Yuxarıya
skip to main content

Azərbaycan ordusu və onun keçdiyi şanlı yol

26.06.2020

Bu il Azərbaycan ordusunun quruluşunun 102-ci  ildönümüdür. 1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin prioritet vəzifələrindən biri ölkənin təhlükəsizliyinin təminatçısı olan ordunu yaratmaq və formalaşdırmaqdan ibarət idi. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan etdi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti ilk mütəşəkkil hərbi hissəsinin - əlahiddə korpusun yaranması haqqında qərar verdi. Bu qərarla da Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunun yaratmasına hüquqi baza yarandı. Sonra ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında fərman imzalandı. Qısa müddətdə Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

 

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" ("Дикая дивизия") adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar. Cümhuriyyət Gəncəyə gəldiyi dövrdə 600 nəfərdən ibarət olan könüllü birliyi mövcud idi. Ordu quruculuğu sahəsində aparılan işlər nəticəsində 23 ayda  30.000 əsgərdən ibarət nizami ordu quruldu. Ordunun qurulduğu ilk vaxtlarda silah və hərbi sursat çatışmamazlığı mövcud idi. Şəmkir ərzisində yerli və ətraf ərzilərdə yaşayan əhalini narahat edən və aralarında ermənilərində olduğu Çar ordusuna aid hərbi qərargah yerləşirdi. Azərbaycan birlikləri Süleyman bəy Əfəndiyevin komandanlığında Qafqaz cəphəsindən qayıdan Çar ordusunun özbaşınalığının qarşısını almıaq məqsədi ilə Şəmkirdə çar qarnizonuna hücum edərək onları məğlub etmiş onların silah və sursat anbarlarını ələ keçirmişdi (1).

 

Azərbaycan höküməti ilə Osmanlı dövləti arasında 4 iyun 1918 ci ildə imzalan müqaviləyə əsasən Azərbaycana Qafqaz İslam Ordusu adı altında hərbi qüvvə göndərildi. Bu ordunun məramları arasında Azərbaycan ordusunun qurulmasına kömək etmək məsələsi də yer alırdı. Bu məqsəldə Azərbaycan höküməti və Qafqaz İslam Ordusu zabitlərinin təşəbbüsü ilə 1918-ci ildə Bakı işğalda olduğu vaxtlarda Gəncədə Azərbaycan ordusuna zabit yetişdirmək üçün 250 nəfərin təhsil aldığı Zabit-vəkili adlı hərbi məktəb açılmışdı. Məktəbə rəhbərlik Qazfaz İslam ordusu zabiti Atıf bəyə həvalə edilmişdi (2).

 

28 Fevral 1919-cu ildə saat 13:20-də keçirilən iclasında Hərbi Nazirlik və onun struktur və maaş büdcəsi müzakirə edilmişdi. Lahiyəni parlamentdəki hərbi kamisiyanın üzvü Qara Bəy Qarabəyov təqdim etmiş, daha sonra Hərbi Nazir Səməd bəy Mehmandarov çıxış edərək ordu quruculuğu sahəsində görülən işlər haqqında məruzə etmişdi. Azərbaycan ordusunun hərbi geyimləri üçün istifadə edilən parçalar Şuşadakı fabrikdə emal olunurdu. Azərbaycan ordusunun ilk rəsmi zəfəri Muğan və Lənkəranı azad etməsi idi (3). 1919-cu ilin sentyabrnda Çar Pokovniki Alekseyevin 500 süvari dəstəsi və altı bataryasına qarşı Azərbaycan ordusunun başlatdığı hərbi əməliyyata General Həbib bəy Səlimov rəhbərlik etmişdi. 19 sentyabr 1919-cu ildə Mehmandarov və Həmid Qaydabaşı tərəfindən imzalanan 420 sayılı əmirnamə əsasında əsasında həyata keçirilən hərbi plan zəfərlə nəticələnmiş Muğan və Lənkəran azad edilmişdi (4). Zəngəzur və Əskəran keçidi erməni Dro rəhbərliyindəki erməni birliklərinin hücumlarına məruz qalmşdı Azərbaycan hərbi nazirliyi tərəfindən Əskəran-Zəngəzur bölgəsinə 1919-cu ildə Cavad paşa Şıxlı komandanlığıda ordu qüvvələri göndərilmiş 3 aprel 1919-cu ildə Azərbaycan ordusunun başlatdığı hücumla 12-13 gün ərzində ərazilər ermənilərdən azad edilmiş,  eyni zamanda Şuşa və Xankəndi də bu hərakatla mənfur qüvvələrdən təmizlənmişdi. Bu qələbənin ardından Azərbaycan ordusu Bakıda 22 mart 1920-ci ildə hərbi parad keçirmişdi(5).

 

Antisovet üsyanlarının təşəbbüskarları Gəncədəki milli ordu qüvvələri oldu. Onlar Sovet hakimiyyətinin ilk ayında Qızıl Ordu hissələrinə qarşı silahlı çıxışlara başladılar. 1800 nəfərlik Gəncə qarnizonu mayın 28-dən 29-na keçən gecə üsyan qaldırdı. Üsyan Bolşevik ordusuna minlərcə itki verdirdi. Üsyançıların arasında görkəmli ictimai-siyasi xadimlər var idi: general-mayor Məmməd Mirzə Qacar, general-mayor Cavad bəy Şıxlinski, polkovnik Cahangir bəy Kazımbəyov qətlə yetirildi. Həbs edilmiş məşhur generallar Ə. Şıxlinski və S. Mehmandarov daha sonra N. Nərimanovun təkidi sayəsində azad edilsələr də, ümumilikdə onlara qarşı çıxan üsyançıları tutub XI Ordu qərargahına gətirirərək sorğu sualsız güllələndi. Gəncə üsyanından sonra və baş verən qətliamların fonunda Milli Ordunun Bərdədə yerləşən hissəsində əsgər və üsyançıların bəziləri gizlincə silahı atıb evlərinə və xaricə getsələr də, 4 nəfər zabit və 28 nəfər əsgər son qanlarına qədər döyüşməyə and içirlər. Gəncə üsyanını amansızlıqla yatırmış bolşevik ordusu artıq əsas qüvvəsini Qarabağ cəbhəsinə yönəltmişdi. İyunun 9-da Levandovski irimiqyaslı əməliyyata başlamaq haqqında əmr imzaladı. Şteygerin 32-si diviziyasına, zirehli avtomobil dəstəsinə, müsəlman-fəhlə dəstəsinə, Velikanovun 20-ci diviziyasının 1-ci briqadasına, Vodopyanovun 2-ci süvari korpusuna, Lunkeviçin aviasiya dəstəsinə Yevlaxdan və Bərdədən hücuma keçib, Tərtər-Lənbəran xəttini tutmaq tapşırıldı. Krivonosun 94-cü atıcı briqadası Gəncə-Şamxor yolunu kəsdi. Goran stansiyasına nəzarət gücləndirildi. Gorus tərəfdə isə Dronun və Njdenin daşnak dəstələri dayanmışdı. Beləliklə, üsyançıları Ağdamdan və Şuşadan çıxarmaq, Araza doğru sıxışdırıb məhv etmək planlaşdırılırdı.  

 

İyunun 10-da səhər saat 6-da əməliyyat başlandı. Həlledici rolu güclü sovet artilleriyası və xüsusilə Lunkeviçin aviasiya dəstəsinin bombardmanları oynadı. Azərbaycanlıların Şəki və Tatar alaylarının, kapitan Abdulla bəy Yansupovun dağ batareyasının qalıqları Ağdama tərəf çəkildi. Döyüşlərin 3-cü günü, iyunun 12-si axşam bolşeviklər Ağdama girdilər. Şəhərin sağ qalmış müdafiəçiləri İranla sərhəd Cəbrayıl qəzasına sıxışdırıldılar. Milli Ordu hissələrinin müqavimət gücünü itirdiyini bilirdi. Buna baxmayaraq ciddi müqavimətlə qarşılaşan bolşevik qoşunlarının Şüşaya çatması üçün daha 3 gün lazım oldu. XI Ordu hissələri iyunun 14-də Xankəndini tutdu, 15-də Şuşaya girdi. Qarabağda repressiyaların 2-ci, daha ağır dalğası, kütləvi həbslər, qətllər başladı. 15-16 iyun 1920 ci ildə Bərdədə, Şuşada, Ağdamda, Qaryagində iki həftədən çox davam edən döyüşlərdə Qarabağ dəstəsi şəxsi heyətinin 80 faizə qədərini itirdi. Sağ qalanlar son dəfə Arazın sahilində toplaşdılar. Burada Vətən bitirdi. "32-lərin dastanı” da sona yetirdi. Onlar silahlarını götürüb Arazı keçdilər, İrandan Türkiyəyə üz tutdular və orada Mustafa Kamal Paşanın ordusuna qoşularaq Türkiyənin istiqlal savaşında iştirak etdilər.

1920-ci il aprel ayının 28-si, saat 00:05 dəqiqə ikən 70 minlik XI Qırmızı Ordu, öndə "III İnternasional", daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samur çayı üzərindəki köprünü keçib, böyük qoşunla Anastas Mikoyan, Qəzənfər Musabəyov da Bolşevik süngüləri üzərində Azərbaycanda şura hökuməti qurmağa gəlirdi. Zirehli qatar Yalamaya üz tutur. Azərbaycan Ordusunun Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi altında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi stansiya yaxınlığında təslim olmağı qəbul etməyib Bolşeviklərlə döyüşə başlayıb. Zirehli qatarlardan fuqas mərmilərlə azərbaycanlı topçuların mövqeləri, pulemyot dzotları dağıdılır. Qatarların şrapnel mərmilər və pulemyot atəşi ilə dəstək verdiyi rus desantı hücuma keçir. Yalama qarnizonu bu hücuma iki saat davam gətirir. 300 döyüşçü son nəfəsinədək stansiyanı qoruyur. Sağ qalanlar partizan dəstələrinə qoşulmaq üçün geri çəkilir (6). Bolşeviklər döyüşdə ciddi itki verir. XI Qırmızı Ordunun məşhur komandirlərindən biri, 28-ci diviziyanın veteranı Nemıkin də bu döyüşdə ölür. 1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verilmiş, Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnmişdi(7). Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi. 1992-ci il Azərbaycan Müdafiə Nazirliyinin komandanlığının rəhbərliyi altında desant qoşunları yaradıldı və Xəzərdə hərbi donanmanın komplektləşdirilməsi başa çatmışdır.

 

Hələ XX əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycanda milli ordu quruculuğu prosesi, onun formalaşması ulu öndər Heydər Əliyevin adı və zəngin fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ordu quruculuğu, milli zabit kadrların hazırlığı məsələlərini daim önə çəkib. Azərbaycanda vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə təkrar hakimiyyətə qayıdışından sonra mümkün oldu. Başlanğıcını 1993-cü il noyabrın 2-dən - Ulu Öndərin xalqa müraciətindən götürən və hərb tariximizə Heydər Əliyevin müasir ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və vahid komandanlığa tabe olan hərbi birləşmələr nəinki Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldı, hətta Horadiz əməliyyatı ilə çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdi. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan edildi. Hər il xalqımız bu günü böyük təntənə ilə qeyd edir. Ulu Öndər bu fərmanı imzalamaqla tarixi həqiqətin və milli ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı. 1998-ci il iyunun 25-də Azərbaycan Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Ulu Öndər bu barədə deyirdi: "Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyini elan edən Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycanın Silahlı Qüvvələri, ordusu günü elan etmişik"
Ulu öndər Heydər Əliyevin  müasir Azərbaycan Ordusunun daha da qüdrətlənməsi istiqamətində apardığı böyük işlər dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir.

 

Azərbaycan ordusunun tarixində ən böyük silah anlaşması isə 2012-ci ildə baş tutub. Həmin ilin fevral ayında İsrailin Israeli Aerospace Industries (İAİ) adlı iri hərbi-sənaye şirkəti Azərbaycana pilotsuz kəşfiyyat təyyarələrinin ən yeni versiyalarının və ən müasir Hava Hücumundan Müdafiə Sistemlərinin satılmasına dair 1.6 milyard dollarlıq müqavilə bağlayıb. İsraildən düşmən hədəflərinə dəqiq raket zərbələri endirə bilən böyük pilotsuz kəşfiyyat təyyarələri “Heron”ların alınması, habelə hava və raket hücumundan etibarlı müdafiəni təmin edən HHM sistemlərinin alınması Azərbaycan ərazisini ballistik raket zərbələrindən müdafiəsini təmin etdi. 2008-2012-ci illərdə dövlət büdcəsindən ölkənin müdafiə qüdrətinin artırılması və silahlı qüvvələrin maddi-texniki təminatının yenilənməsinə 12 mlrd. ABŞ dollarından artıq vəsait yönəldib. Azərbaycan müdafiə sektoruna dövlət büdcəsindən yönəltdiyi vəsaitin həcminə görə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini 4 dəfəyə yaxın üstələyib. Ötən dövrdə əsas diqqət ordunun maddi-texniki təchizatının yenilənməsi, infrastruktrun yaradılması, hərbçilərin məvaciblərinin artırılması, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə yönəldilib. Bu dövrdə silah və hərbi texnikaların satın alınmasına dair Ukrayna, Rusiya, Belarus, Türkiyə, İsrail, CAR, Serbiya, Avstriya və s., hərbi məhsulların istehsalına dair Ukrayna, Belarus, Türkiyə, CAR, Polşa, İordaniya kimi ölkələrlə müqavilələr imzalanıb. Ordu “İldırım” və modernləşdirilmiş S-125, “РМ 70/85”, “Qasırğa”, “Ekstra”, “Polonez”, “LORA” və s. kimi zenit-raket sistemləri, S-31 “Vena”, “DANA”, “TOC-1A Solntsepyok”, “MSTA-S”, 2A 36 “Geasint” və s. kimi artilleriya və minaatan sistemləri, “SPAYK” və “XRİZANTEMA-S” kimi tankəleyhinə idarəolunan raket kompleksləri, Т-90S tankları, BMP-3, ZTR 82 А və s. kimi zirehli-döyüş texnikaları, “Super Muşşak”, L-39 təlim-döyüş təyyarələri, “BELL-412”, “MD-530” və “Mİ-35” helikopterləri, “АEROSTAR”, “HERON”, “ORBİTER”, yüzlərlə yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə pilotsuz uçuş aparatları (PUA), eləcə də açıqlanması məqsədəuyğun olmayan digər hərbi döyüş vasitələri ilə təmin olunub. Ən əsası isə bütün bu texnika və silahlardan peşəkarlıqla, bacarıqla, inamla, effektiv istifadəyə qadir olan Azərbaycan hərbçiləri də hazırlanıb. Bütün bunları gördükdən, bildikdən sonra əminliklə deyə bilərik ki, müasir silahlarla, texnoloji avadanlıqlarla təchiz edilən ordumuz qısa müddətdə döyüş vəziyyətinə gətirilməklə, günün istənilən saatında və istənilən iqlim şəraitində döyüş tapşırıqlarını maksimal səmərəli icra etmək gücünə və imkanına malikdir. Bunu 2016 ildəki aprel döyüşləri də sübut etdi. Beş günlük müharibə erməni mif və ütopiyalarını alt üst etdi. Erməni ordusu Qafqazın ən böyük ordusu qarşısında aciz qaldı.

 

Bölgədə ən qüdrətli orduya malik Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması, "Sülh Naminə Tərəfdaşlıq" proqramına qoşularaq hərbi təlimlərdə iştirak etməsi nizami ordumuzun NATO standartları səviyyəsində hazırlıqlı olduğunun göstəricisidir. Azərbaycan zabitlərinin beynəlxalq standartlara cavab verən xidmətlərinin beynəlxalq hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirilməsi hər bir azərbaycanlıda qürur hissi doğurur. Bu baxımdan, inamla demək olar ki, NATO ilə Azərbaycan arasında əməkdaşlığın getdikcə daha da güclənməsi ölkəmizdə orduya göstərilən diqqət və qayğının nəticəsidir. Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək, onların məişət şəraitini yaxşılaşdırmaq məqsədilə də mühüm layihələr icra olunur. Azərbaycan Ordusunun şəxsi heyətinin sosial şəraitinin yaxşılaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirilir. Əlverişsiz, köhnə hərbi hissələr daha müasir dünya standartlarına cavab verən  yeni  hərbi şəhərciklərlə əvəz olunur. Bəzi hərbi hissələrdə təmir-bərpa işləri aparılır. Bu da şəxsi heyətin döyüş, mənəvi-psixoloji və digər hazırlıqlarının artırılmasına güclü təkan verir.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgələrinə səfərləri zabit və əsgərlərimizin döyüş əzmini artırmaqla xalq-ordu birliyini daha da möhkəmləndirir(8).

 

Ordumuzun 2016-cı ilin aprelin əvvəllərində Dağlıq Qarabağda Lələtəpə yüksəkliyi və ötən ilin mayında Naxçıvanda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarında düşmən işğalında olan ərazilərimizin bir hissəsi, bəzi  strateji əhəmiyyətli yüksəkliklər azad edildi. 2018-ci ildə Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar Azadlıq meydanında keçirilən hərbi parad da ölkəmizin müdafiə qabiliyyətinin göstəricisi və dövlətimizin hərbi gücünün təsdiqi kimi tarixə düşdü. Azərbaycanda ordu dövlət üçün prioritetdir, ordu quruculuğuna fasiləsiz, dönməz diqqət vardır. Hərbi qulluqçuların vəzifə maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı bu diqqətin təzahürüdür. Son illərdə həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər, ən yüksək texnikalarla və qurğularla təchizat, ümumən hərtərəfli diqqət və qayğı şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsini nəzərəçarpacaq dərəcədə yüksəldib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır." Bu gün Azərbaycan Ordusu nəinki Cənubi Qafqazda, dünyada ən güclü ordular sırasındadır. Bu ordu torpaqları işğaldan tam azad etməyə qadirdir.

 

Əfqan Vəliyev

Sosial Tədqiqatlar Mərkəzinin Baş Məsləhətçisi

 

Əfqan Vəliyev
İstanbul Universitetinin Sosiologiya fakültəsinin məzunu, sosiologiya üzrə fəlsəfə doktoru Azərbaycada yeniləşmə və milliyyətçilik hərakatı (İstanbul-2005), Azərbaycan siyasi düşüncə tarixi, Mirzə Bala Məmmədzadə (İstanbul 2006) və Tarixdən günümüzə Azərbaycan (İstanbul 2009) adlı elmi əsərlərin müəllifi.