Yuxarıya
skip to main content

Modern müharibə “etikası” və sona çatmayan müharibələr

30.01.2020

2001-ci ildə Dünya Ticarət Mərkəzlərinə edilən terror hücumlarından 2 gün sonra ABŞ prezidenti C.V.Buş özünün “terrora qarşı müharibə” məqsədini müəyyən etdi. “Bu müharibə Əl-Qaida ilə başlayır, lakin onunla sona çatmayacaq. Bu müharibə qlobal miqyasda hər bir terrorist qrup aşkar edilənə, dayandırılana və məğlub edilənə qədər davam etdiriləcək” – deyə C.V.Buş qeyd edirdi. Bu perspektivdən C.V.Buş haqlıdır, çünki 20 ilə yaxındır ki, nəinki qlobal miqyasda hər bir terror təşkilatı məğlub edilib, heç Əl-Qaida belə təslim olmayıb. Halbuki, Pörl-Harbora hücum Almaniya və Yaponiyanın qeyd-şərtsiz təslimçilik aktını imzalamasından cəmi 4 il əvvəl baş vermişdi.

            

Dəqiq və yekun məqsədləri olmayan müharibələr sadəcə ABŞ üçün unikal deyil. Müharibənin qədim konsepti döyüş meydanında ağ bayraq qaldırmaq ilə asanlıqla bilinən bir faktdan seminar otağında müzakirə edilən bir məsələyə çevrilib. Müharibələr keçmişdə başladığı kimi başlaya bilər, amma artıq keçmişdə sona çatdığı (və ya çatdırıldığı) tərzdə bitmir. Beynəlxalq humanitar məsələlər üzrə hüquqşünas Qabriella Blum bildirir ki, çağdaş münaqişələr müharibə və sülh arasındakı ənənəvi sərhədləri bulanıqlaşdırır, çünki bu müharibələrin aşkar sonu yoxdur. Konfliktin sona çatdırılması etikasının qeyri-mövcudluğu  əsas fəlsəfi boşalma olaraq qəbul edilir. Bu boşluq vətəndaş idarəetməsinin dominant olduğu ölkələrdə insanların bir müharibənin sona çatdırılmalı olduğunu mühakimə etmək qabiliyyətinə əngəl olur. Eyni zamanda, bu boşluq demokratiyanın təməl prinsiplərindən biri olan “hərbi gücə vətəndaş nəzarəti” prinsipini də deqradasiyaya uğradır. Müharibədə legitim məqsədlərin nədən ibarət olması haqqında aydın ideyaların yoxluğu hərbi və siyasi liderlərin bir münaqişənin başlanması, gedişi və sonlandırılması haqqında manipulyativ tablo hazırlamasına şərait yaratmaqla yanaşı, seçicilərin müharibənin davam etdirilməsini əxlaqən mühakimə etmələrinin qarşısını alır. Ona görə də, Əfqanıstanda müharibənin sona çatdırılmasına fokuslanan təzyiqlər qarşısında vətəndaşlar siyasətçilər və ya generallara deyil, filosoflar və bu barədə yazılan kitablara nəzərə yetirməlidir.

 

Bir minillikdən çoxdur ki, filosoflar və xristian teoloqları müharibənin etik prinsipləri üzərində düşünürlər. Liberalizmdə hakim olan “ədalətli müharibə” prinsipi Aurelius Ambrosius və Avqustin Avreliusa məxsusdur. Onlardan 900 il sonra Tomas Akvinat müharibəyə bəraət qazandırıla biləcək teoloji, sistematik vicdan əsaslı prinsipləri elan etdi. Onun baxışlarını bir model olaraq qəbul edən filosoflar və teoloqlar ədalətli müharibə nəzəriyyəsini xristian təməllərindən çıxarmaqla onu modern dövlətlər arasında müharibələr zamanı nəyə icazə verildiyini və nəyin qadağan olunduğunu müəyyən etmək üçün yenidən konseptuallaşdırdılar.

           

Modern ədalət nəzəriyyəsi üzərində iki məktəb mövcuddur: ənənəvi və revizyonist məktəblər. Maykl Valzerin seminal “Ədalətsiz və ədalətli müharibə” kitabının təmsil etdiyi ənənəvi məktəb milli özünümüdafiənin qeyri-dini haqlılığını, döyüşçülərin bərabərliyini, eləcə də mülki toxunulmazlığı müdafiə edir. Ceff Makmahanın rəhbərlik etdiyi revizyonist düşərgə isə ənənəvi ədalətli müharibə konspetini sorğu-sual edərək müharibə etikasının fəlsəfi müzakirəsini inqilabiləşdirdi. Müharibənin ədalətli səbəbi kimi milli özünümüdafiənin haqlılığını və dövlətlərin ədalətli mövqeyini təftiş etməyə çalışan C.Makmahan “mülki immunitet” anlayışını da problematikləşdirir. Tarixən ədalətli müharibə nəzəriyyəçiləri konfliktin iki mərhələsi arasında fərqliləşmə aparırdılar: “jus ad bellum” ("dövlətlərin müharibəyə müraciət etməsinə icazə verən legitim səbəblər") və “jus in bello” ("müharibə edən tərəflərin davranışları üzərində qadağalar"). Lakin son 20 ildə həm reviziyonistlər, həm də ənənəçilər konfliktin bitməsindən sonra cəzlandırmanın müəyyən edilməsində rəhbər etik prinsiplər olaraq ədalətli müharibə nəzəriyyəsinin üçüncü qolu kimi “jus post bellum”-u əlavə etdilər. Çünki sülh müqavilələrinin hazırlanması və dövlətlərin yenidən qurulması, cəzalandırma və intiqam məsələləri, məğlub tərəfdən nəyin tələb edilə bilməsi üzərində cavabı çətin suallar ortaya çıxır.

           

Lakin yalnız son illərdə “jus in bello” və “jus post bellum” arasındakı boşluq üzərində düşünülməyə başlandı. Fransız filosofu Sesil Fabr qeyd edir ki, müharibədən sülhə keçid, xüsusən də, müharibənin yekunlaşdırılması etikası haqqında hər hansı bir sanballı əsər mövcud deyil. Çünki filosoflar artıq iddia edirlər ki, silahlı münaqişələrin sonunu müəyyən edən əxlaqi prinsiplər ədalətli müharibə nəzəriyyəsində “jus ex bello” və ya “jus terminatio” adlandırılan bir yeni rejim tələb edir. “Jus terminatio” anlayışının müəllifi David Rodin qeyd edir ki, belə bir çərçivə jus ad bellum, jus in bellojus post bellum ilə yanaşı müharibə əxlaqının dördüncü və müstəqil komponenti olmalıdır. Amma müharibənin yekunlaşmasına rəhbərlik edəcək çərçivəni dürüst şəkildə müəyyən etmək qeyri-mümkündür. Buna ancaq müharibənin meydana çıxmasına səbəbiyyət verən şərtləri davamlı şəkildə təhlil edərək başlamaq olar. Lakin burada bilinməli olan bir məqam ondan ibarətdir ki, müharibə başlanması ilə əxlaqi situasiyanı dəyişir. Çünki artıq müharibədə ölənlər var, eləcə də düşmən tərəfindən yeni qırğınların planlaşdırıldığı ortaya çıxır, yeni və təxmin edilməsi qeyri-mümkün itkilər və s. “Ad bellum” prinsiplərinin mexaniki tətbiqatı əxlaqən aberrant situasiyalara gətirib çıxara bilər. İkincisi və daha mühüm olanı odur ki, ad bellum müharibə əxlaqının təməl şərtlərini təmsil edə bilməz. Onlar iki rəqib məqsədin (müharibə zərərini minimallaşdırarkən qurbana müdafiə qüvvəsindən istifadə etməyə icazə vermək) balanslaşdırıldığı spesifik hallara əxlaqi prinsiplərin tətbiqatıdır. Amartya Sen “Ədalət ideyası” adlı kitabında bildirir ki, müharibələri sonlandıran əxlaq nəzəriyyəsi ədalətə nail olmaq deyil, ədalətsizliyin qarşısını almaq üçündür. Belə bir ideyanın tərəqqisinə nail olmaq üçün gücə müraciət və gücdən istifadəni sonlandırmaq arasında əxlaqi qiymətləndirmədəki müxtəlifliklərin var olduğu nəzər alınmalıdır.

           

Hətta ad bellum şərtləri fundamental şərtlər olmasa da, onlar böyük praktiki əhəmiyyətə malikdir. Müharibənin ədalətli olduğu və yaxud ədalətsizləşdiyini müəyyən etmək üçün bu şərtlərdən ilkin yanaşma kimi istifadə etmək faydalıdır. Ədalətli səbəb milli özünümüdafiənin aqressiyaya qarşı olması anlamına gəlir. Doğru məqsəd isə o deməkdir ki, ədalətli müharibəyə başlayan tərəf mənfəət və ya territorial ekspansiya üçün deyil, məhz ədalətli səbəb üçün müharibəyə başlayır. Ədalətli məqsədə nail olmağın əxlaqi olaraq daha yaxşı yolu qalmadığı zaman müharibə aktı zərurət prinsipini icra edə bilər. Eyni zamanda, ədalətli müharibəyə legitim hakimiyyət tərəfindən başladılmasına ehtiyac var. Proporsionallıq isə o deməkdir ki, gücdən istifadə ədalətli səbəbə nail olma ilə uyğunluq təşkil etməlidir.

           

Müdafiə gücündən istifadə və ya müharibənin sonlandırılması üzərində ən həlledici qadağalar ədalətli səbəb, zərurət, proporsionallıq və nailolmadır. Əgər ədalətli səbəb yoxdursa, müharibə zəruri və ya proporsional ola bilməz. Lakin modern münaqişələrdə “özünümüdafiənin” mahiyyətini bilmədən ədalətli məqsədə nail olmaq üçün gücdən istifadənin zəruri olub-olmadığını, habelə gücün proporsionallığını müəyyən etmək qeyri-mümkündür. Zərurət, proporsionallıq və nailolma ədalət nəzəriyyəsinin gücdən istifadənin zəruri və proporsional olduğunu bizə söyləyə bilən “konsekvensialist şərtlər”dir (normativ etik nəzəriyyələr sinfinə daxil olan “konsekvensializm” bildirir ki, bir insanın davranışının nəticələri həmin davranışın yanlışlığı və doğruluğu haqqında bütün mühakimələrin yekun bazisidir). Lakin ortaya çıxan sual ondan ibarətdir ki, bu, müharibənin sona çatdırılmalı olduğu kontekstdə necə istifadə edilə bilər? Hərbi qələbənin siyasi qələbəyə çevrilməsinə çalışılan modern münaqişələrdə bu qadağaların qiymətləndirilməsi getdikcə çətinləşir. Modern konfliktlərin çox az bir hissəsi ənənəvi ədalətli müharibə nəzəriyyəsi tərəfindən təxəyyül edilən milli-dövlət modeli ilə uzlaşır. Çağdaş münaqişələrin əksəriyyəti bu gün dövlət və qeyri-dövlət aktyorları yaxud da iki qeyri-dövlət aktyoru arasında baş verir. Belə münaqişələrdə zorakılıq tədricən aradan qalxır və qeyri-stabil atəşkəslər ilə əvəz olunur.

           

Əsrlər boyu müharibə sənətinin xarakteri konstant şəkildə dəyişikliyə məruz qalıb. Müharibə etmək sənəti hər zaman elmi-texnoloji inkişaf və etno-siyasi aspektlərdən asılı olub. Bu gün biz XX əsrin iki böyük və katastrofik dünya müharibəsindən bəri müharibə sənətində ən əhəmiyyətli inqilabı müşahidə edirik. 1980-1988-ci illər arasında baş verən İran-İraq müharibəsi hər iki tərəfdən bərabər qüvvələr və itkilər ilə bir duel xarakteri almaqla bu substantiv dəyişikliklərdən əvvəl klassik müharibənin son manifestasiyası idi. Peşəkar hərbi qüvvələrdən istifadə edilən, yalnız dövlət maraqlarının əsas götürüldüyü və qeyri-hərbi obyektlərə çox az zərər vurulması bu manifestasiyanın əsas cəhətləri oldu. Keçmiş müharibələr ilə müqayisədə modern münaqişələr çox fərqli xarakteristikalara sahibdir. Bu münaqişələrdə dövlətlərlə birgə xarici muzdlular və paramilitar qüvvələr iştirak edir. Onlar üçüncü tərəflərin maraqları naminə edilən asimmetrik və hibrid müharibələr olmaqla cəmiyyətin bütöv strukturuna təsir edir. Bu tip münaqişələrdə hərbiçilər və mülki əhali arasında fərqliləşmə aparılmır. Bundan əlavə, müharibə və sülh arasındakı sərhəd də eroziyaya uğrayır, çünki müharibələr sosio-siyasi, iqtisadi və informasiya sferalarına, eləcə də mülki və ticari infrastruktura birbaşa təsir edən vasitələr tərəfindən reallaşdırılır. Müasir dövrdə müharibələr sadəcə quruda, səmada və suyun altında deyil, orbital peyklərdən və dənizaltı vasitələrdən faydalanılmaqla kiberməkan və informasiya sahələrində edilir. Genişmiqyaslı münaqişə başlar-başlamaz ilkin hədəflər kimi hərbi və mülki obyektlər deyil, bütün ölkədə həyatı iflic qoya biləcək kommunikasiya vasitələri təyin olunur.

 

Məsələn, qlobal şəkildə aktiv olan terror qruplaşmaları (Əl-Qaida, Taliban, İŞİD və s.) lokal şəkildə məğlub edilə bilsə də, onların siyasi apparatusu döyüş meydanından uzaqda, müdafiə altında ola bilir. Beləliklə də, aqressiyaya qarşı müdafiə getdikcə çətinləşir, çünki qeyri-dövlət aktyorlarının məqsədi döyüşdə qələbə qazanmaqdan deyil, ictimai dərkin manipulyasiyasından ibarət olduğu üçün qəti hərbi məğlubiyyətin siyasi əhəmiyyəti də azalır. Buna görə də, dövlətin ənənəvi hesablaması (hərbi qələbə siyasi qələbəni gətirir) heç də özünü doğrulda bilmir, zərurət şərti bulanıqlaşır. İndiyə dək ABŞ generalları Əfqanıstanda döyüş meydanında böyük uğurlar əldə olunduğunu elan etsələr də, hər hansı sayda qoşun çıxarılmasının milli təhlükəsizlik üçün katastrofik ola biləcəyini də bildirirlər. “Ad bellum” proporsionallığının ən mühüm məqsədi gücə müraciət edənlər ilə ona müraciət edilməsinə qarşı olanların arqumentasiyalarını dəqiq şəkildə təsvir etməkdir. Siyasi liderlər gücdən istifadədən törəyə biləcək kollektiv şərə qarşı gücə müraciət edilməklə əldə oluna bilən kollektiv xeyir üzərində dərindən düşünməlidirlər. Əfqanıstan nümunəsinə yenidən baxaq, ABŞ-ın 2019-cu il məqsədi Taliban üzərində hərbi zəfərə nail olmaq olsa da, bunun proporsional tərzdə edilə biləcəyi də mümkünlük xaricindədir. D.Tramp açıq bir şəkildə elan etdi ki, mən orada 10 milyon insanı öldürmək istəsəydim ABŞ sürətlə bu müharibədə qələbə qazana bilərdi. Lakin bunu istəmirəm. İsrailin 2014-cü il əməliyyatlarından sonra Qəzza bölgəsindən çəkilməsini də bu kontekstdə təhlil edə bilərik. Ordu əməliyyatın başlanğıcında daha az mülki dağıntı ilə Həmasa zərbələr endirə bilirdi, çünki İsrail kəşfiyyatı “hədəf bankını” dəqiq müəyyən etmişdi. Lakin hədəflərin aradan qaldırılmasından sonra digər məqsədlərin realizasiyası çətinləşdi. Daha böyük əhəmiyyətə malik olan hədəflər böyük mülki dağıntılar və itkilər tələb edirdi. Beləliklə, həm Əfqanıstan, həm də Qəzza münaqişələri perspektivindən arzu edilən hərbi məqsədlər oxşardır, onlara texniki olaraq nail oluna bilər. Lakin onlar nəhəng dərəcədə disporporsionaldır. Kembric Universitetinin Beynəlxalq Hüquq fakültəsinin professoru Eyal Benvenisti qeyd edir ki, qeyri-dövlət aktyorları ilə münaqişələrdə döyüş meydanını bölgülərə ayırmaq, hərbi və mülki hədəfləri bir-birindən fərqliləşdirmək mümkün deyil.

 

Proporsionallıq nail oluna bilmə ilə dərin şəkildə əlaqəlidir. Amma qələbənin qədim kriteriyasının (dövlətin və ya yaxşı nizamlanmış ordunun təslimi) heç bir hökmü yoxdur. Çünki bu qədim kriteriya adsız və yersiz düşmənlərə qarşı dəyişkən hədəflərə və məqsədsizliyə transmutasiya olub. Filosof Moşe Halbertal qeyd edir ki, ənənəvi müharibədə düşmən ordusunun məğlubiyyəti az və ya çox dərəcədə aydındır, lakin asimmetrik müharibədə qələbə yekun deyil, çünki onun missiyası sona çatmır, daimi olaraq dəyişir. Təsəvvür edək ki, ABŞ-ın Əfqanıstandakı müharibəsi zamanı başlıca hədəflər Taliban və Əl-Qaidanı yer üzündən silməkdir. Lakin bu, nail oluna bilir bir şey deyil.

 

Əfqanıstan müharibəsi uzandıqca heç bir müsbət dönüşü olmayan nəhəng maliyyə xərcləri ən inadkar problem olaraq özünü göstərir. Keçmiş senator Con Makkeyn prezident B.Obamanın ABŞ qonşularını Əfqanıstandan tədricən çəkmək qərarını tənqid edərək qeyd edirdi ki, hamımız Əfqanıstadankı müharibənin sona çatmasını istəyirik. Lakin 14 ildən sonra indi aldığımız qərarlar nail olduğumuz tərəqqinin davamlılığını və itkilərimizin əbəs yerə olub-olmadığını müəyyən edəcək. Reallıq ondan ibarətdir ki, Əfqanıstan müharibəsinin əlavə davamı daha çox mülki əhali üçün ağır nəticələr vəd edir. Bu il də ABŞ qüvvələri Taliban yaraqlılarından daha çox əfqan sivillərini öldürməkdə ittiham edilir. Bu gün Əfqanıstanda müharibəni sona çatdırmaq və qoşunları geri çəkmək İkinci Dünya Müharibəsindən sonra təslim olmuş Yaponiya və Almaniyadan ABŞ qoşunlarını geri çəkmək qərarından daha çətindir.

 

Texnologiya, hərbi strategiya, idarəetmə və münaqişənin təbiəti dəyişdikcə bizim də müharibənin sona çatdırılması (terminasiya) ilə bağlı hüquqi və etik nəzəriyyələrimiz dəyişməlidir. Bir ideal cəmiyyət insani təcrübənin qaçılmaz dimensiyası olan münaqişələrin terminasiyası (sona çatması) və onlara əngəl olunması üzərində etik yönləndirici olmadan öz davamlılığını qoruya bilməz.

Sübhan Padarsoy
Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.