Yuxarıya
skip to main content

XIX əsrdən müasir dövrümüzə qədər Azərbaycanda daşınmaz mədəni irsin qorunmasına varislik kontekstindən baxış

18.04.2021

Arxeoloji ərazilərdən və qədimi yaşayış məskənlərindən aşkar olunan tapıntılar, müxtəlif tikinti qalıqları, kurqanlar, qədimi qəbirstanlıqlar, memarlıq baxımdan dəyərli hesab olunan yaşayış, inzibati və ictimai binalar, hamamlar, məqbərələr, dini məbədlər, müdafiə qurğuları və s. yaradılma üsulları, öz məxsusi quruluşları, tikilmə üslubu və texnikası, yaradılmasında istifadə olunan ideya ilə onları vücuda gətirən əcdadlarımızın, cəmiyyətin, dövrünün bilikləri, nəyi sevib-sevmədikləri, texniki bacarıqları, dünyagörüşü, inancı, mədəniyyəti və s. haqqında məlumat daşıyırlar. Bu baxımdan maddi mədəni irs həm də xalqın milli pasportu qismində çıxış edə bilir. Belə olan halda maddi mədəni irsin qorunması məsələsi xüsusi aktuallıq qazanır.

 

Bəs mədəni irs nümunələrinin qorunması dedikdə nə başa düşülür?

Tarixən ölkəmizdə mədəni irsin qorunması işi necə təmin olunub?

 

Bu sahə üzrə indiki vəziyyət necədir ? Bu kimi suallara məqalədə aydınlıq gətirməyə çalışmışıq.

 

Əvvəlcə qeyd edək ki, mədəni irs nümunələrinin qorunması dedikdə, onların zədələnməsi, deformasiyası, dağıdılması, sökülməsi, konfiqurasiyasının pozulması və ya silahlı münaqişələr, ixtişaşlar və ictimai asayişin pozulmasının digər halları da daxil olmaqla, istənilən təhlükələr nəticəsində dəyərini itirməsinin qarşısının alınması, mədəni sərvətlərin müəyyən edilməsi, tədqiqi, siyahıya alınması, monitorinqi və istifadəsinə nəzarət edilməsi məqsədi ilə həyata keçirilən hüquqi, maddi-texniki və təşkilati tədbirlər nəzərdə tutulur [56].

 

Mədəni irs nümunələri özü də daşınmaz və daşınar olmaqla iki yerə bölünür.

 

Daşınar mədəni irsə  tarixi, təbii, arxeoloji, sənədli, etnoqrafik, kulinar, bədii, elmi-tədqiqat, rəsm, incəsənət, kinematoqrafiya, numizmat, filatelist, heraldik, biblioqrafiya, epiqrafiya, estetik, etnoloji və antropoloji daşınar sərvətlərin məcmusu aid edilir.

 

 

Daşınmaz mədəni irs nümunələri deyilərkən isə arxeoloji, memarlıq, bağ-park, monumental, xatirə abidələri, dekorativ-tətbiqi sənət nümunələri, o cümlədən mədəniyyət, memarlıq, bədii, etnoqrafiya, təbiət abidələri və tarixi qoruqlar, mədəniyyət məkanları, məqbərələr, arxeoloji komplekslər, memarlıq ansamblları, dini ocaqlar və etnoparklar başa düşülür [55].

 

Məqsədimiz XIX əsrdən müasir dövrümüzə qədər daşınmaz mədəni irsin qorunması işinin təşkilati və hüquqi baxımdan necə təşkil olunmasını varislik kontekstində açmaq olduğundan diqqətimizi bu yönə istiqamətləndirmişik.

 

XIX əsrdən Sovet Sosialist Respublikası qurulana qədərki dövrün mənzərəsi.

 

Tarixi keçmişimizə nəzər saldıqda görürük ki, XIX əsrdə ölkəmizdə yerləşən  tarix və mədəniyyət  abidələri  yerli mütəxəssislərlə yanaşı rus və avropalı arxeoloq, şərqşünas, səyyah, əntiqşünas, həvəskar və digərlərinin diqqətini özünə cəlb edə bilmişdir.

 

Azərbaycan ərazilərinin arxeoloji baxımdan tədqiqinə 1829-cu ildən “Rusiya İmperator Arxeoloji Komissiyası” tərəfindən Aleksandr Yanovskinin Cənubi Qafqaza göndərilməsindən sonra daha ciddi fikir verilməyə başlanmışdır. Bu dövrdə abidələrimizin öyrənilməsində akademik B. Dornun da xüsusi xidmətləri olmuşdur.  

 

1834-cü ildə səyyah Dübua de Manpera Göygöl rayonunda, 1847—1849-cu illərdə V. N. Xanıkov Bərdə, Dərbənd, Naxçıvan ərazisində, 1862-ci ildə fransalı şərqşünas səyyah A. Berje Muğan düzündə, 1884-cü ildə zavodun əməkdaşı Krome və 1888—1889-cu illərdə isə V. Belk Virxovla birlikdə Simes zavodun ərazisində, 1880-1890-cı illərdə Moskva Arxeoloji Cəmiyyətinin tapşırığı ilə A. İvanovski və Şuşa realni məktəbinin alman dili müəllimi Emil Resler Azərbaycanın qərbində, 1890-ci ildə Fransalı arxeoloq Jak de Morqan Lənkəran zonasında müəyyən arxeoloji tədqiqat işləri aparmışlar.

 

Göründüyü kimi, rus arxeoloqlarla yanaşı, əcnəbilər də maddi mədəniyyət abidələrimizə maraq göstərmişdir. Lakin, sonuncular bu sahədə görülən işləri əsasən həvəskar formada həyata keçirmiş və başlıca məqsədləri qiymətli əşyalar əldə etmək olmuşdur.

 

 XIX əsrin əvvəllərindən körtəbii və qeyri-peşəkar formada aparılan işlər 1871-ci ilin oktyabrında Tiflis şəhərində “Qafqaz Arxeoloji Komitəsi”nin, 1873-cü ildə isə “Qafqaz Arxeologiyası Həvəskarları Cəmiyyəti”nin təşkil edilməsi ilə yeni mərhələyə qədəm qoymuş, Qafqazın, o cümlədən də Azərbaycanın Qafqaz arxeologiya cəmiyyətinin nəzarəti altında öyrənilməsinə başlanmışdır.

 

1901-ci ildə Tiflisdə “Moskva Arxeoloji Cəmiyyətinin Qafqaz şöbəsi”nin təsis edilməsi də bu sahədə görülən işlərə  öz müsbət  töhfəsini vermişdir.

 

Azərbaycan Xalq Cumhuriyyəti qurulana qədər bir sıra  arxeoliji qazıntı və kəşfiyyat xarakterli ilkin tədqiqat işləri (akademik V.V.Bartold Bakıda (1904), V. Ter-Qukasov (1908—1920-ci illərdə) Gəncəçay ərazisində və Quşçu kəndi yaxınlığında, S.V.Ter-Avetisyan Pir Hüseyn xanəgahında (1907) və Xaraba-Gilan şəhər yeri ərazisində (1913), Y.Lalayan Qədim Qəbələ şəhər yeri xarabalıqlarında (1915) və s.) aparılmışdır.

 

1918-ci ilə qədərki vəziyyəti ümumiləşdirsək qeyd edə bilərik ki, bu illərdə əsas diqqət arxeoloji abidələrə verilsə də,  müvafiq işlər sistemli və ardıcıl xarakter  daşımamış, bir sıra hallarda çöl tədqiqatları nəticəsində əldə olunan qiymətli materiallar talan olunaraq xaricə daşınmışdır.

 

Azərbaycan Xalq  Cümhuriyyəti dövründə milli ruhun və milli ideyaların güclənməsi nəticəsində milli mədəniyyətin təbliği və tədqiqinə, həmçinin mədəni irsin qorunmasına diqqət artmışdır. Qeyd olunan sahələrin hər biri üzrə təşkil olunmuş işlər peşəkar səviyyədə aparılmış, bu istiqamətdə ardıcıl siyasət yürüdülməsi ilə yanaşı, ictimai təşkilatların imkanlarından da istifadə edilmişdir.

 

Beləki, 1918-ci ildə Azərbaycanın müxtəlif tipli arxeoloji abidələrini öyrənmək, xalqın mədəni sərvətinin talan edilib xaricə aparılmasının qarşısını almaq məqsədi ilə Bakıda “Arxeologiya Cəmiyyəti” yaradılmış, 1919-cu ildə Azərbaycanın tarixi irsini toplamaq və qorumaq üçün yerli diyarşünaslar və şərqşünaslar “Şərqin arxeologiyası və tarixinin həvəskarları” dərnəyini təşkil etmişlər. Həmin ilin dekabrında isə dərnəyin üzvləri Bakı Universiteti nəzdində “Müsəlman Şərqini öyrənən Cəmiyyət” yaratmışlar.

 

Müsəlman Şərqini öyrənən Cəmiyyət Cənubi Qafqazın arxeoloji öyrənilməsini, Şabran şəhərinin xarabalıqlarının axtarılmasını, Nizami Gəncəvinin qəbirüstü abidəsinin tədqiqini, Bakı ətrafındakı tarixi abidələrin öyrənilməsini ön plana çəkmişdi. Cəmiyyət orta əsr şəhərlərinin tədqiqinə də xüsusi əhəmiyyət verirdi [ 13, s 14] .

1919-cu ildə Bakı şəhərinin baş memarı (1908-1922) olmuş Zivərbəy Əhmədbəyov Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi və Şamaxının bərpası üçün "Yeni Şirvan" cəmiyyətini ( 1917-ci ildə Ömər bəy Abuyevlə birgə "İslam incəsənəti abidələrini sevənlər və qoruyanlar cəmiyyəti" yaratmışdı) təsis etmiş, bundan başqa, AXC hökümətinin 31 avqust 1918-ci il tarixli qərarı ilə  Xarici İşlər Nazirliyi  yanında yaradılan Fövqəladə Təhqiqat Komissiyası yalnız müəyyən olunmuş mövzu üzrə materialların toplanması ilə kifayətlənməmiş, həmçinin Azərbaycan xalqının tarixi keçmişi ilə bağlı olan maddi-mədəniyyət nümunələrinin siyahıya alınması, onların öyrənilməsi və bərpası istiqamətində fəaliyyət göstərməyi də vacib hesab etmişdir [14,  s 356 ].  Bu baxımdan  Komissiyanın üzvü  Məhəmməd bəy Ağayevin 24 yanvar 1920-ci ildə Daxili İşlər Nazirinə  ünvanladığı tarixi məktub olduqca qiymətli sənədli faktdır. Burada o, bir sıra mühüm məsələlərə toxunmuş və Azərbaycan Xalq Cümhuriyyətinin Xalq Maarif Nazirliyi yanında Arxeologiya  şöbəsinin yaradılması təklifini irəli sürmüşdü [60 ]. 

 

Lakin, 1920-ci ilin aprelində baş verən məlum hadisələr AXC hökümətinə qarşıya qoyduğu vəzifələri gerçəkləşdirməyə imkan vermədi.

 

Sovet Sosialist Respublikasının yaradılması dövründən müstəqilliyimizin bərpasına qədər ki dövrün təhlili

 

Ölkəmizdə Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan İnqilab Komitəsi abidələrin qorunması, qeydə alınması və tədqiqi ilə bağlı bir sıra lazımi addımlar atıldı.

 

Azərbaycan SSR Xalq Maarif Komissarlığının 1920-ci il tarixli qərarına əsasən Azərbaycan Dövlət Muzeyi (indiki Tarix Muzeyi) yaradıldı və onun tərkibində “Qədim Abidələrin Mühafizəsi Komissiyası” fəaliyyət göstərməyə başladı. Bundan başqa, Azərbaycan İnqilab Komitəsi tərəfindən 1920-ci ilin  7 iyul tarixində “İncəsənət abidələri və əsərlərinin siyahıya alınması və mühafizəsi haqqında” Əmri verildi.  Bununla da Azərbaycanın bölgələrində bu qəbildən olan abidələr qeydə alınaraq  onların mühafizəsi ilə bağlı  tədbirlər müəyyənləşdirilmiş oldu. 1922-ci ildə isə  Şərqşünaslıq və İctimai Elmlər İnstitutunda “Azərbaycan Arxeoloji Cəmiyyəti” quruldu  [3,  s 379].

 

1923-cü ildə “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin və  Azərbaycan Xalq Maarif Komissarlığı nəzdində  “Azərbaycan Arxeoloji Komitəsi”nin (Azarxkom) təsis edilməsi və əvvəllər yaradılmış “Qədim Abidələrin Mühafizəsi Komissiyası” və “Azərbaycan Arxeoloji Cəmiyyəti”nin  bu idarəyə birləşdirilməsi maddi-mədəni irsimizin öyrənilməsində, qorunmasında, o cümlədən milli arxeoloq kadrların yetişdirilməsində mühüm rol oynadı.

 

Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti, Azərbaycan Arxeoloji Komitəsi və Azərbaycan Dövlət Muzeyi bu illərdə bir-birilərilə sıx əməkdaşlıq etmiş, fəaliyyətlərini əlaqələndirmişlər. Cəmiyyət əsas elmi-tədqiqat müəssisəsi kimi arxeoloji qazıntılar və axtarışlar aparmış, aşkar edilən maddi mədəniyyət nümunələri Arxeoloji Komitə tərəfindən qeydə alınaraq Dövlət Muzeyinə təhvil verilmişdir.

 

Tarixi abidələrin qeydiyyatı, tədqiqi və qorunması işinin təşkilində Azərbaycan SSR Xalq Komissarlığının “Qədim abidələrin qeydə alınması və onların mühafızəsi haqqında" 4 mart 1924-cü il tarixli 20 saylı Dekretinin də mühüm əhəmiyyəti olmuşdur. Həmin dekretlə memarlıq, mədəniyyət, tikinti abidələrinin, saraylar, karvansaralar, qədim evlər və mədəniyyət binalarının, bütün incəsənət abidələri, müxtəlif bədii sərvətlərin mühafızəsi və qeydə alınması işinə başlanmış və respublika ərazisindəki arxeoloji abidələrin qeydiyyatı və tədqiqinə nəzarət Azərbaycan Arxeoloji Komitəsinə tapşırılmışdır. [3,  s 221].

 

1927-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı nəzdindəki Arxeoloji Komitə “Azərbaycan Əsari-ətiqə, İncəsənət və Təbiəti Mühafizə Komitəsi”nə (Azkomstaris), 1930-cu ildə isə “Azərbaycan Qədim Abidələrin Mühafizəsi Komitəsi”nə (AzÇUOP) çevrilərək bu adla fəaliyyət göstərmişdir.  

 

1929-cu ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi nəzdində vəAzərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin  bazasında “Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu”nun (Az. DETİ) yaradılmasından sonra sonra tarixi ərazilərin arxeoloji baxımdan öyrənilməsi  pərakəndə şəkildə müxtəlif qurumlar tərəfindən deyil, elmi şəkildə, xüsusi planla Elmi-Tədqiqat İnstitutu tərəfindən (İnstitutun Tarix və Etnoqrafiya şöbəsinin rəhbərliyi ilə) həyata keçirilməyə başlandı.

 

 1932-ci ildə Azərbaycan MİK qərarı ilə Az. DETİ bazasında SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan Şöbəsi (EA ZFAŞ) təşkil edildi, 1935-ci ildə isə EA ZFAŞ bazasında SSRİ EA-nın Azərbaycan filiali (EA AF) yaradıldı. Filialın tərkibində müxtəlif sahələr üzrə institutlarla yanaşı Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu (1951-1956-ci illərdə Tarix və Fəlsəfə İnstitutu, 1956 –ci ildən bu günədək Tarix İnstitutu) və 1936-cı ildən Azərbaycan Tarix Muzeyi  fəaliyyət göstərmişdir.

 

Görülən təşkilati tədbirlər nəticəsində ekspedisiyaların təşkil olunması ardıcıl və sistemli xarakter almağa başladı, arxeoloji qazıntıların aparılması genişləndi və nəticədə bir sıra mühüm arxeoloji kəşflər edildi. 

 

Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1935-ci il 4 may tarixli 428 nömrəli “Arxeoloji abidələrin qorunması haqqında” Qərarının verilməsi və qeyd olunan mərkəzləşmiş qrumun yaradılması müvafiq sahə üzrə vəziyyətin nisbətən düzəlməsinə səbəb oldu  [28,  s.229].

 

 SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli 131 nömrəli qərarına uyğun olaraq Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1945-ci il 27 mart tarixli 316 nömrəli qərarı ilə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı və respublikanın digər elmi-tədqiqat idarələri əsasında Azərbaycan SSR Elmlər Akademiyası təsis edilməsi digər elm sahələrində olduğu kimi, arxeoloji tədqiqatlarda, o cümlədən də abidələrin qorunması işində müsbət dönüşə səbəb oldu. Bu ildən “Tarix institutu” da AMEA-nın tabeliyinə verildi.

 

Böyük Vətən Müharibəsindən sonrakı dövrdə abidələrin qorunması sahəsindəki vəziyyət müsbətə doğru dəyişməyə başladı.

 

Belə ki, 1948-ci il oktyabr ayının 14-də SSRİ Nazirlər Sovetinin “Mədəniyyət abidələrinin mühafizəsini yaxşılaşdırmaq tədbirləri haqqında” 3898 nömrəli qərarı verildi və bu qərarla birlikdə “Mədəniyyət abidələrinin mühafizə edilməsinə dair Əsasnamə” təsdiq edildi. Bununla da abidələrin qorunması işi hər bir respublikasının Nazirlər Sovetinə, o cümlədən vilayətin, ölkənin, rayonun zəhmətkeş deputatları Sovetinin İcraiyyə Komitəsinə tapşırıldı.

 

“Mədəniyyət abidələrinin mühafizə edilməsinə dair Əsasnamə”də qeyd olunurdu ki, elmi-tarixi və ya bədii əhəmiyyəti olan SSRİ ərazisindəki bütün mədəniyyət abidələri toxunulmaz ümümxalq malıdır və dövlət tərəfindən mühafizə olunur [7, s ].

 

 SSRİ Nazirlər Sovetinin aktına müvafiq olaraq Azərbaycan SSR Nazirlər Soveti 1948-ci il dekabrın 2-də “Mədəniyyət abidələrinin mühafizəsini yaxşılaşdırmaq tədbirləri haqqında" 1440 nömrəli qərar qəbul etdi. Bu qərarda, mədəniyyət abidələrinin mühafizəsinə, onların necə saxlandığına nəzarət etmək Naxçıvan Muxtar SSR Nazirlər Sovetinə, Dağlıq Qarabağ Vilayət İcraiyyə Komitəsinə, şəhər, rayon, kənd zəhmətkeş deputatları Sovetinin İcraiyyə Komitəsinə, arxeoloji və tarixi abidələrin qeydiyyata alınması, mühafizəsi, bərpası və bunlardan  istifadə olunması işlərinin təşkilinə rəhbərlik və nəzarət Azərbaycan SSR Nazirlər Soveti yanında Mədəni- Maarif Müəssisələri Komitəsinə (bir qədər sonra Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Mədəni-Maarif Müəssisələri İdarəsinə) tapşırılır və göstərilirdi ki, rəhbərlik üçün SSRİ Nazirlər Sovetinin 1948-ci il 14 oktyabr tarixli 3898 nömrəi qərarı ilə təsdiq edilmiş Əsasnamə qəbul edilsin.

 

 Bundan əlavə, həmin qərarda vurğulanırdı:

 

 “Nəzərə alınsın ki, SSR İttifaqı Nazirlər Soveti özünün 1948-ci il 14 oktyabr tarixli 3898 nömrəi qərarının 11-ci bəndi ilə  SSRİ Elmlər Akademiyasının  Rəyasət Heyətinə icazə vermişdir ki, mədəniyyət abidələrini mühafizə etmək üçün SSRİ Elmlər Akademiyasının, SSRİ Nazirlər Soveti yanında İncəsənət  İşləri Komitəsinin, müttəfiq respublikaların Nazirlər Soveti yanında mədəni-maarif idarələri komitələrinin nümayəndələrindən, habelə mədəniyyət abidələrini öyrənmək və bərpa etmək sahəsində ayrı-ayrı mütəxəssislərdən ibarət heyətdə elmi-metodiki şura yaratsın, mədəniyyət abidələrinin qorunması və öyrənilməsi, bərpa işlərinin elmi metodlarının təkmilləşdirilməsi və mədəniyyət abidələrinin elmi surətdə təsnif edilməsi işlərinə elmi-metodik rəhbərlik edilməsin həmin şuraya tapşırsın, bərpa işlərinin elmi metodlarını təkmilləşdirməyi və mədəniyyət abidələrinin elmi təsnifatını müəyyən etməyi həmin şuraya həvalə etsin” [9,  s 189-190].

 

Azərbaycan SSR Elmlər Akademiyasına belə bir Şuranın yaradılmasına “Azərbaycan SSR-də Mədəniyyət abidələrinin qorunması, bərpa edilməsi və öyrənilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1951-ci il 1 fevral tarixli 121 nömrəli qərarının  5-ci bəndi ilə verilmiş və qısa müddət ərzində elmi-metodiki şura yaradılmışdı [9,  s 535-536].  

 

Azərbaycan SSR Nazirlər Sovetinin 1950-ci il 27 mart  tarixli 376 nömrəli qərarı ilə “Azərbaycan SSR ərazisindəki arxeoloji və tarixi abidələrin uçota alınması, mühafizə edilməsi və saxlanılması qaydası haqqında” ayrıca  “Təlimat” təsdiləndi və burada uçota alınma, mühafizə və saxlanılma qaydaları ayrı-ayrı bəndlərlə verildi, eyni zamanada proseslərlə bağlı müvafiq qurumların vəzifələri birdaha göstərildi [17, s 18-25].

 

Bu qərarın ardınca Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti abidələrin qorunmasına diqqəti  yönəltdi və  abidələrin mühafizəsi, bərpası və tədqiqinin pis vəziyyətdə olmasını vurğulamaqla  özünün “Mədəniyyət abidələrinin mühafizəsi, bərpa edilməsi və öyrənilməsi haqqında” 1950-ci il 22 aprel tarixli 21 nömrəli protokolunu tərtib etdi.

 

Bir qədər sonra -  1951- ci ildə Azərbaycan SSR Ali Sovetinin“Mədəniyyət abidələrinin qorunması, bərpa edilməsi və öyrənilməsi haqqında” xüsusi qərarı qəbul edildi. Burada bir sıra mühüm tarixi əhəmiyyətə malik mədəniyyət abidələrinin, bəzi qəbirstanlıqların, məbədlərin və digər qədimi abidələrin dövlət orqanlarının nəzarəti altında saxlanılan əsər elan edilməsi qərara alınmışdı [ 7,  s 5].

 

 Bundan əlavə, “Azərbaycan SSR-də Mədəniyyət abidələrinin qorunması, bərpa edilməsi və öyrənilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1951-ci il 1 fevral tarixli 121 nömrəli qərarında göstərilirdi ki, “Arxitektura İşləri İdarəsi, İncəsənət İşləri İdarəsi və Azərbaycan SSR Nazirlər Soveti yanında Siyasi Maarif İdarələri Komitəsi mədəniyyət abidələrinin mühafizə olunmasını, bərpa edilməsini və öyrənilməsini yaxşılaşdırsın və mədəniyyət abidələrinin mühafizə olunması haqqında” SSR İttifaqı Nazirlər Sovetinin 1948-ci il 14 oktyabr tarixli 3898 nömrəli qərarı ilə təsdiq olunmuş Əsasnaməyə, arxeoloji və tarixi abidələrin uçota alınması, qeyd edilməsi və saxlanması qaydası haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 1950-ci il 27 mart tarixli 376 nömrəli qərarı ilə təsdiq olunmuş təlimata ciddi riayət olunsun”.

 

Eyni zamanda “Naxçıvan Muxtar SSR Nazirlər Sovetinə, DQMV İcraiyyə Komitəsinə, mədəniyyət abidələrinin yerləşdiyi rayon və şəhər icraiyyə komitələrinə bir vəzifə olaraq tapşırılsın ki, özlərinin gözətçi limitləri hesabına mədəniyyət abidələrinin mühafizə olunmasını və bunların saxlanmasına nəzarət edilməsini təmin etsinlər” [9 , s 535] .

 

Yuxarıda qeyd olunan hüquqi sənədlərdən görsənir ki, XX əsrin ortalarında  abidələrin qorunması sahəsində problemlər qalmaqda idi və hökümət vəziyyətin yaxşılaşdırılması istiqamətində gərəkən təşkilati və hüquqi addımları atırdı. Belə addımlardan biri 1952-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsinin (1959-cu ildən Azərbaycan SSR Nazirlər Sovetinin Tikinti və Arxitektura İşləri üzrə Dövlət Komitəsi)  tabeçiliyində “Xüsusi Elmi-Bərpa İstehsalat Emalatxanası”nın (indiki “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu) yaradılması olmuşdu. Məhz bundan sonra  abidələrin bərpası işi daha mütəşəkkil və xüsusi metodologiya əsasında aparılmağa başlanmışdı.

Əvvəllər memarlıq abidələrində bərpa adı ilə əsasən təmir işləri görüldüyündən ciddi nöqsanlara yol verilmişdi. Xüsusi Elmi-Bərpa İstehsalat Emalatxanasının yaradılması abidələrin elmi şəkildə bərpa olunmasında  müstəsna rol oynamağa başladı.

 

Emalatxana yaradıldıqdan sonra qısa müddət ərzində Şəkidə, Bərdədə, Mərdəkanda və Naxçıvanda bərpaya ehtiyacı olan abidələrin ölçülərini çıxararaq onların bərpa layihələrini hazırlamış, eyni zamanda bir sıra mühüm abidələrdə bərpa işlərini həyata keçirmişdir.

 

Xüsusi Elmi-Bərpa İstehsalat Emalatxanası işini Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyəti yanındakı “Abidələrin Mühafizəsi və Bərpası üzrə Elmi-Metodik Şura” ilə sıx əlaqəli şəkildə qurmuşdu. Elmi-Metodik Şuranın iclaslarında eskiz halında bütün bərpa layihələri, bərpa edilməli abidələrin əsas hissələrinin müfəssəl layihələri, abidələrin ətrafındakı zonaların abadlaşdırılması məsələləri müzakirə edilmiş, memarlıq abidələrinin layihəsi və bərpasının başlıca məsələlərinin həllində əsas istiqamətlər müəyyənləşdirilmişdir [8 s,  s 7].

 

Yuxarıda qeyd olunan bütün müsbət məqamlara baxmayaraq abidələrin qorunması sahəsində ciddi problemlər qalmaqda davam edirdi.  1957-ci ilin 23 aprelində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Soveti birgə iclas keçirdi və nəticədə «Azərbaycan  mədəniyyət abidələrinin öyrənilməsi, mühafizəsi, bərpası işinin vəziyyəti və yaxşılaşdırılması tədbirləri haqqında» Azərbaycan SSR Nazirlər  Sovetinin 1957-ci il 23 aprel tarixli 206 nömrəli qərarı qəbul edildi.

 

Bu qərarda Azərbaycanda mədəniyyət abidələrinin qeydə alınması, qorunması, müəyyən edilməsi, öyrənilməsi, bərpası və təbliğatı vəziyyəti kəskin tənqid edilir, yerli Sovetlərin mədəniyyət abidələrinin mühafizəsinə olan məsuliyyətsizlik münasibəti nəticəsində hələ də abidələrin dağıdılması (məlum olur ki, Mərəzə rayonunun Xillmilli kəndindəki karvansara, Bakının Binəqədi rayonunun Xocahəsən kəndindəki karvansara, Xaldan kəndindəki məqbərə, Quba rayonunun Aqbil kəndindəki məqbərə və digərləri nəzarətsizlikdən dağıdılmışdır S.Q ) hallarına rast gəlindiyi bildirilirdi.

 

Yeri gəlmişkən bildirək ki, vaxtikən bəzi tarixi tikililər ( XIII əsrə aid Bibiheybət məscid kompleksi, XIX əsrdə tikilmiş Aleksandr Nevski  kilsəsi və s.)  Sovet Hakimiyyət orqanları tərəfindən dinə qarşı mübarizə adı altında bilərəkdən  dağıdılmışdı.

 

1957-ci ildə müəyyən tarixi abidələr və muzeylər Azərbaycan Elmlər Akademiyasının nəzdindən Azərbaycan SSR Mədəniyyət Nazirliyinin nəzarətinə verildiyindən Mədəniyyət Nazirliyində “Muzeylər və abidələrin mühafizəsi” şöbəsi yaradılmış, həmçinin Xüsusi Elmi-Bərpa İstehsalat Emalatxanası da Mədəniyyət Nazirliyinin tabeçiliyində (1958-ci ildən) fəaliyyət göstərməyə başlamışdı.

 

Azərbaycan SSR Nazirlər Sovetinin 1957-ci il 23 aprel tarixli 206 nömrəli qərarında xüsusi toxunulan məsələlərdən biri də abidələrin siyahısının tərtibati ilə bağlı idi. Bununla bağlı qeyd olunurdu ki, yaşayış-memarlıq abidələrinin siyahısı dəqiqləşdirilməmiş və dövlət mühafizəsinə ehtiyacı olan bütün növ tarixi abidələrin siyahısının tərtibi üzrə işlər tamamlanmamışdır. Yalnız Azərbaycan SSR-də dövlət mühafizəsinə götürülmüş  memarlıq abidələrinin siyahısı təsdiq olunmuşdur. Buna görə qeyd olunurdu ki, Azərbaycan SSR Nazirlər Sovetinin tikinti Memarlıq İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan SSR Mədəniyyət Nazirliyi və Elmlər Akademiyası, bir ay müddətində dövlət tərəfindən qorunacaq arxitektura, xalq məskənləri, incəsənət, arxeologiya abidələrinin, mədəniyyət xadimlərinin qəbirlərinin siyahısının tərtibini başa çatdırsın və Azərbaycan SSR Nazirlər Sovetinin təsdiqi üçün təqdim etsin. Qeyd olunan tapşırığın icrası ilin sonunda mümkün oldu və Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1957-ci il tarixli 634 nömrəli qərarı ilə respublika üzrə 348 arxeoloji, 35 memarlıq abidəsi olmaqla cəmi 383 abidə dövlət mühafizəsinə götürüldü.

 

1957-ci il 23 aprel tarixli 206 nömrəli qərarda abidələrin siyahısının təsdiqlənməsi məsələsindən başqa aşağdakı tapşırıqlar verilmişdi :

  •  Bakı şəhərindəki Şirvanşahlar sarayı kompleksi, Nuxa (indiki Şəki) şəhərindəki Şəki xan sarayı, Qəbələ rayonunun Həzrə kəndi yaxınlığındakı məqbərələri olan “Nekropol” qoruq elan edilsin;
  •  Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət plan komitəsinə və Maliyyə Nazirliyinə tapşırılsın ki, illik planları tərtib edərkən aşağıdakılar nəzərdə tutulsun:
  1. Layihə təşkilatları vasitəsilə abidələrin layihələşdirlməsinə, həmçinin, mədəniyyət abidələrinin, qəbirüstü abidələrin və xatirə lövhələrinin qurulması və bərpasına vəsait;
  2. 1957-ci ildə xüsusi elmi-bərpa emalatxanasına lazımi avadanlıqları ayırmaq və s.
  • Azərbaycan SSR Maliyyə Nazirliyinə tapşırılsın 1957-ci ildə:
  1. Azərbaycan SSR Elmlər Akademiyasına Bakı şəhərindəki memarlıq abidəsi –Şirvanşahlar sarayının ölçmə-layihə və bərpa işlərinə 250.0 min rubl ayrılsın və s.
  • Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət plan komitəsinə və tikinti və memarlıq işləri üzrə Dövlət Komitəsinə tapşırılsın: tarixi abidələrin təhlükəsizliyini qoruyan işçilərə olan tələbat müəyyənləşdirilsin, bu zaman respublika üzrə qorunan obyektlərin varlığı və paylanması sərhədləri nəzərə alınsın.
  • Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət heyətinə tapşırılsın:

a. Mədəniyyət abidələrinin öyrənilməsi və təsnifatı mövzusu genişləndirilsin, bu sahədə  ekspedisiya işləri gücləndirilsin  və s.

  • Yerli partiya və sovet orqanlarından, mədəniyyət abidələrinin lazımı qaydada mühafizəsini təmin etmək üçün müvafiq tədbirlər görülməsi tələb olunsun.
  • Tikinti və torpaq işləri aparan bütün idarə və təşkilatların rəhbərləri mövcud olan tikintinin vəsaiti hesabına lazimi arxeoloji nəzarətə, işlər aparılan zaman tapılan tarixi-mədəni əhəmiyyətli əşyaların muzey fonduna verilməsi haqqında qaydalara ciddi əməl olunması barəsində xəbərdarlıq edilsin və s.

 

Bu illərdə abidələrin qorunması sahəsindəki vəziyyətin təhlili göstərir ki, siyasi qərarlar abidələrin qorunması üzrə görülən işlərin müsbət yöndə dəyişməsində xüsusi rol oynamışdır.

 

Belə ki,  abidələrin bərpa işlərinin yaxşılaşdırılması və sürətləndirilməsi üçün Xüsusi Elmi-Bərpa İstehsalat Emalatxanasının maddi-texniki bazası və kadr potensialının gücləndirilməsi istiqamətində tam olmasa da bir sıra mühüm işlər görülmüş, Azərbaycan SSRİ Nazirlər Sovetinin qərarları ilə “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi (1964), “Qobustan Dövlət Tarix Bədii Qoruğu” (1966) və “Yuxarı baş” Dövlət Tarix-Memarlıq Qoruğu (1967) yaradılmış, Möminə Xatun türbəsi, Yusif ibn Küseyr türbəsi, Şirvanşahlar sarayı, Bərdə məqbərəsi, Bakıdakı qala divarları, Şəki xan Sarayı, Mərədkanda dördkünc və dairəvi qala abidələrində bərpa işləri həyata keçirilmiş və digər tədbirlər görülmüşdür.

 

Respublika üzrə bütün növ abidələr dövlət mühafizəsinə götürülmədiyindən abidələrin yenidən təftişinə qərar verilmiş və nəticədə Azərbaycan SSR Nazirlər Sovetinin 2 aprel 1968-ci il tarixli 140 nömrəli qərarı ilə  abidələrin yeni siyahısının təsdiqlənmişdir.

 

Əvvəlki siyahidan fərqli olaraq bu siyahıda 368 arxeoloji, 591 memarlıq abidəsi olmaqla cəmi 959 abidə dövlət mühafizəsinə götürülmüş və abidələrin sayına görə  onların qorunması ilə  birbaşa 434 abidə mühafizəçisi məşğul olmuşdur.

 

(ardı var)


İstifadə olunmuş mənbələrin siyahısı:

 

  1. Azərbaycan Xalq Maarif Komissarlığı nəzdindəki Azərbaycan Arxeoloji Komitəsinin Nizamnaməsi //Azərbaycan Arxeoloji Komitəsinin xəbərləri.- 1925.- bur.1.- S.21-24.
  2. Azərbaycan dövri qədiminin öyrənilməsi [Mətn] : metodoloji məsələlərinə dair /İ. İ. Meşşaninov ; [Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu, Tarix-Etnoqrafiya Şöbəsi] Bakı: AETİ, 1930. 20 s
  3. Azərbaycan tarixi. Yeddi cilddə. VI cild (aprel 1920 - iyun 1941). Bakı. "Elm". 2008. 568 səh. + 48 səh. illüstrasiya.
  4. Azərbaycan SSR qanunları, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanları və Azərbaycan SSR Hökuməti qərarlarının xronoloji külliyyatı [Mətn] /Azərb. SSR Nazirlər Soveti yanında Hüquq Komissiyası ; [red. M. A. Həsənov] II cild 1936-1945. Bakı: [s. n.], 1961. 393 səh
  5. Azərbaycanın maddi mədəniyyəti [Mətn] /Azərb. SSR EA, Azərb. Tarixi Muzeyi ; [red. S. M. Qazıyev] Bakı: AzSSR EA, 1949. 157, [1] s.
  6. Abidələr danışır [Mətn] /Ə. V. Salamzadə ; [red. Ş. Ağayeva] Bakı: Uşaqgəncnəşr, 1952. 87, [5] s.: şək.,
  7. Azərbaycanın mədəniyyət abidələri haqqında [Mətn] /[ tərt. ed. H. Abdullayev, red. Q. Əhmədov] ; Azərb. SSR Mədəniyyət Nazirliyi Resp. Mədəni-maarif işləri metodkabinəsi, Bakı: [s. n.], 1954. 17, [1] s.
  8. Azərbaycan memarlıq abidələrinin bərpası [Mətn] : xüsusi elmi bərpa-istehsalat e'malatxanasının onilliyinə dair, 1952-1962-ci illər /Ə. A. Seyidov, V. Y. Qarnik ; Muzeylər və Abidələrin Mühafizəsi Şöbəsi.  Bakı: Azərnəşr, 1963. 45 s
  9. Azərbaycan SSR Qanunları. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanları və Azərbaycan SSR Hökuməti qərarlarının xronoloji külliyyatı (1946-1952); 6 cilddə, III c., Bakı:1963, 618 səh.
  10. Azərbaycan SRR Qanunları və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fərmanları Məcmuəsi, 1938-1963-cü illər., Azərbaycan SSR Ali Sovetinin Nəşri. Bakı 1963, 558 səh.
  11. Azərbaycanın memarlıq abidələri [Mətn] /Ə. V. Salamzadə ; [red. M. Nəcəfov]. Bakı: Azərnəşr, 1958. 91, [1] s.: ill.
  12. Azərbaycan arxeologiyası oçerkləri [Mətn] /T. Bünyadov ; [red. İ. Nərimanov, M. Müştaq]. Bakı: Azərnəşr, 1960. 236s.
  13. Azərbaycan Arxeologiyası. Altı cilddə, VI cild. Bakı,”Şərq-Qərb”, 2008, 632 səh
  14. Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası, İki cilddə, I cild. Bakı 2004, 440 s
  15. Azərbaycan tarixi. Yeddi cilddə. VI cild (aprel 1920 - iyun 1941). Bakı. "Elm". 2008. 568 səh. + 48 səh. illüstrasiya. S 379
  16. Bakı keçmişdə, indi və gələcəkdə [Mətn] /M. Katibli ; [red. H. Tağızadə] ; Azərb. SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyət. Bakı: 1961. 69, [3] s.: fotoşək., şək.,
  17. Bayramov A. Muzey sərvətlərinin ekspozisiyada mühafizəsi // «Mədəni-maarif», 1986, №4,, s.18-25
  18. Kərimov B.Azərbaycanda tarix-diyarşünaslıq muzeylərinin təşəkkülü və inkişafı tarixi. Bakı, 2008, «Ziya- Nurlan», 182 səh.
  19. Kərimov B. Azərbaycanda tarix-diyarşünaslıq muzeylərinin yaranması tarixindən / Azərbaycan Tarixi Muzeyi80, Bakı: “Elm”, 2001, səh. 34-39
  20.  Mustafayev A. Azərbaycanın maddi mədəniyyət tarixi. Bakı: «Bakı Universiteti» nəşriyyatı. 2009, 420 səh.
  21. Maddi-mədəniyyət abidələrinin əhəmiyyəti və mühafizəsi [Mətn] /C. Ə. Xəlilov ; [red. M. Müştaq]. Bakı: Azərnəşr, 1961. 56, [3] s.: şək.,
  22. Muzeylərə və abidələri mühafizə etməyə aid rəhbər materiallar / Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Respublika Mədəni-maarif işləri metod kabinəsi. Bakı, 1955, 77 səh,
  23. Q.C Əliyev., Ə.M Tağıyev., M.İ. Bayramov “Mədəniyyətşünaslığın əsasları. Bakı, 1999

 

       Rus dilində

 

  1. Известия Азербайджанского комитета охраны памятников старины, искусства и природы. Азкомстарис. Баку: 1927.- 270 с
  2. Краткий путеводитель [Текст]: наиболле известным памятникам древности и природы в  Азербайджана /Сост. В.М. Сысоев; АЗКОМСТАРИС Баку , 1930.47 с.
  3. Памятники Азербайджанской культуры [Текст] : Бакинский Дворец Ширваншахов /В. Н. Левиатов ; ред. Е. А. Пахомов ; Академия Наук СССР-Азербайджанский Филиал, Институт Истории. Баку: АзФАН, 1944. 52 c
  4. Сессия посвященная итогам археологических работ 1963 г.: тезисы докладов и сообщений /Академии Наук Азербайджанской ССР Институт Истории, Bakı: [s.n.], 1964. 36, [4] s
  5. Хронологическое собрание законов Азербайджанской ССР, Указов Президиума Верховного Совета и постановлений Азербайджанской ССР / Том I, 1920-1935 гг.Баку, 1959, 260 с, s.229

 

   

        Dövri mətbuat, məcmuələr:

  1. Azərbaycanın qədim tarixi: Abidələr haqqında //Qızıl qələm.- 1924.- №1.- S.11-16; №3.- S.13-15; №4.-  S.21-23
  2. Azərbaycanın qədim abidələri //Qızıl qələm.- 1924.- №3.- S.15-18.
  3. Klimov, A. Qədim abidələr /A.Klimov //Kommunist.- 1938.- 17 oktyabr.
  4. Hüseynov, Y. Tarixi abidələri diqqətlə qorumalı /Y.Hüseynov // Kommunist.- 1941.- 17 iyun
  5. Əliyev, M. Azərbaycanda qədim və orta əsrlərdə geoloji biliklərin və mədəni irsin tarixindən /M.Əliyev, M.Kaşqay //AzSSR EA-nın Xəbərləri.- 1955.- №7.- S.27-41. nov //Kommunist.- 1957.- 9 yanvar.
  6. Rzayev, N. Mədəniyyət abidələrinə diqqəti artırmalı /N.Rzayev //Ədəbiyyat və incəsənət.- 1957.- 12 may.- S.4.
  7. Aslanov, Q. Mədəniyyət abidələri öyrənilir /Q.Aslanov //Mədəni-maarif işi.- 1968.- №3-4.- S.48-51.
  8. Əliyev, M. İnqilabdan əvvəl Azərbaycan memarlığının öyrənilməsi tarixindən /M. Əliyev //AzSSR EA-nın Məruzələri.- 1971.- C.27.- №1.- S.76-80.
  9. Respublika ərazisində mədəniyyət abidələrinin vəziyyəti və onların qorunması tədbirləri haqqında Azərbaycan SSR Ali Sovetinin Qərarı //Kommunist.- 1973.- 13 iyul.- S.1; Ədəbiyyat və incəsənət.- 1973.- 14 iyul.- S.5-12.
  10. Qiyasi, C. Abidələri ellikcə qoruyaq /C.Qiyasi // Ə dəbiyyat və incəsənət.- 1973.- 13 oktyabr.- S.15.
  11. Mustafayev, A. Abidələr tədqiq olunur: [respublikamızda aparılan arxeoloji qazıntılar haqqında] /A.Mustafayev //Kommunist.- 1974.- 8 dekabr
  12. Haqverdiyev, T. Abidələr bərpa olunmalıdır /T.Haqverdiyev //Ədəbiyyat və incəsənət.- 1976.- 17 iyul.- S.6
  13. “Tarix və mədəniyyət abidəlrinin mühafizəsi onlarda istifadə haqqında” SSRİ Qanunu //Kommunist qazeti. 1976, 31 oktyabr,
  14. Mahmudov, R. “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında”: [AzSSR Ali Soveti Mədəniyyət Komis-siyasının sədri, deputat R.İ.Mahmudovun məruzəsi] /R.Mahmudov //Kommunist.- 1978.- 25 iyul.
  15. Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında”: Azərbaycan SSR qanununun qüvvəyə minməsi qaydaları barəsində Azərbaycan SSR Ali Sovetinin qərarının qəbul edilməsi haqqında //Kommunist.- 1978.- 28 iyul
  16. “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu: [1978-ci il iyulun 21-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin səkkizinci sessiyasında qəbul edilmişdir].- Bakı, 1978.- 35 s.
  17. Mədəni irsi qorumalı //Kommunist.- 1987.- 16 may.
  18. Məmmədov, X. Bizə varis demək olarmı? /X.Məmmədov, O.Hacıyev //Kommunist.- 1988.- 8 yanvar.
  19. Salamova, A. Memarlıq abidələrinin bərpası və onun bəzi problemləri /A.Salamova //Ə dəbiyyat və incəsənət.- 1981.- 20 fevral.- S.7.
  20. Azərbaycan KP MK-da və Azərbaycan SSR Nazirlər Sovetində: Azərbaycan KP MK və Azərbaycan Respublika Nazirlər Soveti Azərbaycan SSR-də şəhərsalma, arxitektura və arxeoloji abidələrin mühafizəsini, bərpasını və onlardan istifadə olunmasını daha da yaxşılaşdırmaq tədbirləri haqqında məsələ müzakirə etmişdir //Kommunist.- 1981.- 4 oktyabr.
  21. Hüseynov, R. Abidələr bərpa olunur: [Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Elmi Bərpa İstehsal İdarəsinin fəaliyyəti haqqında] /R.Hüseynov //Kommunist.- 1984.- 28 oktyabr
  22. Cəbiyev, Q. Abidələr, dağıntılar, qaydalar: [abidələrin bərpası və mühafizəsi haqqında] /Q.Cəbiyev //Azərbaycan gəncləri.- 1984.- 30 oktyabr.
  23. Mədəni irsi qorumalı: [tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydası] //Kommunist.-1987.- 16 may.
  24. Dövlət başçısı tarixi-memarlıq abidələrinin qorunmasını tələb edir //Azad Azərbaycan.- 2006.- 23 avqust.- S.1
  25. Kamil İBRAHİMOV, Mədəni dəyərlərə sadiqlik örnəyi // Azərbaycan.- 2018.-14 dekabr.- S.1; 6.

 

 

İnternet resursları:

54. İlham Əliyev Gəncədə “İmamzadə” dini kompleksində yaradılan şəraitlə tanış olub \ https://president.az/articles/17804

55. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu\ http://www.e-qanun.az/framework/25303

56. “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı\ http://www.e-qanun.az/alpidata/framework/data/30/f_30401.htm

57. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı \ http://www.e-qanun.az/alpidata/framework/data/28/c_f_28902.htm

51. “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı \ http://www.e-qanun.az/framework/2847

58. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı \ http://www.e-qanun.az/framework/43473

59. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında” \ Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı \ http://www.e-qanun.az/framework/44581

60. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının tarixindən: Aslan bəy Kriçinski və Xüsusi Komissiyanın fəaliyyəti haqqında \ http://milliarxiv.gov.az/az/azerbaycan-xalq-cumhuriyyeti-qurucularinin-tarixinden-aslan-bey-kricinski-ve-xususi-komissiyanin-fealiyyeti-haqqinda

61.   http://whc.unesco.org/en/statesparties/az/

62.   http://mct.gov.az/az/umumi-xeberler/10378

63.   https://icherisheher.gov.az/az/78-iceri-shere-xos-gelmisiniz

64.   https://www.azmiu.edu.az/pages/142

65. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu \ http://www.e-qanun.az/framework/3526

66.   Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların)    TƏSNİFATI / http://www.e-qanun.az/framework/41438

67.  Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) TƏSNİFATI  / http://www.e-qanun.az/framework/21781

68.  Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların   TƏSNİFATI / http://www.e-qanun.az/framework/23253

 

 

 

Seyran Quliyev
2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə ixtisasında təhsil almışdır. 2012-2016-cı illərdə Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasında “İdaretmənin sosiologiyası” ixtisasında təhsil almış ( hərbi xidmətdən qayıtdıqdan sonra) və “İdarəetmə əməyinin səmərəliliyi problemi” mövzusunda magistr işi yazaraq müvəffəqqiyətlə müdafiə edərək magistr dərəcəsi almışdır. 2018-ci ildən BDU-nun Fəlsəfə kafedrasının doktorantıdır. Müxtəlif elmi jurnllarda bir sıra məqalələrin ( “Tolerantlıq məsələsi, mövcud durum və Azərbaycan reallığı”, “Multikulturalizm və Azərbaycan reallığı”, “Azərbaycan mədəniyyətinin inkişafında mədəni irsin qorunmasının mühüm rolu” və s.) müəllifir. Hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində baş məsləhətçi vəzifəsində çalışır.