Yuxarıya
skip to main content

İki fərqli formasiyanın lideri: Heydər Əliyev ictimai rəy haqqıda

24.09.2019

İmperiya quruluşları haqqında miflər yaratmaq üçün həmişə əlverişli zəmin olur. Milyonları öz sıralarına alan və vahid bir ideoloji-siyasi çətir altında xalqları idarə etməyə çalışan mərkəzlər süquta uğratdıqları sistemin yenidən dirçəlmək perspektivinə zərbə vurmaq və daim təkbaşına hegemonluqlarına nail olmaq üçün fasiləsiz çalışırlar.

Necə də olsa, Putinin sözü ilə desək, ürəyi və beyni ilə tarixi hadisələrin qiymətini verməyə çalışanda obyektivlik meyarından çıxış etmək o qədər də asan, yaxud sərfəli olmur və dünənə qədər “qırmızlar”ın tərəfində olanlar bu gün konyunkturaya, siyasi dəbə uyaraq başqa səngərə üz tutub çoxluq yaradırlar. Azlıqda qalmaqsa həmişə təhlükəli olur.

Qətiyyən sovet sisteminin bütün qanun və qərarlarını əsaslandırmağı, onun repressiya və sürgün makinası ilə nəfəs alan obrazlarını unutmağı təlqin etmirik. Lakin gələcəyi inşa edən bütün sovet xalqlarını indi öz tarixi mirasından büsbütün imtina etməyə səsləyən və bundan ötrü böyük bir hərbi kazarma içərisindən "xilas etdikləri"nə sabahın proqramını yükləməkdən bir an belə geri durmayanları görəndə keçmişin bəzi həqiqətlərini ötən əsrin açıq mənbələrindən götürüb ortaya qoymalı olursan.

Heydər Əliyevlə savaşan indiki kölgələr, müasir kommunikasiya vasitələrində az qala müqəddəs savaşa çıxdıqlarını elan edənlər üçün yaddaş kitabçası  sayıla biləcək tarixi bir müsahibəyə diqqət yetirməkdə fayda olduğunu düşünürük. Axı sosioloqların başlıca vəzifələrindən biri millətin dünəni və sabahı arasında üzvi bağları qırılmağa qoymamaq, “atalar və oğullar arasındakı münaqişə”ni xalqın xeyrinə həll etməkdir. Ona görə də Heydər Əliyevin 1981-ci ildə "Literaturmaya qazeta”nın xüsusi müxbirinin suallarına cavablarını sizə təqdim edirik. Tanış olun və görəcəksiz ki, 38 ilin zaman məsafəsi və dəyişən formasiya böyük siyasət adamının dövlət qurma sənətinə dair gəldiyi on illik qənaətləri gələcəyin "yol xəritəsi" kimi qəbul etməyə imkan verir.

Seçmələr

Qanunçuluq və kadr hazırlığı təhsildə vəziyyət haqqında….

Qeyd etmək istəyirəm ki, biz: “qanunçuluq” deyəndə Cinayət Məcəlləsindən çox, cəmiyyətimizin əxlaq kodeksini nəzərdə tuturuq. Özü də bu baxımdan hüquq pozuntuları, onların profilaktikası bizim üçün təkcə hüquqa aid məsələ deyil. Bu sosial və mənəvi məsələdir, çünki söhbət ən əvvəl insan uğrunda mübarizədən, insan hüquqlarına hörmətdən, ləyaqət və şərəfin qorunmasından, onda ən yaxşı vətəndaşlıq keyfiyyətləri, yüksək əxlaq prinsipləri tərbiyə edilməsindən gedir. Əgər biz adamların böyük əksəriyyətinin namuslu yaşayıb işlədiyinə inanmasaydıq və bunu dönə–dönə yəqin etməsəydik, heç bir dəyişikliyə nail ola bilməzdik. Amma digəl ki, israfçılıq, səhlənkarlıq, gözdən pərdə asmaq üzündən çox vaxt onların əməyi zay olurdu. Prinsipial, namuslu kadrlar əksər hallarda irəli çəkilmirdilər, onlara qabiliyyətlərinə uyğun iş verilmirdi.

 

Biz kadr hazırlığına xüsusi əhəmiyyət veririk. Buna görə də təsadüfi deyil ki, iqtisadi və sosial-mənəvi sahələrdə qayda yaratmaqla bərabər, ali məktəblərə də əl atdıq. Ali məktəblərin işinə Kommunist Partiyası MK-sının fəal surətdə qarışması ona görə vacib idi ki, profossor-müəllim heyəti arasında rüşvətxorluq, proteksionizm, qohumbazlıq geniş yayılmışdı. Bu vəziyyət ali təhsilli kadr hazırlığı işinə ciddi xələl gətirmiş və gənclərin tərbiyəsinə çox böyük mənəvi ziyan vurmuşdu.  Biz belə bir vəziyyətlə də üzləşdik ki, ayrı-ayrı ali məktəb müəllimləri, rəhbər işçilər öz övladlarını ali məktəblərə “valideyn” ixtisasları üzrə düzəltməyə çalışırdılar. Biz bu cür hərəkətləri məhdudlaşdırmalı olduq. İnzibati orqanların işçilərinin övladlarını dövlət üniversitetinin hüquq fakültəsinə götürməyi isə tamamıilə qadağan etdik.

 

Ziyalını səciyyələndirən başlıca amil nədir? Ali təhsil diplomu? Elmlər namizədi, doktorluq diplomu? Zənnimcə, yox. Ziyalının başlıca keyfiyyəti cəmiyyətə fədakarlıqla xidmət etməkdir. Yeri gəlmişkən deyim ki, Rusiya tarixində ziyalıların faciəli aqibətinə dair misallar çoxdur: silk sədləri qoyulurdu ki, bu ziyalılar xalqa sərbəst xidmət etsinlər, onların işlərinin istedadlı davamçıları olsun. Onlar bu sədləri öz imkanları daxilində aşıb keçirdilər. Çünki onlar nəslin şərəfini yüksək tuturdular, övladlarını müasir dillə desək, naqislik kompleksindən qoruyurdular.

 

 

Övladlarını, nəvələrini, qohum-əqrabasını öz kafedrasına, labaratoriyasına, institutuna düzəldən, üstəlik, qabil olsalar da, olmasalar da, dissertasiya hazırlamaq, elm pillələri ilə yuxarı qalxmaq üçün onlara imtiyazlı şərait yaradan professorlara, hətta akademiklərə ziyalı deməyə adamın necə dili gələr? Hüquq fakültəsinə gəlincə, burada da bizim qərarımız sağlam olmayan bir meyllə bağlı idi. Biz aşkara çıxarmışdıq ki, bu fakültəyə qəbul olunan tələbələrin böyük əksəriyyəti milis, prokurorluq, məhkəmə, hüquq kafedraları, partiya və sovet orqanları işçilərinin balalarıdır. Əsasən sui-istifadə ilə əlaqədar olan belə bir vəziyyət, daha artıq dərəcədə isə onun zərərli nəticələri, inzibati orqanların tərkibində bir növ qohumbazlıq və “irsiyyət” şəraitinin yarana biləcəyi təhlükəsi bizi narahat edirdi.

 

Mən həmin təhriflərin ələyhinə çıxanda ilk vaxtlar qulağıma belə sözlər gəlib çatırdı ki, bəs bu cür sərt tədbirlər nəyə lazımdır, axı həkim, müəllim, hüquqşünas, alim nəsilləri olmuşdur-baba, ata, oğul... Bəs nə üçün indi bunu qadağan “edirik"? Bu suala cavabım belədir: bəli, olmuşdur və ola da bilər, yalnız yüksək mənəviyyat zəminində, yalnız istedada görə. Şaxtaçı, neftçi, poladəridən, taxılçı sülalələrinə mənim dərin hörmətim var və bu sülalələri yüksək qiymətləndirirəm. İşə namuslu münasibətə əsaslanan varislik nəsillərdə əsl ziyalı keyfiyyətləri yaradır-həm fiziki, həm də əqli əmək adamlarında. Hər kəsdən qabiliyyətinə görə, hər kəsə əməyinə görə.

 

 

 Rəhbər işçilərə qadağalar…

 

Biz bağ evləri tikməyi, şəxsi avtomobil almağı, alimlik dərəcəsi üçün dissertasiya müdafiə etməyi rəhbər partiya işçilərinə və vəzifəli şəxslərə qadağan etməyə məcbur olmuşuq... Bəli, bu, iradi qərardır. Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi mən təklif etdim, həmkarlarım razılaşdılar. 60-cı illərdə Bakıda bağ evləri tikintisi geniş miqyas almışdı. Kim tikdirirdi? Əsasən rəhbər işçiləri, ziyalılar. Nəticəsi nə olmuşdu? Bir çox hallarda sui-istifadə: müəssisə və tikintilərin texnikasından, nəqliyyat vasitələrindən, inşaat materiallarından, işçi qüvvəsindən qanunsuz istifadə edilməsi. Üstəlik, bağ evləri tikilməsi xüsusi mülkiliyyətçilik psixologiyasının, fərdiyyətçilik əhval-ruhiyyəsinin dirçəlməsinə təkan verir, ictimai borcun yaddan çıxarılmasına səbəb olur. Biz bəzi rəhbər işçilərə şiddətli cəza verdik. Bağ evləri tikintisini qadağan etməyimizdən heç kim zərər çəkmədi, cəmiyyətə isə bunun xeyri oldu. Zavod direktoru üçün bağ yox, zavodun bütün kollektivi üçün pansionat, profilaktoriya. Biz, bax, bunu əsas götürürük. Son illərdə bu cür pansionatlar, istirahət evləri,  o cümlədən rəhbər heyət üçün az tikilməmişdir. Respublika ictimaiyyəti bizim tədbirlərimizi bəyənib.

 

 

Fərdi avtomobillərin alınmasının qadağan edilməsi avtomobil alveri faktları ilə əlaqədardır. Həm də belə faktlar çoxalmışdı. Biz avtomobil alıb-satmaq üstündə bir çox məsul işçiləri cəzalandırmalı olduq. Mən təcrübəmizi kor-koranə götürüb tətbiq etməyi məsləhət görmək fikrindən uzağam. Belə qərarlari biz özümüzdə yaranmış kəskin vəziyyətə uyğun olaraq qəbul etmişik. Rəhbər işçilərin adına az da olsa ləkə düşməməlidir.

 

Rəhbər işçilərin alimlik dərəcəsi almaları ilə bağlı…

 

Güman edirəm ki, şairin çox riyakarlıqla, lakin dəqiq şəkildə dəyişdirilmiş misralarına bələdsiniz: “Alim olmaya da bilərsən, amma namizəd olmağa borclusan”. İndi biz elmsiz keçinə bilmirik. Kim idarəetmə ilə məşğul olursa, elmlərin, xüsusilə ictimai elmlərin əsaslarına yiyələnməlidir. Üstəlik, öz əməli fəaliyyəti ilə elmə töhfə verməli, cəmiyyətdə cərəyan edən hadisələri təhlil etməyi və bir anlıq qərarlar deyil, dərin qərarlar qəbul etməyi bacarmalıdır. Biz bütün rəhbər işçilərdə bu keyfiyyətlərin olmasını istəyirik. Azərbaycan KP Mərkəzi Komitəsi Təbliğat və təşviqat şöbəsinin müdiri Əfrand Firudinoviç Daşdəmirov sizinlə üzbəüz əyləşib. Hələ qırx yaşı yoxdur, amma fəlsəfə elmləri doktorudur, professordur. MK aparatına alim kimi gəlib və öz partiya işini elmi işlə əlaqələndirir. Bu, bizə fayda verir. Hər bir qaydanın əsaslandırılmış istisnaları da vardır. Yoxsa qayda ehkama çevrilir. Lakin Sumqayıt Şəhər Partiya Komitəsinin keçmiş birinci katibi Balakişiyevin texnika elmləri namizədi alimlik dərəcəsi almasını əsla normal vəziyyət hesab etmək olmaz. Axı, o, partiya işinə keçməzdən əvvəl elmi tədqiqatla məşğul olmamışdır, heç mühəndis də işləməmişdir, ömründə istehsalatda çalışmamışdır. Buna görə də yoxlamanın nəticələri təəccüb doğurmur. Bu nəticələr oyanan şübhəni təsdiq etmişdir: Balakişiyev əslində dissertasiyasının müəllifi olmamış, özgə əməyindən istifadə etmişdir. Balakişiyev sovet alimi adına yaraşmayan hərəkətlərinə görə SSRİ Ali Attestasiya Komissiyasının 1981–ci il 12 avqust tarixli qərarı ilə alimlik dərəcəsindən məhrum edilmişdir.  Lakin bu, yeganə hadisə deyildi. 60—ci illərdə rəhbər işçiləri arasında alimlik dərəcəsi almağa aludəçilik dəb düşmüşdü. Biz belə bir nəticəyə gəldik ki, bunun nə elm üçün əməli faydası var, nə də partiya, dövlət fəaliyyəti üçün. Zərəri, mənəvi ziyanı isə çoxdur. Rəhbər işçilər öz vəzifələrindən sui-istifadə edirdilər, alimlərin sıraları isə zibillənirdi. Qadağan etməyimizin səbəbi, bax, budur. Belə mənəvi yasaqlara dair gətirilən misallar, bəlkə də, gözlənilməzdir. Lakin əmək kollektivində mənəvi yasaq özlüyündə o qədər də nadir hadisə deyildir.

 

 

Rəhbər işçinin mənəvi keyfiyyətləri…

 

Kollektivə başçılıq edən rəhbərin qarşısına xüsusi tələblər qoyulur. Rəhbər işçinin mənəvi siması, mənəvi nümunəsi adamların tərbiyəsində mühüm amildir. Əgər rəhbər işçi, məsələn, tribunadan xırda burjua psixologiyasının qalıqlarını qamçılayıb lənətləyirsə, şəxsi həyatında isə öz vəzifəsindən sui—istifadə edirsə, sərvət toplamaqla, qızıl almaq, alver etməklə məşğul olursa, həyatda əşyadan və puldan başqa heç bir sərvət tanımayan adamdan yüz qat təhlükəlidir.

 

...Ehtiyat toplayanların psixologiyası məni də maraqlandırır. Bəzən onların açıq-saçıq cavablarını eşidirsən. Bakı şəhəri Şaumyan Rayon İcraiyyə Komitəsinin keçmiş sədri, qızıl pul alıb yığmaqda ifşa edilmiş Əhmədov Kommunist Partiyası MK Bürosunun iclasında beləcə də demişdi: “Dar gün üçün”. Onlar layiq olmadıqları yeri tutar–tutmaz öz “dar günləri” üçün qorxmağa başlayırlar. inamsızlıq, nigarançılıq, labüd uğursuzluq hissi bu bədbəxtləri qarabaqara izləyir. Əgər onların keçmişinə baxsaq, indicə haqqında danışdığımız əhvalatlara hökmən rast gələrik: ali məktəbdə yer rüşvətlə alınıb, diplom pulla alınıb, dissertasiya da, “gəlirli yer” də və i. a. Bumeranq geri qayıdır. Bəla burasındadır ki, o, nəinki həyatımızın qanununu pozan adamın şəxsi taleyinə, həm də çoxlu  başqa adamlara zərbə vurur, dayaqlarımıza və prinsiplərimizə zərbə vurur, ədalətə və paklığa inamsızlıq yaradır.

 

 

Rüşvət haqqında…

 

Rüşvət universal cinayətdir. Bütün başqa eybəcərliklər onun ətrafında dolanır. Rüşvətxor əlaltından dublyonka paltosu satmır, dövlətin mənafeyini satır, öz fəaliyyətini satır, başqa birisi isə  pul verib bunları alır. Keçmişin mənfur qalığı yaşayırsa, bunun təqsiri hər birimizin üzərinə düşür, hətta təmiz, pak adamın da, hətta rüşvət alanlara və rüşvət verənlərə nifrət edən adamın da. Şəxsən təmiz olmaq və şəxsən çiyrinmək hələ vətəndaşlıq ləyaqəti deyildir. Vətəndaşlıq fəallıq deməkdir, şərə qarşı mübarizə aparmaq bacarığı və arzusu deməkdir. Publisistlərdən neçə  illərdir ki, Rubinovun “Brilyant əllər” məqaləsi kimi bir çıxış gözləyirdim. Lakin “Literaturnaya qazeta” şəxsi gəlir haqqında hesabat formasını tapmağı yalnız təklif etməklə kifayətlənib bunun üçün tədbirlər hazırlanmasına çalışmasa, yarı yolda qalmış olar.

 

Yəqin ki, siz publisistlər də bəzən çətinlik çəkirsiniz. İfşa edilmiş və hələ ifşa edilməmiş oğrular, rüşvətxorlar, yəqin, çığır–bağır salırlar ki, siz “rəhbərin nüfuzunu” sarsıdırsınız.

 

Şərin kökünü kəsmək üçün görülən konkret tədbirlər özlüyündə əlahiddə bir məqsəd deyildir. Bunlar qanunun pozulmasına qarşı ümumi dözülməzlik sisteminə möhkəm daxil olmalıdir.  Real tədbir görülməsə, fəal mövqeyin heç bir faydası yoxdur. Fəal vətəndaşlıq mövqeyinin yaradılması dövrümüzdə bütün ideoloji işin özəyidir.

 

 

Əmək kollektivində mənəvi dəyərlər

 

Elmi-texniki inqilab, rifahın yüksəlməsi, asudə vaxtın çoxalması, savadın artması kimi mütərəqqi hadisələrin müasir həyata gətirdiyi bir çox ziddiyyətlər kompleks qaydada mənəvi, sosial, siyasi cəhətdən idarə olunmasa, mənfi nəticələr də verə bilər. Əmək kollektivində yalnız əmək alətləri deyil, insani münasibətlər də mükəmməl olmalıdır. Bakı Məişət Kondisionerləri Zavodu bu cür ahəngdar əlaqənin timsalı ola bilər.  Yaxud neftçi kollektivlərini, xüsusilə dəniz neftçiləri kollektivlərini götürək. Orada hər şey yüksək mənəviyyata əsaslanır.

 

İdeyanın kütlələrə hakim kəsildikdən sonra maddi qüvvəyə çevrilməsi haqqında Marks müddəasının düzgünlüyünü əyani şəkildə görüb yəqin etmək olar.

 

İstehlak mədəniyyəti tərbiyə etməyi yaddan çıxarmaq olmaz. Bu, sosialist həyat tərzinin bir ünsürüdür. Bayaqdan haqqında danışdığımız ziyalıların fəallığı üçün burada geniş meydan vardır. Əsl bir ziyalı rifahın məna və məzmunu, şəxsi və ictimai qarşılıqlı münasibətin başa düşülməsinə kömək etməyə çalışır. Başqa bir ziyalı isə vəzifəyə keçəndən sonra öz meşşan instinktlərinə meydan verir. Deməli, iki yol var: müasir əşyaların köməyi ilə yüksəlmək yolu, bir də əşyaların ucbatından uçuruma yuvarlanmaq yolu. Biz fəal həyat mövqeyinin formalaşdırılmasına bu qədər böyük əhəmiyyət verərkən təkcə sosial cəhətdən fəal şəxsiyyətin ictimai proseslərin idarə olunmasına kömək etdiyini yox, həm də bu şəxsiyyətin özünün yeni həyat sərvətləri əldə etdiyini, yeni sevinclərə qovuşduğunu nəzərdə tuturuq.

 

Ədəbi və bədii yaradıcılığın rolu…

 

Yazıçılar, şairlər, kinematoqrafçılar sürətlə dəyişən həyatla qanunlar arasında olan ziddiyyətləri konfliktli vəziyyətlərdə göstərirlər. Ziddiyyətlər təkcə hüquqşünaslığa yox, adət edilmiş təsəvvürlərə, köhnəlmiş ənənələrə, ilk nəzərdə sarsılmaz görünən davranış qaydalarına da aiddir. Beləliklə, sənətkarlar öz vətəndaşlıq mövqelərini ifadə edərək cəsarətlə parlaq bədii əsərlər yaradırlar.

 

Ədəbiyyatın həyatdan geri qalmasına yalnız təəssüf etmək olar. Mən hər şeydən əvvəl Azərbaycan yazıçılarını nəzərdə tuturam. Cəsur və vicdanlı müasir cəngavərlərin obrazları olan əsərlər hələ az yaradılır. Halbuki real həyatda belə adamlar çoxdur!

 

   

Bir halda ki, söhbət ədəbiyyatdan düşdü, deməliyəm ki, sosialist realizmi ədəbiyyatı mənfi hallara qarşı mübarizədə, bütün dünyada sülhün qələbəsi uğrunda, dağıdıcı şər qüvvələr üzərində insan idrakının təntənəsi uğrunda mübarizədə həmrəylik, hətta davakarlıq kimi bir keyfiyyətə malik olmalıdır.

 

Fəzilətlərin zirvələrə doğru yolu həmişə daşlı-kəsəkli olmuşdur! Qətiyyətli adamların sevinc hissi süst, ətalətli, "mənə dəxli yoxdur" mövqeyi tutan adamlara, xüsusilə fırıldaqçılara, dələduzlara, xalq malını oğurlayanlara heç bir zaman nəsib ola bilməz. Belələrinin iztirablarına kimsə şərik olmaz, onların çəkdiyi labüd cəzanı heç kim hədsiz dərəcədə şiddətli cəza saymaz.

 

Şərə qarşı mübarizənin zirvəsində vəziyyət kəskinləşir. Sonra nisbətən dinc şərait yaranır və yüksək mənəviyyat bütün həyata istiqamət verir. Biz idealist deyilik və iddia etmirik ki, xeyirin şər üzərində əbədi mütləq qələbəsinə nail olacağıq.

 

İctimai rəy haqqında…

 

Biz həyat tərzimizin əxlaq prinsiplərini bərqərar etmək uğrunda mübarizədə ictimai rəyin öyrənilməsinə və nəzərə alınmasına xüsusi əhəmiyyət veririk. Deməliyəm ki, bu iş də çox karımıza gəlir. Aşkarlıq, görülən tədbirlər və onların nəticələri haqqında müntəzəm olaraq geniş məlumat verilməsi, bunun üçün mətbuat orqanlarından, radio və televiziyadan səmərəli istifadə olunması sosialist demokratiyasını inkişaf etdirməkdə, kütlələrin sosial fəallığını yüksəltməkdə çox mühüm amildir. Lap bu yaxınlarda MK Bürosunda biz Bakının Nərimanov rayonunda hüquq qaydalarının mühafizəsində və hüquq pozuntularına qarşı mübarizədə olan ciddi nöqsanlar haqqında məsələni müzakirə etdik. Hüquq–mühafizə və sovet orqanlarının rəhbərlərinə şiddətli cəza verməli olduq. MK–nın məsələyə dair qərarını respublika mətbuatında dərc etdik. Sonra Azərbaycan KP MK yanında İctimai rəyi öyrənmə və sosioloji tədqiqatlar mərkəzi zəhmətkeşlərə müraciət edib qərarda deyilənlər barəsində öz mülahizələrini bildirməyi xahiş etdi. Minlərlə təklif, məsləhət alınmışdır. Hamısında da qərarımız bəyənilir. Təkliflərin və məsləhətlərin bir çoxu əməli cəhətdən məqsədəuyğun olması ilə fərqlənir. Məsələn, milis, məhkəmə, prokurorluq işçilərinin əhali qarşısında hesabatları qayda şəklini almışdır.

 

 

Elşad Mirbəşiroğlu
Politoloq, siyasi elmlər doktoru