Yuxarıya
skip to main content

SSRİ-nin repressiya siyasəti: Azəbaycanda dini vəziyyət/ İNFOQRAFİKA

10.06.2020

SSRİ Nazirlər Soveti yanında Dini Ayin İşlər Şurasından öncəki dövrü əhatə edən 1950-ci illər xüsusilə şəhərlərdə daha çox dindarlığın səviyyəsinin artması ilə xarakterizə edilə bilər. Nəzərə çatdıraq ki, sözügedən dönəmin əvvəllərində dindarlığın səviyyəsindəki artıma  respublikada qeydiyyatsız fəaliyyət göstərən fərqli dini qruplar tərəfindən dini xidmətlərə görə məcburi yığımlara nəzarətin çətinliyi də təsirsiz ötüşmürdü. Məhz bu məqsədlə də təkcə 1954-cü ildə 391 kinoya 23 116, 1955-də isə 504 kinoya 35 250 insanı cəlb etmək mümkün olmuşdu. Eyni zamanda, kitabxanalarda Azərbaycan və rus dillərində siyasi və elmi ədəbiyyatlar, nəşrlərə rast gəlinirdi. Bunlara “Oqonek”, “Azərbaycan qadını”, “Azərbaycan kənd təsərrüfatı”, “Pioner” jurnallarını, rus dilində “Pravda”, Azərbaycan dilində isə “Gənc Orudubad işçisi”, “Azərbaycan bədən tərbiyəsi” qəzetlərini nümunə göstərmək olar. 1956-cı ildə müxtəlif mövzularda 24, 1957-ci ilin I rübündə isə 6 əsas kənd ev təsərrüfatı haqqında mühazirələr oxunmuşdu. Nehrəmdə ümumilikdə 60 kommunist, 100 komsomolçu, 50 fəal fəaliyyət göstərirdi. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin (ZMRİ) məlumatlarında Azərbaycan SSR-də 15 müsəlman cəmiyyətinin olduğu göstərilsə də, reallıqda 1954-cü ildə 28 dini icmadan 16-ı müsəlman cəmiyyəti idi. Məhz buna görə də xüsusi Şura rayon icraiyyə komitələrinə yalnız ZMRİ-nin məlumatlarına istinad etdiyi üçün irad tutur, onlara yerli sovet orqanları ilə birgə işləməyi təklif edirdi. Görülən tədbirlər və aparılan dini maarifləndirmə işləri gücləndirilsə də, dindarlığın səviyyəsində zəifləmə qısa dövr üçün aktuallığını qoruya bilmişdi. Belə ki, din əleyhinə olan ədəbiyyatların və ateist cəmiyyətlərinin sayı durmadan artırdı. Çünki savadsız mollaların yetişməkdə olan nəslin tərbiyəsini dini prinsiplər əsasında qurmaq və öz dini baxışlarını yaymaq cəhdlərinin qarşısını tamamilə almaq mümkün olmurdu. 1950-ci illərin əvvələrindən fərqli olaraq bu dövrün sonlarında ölkə ərazisində dindarlığın səviyyəsində müşahidə edilən yüksəlişin əsas səbəbi 1944-cü il mayın 19-da SSRİ Xalq Komissarları Sovetinin bütün yerdə qalan dinləri əhatə edən dini ayin işləri üzrə şuraların təşkil edilməsi haqqında 572 nömrəli qərarı ilə 1944-cü ilin iyulun 9-da Azərbaycanda yaradılan müvəkkilliyin sovet dövlətinin dini siyasətinin ardıcıl surətdə həyata keçirilməsinə dair fəaliyyətində sistemsizlik və çatışmamazlıqlardan qaynaqlanırdı. Sonradan həmin işi mərkəzləşdirmək məqsədilə SSRİ Nazirlər Soveti yanında Dini Ayin İşlər Şurasının yaradılması da bunu sübut edir. 

 

SSRİ-nin dinə qarşı amansız müharibə dövrü olaraq yadda qalan 1960-cı illərdə Azərbaycan SSR-də dindarlığın vəziyyətinin infoqrafik təhlili sovetin sözügedən prosesə nəzarəti baxımından bir sıra mühüm nəticələrə gəlməyə əsas verir. Bu dövr dinə nəzarət təkcə qanun, rayon icra orqanlarının yerlərdə fəaliyyəti, inzibati tədbirlərlə məhdudlaşmırdı, dindarlara qarşı kommunizmə xas təzyiq və güc xarakterli müxtəlif sərt qadağalar daha geniş vüsət almışdı. Yerli sovet orqanları təşkilatlarının kəskin tədbirləri nəticəsində məscid və ibadətxanaların binasının dəyişdirilməsi və dini təyinatından müxtəlif məqsədlər üzrə uzaqlaşdırılması sovet hökumətinin  antiislam siyasətinin mühüm hissəsinə çevrilmişdi. Belə ki, dini binaların böyük əksəriyyəti mədəniyyət, təhsil müəssisəsi, xəstəxana, uşaq baxçası və körpələr evi, zavod, çörək sexi, tipoqrafiya, yaşayış yeri, kinoteatr, baxça, idman zalı, fabrik, yüzlərlə məscid isə kolxoz ambar kimi istifadəyə verilmişdi. Ötən dövrlə müqayisədə 1960-cı illərdə inanclıların məscidə ziyarətlərində xeyli azalma müşahidə olunsa da, qeyd etmək lazımdır ki, 1950-ci illərin sonunda respublikada dindarlığın səviyyəsində (məscidlərə ziyarətlərin sayında) qeydə alınan artım 1960-cı illərin əvvəllərində də davam etmişdi. Bu artımı sonradan dövrün ortalarında azalma izləsə də, 1960-ci illərin sonlarına doğru analoji prosesi yenidən artım müşayiət etmişdi. Ən maraqlısı isə 1967-1968-1969-cu illərdə Qurban və Orucluq bayramı, eləcə də Aşurada məscidlərdə ziyarətçi sayında yüksəlişin pik həddə çatması ilə bağlıdır. Əslində, hər nə qədər paradoksal bir durum olsa da, bu yüksəlişin səbəbi birbaşa görülən proseslərə adekvat idi. Məhərrəmlik ayında xüsusən də Bakıda inanclıların evlərində matəm yığıncaqları əsasən ləğv edilmişdi, yalnız məscid olan rayon və şəhərlərdə yığıncaqlar keçirilirdi. Məhz bu halın məhərrəmlik ayı üçün daha xarakterik olduğunu nəzərə alsaq, Bakıda inanclıların şəxsi evlərində matəm yığıncaqlarının ləğv edilməsi dolayısı ilə insanların rayon və şəhərlərdə fəaliyyət göstərən məscidlərdə keçirilən yığıncaqlara axın etməsinə gətirib çıxarırdı. Buna baxmayaraq islamın ictimai əsaslarının zəiflədilməsində inzibati tədbirləri mətbuat və elmi-ateizmin izləməsi dinə qarşı dövlət səviyyəsində aparılan mübarizənin genişlənməsində mühüm rol oynayırdı. Sovet hökumətinin dinə qarşı mübarizə meydanında ən kəskin silahdan - mətbuatdan geniş formada istifadə etməsi nəticəsində bir sıra informasiya vasitələri ateizm təbliğatı sahəsində dövrün antidin siyasətinin tərkib hissəsinə çevrilmişdilər. Dinə qarşı mübarizədə və ateizm təbliğatında “Kommunist”, “Sovet kəndi”, “Abşeron”, “Məhsul” qəzetləri və “Kirpi” jurnalı ardıcıl fəaliyyətlərlə çıxış edirdilər.

 

Sovet hökumətinin antiislam mübarizəsinin intibah dövrü hesab edilən 1970-ci illərdə isə dinə qarşı mübarizə kampaniyasında mədəni-maarif müəssisələrinin ateist tərbiyəsinin müxtəlif forma və metodlarından istifadə etməsi, qeydiyyata alınmış mollalardan gəlir vergisinin tutulması siyasətinin sərtləşdirilməsi, sovet dini qanunvericiliyinə nəzarət məsələsində pozuntuların əksər hallarda məhkumluqla nəticələnməsi, 60-cı illərdən fərqli olaraq şəhər, rayon  icraiyyə komitələrinin dini qanunvericiliyə riayət edilməsi ilə bağlı nəzarət komissiyasının fəaliyyətinin yaxşılaşması xüsusən dövrün sonlarında dindarlığın səviyyəsində stabilləşmə ilə müşayiət edilmişdi. 70-ci illərin sonu 80-ci illərin əvvəllərində sovet hökuməti dinə qarşı növbəti kəskin kampaniyaya start vermiş, 1986-cı ildə islamın təsir gücünə qarşı mübarizənin gücləndirilməsinə dair qərar qəbul etmişdi. Belə ki, 1962-1985-ci illərdə Kirpi jurnalında ümumilikdə 115 felyeton dərc edilmişdi. 70-ci illərdə “Bakinski raboçi” və “Molodyoj” qəzetlərində Gəncə, Şamaxı, Mingəçevir və bir sıra rayonlarda mühazirələr oxunduğu barədə oxuculara məlumatlar verilirdi. Demək olar ki, bütün qəzetlərin başlıca tənqid hədəfinə çevrilən və fırıldaqçılıqla xalqı talayan mollalar lağa qoyulurdu. Bu mətbu nəşrlərdə ateist təbliğatının təsiri ilə bağlı məqalələr dərc edilir və dini qalıqlara qarşı mübarizənin vacibliyindən, islamın qalıqlarının təzahür formalarının aradan qaldırılmasından danışılırdı. Antiislam təbliğatı ilə bərabər, islamı gözdən salmaq üçün müasir islam ideologiyasının tənqidi mövzusunda mühazirələlər təşkil edilirdi. Respublikada dindarlığın qarşısını almaq üçün orucluq kampaniyasında elmi ateizm geniş təbliğ olunur, bunun üçün rayon mərkəzlərində içilərə “Din və elm”, “Pavlov irsi” haqda leksiyalar oxunurdu, kampaniya çərçivəsində kinoseansların verilməsi getdikcə daha davamlı xarakter alırdı.

 

İslamın ictimai əsaslarının zəiflədilməsi üçün elmi-ateizmi dinə qarşı dövlət səviyyəsində aparılan mübarizə siyasətinin əsas tərkib hissəsi sayan və dinsiz bir cəmiyyət qurmaq arzusunda olan sovet ideoloqlarının müsəlman dindarlar arasında elmi-ateizmi təbliğ etməsində iki məqsədi var idi:

- Birincisi, cəmiyyətdə dinə inamı azaltmaq və nəhayət bu yolla dinin təsir gücünü aradan qaldırmaq;

- İkincisi, vicdan azadlığı adı altında inanclı müsəlmanların dini duyğularının qarşısını almaqla Azərbaycan SSR-də dini həyatı nəzarətdə saxlamaq.

 

Sovet təbliğatının ən kəskin dövrü sayılan 70-ci illər üzrə apardığımız araşdırmalar çox mühüm yekun nəticələrə gəlməyə əsas verir. Sovet hakimiyyəti Azərbaycanda islama qarşı mübarizədə xeyli uğurlar əldə etmiş, rejimin sərt siyasəti nəticəsində məscidlər başqa binalara köçürülmüş, dağıdılmış, müsəlmanlar öz dinlərindən məcburi qaydada uzaqlaşdırılmışdı. Nəzərə çatdıraq ki, bu proses rayonlarla və kəndlərlə müqayisədə Bakıda daha kəskin hal almışdı. Sovet hakimiyyəti illərində kommunistlər islamı, onun ictimai əsaslarını tamamilə zəiflədə bilməsələr də, bütün səyləri bir araya gətirərək bu dini öz nəzarəti altına ala bilmişdilər. Buna baxmayaraq 70-ci illərin sonu 80-ci illərin əvvələrində dövlət səviyyəsində aparılan ateizm təbliğatı və görülən bütün inzibati tədbirlər Azərbaycanın bir çox yerlərində din xadimlərinin azalmasına, mollaların yox olmasına səbəb olsa da, müsəlmanların inancını tamamilə aradan qaldıra bilmirdi. Üstəlik, sovet hakmiyyətinin islam dininə qarşı amansız mübarizəsi nəticəsində dindarlığın səviyyəsi suni yollarla azaldılsa və müsəlmanların xeyli hissəsi dindən uzaqlaşdırılsa da, bütövlükdə, islamın ictimai əsaslarını kökündən sarsıtmaq cəhdləri sonuna qədər nəticə verməmişdi. Bu acı faktla üz-üzə qalan və Azərbaycan SSR-də dindarlığın səviyyəsini süni şəkildə azaltmağı özünün dövlət siyasətinin mühüm bir hissəsinə çevirən sovet hökumətinin antidin cəhdlərinin istənilən effektiv nəticəni vermədiyini bəzi faktlar da sübuta yetirir. Ateizm təbliğatının tüğyan etdiyi bir dövrdə - xüsusən də 1970-1980-ci illərdə bir sıra yerlərdə məscidlərin gizli şəkildə inşa edilməsi bunun bariz sübutdur. Belə ki, bəhs edilən dövrdə 4 məscid hələ də qeydiyyatsız fəaliyyətini davam etdirir, özünü molla kimi təqdim edən 407 insan isə din pərdəsi altında insanlara zərəli vərdişləri aşılamaqdan çəkinmirdilər. Buna 80-ci illərin əvvəllərində səlahiyyətli Şuranın işçiləri tərəfindən 24 rayon, 5 şəhədə aparılan genişmiqyaslı yoxlamalar da işıq salır. Apardığımız araşdırmalar göstərir ki, 1980-ci il 52 qeydiyyata alınmış, 47 qeydiyyatsız dini birlik və qrup sərbəst fəaliyyət göstərirdi. Eləcə də 400 müqəddəs yerdən 60-ı fəaliyyətini dayandırmışdı, ancaq yerdə qalanlarının fəaliyyəti isə lokal xarakter daşıyırdı. 1980-ci ildə cəmi 18 rəsmi qeydiyyata alınmış məscid müsəlmanlara dini xidmət göstərirdi. Xüsusilə qeyd etmək lazımdır ki, qeydiyyata alınmış məscidləri gündəlik 80-120, cümə günü 150-200, sünni məscidlərini isə (Balakən, Zaqatala, Şəki) 400-500 arası insan ziyarət edirdi. O da faktdır ki, qeydiyyatsız ruhanilər bir çox hallarda dini rituallardan öz mənfi məqsədləri üçün istifadə edir, xurafat və fanatizmin yayılmasında hələ də aktiv iştirak edirdilər. Bu mənada, o dövrdə dini ayinlərin yerinə yetirilməsinə görə, ruhanilərin gəlir vergisinə cəlb edilməsi fanatizm və xurafatçılıqla məşğul olan şarlatanlara qarşı əsas mübarizə metodlarından biri kimi önə çıxırdı.

Bir sözlə, rejimin bütün səylərinə və ateizm təbliğatının gücləndirilməsi siyasətinə baxmayaraq, Azərbaycan SSR-də insanların dini duyğularını onların daxilinə qovmaq sonuna qədər istənilən nəticəni verməmiş, statistikalardan  və infoqrafikadan da göründüyü kimi, dini bayramlarda və matəm günlərində məscidə gedən, dini ayinləri icra edən insanların sayında çox ciddi azalmalar nəzərə çarpmırdı. Bu isə o deməkdir ki, kommunistlərin bütün səylərinə baxmayaraq, SSRİ-də din əleyhinə təbliğatın aparıldığı çətin dövrlərdə belə islam dini müəyyən mənada öz mövcudluğunu qoruyub saxlaya bilmişdi. Bu kontekstdə sovet dövründə Azərbaycanda SSR-də dindarlığın vəziyyətinə dair apardığımız tədqiqat aşağıdakı mühüm nəticələrə gəlməyə əsas verir:

 

- SSRİ-nin dinə qarşı kəskin dövlət siyasətinə baxmayaraq islam və onun qaydalarının Azərbaycan SSR-də xalqın yaşamındakı mərkəzi mövqeyi olduqca güclü idi.

- Azərbaycan SSR-də islamın şiə və sünni qoluna mənsub əhali arasında dindarlığın səviyyəsinin yüksək olması da dindarlığın səviyyəsinə təsirsiz ötüşmürdü.  

- Qeydiyyatsız dini müsəlman birliklərinin sayı çox idi və ən əsası bu birliklərin əhaliyə, xüsusilə dindar kəsimə təsiri güclü olaraq qalmaqda idi.

- Üstəlik, islam dini öz təsirini təkcə daxildə deyil, eləcə də ölkə hüdudlarından kənara da daşıya bilirdi. SSRİ-nin müsəlman təşkilatları o dövrdə dünyanın əksər ölkələrinin dini təşkilatları ilə əməkdaşlıqda bir sıra uğurlara imza atmışdılar.

- Sovet dövründə 70-ci illərin sonlarında belə respublika ərazisində müqəddəs yerlərin, həmçinin qeydiyyatsız din xidmətçilərinin böyük əksəriyyəti müsəlmanlara məxsus idi.

- Sovet hökumətinin əhalini dindən uzaqlaşdırmaq məqsədilə dini birliklərinin ruhaniləri ilə tez-tez görüşlərin keçirirməsinə dair tapşırıqların təkrarlanması o dövr islamın ideoloji-siyasi təsir gücünün effektivliyindən xəbər verirdi. Sovet hakimiyyətinin xüsusilə də müsəlman ruhaniliyinin fəaliyyəti üzərində total nəzarəti məhz bu amildən qaynaqlanırdı.

 

Beləliklə, sovet hakimiyyətinin islama, islami dəyərlərinə qarşı apardığı kəskin mübarizə siyasəti dindarlığın vəziyyətində ök əskini tapsa da və onun hüdudlarını müəyyən dövr üzrə məhdudlaşdırsa da, bütövlükdə islamın mövqeyini tamamilə sarsıda bilməmişdi.


http://stm.az/publications/meqaleler/azerbaycan-ssr-de-din-ve-yeni-urann-yaradlmas-zerureti-birinci-dnembirinci-yaz

http://stm.az/publications/meqaleler/ssri-dinden-ne-isteyirdi-ikinci-yaz-aradirma

http://stm.az/publications/meqaleler/ssri-de-din-xofu-ucuncu-yaz-aradirma

http://stm.az/publications/meqaleler/ssri-de-din-xofu-drduncu-yaz-aradirma

http://stm.az/publications/meqaleler/sovet-hkumetinin-anti-din-siyasetinin-hedefleri-beinci-yaz-aradrma

http://stm.az/publications/meqaleler/ssri-de-dini-fanatizme-qarshi-mubarize-metodu-yeddinci-yazi-arashdirma

http://stm.az/publications/meqaleler/70-ci-illerde-ssri-de-dini-ayinlerin-icras-ile-bal-qaydalar-sekkizinci-yazaradrma

Aygün Yusibova
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi məzunudur. Tədqiqat sahələri Qarabağ, sülh quruculuğu, ictimai-siyasi mövzuları əhatə edir. Müvafiq sahələr üzrə tədqiqatların, elmi araşdırma və məqalələrin müəllifidir.