Yuxarıya
skip to main content

Şuşamızı və dahi Bülbülü xatırlayarkən...

05.06.2020

Giriş

 

İngilis filosofu, empirizmin banisi Frensiz Bekon qeyd edir: “Bizə elə gəlir ki, insanlar həm öz qabiliyyətlərini, həm də güclü cəhətlərini doğru dəyərləndirmirlər: birincilər şişirdir, ikincilər isə kiçildirlər”. Biz xalq olaraq eqoist deyilik. Çünki xalqımızın istedadlı insanlarının sayı-hesabı yoxdur. Bəlkə də buna görə, bir çox hallarda təvazökarlıq etməyə üstünlük veririk. Deyirlər ki, dahiləri zaman və mühit yetişdirir. Dahi sənətkarların və xalq təəssübkeşlərinin dünya miqyasında tanınmasına meyil göstərmirik. Lakin mədəniyyət, incəsənət, təhsil, idman və kulinariya çoxdan böyük siyasətin tərkib hissəsinə çevrilib, “Yumşaq güc” elementləri hesab olunur. İncəsənət sahəsində məşhur ermənilər — Şarl Aznavur, Aram Xaçaturyan, Arno Babadjanyan, Civan Qasparyan, Serj Tankyan və digərləri ölkələrinin tanınması üçün hər vasitəyə əl atmaqdan çəkinmirdilər, elə indi də bu siyasət davam etdirilir. Burada qondarma “erməni soyqırımı” məsələsi də onlar üçün prioritet təşkil edir.

Azərbaycan torpağında müsəlman Şərqində ilk yazıçı, dramaturq, jurnalist, bəstəkarın meydana gəlməsindən başlanan milli özünüdərk yolu tarixdə Azərbaycan adlı ilk şərq respublikasının yaranmasına doğru vüsətlə yüksəlib. Bu şərəfli yolda tale Bülbülə də novator sənətkar olmaq qismətini yazıb və üzərinə düşən şərəfli missiyadan o, əsl qalib – müqtədir sənətkar qismində çıxıb.

Bizim dahi sənətkarlarımızın irsini tədqiq etmək, onların sənət yoluna işıq salmaq bizim həm mənəvi borcumuz, həm də ümdə vəzifəmizdir. Müasir Azərbaycan peşəkar musiqi sənətinin inkişafında əvəzsiz xidmətləri olan böyük şəxsiyyət Bülbül, həm də mahir pedaqoq, folkloru musiqisinin tədqiqatçı və dövlət xadimi idi. Bu məqalədə Azərbaycanın və bütün dünyanın Bülbülünün ictimai-siyasi fəaliyyətinə qısa şəkildə nəzər salmağa çalışacağıq.

Bütün dünyanın Bülbülü

Azərbaycanın opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti (1938), Stalin mükafatı laureatı Bülbülün fəaliyyəti çoxşaxəlidir. Tam adı Murtuza Məşədi Rza oğlu Məmmədov olan Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olub. [6, s. 6] Hələ kiçik ikən öz məlahətli səsi, zəngulələri ilə hamıdan seçilən, bülbülləri yamsılayıb onlar kimi cəh-cəh vuran Murtuzanı el içində “Bülbül” adlandırıblar. Sonralar elə bu adla məşhurlaşan sənətkarın əsl adı unudularaq, onu yalnız körpəlikdən tanıyanların yaddaşında qalıb. Şuşanın tanınmış xanəndələri ilə daim ünsiyyətdə olan, onlardan musiqini, təsnif və muğamları öyrənən Bülbül artıq yeniyetmə yaşlarında nəinki Zaqafqaziyada, hətta Orta Asiyada da tanınır, sevilirdi.

Professor (1940), ictimai xadim Bülbül böyük və gərgin yaradıcılıq yolu keçib. Bülbül dünya vokal təcrübəsində təkraredilməz fenomen sayılır. Spesifik Şərq oxu tərzindən Avropa oxu məktəbinə keçmiş ilk azərbaycanlı vokalçı Bülbüldür. O, Azərbaycan milli oxuma sənətinin ən layiqli üsullarını rus və Avropa məktəbi ilə birləşdirərək Azərbaycanda yeni vokal məktəbi yaradıb. Bu məktəb nəinki Azərbaycanda, keçmiş SSRİ məkanında, həmçinin Yaxın və Orta Şərq ölkələrində də vokal sənəti sahəsində öz mühüm təsirini göstərib [5]. Azərbaycan musiqi incəsənətinin inkişafı tarixində Bülbül yaradıcılığı ayrıca bir səhifədir. O, nəhəng diapazonlu səsə, nadir istedada malik əvəzsiz bir sənətkardı. Bülbül milli musiqi incəsənətimizdəki bütün mütərəqqi yeniliklərin ilk təşəbbüsçüsü və yorulmaz təbliğatçısı olub.

İlk” sözü onun bütün yaradıcılığından qırmızı xətlə keçir.  I Ümumittifaq vokalçıların Moskvada keçirilən müsabiqəsinin ilk azərbaycanlı  laureatı Bülbül olub. O, bütün müsəlman aləmindən İtaliyada təhsil almağa gedən ilk azərbaycanlı tələbədir. Bülbülün müasirləri olan rus vokal incəsənətinin tanınmış nümayəndələri Sobinov və Kozlovskinin Fiqner, Şalyapin kimi sələfləri olduğu halda, onun klassik opera ənənələri əsasında azərbaycanlı sələfləri olmayıb. O, Azərbaycan vokal sənətində heç kimin getmədiyi naməlum bir yolda yeni cığır açmışdır. O cığırla bu gün Azərbaycanın bütöv vokalçılar ordusu irəliləyir. Azərbaycanın vokal sənəti öz nadir, təkraredilməz korifeyini Bülbülün şəxsində tapmışdı.

Bülbülün nadir gözəlliyə malik təkrarsız ifa tərzi, səsi yavaşıdıb tədricən gücləndirmək bacarığı, yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyəti barədə bütün millətlərin görkəmli musiqi xadimləri çox yazıblar: A.Qoldenveyzer, İ.Kozlovski, S.Lemeşev, D.Şostakoviç, V.Barsova, R.Oliyer, Riçard Vero, N.Xerle, O.Dimitriadi, M.Əşrəfi, Q.Qulam, M.Tursunzadə, V.Solovyev-Sedoy, Q.Qarayev, F.Əmirov, T.Quliyev – demək olar ki, ölkənin bütün musiqişünasları və bəstəkarları Bülbül haqqında dəyərli fikirlər söyləyiblər.  

Bülbülün yaratdığı bütün obrazlar həmişə yüksək professionallıqla seçilmişlər. Koroğlu obrazı Bülbül yaradıcılığında xüsusi olaraq seçilir. Bülbül haqqında yazanların bəziləri hər dəfə xüsusi qeyd edirlər ki, Koroğlu Bülbül yaradıcılığının zirvəsidir. Unudurlar ki, Bülbül hələ Koroğluya qədər iyirmi yeddi il idi ki, Bülbüldü. Və Koroğludan sonra da iyirmi üç il Bülbül olaraq qalmışdı. 1959-cu ildə Moskvada İkinci Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadası keçirilirdi. Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Xalq artisti, bəstəkar V.P.Solovyov-Sedoy yazırdı: “Mən “Koroğlu” ilə Moskvada keçirilən Birinci Azərbaycan İncəsənəti Dekadasında tanış oldum. SSRİ Xalq artisti Bülbül məni ürəyimin dərinliklərinə qədər həyəcanlandırdı. İndi o, Koroğlu partiyasını iyirmi il bundan əvvəl olduğu kimi yaxşı ifa edir. Misilsiz səs, gözəl aktyor ustalığı onda olduğu kimi də qalmışdır”.

1938-ci ildə Moskvada Azərbaycan incəsənətinin ilk dekadası keçirildi. Bu günlərdə paytaxt qəzetlərinin səhifələrində Bül-Bülün gözəl səsi və sənətkarlıq bacarıqlarına dair müxtəlif yazılar dərc olunurdu. Onun yaradıcılığını K.Stanislavski, S.Samosud, A.Nejdanova, İ.Kozlovskiy, S.Lemeşev, S. Prokofyev, D. Şostakoviç kimi görkəmli sənətkarlar tərəfindən yüksək qiymətləndirilmişdir. Bu günlərdə, Azərbaycan vokal sənətinin inkişafındakı böyük xidmətlərinə görə Bülbül SSRİ Xalq artisti adına layiq görülür [4].

Bülbül, nadir, təkrarolunmaz, misilsiz səsə, artistik məharətə, sənətkar dahiliyinə görə daim sevilir. Bülbül sənətinin “sirrləri” hələ tam açılmamışdır. Mədəniyyətin gələcək inkişafı keçmişin mədəni irsi üzərində qurulduğundan, Bülbülün heyrətamiz, genişmiqyaslı, çoxcəhətli fəaliyyəti bizim üçün böyük dəyər kəsb edir. Ümummilli liderimiz Heydər Əliyev Bülbülün yaradıcılığını Azərbaycanın ən böyük sərvəti kimi dəyərləndirmiş, onu “mili qürurumuz” adlandırmışdır. 1976-cı ildə məhz ulu öndərin şəxsi təşəbbüsü ilə musiqişünas-alim, pedaqoq, vətənpərvər və fədakar insan, novator, bir sıra dövlət mükafatları laureatı Bülbülün Memorial muzeyi yaradılmışdır. Onu da qeyd edək ki, bu muzey ölkəmizdə vokalçı üçün yaradılan ilk muzeydir. Bu gün muzeydə Bülbülün yaradıcılığı, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyəti haqqında 8000-dən artıq material və sənədlərin əsli toplanıb. Muzeyin fondlarında toplanmış və ekspozisiyasında nümayiş etdirilən materiallar Bülbülün yarım əsrdən artıq müddətdə parlaq istedadını musiqi sənətinin inkişafına həsr etdiyini əyani şəkildə göstərir [3, s. 88-89]. Azərbaycan KP MK-nın və  Respublika Nazirlər Sovetinin 16 iyun, 223 saylı qərarına əsasən 10 iyun 1982-ci ildə Bakıda Bülbülün Memorial Muzeyi açılmışdır. Eləcə də Şuşada, Bülbülün doğulduğu evdə bu muzeyin filialı yaradılmış və əfsuslar olsun ki, məlum səbəblərdən 1992-ci ildə onun fəaliyyəti dayandırılmışdır. Muzey – sahəsi 75 kv.m. olan 4 ekspozisiya otağından ibarətdir. Üç otaq memorial olaraq saxlanılmışdır, biri sərgi otağıdır. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci il sentyabrın 26-dək yaşayıb-yaratmışdır.

Böyük yolun başlanğıcı - Şuşadan Milana doğru...

1924-cü ilin yay tətilində Bülbül İtaliyaya gedir. Dünya şöhrətli La Skala teatrı ilə tanışlıq, bir sıra ustad vokalçılarla məşğələlər ona böyük təsir bağışlayır. Bülbül orada qəti qərara gəlir: Bakı Konservatoriyasını bitirdikdən sonra İtaliyada ixtisası artırmaq lazımdır. 1927-ci ildə Konservatoriyanı müvəffəqiyyətlə bitirən Bülbülün uğur və həvəsini görən Azərbaycan höküməti onu İtaliyaya, Milan şəhərinə biliyini təkmilləşdirmək üçün dörd illik ezamiyyətə göndərməyi qərara aldı. Bu, Bülbülə iki məktəbin sintezini – dünya sənəti və milli sənətin ən yaxşı nailiyyətlərinin üzvi birləşməsini yaratmaq arzusunu həyata keçirməyə imkan verdi [7]. O, nüfuzlu pedaqoqlar – Cüzeppe Anselmi, Delli Ponti və Rafaello Qranidən dərs alır. Milan ona qüdrətli opera ifaçılarını böyük səhnədən canlı surətdə eşitmək, onların ustad dərslərində, məşqlərində iştirak etmək fürsətini bəxş edir

Bülbül xatirələrində yazırdı: “Mən uzun müddət inadla oxudum. Maestro Qraninin məşğələləri mənə çox böyük fayda verdi. O öz tələbələrinə çox dəqiq şəkildə izah edirdi, mən də səylə onları yerinə yetirirdim. Mən vokal ədəbiyyatının öyrənilməsinə çox vaxt sərf edir, vokal sənəti və oxuma üsulu barədəki zəngin ədəbiyyatla, əsərlərlə tanış olur, vaxtımın çoxunu kitabxanalarda keçirir, müxtəlif oxuma məktəblərini öyrənirdim. Mən tamaşa və konsertlərdən də çox öyrənirdim. Dünyanın bütün məşhur müğənnilərinin iştirak etdikləri bir tamaşanı belə ötürmədim, Vaqnerin “La-Skala” teatrında göstərilən “Nibelunqlar üzüyü” trilogiyasının bütün tamaşalarına baxdım. Məşhur dirijor A.Toskanininin iştirakilə olan tamaşaların birini də ötürmədim. Təəssüf ki, Toskanini 1928-ci ilin axırında İtaliyanı tərk etməyə məcbur oldu. Mən Toskanininin İtaliyadan qaçmalı olduğu həmin tamaşa vaxtı da teatrda idim. Tamaşadan əvvəl faşist himnini çalmaqdan imtina etdiyinə görə bu məşhur dirijor ölkədən qaçmağa məcbur olmuşdu.

Üç dəfə Veronaya getdim, orada açıq meydançada ikiaylıq yay mövsümü təşkil olunurdu, burada dünyanın məşhur müğənnilərinin iştirak etdiyi “Faust”, “Karmen”, “Məzhəkəçilər”, “Kənd şərəfi” operalarını dinlədim. Ən yaxşı simfonik və kamera konsertlərini dinləyirdim. İtaliyaya qastrola gəlmiş Fyodor Şalyapinə 14 dəfə qulaq asdım. Böyük rus artistinin iştirak etdiyi tamaşalar mənim üçün böyük məktəb, yaradıcılıq laboratoriyası oldu. O, baş registrdən sinə registrinə, sinədən başa, geniş səsdən dara, dardan genişə çox asanlıqla keçirdi və bu məni heyrətləndirirdi. Mən hələ onun hərtərəfli obraz yaratmaq, əsərin ideyasını açmaq məharətindən, nadir qabiliyyətindən danışmıram...” Beləcə, İtaliya Bülbülün opera müğənnisi kimi formalaşmasında, püxtələşməsində həlledici mərhələ oldu. Burada 1931-ci ildə çıxan “Arte nostra” jurnalı “Azərbaycanlı Bülbül” məqaləsində onun haqqında müfəssəl məlumat da dərc etmişdi. Məqalədə deyilirdi: “Bülbül müsəlman aləmindən İtaliyaya gəlmiş ilk vokalçıdır, o, spesifik Şərq oxumasından Avropa oxuma məktəbinə keçmişdir və maestro Rafaele Qrani Bülbülün italyan oxuma məktəbinə, dərsdemə üsuluna mükəmməl yiyələndiyini etiraf etdikdən sonra Bülbül vətəninə qayıtmağa tələsir ki, Avropada topladığı bilikləri öz xalqına versin, öz arzusunu – iki məktəbin sintezini həyata keçirsin. Bu cür sintezin gözəl sübutu Bülbülün öz yaradıcılığıdır”.

Bülbül Avropanın müxtəlif səsyazma, habelə konsert fəaliyyəti ilə məşğul olan şirkətlərindən çoxlu təkliflər almağa başladı. Əlbəttə, bütün bunlar çox cəlbedici idi, lakin Bülbül böyük arzularını gerçəkləşdirmək üçün Vətənə, canı, qanı ilə bağlı olduğu doğma yurduna tələsirdi. Bu illər axtarış və kəşflərlə dolu illər idi.

Bülbüllə bağlı xarici milli kitabxanalarda saxlanılan ədəbiyyat

Dahi sənətkarların, aydınların və böyük şəxsiyyətlərin dünya miqyasında tanınması və onlara istinad olunması üçün ən önəmli məsələ bu şəxslər haqqında yazılmış ədəbiyyatların tanınmış kitabxanalarda saxlanılmasıdır. Sevindirici haldır ki, dahi Bülbül haqqında məlumatları dünyanın ən tanınmış kitabxanalarında tapmaq mümkündür. Bülbül haqqında məlumatlarla ABŞ Konqress Kitabxanası (www.loc.gov), ABŞ İndiana Universitetinin Kitabxanası (www.indiana.edu), ABŞ Wisconsin-Madison Universitetinin Kitabxanası (www.wisc.edu), Almaniyada “Gemeinsamen Bibliotheksverbundes Verbundzentrale” (Ümumi Kitabxana Assosiasiyasının Kitabxanası) (www.gbv.de), Çikaqo Universitetinin Kitabxanası (www.uchicago.edu), Fərabi adına Qazaxıstan Milli Universitetinin kitabxanası (www.kaznu.kz), Harvard Universitetinin Kitabxanası (www.harvard.edu), Qazaxıstan Milli Kitabxanası (www.nlrk.kz), Kipr Dövlət Universitetinin Kitabxanası (www.ucy.ac.cy), Latviya Milli Kitabxanası (www.lnb.lv), Los-Anceles şəhərindəki Kaliforniya Universitetinin Kitabxanası (www.calstatela.edu), Ohayo Dövlət Universitetinin Kitabxanası (ohio.edu), Polşa Milli Kitabxanası (www.bn.org.pl), Türkiyə Milli Kitabxanası (www.mkutup.gov.tr) və Ukrayna Milli Kitabxanasında (www.nbuv.gov.ua) rahatlıqla tanış olmaq olar [2 s. 302-307].

Stalinin minnətdarlıq teleqramları...

 

Böyük Vətən müharibəsi illərində Bülbül hərbi hissələrdə və hospitallarda mədəni xidmət sahəsində öz gərgin, fövqəladə, şərəfli işini davam etdirir, Zaqafqaziya və Bryansk cəbhələrinə konsertlər verməyə gedirdi. 1942-ci ilin ağır iyul günlərində, alman işğalçıları Bakıya can atdığı vaxt, Bülbül Zaqafqaziya cəbhəsində 44-cü orduda idi, bədii-konsert briqadasına rəhbərlik edirdi. Briqadaya Səid Rustəmov, Qurban Pirimov, Ələsgər Ələkbərov, Zülfü Adıgözəlov, Leyla Bədirbəyli, Sara Qədimova daxil idi. Bülbül deyirdi: “Vətənimizin müdafiəçiləri böyük məhəbbət və hörmətə layiqdirlər. Biz də elə çıxış etməliyik ki, onlar bu məhəbbət və hörməti hiss etsinlər”.

Bülbül yorulmadan, aramsız oxuyurdu. Düşməni məğlub edən döyüşçülər haqqında, vətənə sonsuz məhəbbət, müqəddəs vətənpərvərlik, azadlıq və müstəqillik haqqında, doğma yurdda qalıb, qalib əsgəri gözləyən qız haqqında, vətənini qorumağa gedən oğluna xeyir-dua verən qoca ana haqqında oxuyurdu. Bülbül bircə hərbi hissəni də, bircə səhra hospitalını da yaddan çıxarmadı.

Bülbül hospitallarda, hərbi hissələrdə, arxa və ön cəbhələrdə yüzlərlə konsert vermişdi. Bülbülün mahnıları döyüşə səsləyirdi, əsgər və komandirləri  qələbəyə ruhlandırırdı.

İkinci Dünya müharibəsi illərində sovet incəsənəti xalqın mənəvi səfərbərliyi sahəsində qüdrətli vasitə idi. Bütün ölkə kimi, Bülbül də “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə yaşayır və yaradırdı. Vətənin ağır günündə Bülbül şəxsi vəsaitindən 200 min manat pulu müdafiə fonduna, tank dəstəsi fonduna və cəbhəçilərin uşaqlarına kömək fonduna verdi.

Nəhayət, Ali Baş komandan Bülbülün adına iki hökumət teleqramı göndərir: “Yoldaş Bülbül, Qızıl Ordunun zirehli tank qüvvələrinə qayğınıza görə mənim salamımı və Qızıl Ordunun minnətdarlığını qəbul edin” (1943); “Cəbhəci ailələrinə göstərdiyiniz qayğı üçün, yoldaş Bülbül, Sizə və Sizin xanımınıza təşəkkür edirəm. Mənim salamımı və Qızıl Ordunun minnətdarlığını qəbul edin” (1944) – İ.V.Stalin.

Bülbül 1943-cü ilin mayın 1-də SSRİ Ali Sovetinin fərmanı ilə “Qafqazın müdafiəsinə görə” medalı ilə, 1945-ci ilin iyunun 6-da SSRİ Ali Sovetinin fərmanı ilə “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində şərəfli əməyə görə” medalı ilə təltif edilmişdir.

Ali sovetin deputatı kimi Bülbülün fəaliyyəti

28 aprel 1920-ci ildə Azərbaycanın işğalından sonra Azərbaycan Xalq Cümhuriyyəti mövcudluğunu dayandırdı. Beynəlxalq birlik tərəfindən de-fakto tanınan Azərbaycan Respublikası 23 ay müstəqil şəkildə mövcud oldu. ADR parlamenti Rusiyanın XI Qırmızı ordusunun mühasirəsi və Rusiyanın Xəzər donanmasının birbaşa hərbi təhdidi altında AK(b)P Mərkəzi Komitəsi və RK(b)P Qafqaz Diyar Komitəsinin ultimatumunu (tələbini) gərgin müzakirə etdikdən sonra “Hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında” qərar qəbul etdi. Qərarda hakimiyyəti qəbul edən bolşeviklərin qarşısında müstəqilliyin saxlanılması, bolşeviklərin yaratdığı hökumətin müvəqqəti olması, Azərbaycanın gələcək idarə formasının tezliklə toplanılmalı olan yeni parlamenti tərəfindən müəyyən edilməsi kimi bir sıra şərtlər qoyulurdu.

 

1927-ci ilin martında V Ümumazərbaycan Sovetlər qurultayı Rusiya konstutusiyası nümunəsində hazırlanmış Azərbaycan SSR-nin II Konstitusiyasını qəbul etdi. Bu vaxta qədər respublikanın siyasi, iqtisadi quruluşunda zorakı metodlarla həyata keçirilmiş dəyişikliklər Konstitusiyaya salındı. 1937-ci ildə Azərbaycan IX Fövqəladə Sovetlər qurultayında Azərbaycan SSR-nin yeni Konstitusiyasının qəbulu ilə qanunverici orqan yeni mərhələyə qədəm qoydu.

Yeni qəbul edilən Konstitusiyaya əsasən Azərbaycanın  qanunvericilik orqanı yeni formatda – respublikanın Ali Soveti kimi təşkil olundu. Lakin bu, adi forma dəyişikliyi deyildi. Deputatların tərkibi, kimlərin seçilməsi, parlamentdə neçə nəfər fəhlə, kolxozçu, qulluqçu, qadın, gənc, bitərəf və s. olması yuxarıdan müəyyən edilirdi. I çağırış Azərbaycan SSR Ali Sovetinə birbaşa seçkilərdə (24 iyun 1938-ci il) seçilmiş 310 deputatdan 107-si fəhlə, 88-i kolxozçu, 115-i ziyalı-qulluqçu, bunlardan 72-si qadın idi. Kommunist Partiyasının əslində bütün dövlət funksiyalarını mənimsədiyi, hər hansı bir siyasi təşəbbüsün düşmənçiliklə qarşılandığı şəraitdə Ali Sovet səmərəli fəaliyyət göstərə bilmirdi. Buna görə də nümayəndəli qanunvericilik orqanlarına seçilmiş azərbaycanlılar 1937-1938-ci və sonrakı illərdə respublikanın elmi, mədəni, siyasi elitasının məhv edilməsinə, xalqın genofonduna zərbə vurulmasına, torpaqlarının dəfələrlə parça-parça qoparılıb Ermənistana verilməsinə qarşı etiraz səslərini qaldıra bilmədilər. Əksinə, yuxarının təzyiqi ilə Azərbaycan SSR Ali Soveti 1938-ci il mayın 7-də Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistana verilməsi haqqında protokolu təsdiq etdi. Lakin həmin qərara yerlərdə sadə insanlar, kənd camaatı müqavimət göstərdilər və torpaqlarını əldən vermədilər. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də 1938-ci ildə qəbul etdiyi bu bədnam qərarı yenidən təsdiq etdi. Lakin az sonra hakimiyyətə gələn Heydər Əliyev bu qərarın icrasına yol vermədi [1].

 

SSRİ Ali Soveti – Sovet İttifaqının ən yüksək orqanı idi. Deputat 4 il [9] müddətinə gizli səsvermə ilə, bərabər və birbaşa seçkilər ilə seçilirdi. SSRİ Ali Sovetinin deputatı hər bir vətəndaş (23 yaş çatmış) seçilə bilirdi. İttifaq Sovetinə hər 300 min əhaliyə bir millət vəkili əsasında seçilirdi, Millətlər Sovetinə isə hər İttifaq Respublikasından 32 millət vəkili, hər Muxtar Respublikasından 11 millət vəkili, hər Muxtar Vilayətindən beş millət vəkili və hər Milli Bölgəsindən bir deputat seçilirdi. SSRİ Ali Sovetinə fəhlələr, kolxozçulər, Sovet intilliqensiyası, mədəniyyət və incəsənət işçiləri, dövlət və partiya rəhbərləri seçilirdi. Azərbaycan SSR-dən (Naxçıvan MSSR və Dağlıq Qarabağ MV ilə) İttifaq və Millətlər Sovetinə 1938-1991 illərdə cəmi 710 nəfər seçilib.

 

Xalq Bülbülə böyük etimad göstərirdi. O, 1937-ci ildən başlayaraq, ömrünün son gününə – 26 sentyabr, 1961-ci ilə qədər bütün çağırışlarda Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Bülbül bir neçə dəfə Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı olmuşdur [8]. Bülbülün siyasi fəaliyyəti haqqında məlumatlar çox azdır və demək olar ki, tədqiq edilməyib.

Bülbül 1937-ci ildə Azərbaycan SSR Ali Soveti deputatlığına namizəd göstərilmişdir. Bülbül  ilk dəfə 1938-1946-cı illərdə I çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir. Azərbaycan SSR Ali Sovetinin I-IV çağırışlarının tərkibində 310 deputat olmuşdur. Bülbül 1947-1950-ci illərdə II çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir. Ali Sovetin tarixində cəmi XII çağırış olmuşdur. Bülbül 1951-1954-cü illərdə III çağırış Azərbaycan SSR Ali Sovetin deputatı seçilmişdir. Bülbül mədəniyyət və incəsənət xadimi olduğu üçün hər zaman öz çıxışlarında bu sahədə ilə bağlı məsələləri qabardırdı. Bülbül 1955-1959-cu illərdə IV çağırış Azərbaycan SSR Ali Sovetin deputatı seçilmişdir.

Bülbül 1961-ci ilə qədər V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Azərbaycan SSR Ali Sovetinin V çağırışı 325 deputatdan ibarət idi.

 

Bülbül xatırə muzeyində ekspozisiyada olan mükafat və medalların bir hissəsi

 

 

Bir büstün tarixçəsi...

Şuşa... XIX əsrdə Qafqazın konservatoriyası kimi ad çıxarmış əzəli Azərbaycan şəhəri. Əzəmətli dağların qoynunda yerləşən bu füsunkar diyar musiqi mədəniyyətimizin əvəzsiz dahilərini yetişdirib. Bülbülün cazibədar quş cəhcəhini xatırladan ecazkar səsini ilk dəfə məhz Şuşada eşidib valeh olublar və balaca Murtuzanı “Bülbül” deyə çağırıblar. 

Bülbülün doğulduğu Şuşa şəhəri Azərbaycanın bir çox tanınmış şair və musiqiçilərinin, Şərq üslubunda avazı və özünəməxsus oxuma tərzi ilə muğam tariximizdə iz qoyan məşhur xanəndələrin beşiyi olub.

Bülbülün Şuşadakı Ev-muzeyi

Bülbül 1961-ci ilin iyul ayında Şuşa şəhərində, keçmiş Şuşa real məktəbin zalında konsert verib. Bu konsert Bülbülün Şuşadakı axırıncı konserti olur [12].

Müğənninin vətənində, Şuşada, Bülbülün bürünc büstü ucaldılmışdır. 1992-ci ildə Şuşanın işğalından sonra büst (Natəvan və Üzeyir Hacıbəyovun büstləri ilə birlikdə) Gürcüstan ərazisinə çıxarılır ki, orada metal kimi satılsın. Sonralar bu büstlər Azərbaycan hakimiyyəti tərəfindən alınır. Hal hazırda büst Bakıda İncəsənət Muzeyindədir [10].

Müdrik babalarımız “Ot kökü üstündə bitər” deyirlər. Böyük nəğməkarımız Bülbülün, eləcə də dahi sənətkarlarımız Üzeyir Hacıbəyov və Natəvanın erməni vəhşiləri tərəfindən güllələnmiş heykəlləri ölməz Bülbülün ləyaqətli oğlu Polad Bülbüloğlunun səyləri nəticəsində Bakıya gətirilib.

Bu büst ilə bağlı Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu aşağıdakıları deyir: “Bakıda Bülbülün bir “yaralı” abidəsi var. Ermənilərin güllələdiyi üç abidədən biridir. Bu abidə uzun müddətdir ki, Bakıdadır. Qarabağda isə nəinki abidələr, həm də ermənilər tərəfindən işğal olunan Bülbülün şəhəri, onun gəzdiyi küçələr, ata ocağı “yaralıdır”... Yaxşı ki, Bülbül Qarabağın, Şuşanın ermənilər tərəfindən işğalını görmədi”. Görmədi... Doğrudanmı görmədi?...” (11).

 

Bülbülün Şuşa şəhərindən Bakıya gətirilən büstü (1984, heykəltəraş - Namiq Dadaşov). Azərbaycan İncəsənət Muzeyinin açıq hava ekspozisiyaları

Amma düşünürük ki, Bülbül indi Şuşanı görür. O da bizim kimi məyusdur. Çünki bir zamanlar Bülbül xanəndəliyin sirrini öz tələbələrinə aşıladığı Şuşa rayon Mədəniyyət evində bu gün ermənilər qondarma “seçki” şouları keçirir. İndiyə kimi heç vaxt belə hal müşahidə olunmamışdı.

 

Erməni vandalizminin bariz nümunəsi olan bu büstləri ölkəmizə gələn xarici qonaqlara göstərmək lazımdır. Bu büstləri Azərbaycan İncəsənət Muzeyinin həyətindən götürməklə barəbər, eyni zamanda erməni vəhşiliyini bütün dünyaya nümayiş etməyə ehtiyac vardır. Ümid edirik ki, yeni Mədəniyyət nazirinin ilk işi elə bu olacaq. Lakin inanırıq ki, yaxın gələcəkdə bu büstlər yenidən Şuşaya qaytarılacaq.

Artıq 28 ildir ki, Azərbaycanlıların ayağı Şuşa torpağına dəymir. Şuşanın əsarətdən qurtulacağı günə dönməz inam, sarsılmaz bir ümid vardır: Şuşasız Azərbaycan yoxdur. Bu həqiqəti hər bir Azərbaycan vətəndaşının qəlbində yaşatdığı mütəşəkkilliklə Şuşanı Vətənə qaytarmaq mümkündür.

Nəticə

Əlbəttə, qısa bir məqalə çərçivəsində Bülbül yaradıcılığının bütün tərəflərini və istiqamətlərini müfəssəl şəkildə üzə çıxarmaq çox çətindir. Bülbülün mənalı ömür yolu hər zaman böyük əhəmiyyətə malik hadisələrlə zəngin olub. Onun uzun və səmərəli pedaqoji işi və baxışları, habelə ömrünün sonuna kimi Azərbaycan SSR Ali Sovetinin deputatı kimi davamlı fəaliyyəti də həyat və yaradıcılığının çox önəmli, diqqətəşayan hissəsidir. Şübhəsiz ki, bütün bunlar mədəniyyət tariximizin təkrarolunmaz və unudulmaz səhifələridir. Lakin Bülbül xalqımızın təfəkküründə, yaddaşında, qəlbində ilk növbədə dahi müğənni kimi yaşayacaq və qətiyyətlə demək olar ki, hər gələn yeni nəsil bu səsin cazibəsindən, qüdrətindən yaşayıb-yaratmaq üçün böyük mənəvi güc alacaq.

Bülbülün xatirəsi xalqımız, özünü incəsənətə həsr etmiş bütün insanlar üçün əzizdir. Zaman keçdikcə bu dahi sənətkarın həyatı yeni təfərrüat və təfsilatla zənginləşən, sönməyən işıqlı bir əfsanə kimi qalır. Bülbülün, demək olar ki, bütün həyatı Azərbaycan sənətinin inkişafı naminə Qəhrəmanlıqdır. Məqaləmizi Bəxtiyar Vahabzadənin misraları ilə tamamlamaq istərdik!

Sənə ellər verib “Bülbül” adını

Əbədi qalacaq vurduğun cəh-cəh!

Çox bülbül görübdür qoca dünyamız

Səndən nə gəlməyib, nə də gələcək!


Ədəbiyyat:

Azərbaycan dilində:

1. Azərbaycan SSR Ali Soveti (1920-1991-ci illər) Azərbaycan parlamentarizmi sovet dövründə // https://meclis.gov.az/?/az/content/70 (müraciət tarixi 25.05.2020)

2. Bülbül (Murtuza Rza oğlu Məmmədov): biblioqrafiya /tərt. ed.: M.Vəliyeva, M.İbrahimova, G.Misirova; elmi red. K.Tahirov; red. G.Səfərəliyeva. – Bakı, 2017. – 344 s.  

3. Hacızadə H. Azərbaycan vokal sənətinin banisi – Bülbül // “Konservatoriya” jurnalı № 4, 2017. s.88-90.

Rus dilində:

4. 50 лет со дня смерти великого азербайджанского “cоловья” // 26 сентября 2011. https://www.trend.az/life/interesting/1936827.html (дата обращения 25.05.2020)

5. Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред. С. Л. Кравец. Т. 4. Большой Кавказ – Великий канал. – М.: Большая Российская энциклопедия, 2006. – 751 с.: ил.: карт.

6. Мамедова А. Бюль-бюль. – Баку: Азербайджанское гос. изд-во, 1964.

7. Маэстро Бюльбюль // “Зеркало” 2007. 23 июня. – с. 25.

8. Музыкальная энциклопедия : [в 6 т.] / гл. ред. Ю. В. Келдыш. – М. : Советская энциклопедия : Советский композитор, 1973 – 1982. – (Энциклопедии. Словари. Справочники). Т. 1 (1973). А – Гонг. – 1072 стб., илл. – 102 000 экз.

9. Сборник законов Азербайджанской ССР и Указов Президиума Верховного Совета Азербайджанской ССР 1938 – 1966 гг.. – Баку: Издание Верховного Совета Азербайджанской ССР, 1966. – Т. I. – c. 8.

10. Том де Ваал. «Черный сад». Глава 12. Шуша. Последняя цитадель.

11. Фараджева. З. «Да это же настоящий соловей!» // Aзербайджанские известия. – 2012. – 8 августа. – с. 3.

12. Шушинский Ф. Народные певцы и музыканты Азербайджана. – М.: Советский композитор, 1979. – С. 183. – 200 с.