Press-reliz

STM: Vətən müharibəsi əhalinin gözlədiyi kimi yekunlaşıb

Sosial Tədqiqatlar Mərkəzi (STM) Vətən müharibəsi ilə bağlı dekabrın 1-dən 4-dək əhali arasında apardığı sorğunun nəticələrini açıqlayıb.

 

Nəticələri dekabrın 22-də mərkəzin İdarə Heyətinin sədri, deputat Zahid Oruc təqdim edib.

 

Onun sözlərinə görə, 44 gün davam edən Vətən müharibəsindən əhalinin əsas gözləntisi Dağlıq Qarabağ və ona bitişik 7 rayonun tamamilə işğaldan azad edilməsi idi ki, müharibənin sonunda da buna nail olundu: "Vətən müharibəsi əhalinin, demək olar ki, mütləq əksəriyyətinin gözlədiyi kimi yekunlaşıb.

 

II Qarabağ müharibəsinin I Qarabağ müharibəsindən digər əsas fərqi isə bundadır ki, COVID-19 pandemiyasının yayılmasına baxmayaraq 44 gün ərzində və daha sonra ölkədə ciddi ərzaq qıtlığının, tibbi-gigiyenik vasitələrin çatışmazlığının, bahalaşmanın olmaması idi. Cəbhədə müharibə getməsinə baxmayaraq digər ərazilərdə yaşayan insanlar gündəlik həyatına olduğu kimi davam edirdi. Əhali də müharibənin ölkəmiz üçün mənfi sosial-iqtisadi təsirləri olmadığı qənaətindədir. İnsanlar arasında ən geniş yayılan fikir Vətən müharibəsinin yekunları nəticəsində Ali Baş Komandana və orduya inamın daha da artmasıdır.

 

Əhali arasında 10 noyabr tarixində imzalanan birgə bəyanat haqqında məlumatlılıq o qədər də yüksək deyil. Hələ də, əhalinin müyyən bir hissəsində bəyanatla bağlı onlara aydın olmayan məqamlar qalmaqdadır. İnsanların bəyanatla bağlı məlumatlılığı onların münasibətinə də təsir edir. Belə ki, bəyanatla bağlı məlumatı az olan və ya heç olmayan insanların birgə bəyanata münasibəti daha mənfidir.

 

Ümumilikdə götürdükdə isə, əhalinin böyük əksəriyyəti Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan birgə bəyanatı müsbət qiymətləndirir. Birgə bəyanatın bəndlərini bəyənənlər bəyənməyənlərlə müqayisədə üstünlük təşkil edir. Birgə bəyanatın ən çox bəyənilən iki bəndi Ermənistanın öz qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonundan çıxarması və bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, Naxçıvanın blokadadan azad olunmasını nəzərdə tutan bəndlər olub.

 

Respondentlərin ən çox bəyənmədikləri iki bənd isə Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsini nəzərdə tutan 3-cü bənd və Rusiya sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsinə dair 4-cü bənd olub. Bu nəticə bəyanatın bəndləri üzrə əhaliyə aydın və dolğun şəkildə məlumatların verilməsini aktuallaşdırır.

 

Rəyi öyrənilənlərin əhəmiyyətli hissəsinin mövqeyinə görə, Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan birgə bəyanat Azərbaycan Prezidentinin, Ali Baş Komandanın diplomatik bacarığının və onun xalqın maraqlarını qorumasının ifadəsidir. Naxçıvanla nəqliyyat kommunikasiyasının bərpasının ölkəmizin sosial, siyasi, iqtisadi inkişafına müsbət təsirləri ilə əhali arasında gözlənti yüksəkdir.

 

Qeyd etmək lazımdır ki, bölgədə sülhməramlıların yerləşdirilməsi ilə Prezidentin və xalqın daha çox hissəsinin fikirləri üst-üstə düşür. Əhalinin yarıdan çoxu düşünür ki, bölgədə sülh həm Rusiya, həm də Türkiyə sülhməramlılarının iştirakçılığı ilə təmin edilə bilər.

 

Respondentlər Rusiya sülhməramlılarının ermənilər tərəfindən azərbaycanlılara qarşı təxribatların qarşısını ala biləcəyini, Ermənistanın Rusiyadan asılılığı olduğu üçün onunla hesablaşmasını, Rusiyanın bölgədə sülhün bərqərar olmasında maraqlı olmasını düşündüyü üçün Rusiya sülhməramlılarının gəlişindən müsbət nəticələr gözləyir. Rusiya sülhməramlılarının gəlişinin nəticələrinin mənfi olacağını düşünənlərin narahatlıqları əsasən bu sülhməramlıların daha çox ermənilərin maraqlarına xidmət edəcəyi, Rusiyanın Qarabağda hərbi baza yaradacağı ilə bağlıdır.

 

Daha çox insan düşünür ki, ermənilərin qanunsuz (anti-konstitusion) fəaliyyətinin qarşısının alınmasında Türkiyə və Rusiya sülhməramlılarının bölgədə birgə missiyasının əhəmiyyətli rolu olacaq. İmzalanan razılaşmanın şərtlərinin yerinə yetirilməsinin təmin edilməsinə əhali Türkiyə sülhəmaramlılarının Rusiya sülhməramlıları ilə birgə iştirakçılığı nəticəsində nail olunacağını düşünür.

 

Dağlıq Qarabağın inzibati ərazilərində azərbaycanlılarla ermənilərin birgəyaşayışına inam əhali arasında kifayət qədər aşağıdır. Bu inamsızlıq ermənilərin azərbaycanlılara qarşı törətdikləri əməllərlə bağlıdır. Çünki hal-hazırda Azərbaycanın müxtəlif ərazilərində 30.000-dən çox erməni sülh şəraitində yaşayır. Bu o deməkdir ki, azərbaycanlılar öz həmvətənlərinin tolerantlığına inansa da, ermənilərin əməllərinə görə buna inanmırlar. Ermənilərlə birgəyaşayışın mümkün olmayacağını bildirən gənclər digər yaş qrupundan olan respondentlərlə müqayisədə üstünlük təşkil edir.

 

Ermənilərə və Ermənistan dövlətinə olan şübhə və onlardan neqativ hərəkətlərin gözləntisi əhalinin müyyən qismində hərbi münaqişənin yenidən başlama ehtimalının yaranmasına səbəb olub. Bu hiss gənclər arasında xüsusilə daha geniş yayılıb.

 

44 günlük Vətən müharibəsi dövründə aparılan informasiya siyasəti əhali tərəfindən ümumilikdə müsbət qiymətləndirilir. Buna bir neçə amillərin təsiri oldu. Əsas faktor kimi Prezidentin müxtəlif xarici KİV-lərə mütəmadi olaraq müsahibələri, hadisələrin gedişatı ilə bağlı əhalini şəxsən məlumatlandırmasını, digər amillər kimi xarici KİV nümayəndələrinin ölkəyə gəlib hadisələri birbaşa yerindən işıqlandırmasını, Türkiyə kanallarının davamlı olaraq müharibə ilə bağlı informasiyalar verməsini, yerli telekanalların daimi olaraq əhaliyə məlumat verməsi və birbaşa canlı yayımlar etməsini göstərmək olar.

 

Digər vaxtlarda olduğu kimi, 44 günlük müharibə dövründə də əhalinin əsas informasiya mənbəyi televiziyalar olub. Lakin digər dövrlərlə müqayisədə bu dövrdə televiziyaya müraciət edənlər daha da artmışdır. Buna əsas səbəblər kimi, Prezidentin xalqa müraciətlərinin canlı olaraq verilməsini və bu dövrdə internetin ölkə üzrə məhdudlaşdırılmasını göstərmək olar.

 

44 gün davam edən II Qarabağ müharibəsinin yekunu olaraq Azərbaycan, Rusiya və Ermənistan tərəfindən 2020-ci ilin 10 noyabr tarixində imzalanan birgə bəyanata olan ictimai rəy onu deməyə əsas verir ki, bu bəyanat əhali tərəfindən Azərbaycan dövlətinin və xalqının maraqlarını qoruyan sənəd kimi qəbul edilsə də, həm bəyanatla, həm də münaqişənin mövcud və gələcək vəziyyəti ilə bağlı bir sıra narahatlıqlar qalmaqdadır".

PAYLAŞ

Oxşarlar

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti dinləmə keçirdi

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti dinləmə keçirdi

01 Mart 2021

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti “Milli alqı və ritm” mövzusunda dinləmə keçirib.   STM-in İdarə Heyətinin sədri,… ƏTRAFLI

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti şəhid ailələri və qazilərlə görüş keçirdi- PRESS RELİZ

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti şəhid ailələri və qazilərlə görüş keçirdi- PRESS RELİZ

22 Fevral 2021

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti “Vətən Müharibəsində qələbədən sonra gələcəyi birgə quraq” mövzusunda görüş k… ƏTRAFLI

STM böyük qayıdışla bağlı BMT QAK-ın nümayəndəliyi ilə  müzakirələr aparıb

STM böyük qayıdışla bağlı BMT QAK-ın nümayəndəliyi ilə müzakirələr aparıb

12 Fevral 2021

STM böyük qayıdışla bağlı BMT QAK-ın nümayəndəliyi ilə  müzakirələr aparıb.   Görüşdə STM tərəfindən idarə hey… ƏTRAFLI