Yuxarıya
skip to main content

Mədəni təkamül və mem anlayışı

15.01.2020

Bunlar hamısı bir-birindən fərqli sahələrdə məşhur olsalar da, hamısının bir ortaq cəhəti var: onları internet məşhurlaşdırıb.  Onların əksəriyyəti cəmiyyətdə özünə yer edib həftələrlə, aylarla, bəzən illərlə varlıqlarını saxlayırlar. Digər bir qism isə qısa zamanda aradan çıxır. Sadaladıqlarımızın digər bir ortaq cəhəti isə hamısının “mem” olmasıdır. Bəs mem nədir? Bir anlayış kimi nə vaxtdan yaranıb? Nəyi ifadə edir?

 

1976-cı ildə ingilis təkamülçü bioloq Richard Dawkins "Eqoist Gen" adlı kitabında maraqlı bir fikir irəli sürdü. Fikirlər də orqanizmlər kimi çoxalıb, mutasiya yoluyla fərqliləşib, təkamül prosesini keçir? Eynilə orqanizmlərin  olduqları mühitə adaptasiya olub, o çevrəylə birlikdə təkamül yolu keçməsi kimi, fikirlər də içərisində mövcud olduqları cəmiyyətdə ayaqda qalmağa çalışır və onlarla birlikdə təkamül edirlər.

 

“Mem” kəlməsinin yaradıcısı Richard Dawkins olsa da, memetika (mem elmi) olduqca qədimlərə 1844-cü ildə Max Stirnerin “Eqo və özü” adlı kitabına gedib çıxır. Burada da bənzər qavramların mədəniyyətlərdə olduğu və fərdlər arasında köçürülüb inkişaf etdiyi fikri irəli sürülür. Stirner nümunə olaraq milliyyətçiliyi və dini verir. Bunlar günümüzdə də memlərə nümunələr kimi qarşımıza çıxırlar.  Keçmiş zamanlarda müəyyən cəmiyyətlərdə, müəyyən təsirlər altında yaradılan bu inanc, düşüncə və davranışlar günümüzə qədər gətirilmiş və inkişaf etmişdir.

 

Bu səbəbdən insanlıq tarixində yüz milyonlarla fərqli din və tanrı, bir o qədər də fərqli siyasi görüş və s. var. Bunlar valideyndən uşağa, qulaqdan-qulağa, ötürülən bilgi növləridir və hər yeni nəsildə, genlər və fərdlər kimi inkişaf etməkdədir. Uğursuz olanlar (məsələn, antik yunan tanrıları) seçmə nəticəsində sıradan çıxır, ən güclü olanlar və dövr insanlarının tələblərinə, ehtiyaclarına ən çox cavab verənlər varlığını davam etdirməkdədir.

 

Mövzuyla bağlı bir çox bənzər düşüncələr müxtəlif elm adamları tərəfindən   bir çox bənzər düşüncələr irəli sürülüb. Richard Semon, Luigi Luca Cavalli-Sforza, Marcus Feldman, Malcolm Gladwell, Aaron Lynch, Daniel Dennett, Richard Brodie kimi elm adamlarının adını çəkmək olar, Dawkinsin zamanına qədər təkmilləşdirilən bu konsepsiya onun tərəfindən zirvəyə çıxarılıb və təkrar məşhur edilib.

 

 

Mədəniyyətimizi və cəmiyyətimizi düşünün. Hər cür fikir kiminsə beynində doğulduqdan sonra cəmiyyətə yayılır, yəni çoxalır. Bu yayılma ərəfəsində bəzi dəyişikliyə məruz qalır, yəni mutasiya edir.  Bu mutant fikirlərdən bəziləri özünü yaradan öncül fikirlərdən daha uğurludur. Bu uğur cəmiyyət içində özünə yer etmək və davamlılığı təmin etmək çərçivəsində dəyərlidir. Daha çox özünə yer edənlər daha uğurludular. Onlar cəmiyyətdə varlığını daha uzun müddət saxlayır, daha çox yayılma imkanı tapır və özlərinin kopyalarını yaradırlar. Bu arada mutasiyalar meydana gəlir, fikir hər dəfə bir az da fərqliləşir, cəmiyyətə ən çox uyğunlaşanlar “sağ qalır”, təkrar “törəyir” və bu davamlı belə gedir. Bu, bir növ mədəniyyətin təkamülüdür.

 

Dawkinsin araşdırmalarının böyük faizi genetik istiqamətlidir. Yaşam fərdləri olan  genlər nəyin bahasına olursa olsun törəməyi və çoxalmağı hədəfləyirlər. Bunu şüursuz olaraq etsələr də, edirlər.

 

Fikirlərin də bənzər şəkildə “mənzillərini” (fikir sahiblərini) idarə etməsi, onlarla birlikdə dəyişməsi, beyindən-beyinə sıçraması genlərimizə çox bənzəməkdədir. Bu həyatda qalmaq mübarizəsi aparan fikirlər gen deyil, mem adlanır. Bu, mədəniyyətin təkamülünün ilk dəfə bu qədər tutumlu və konkret müəyyənləşmiş halıdır.  

 

Memlər genlərin əksinə həyatda qalmaq üçün kimyəvi bir mühitə ehtiyac duymurlar. Sadə dildə desək, kimlərinsə beynində doğulur, sonra bir fərddən digərinə ünsiyyət vasitələriylə sıçrayır, yayılır və dəyişməyə başlayırlar. Bu ərəfədə diqqət çəkmək üçün mübarizə aparırlar. Bu mübarizə adi bir mübarizə deyil. Buna yeni bir dizayn, yeni bir fikir  və hətta elmi nəzəriyyələrin var olmaq üçün verdikləri mübarizəni nümunə göstərmək olar.

 

Fikirlərin bəziləri digərlərinə görə daha uğurludur. Bu müqayisəni həmişə aparmaq asan olmaya bilər. Məsələn, bir futbol komandasıyla bağlı fikirlə bir kimya nəzəriyyəsini uğur baxımdan müqayisə edə bilmərik.  Bəzi fikirlər istər içərilərindəki doğruluq miqdarı, istərsə də, xüsusi hallara uyğunlaşma bacarıqları ilə cəmiyyətdə digərlərindən daha çox qalırlar. Diqqət edilməli məqam doğru bilginin həmişə uğurlu bilgi olmadığıdır. Hətta çox vaxt yalanlar cəmiyyətlərdə doğrulardan daha çox özlərinə yer edirlər. Çünki çox vaxt yalanlar insanların eşitmək istədiklərindən yaranırlar.  Ona görə də, yalan təməlli fikirlərin daha adaptiv və güclü olurlar. Bu da, onların təkamül uğurudur.

 

Beləliklə, Davkins bütün bunları ifadə etmək üçün bir sözə ehtiyac duyurdu. Əvvəlcə “mimime” sözünü işlətməyi düşündü. Bu söz yunancadan tərcümədə “çoxalmış, törəmiş bir şey” mənasını verir. Özü  kitabında belə yazırdı: “Ümid edirəm mənim klassikçi dostlarım sözü qısaltdığım üçün məni bağışlayarlar.  Mən “mimime” yerin “mem” deyirəm. Əgər bir təsəlli axtarılırsa, bu yeni sözün fransızca hafizə mənasını verən “meme” ilə bənzər olduğu düşünülə bilər”.

 

Bu qısaltmanın səbəbi müəllifin təkhecalı bir sözün həm daha yaxşı yadda qalması,  həm də gen sözünə bənzəməsinə görə daha uyumlu olacağını düşünməsiydi. Bu söz bir növ mədəni təkamülün bir məhsulu olaraq yarandı: daha yaxşı ağılda qalıcılığı və daha asan yayılma potensialı ilə...

 

“İnternet memi” termini isə məşhur "Qodvin qanunu"nun yaradıcısı Mike Godwin tərəfindən ortaya atılıb.

 

Eynilə memlər kimi təkamül edən internet memlərində  bu proses daha sürətli gedir, bəzən uzun yaşayır, bəzən isə ölür. Üstündən nə qədər vaxt keçsə də bu memlər fərqli formalarda yenidən ortaya çıxır, fərqli kontekstlərdə istifadə olunur. Sürətlə yayıldığı üçün memlər həm də viraldır - viral sözü virusdan gəlir, onlar sürətli yayılır deyə bu sözdən sürətli yayılan hər mövzu üçün istifadə olunur.

 

Memlər günümüzdə həm də marketinq üçün möhtəşəm vasitədir. Xüsusilə, mövzu gülməlidirsə, tamaşaçılar özləri də bilmədən memin virallaşmasına kömək edəcək və şirkət öz məhsulunu çox az güc sərf etməklə kütlələrə tanıtdıra biləcək. Memlərin bir də sosioloji yönü var. Cəmiyyəti analiz etmək üçün yaxşı vasitədir.

 

Yerusəlim Universitetinin professoru Limor Şifmanın fikrincə, internet memləri sosial qurğunun məhsulu olan ictimai diskursdur - yəni, ictimaiyyətin perspektivini göstərir. Memlər bunun üçün də çox güclü alətdir və ifadə arealımızı genişləndirir. Yəni memlər həm də siyasi, ictimai silaha çevrilir. Müasir memlərin əksəriyyəti yazılı fotolardır ki, onlar da çox halda komikdir və insan davranışını lağa qoymaq üçün bir vasitə kimi istifadə olunur. Digər memlər video və şifahi ifadələr ola bilər.  Bəzilərinin isə daha ağır və fəlsəfi məzmunu ola bilər.

 

Memlər dünyası iki səbəbə görə diqqətə layiqdir: onlar dünya miqyaslı sosial fenomen ola bilirlər,  virus kimi yayılır, bir sosial şəbəkə istifadəçisindən digərinə sürətlə ötürülürlər. “Straightdope.com” saytından Sesil Adamsın fikrincə, mem anlayışı ya dərindir, ya da həqiqətən açıqdır. Düşünülür ki, internet memləri daha çox komik və şok effektli olaraq davam edəcək, çünki belə məzmunlar insanların diqqətini dərin məzmunlu memlərdən daha tez çəkir. Lakin istifadəçillərin düşüncə tərzi, intellektual səviyyəsi inkişaf etdikcə, memlərin də daha fəlsəfi olacağı gözlənilir.

 

Britaniyanın Ormskirk şəhərindəki Ec-Hill Universitetinin bir qrup tədqiqatçısı belə qənaətə gəliblər  ki, dəbdə olan kommunikasiya vasitələri, memlər deyilən təsvirlər və videoyazılar həm də insan haqqında müəyyən informasiya mənbəyi ola bilər. Onlar istifadəçinin xarakteri barədə maraqlı məqamları üzə çıxarır. İnternetin belə fenomenlərinin və onların açdığı perspektivlərin öyrənilməsi üçün alimlər yeni elmi istiqamətin – kiberpsixologiyanın əsasını qoymağı təklif edirlər.

 

Bəs memetikaya bir elm kimi yanaşmaq olarmı?

Memetika 1990-cı illərdə yaranıb və memləri daha çox təkamül modelləri içərisində incələməyi hədəf götürüb. Mövzuyla bağlı sınaq xarakterli tədqiqatlar aparmaq mümkün olsa da, hələki rəsmi bir elm sahəsi olmaqdan uzaqdır. Günümüzdə memlərlə bağlı əsaslı bir tədqiqat yox dərəcəsindədir.  Dərs kitablarında da demək olar ki, məlumat yoxdur.

 

Bütün bunlara baxmayaraq,  bu gün mövzunun terminologiyası və əhatə dairəsi inkişaf etdirilir və bəzi universitetlərdə mövzu ilə bağlı araşdırmalar aparılır. Mövzu elmi cəhətdən cəlbedici görünür və tezliklə həqiqi və rəsmi bir elm sahəsinə çevriləcəyi təxmin edilir.

Şəfanə İbrahimova
BDU-nun jurnalistika fakültəsini həm bakalavr, həm də magistr pilləsi üzrə bitirib. Müxtəlif media orqanlarında jurnalist kimi çalışıb. Hazırda Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edir.