Yuxarıya
skip to main content

Dünyanın həyat ağacı və Azərbaycan

24.09.2019
 
“Həyat ağacı” ideyası, onun təsviri bəşəriyyətin mifoloji inanclar dövründən yaranıb-yaşasa da, rasionallığın önə çıxdığı və elmin yüksək sürətlə inkişaf etdiyi dövrdə də öz yerini tapmışdır. Belə ki, hətta XIX əsrin əvvəllərində Çarlz Darvin təkamül nəzəriyyəsində ümumi əcdaddan yeni növlərin şaxələnməsini təsvir edərkən “həyat ağacı” terminindən istifadə etmiş, həyat ağacını özünəməxsus tərzdə təsvir etmişdir. Hətta iyirmi il sonra Ernst Hekkel (Ernst Haeckel) bu ideyanı bir qədər daha elmiləşdirərək filogenetik ağac anlayışını istifadə etmişdir.
 
Ən son dövrdə isə ABŞ-ın Milli Elm Fondu həyatın geneologiyasını öyrənməyə 7,4 milyon dollar ayırarkən bu konsepti unutmamış və müxtəlif tarixi dönəmlərdə bəşəriyyətin müxtəlif mədəniyyətlərində yaradılmış həyat ağacı simvollarını öz səhifəsində yerləşdirmişdir. Nə xoş ki, təkamül nəzəriyyəsinin banilərinin öz əsərlərində əks etdirdikləri həyat ağacı təsvirlərinin arasında həm də Şəki Xan sarayında təsvir olunmuş Usta Qənbər Qarabağinin (1830-1906) müəllifi olduğu narlı-barlı "Həyat ağacı" da vardır. 
 
 
 
Milli tariximizin tərkib hissəsi olanın həm də universal dəyərlər sistemində əks olunması, onunla bağlılığı onu arxetiplər silsiləsində görmək, təbii ki, qürurverici və xoşdur. Lakin görəsən universal olanın müasir və lokal ifadəsi öz yerini necə tapır?
 
Bu suala cavab vermək mücərrədlikdən konkretliyə keçid tələb edir. Əsrlər öncə Şəki Xan sarayını ucaldanlar barlı nar ağaclarına heyran olaraq onları gözəl bir sənət əsərində əbədiləşdirmişlər. Bəs, görəsən “Şəki Xan sarayındakı ağac” dedikdə, müasir azərbaycanlıda hansı assosiasiyalar yaranır? Elmi və estetik maraq doğuran maddi mədəniyyət nümunəsimi, yoxsa əsrlərin yükünə dözməyib aşan ağacmı?
 
 
Dünyanın arxetiplər mənzərəsinə töhfə verməkdən əlavə elmi mənzərəsinə də töhfə verə bilərikmi? Bunu etmək üçün hansı amillər bir araya gəlməlidir?
 
Əlbəttə, ilk öncə yada düşən məsələ ixtisaslaşmış kadrların olub - olmaması ilə bağlıdır. Lakin bundan əlavə mövcud olan çox vacib amil ölkənin elmi qurumlarının strukturu və iş prinsiplərindən irəli gələn məhdudiyyətlərdir. Bu məhdudiyyətlər ixtisaslı kadrların mərkəzləşməsi, onların xarici elmi qurumlarla birgə layihələrdə qrup şəklində iştirakını əngəlləyir. Bu səbəbdən bir sıra hallarda azərbaycanlı kadrların mötəbər beynəlxalq layihələrə imza atması üçün onlardan yerli elmi mühitin axını ilə deyil, ümumi axına əks olan şəxsi səylər tələb olunur. Fərdin motivasiyası isə nə qədər güclü olsa da, heç də həmişə institusional məhdudiyyətlərdən kənara çıxa bilmir. Ona görə də yalnız lokal elm dünyamız qlobal elmin struktur əlamətlərini, iş prinsiplərini, ən əsası effektivliyə və keyfiyyətə verilən tələblərini mənimsəyə biləcəyi təqdirdə ümid edə bilərik ki, dünya səviyyəli nəhəng elmi qurumların böyük layihələrində Azərbaycan nəinki arxetipik simvollar çoxluğuna, həm də bilik, innovasiya çoxluğuna da öz imzasını ata biləcəkdir.
 

 

Humay Axundzadə
Bakı Dövlət Universitetində psixologiya, Sankt Peterburq Avropa Universitetində sosiologiya ixtisasına yiyələnmişdir. Tədqiqat maraqları gender sosiologiyası, qayğı sosiologiyası, ailə institutu, postsovet transformasiyaları, sosial tədqiqatlarda keyfiyyət metodlarını əhatə edir.