünmüş bir cəmiyyət elmi əsaslarla yenidən birləşdirilə bilərdi. Elm yalnız pozitivist inanclar yaratmaq üçün istifadə edilməli idi. Fransız pozitivistləri yeni elm və texnologiya ilə uzlaşa biləcək bir yeni əxlaqdin formalaşdırmağa çalışırdı. Həm Marksizm, həm də pozitivizimin ən mühüm aspektləri texnokratik şüur ilə bağlıdır. Onlar ideologiyanın klassik əsrinin parçalarıdır.

 

Texnokratik şüurun özünü “illüziyalar” və “fantaziyalar”dan qopardığını söyləmək doğru olmazdı. Texnoloji şüur bu “illüziyalar” və “fantaziyalar”ı artıq dini formalarda strukturlaşdırmır. Elmi və texnoloji güc bir vaxtlar din tərəfindən təmin edilən kosmik unifikasiyanın sekulyarlaşmış simvolu olaraq çıxış edirdi. Lakin bu gün elm və texnologiya panaseyaya bənzər xarakterə sahib olub. Bütün insani problemlərin bu panaseyaya bağlı olduğuna inanmaq və düşünmək bir fantaziyadır. Texnokratik şüur elm və texnologiyanı sintezləşdirməklə qeyri-məhdud iqtidar və xeyir-in mükəmməl vəhdətini əks etdirərək hər şeyin ona tabe olmalı olduğunu diktə edir. Bununla da, texnokratiya “sekulyarlaşmış ilahiliyə” transformasiya olub (8).

 

Maqali Sarfatti Larson qeyd edir ki, tenokratik kimera bir ideologiya kimi klassik xarakterə bürünüb. Sosial struktur daxilində aktual situasiya inversiyaya uğrayıb. Modern bürokratiyanın real sosial strukturunda texnokratiya iqtidar elitalarının dominasiyası və onların real maraqları tərəfindən məhdudlaşdırılır. Lakin texnokratik ideologiyada texno-elm elitalar və onların menecerlərinin boyun əyməli olduğu şəkildə dərk edilir. İdeologiyanın marksist perspektivindən onu söyləmək olar ki, ideologiyanın xarakterində, hətta texnokratik şüurun meydana çıxmasında fundamental bir davamlılıq mövcuddur. Modern cəmiyyətlərin texnokratik şüuru və legitimləşməsi təməl olaraq ideologiyanın sonu deyil, ideologiyanın qrammatikasının doğrulanması və realizasiyasıdır (3).

 

Texnokratik şüuru digər ideologiyalardan fərqliləndirən aspekt onun “zaman” oriyentasiyasıdır. O gələcəyə deyil, indiyə istiqamətlidir. Texnokratik fenomen insanı gələcək heyranlığından ayırmaqla bütün ümidlərin yalnız “burada və indi” reallaşacağı inancını yaradır. Bununla da, texnokratiya daxilində “gələcək” fenomeni struktural transformasiya xarakterini itirdi. Texnokratiyada mühüm olan “indi”dir, buna görə də, texnokratik şüur transsendental ümidin sonudur. Çünki o, mövcudiyyəti “əbədi indi”yə tabe edir.

 

Texnokratik cəmiyyət və onun riyazi proyeksiyasının tənqidini ilk dəfə başladan Romantizm oldu. Anti-mexanistik və anti-materialist olmaqla yanaşı, şeylərin pantesit konsepsiyasını qəbul edən Romantizm ali həyat ruhunun hər yerdə və hər şeydə olduğunu bildirməklə bütün dünyanı romantikləşdirdi.

 

Texnokratik cəmiyyətin tənqidi romantizmə, Romantizmin tənqidi isə texnokratik cəmiyyətə əsaslanır. Yeni cəmiyyətin dominant qüvvələrinə qarşı gəldiyi üçün xəstə adlandırılan məhz Romantizm oldu. Bunun əvəzində, Romantizm texnokratik cəmiyyətin total şəkildə aberrant bir cəmiyyət olduğunu vurğulamağa başladı. O, texnokratik cəmiyyəti həyatın heç bir ali məqsədinin olmadığı, insanların zahiri fəaliyyət sərxoşluğuna aludə olduğu, ruhsuz boz insanlar tərəfindən idarə edilən, azadlıq, spontanlıq, təxəyyül, iradə və yaradıcılığın boğulduğu bir cəmiyyət olaraq tənqid edir. Romantizmə görə, belə cəmiyyətdə fərdilik və şəxsiyyət formallaşma və rutinləşmənin ağırlığı altında məhv olur.

 

Texnokratik şüur Qərb mədəniyyətinin bütün qurucu və bağlayıcı elementlərindən qopmaqla insanları demobilizasiya və demoralizasiya edən qüvvəyə çevrildi. Onun əsas müəyyənedici cəhəti Qərbi hərəkətə keçirən aqonik – Promotey mübarizəsindən duyduğu zövqdür. Bu aqonik mübarizə tərəfindən aktivləşdirilən nəhəng enerji bir spesifik sivilizasiya olaraq Qərbin mübarizəni həyatın dərin mahiyyəti olaraq dərk etməsinə səbəb oldu. Buna görə də, texnokratik şüurun yüksəlişi dissolyusiyanın bir forması kimi təcrübə edilməyə başlandı. Texnokratiyaya qarşı olanların əksəriyyəti onun daxilində “entropiya” görürlər.


 

                           Ədəbiyyat:

1.        Peter F. Drucker, Technology, Management and Society, Harper and Row, New York, 1970, pp. 62-63

2.        Theodore Roszak – “The making of a counter-culture”, Garden City, NY, 1969

3.        M. Sarfatti Larrson, "Notes on Technocracy," Berkeley /Journal of Sociology, XVII, 1972-73.

 

4.        S. Michael Miller, "Notes on Neo-Capitalism," Theory and Society, Spring, 1975, p. 14.

5.        J. O'Connor, Corporations and the State, Harper & Row, New York, 1974

6.        J. Habermas, Toward a Rational Society, Beacon Press, English translation, 1970

7.        Jacques Ellul– “The technological society”, (Pasadena, Pentecost, 1989)

8.        Alvin Gouldner – “The dialectic of ideology and technology”, The Macmillan Press, UK, 1976

Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.