Günün nəbzi

POST-SOVET DÖVRÜNDƏ YAŞLILIQ- (TƏRCÜMƏ)

Hansı post sovet dövləti ən yüksək pensiya ödənişləri ilə bərabər təqaüdəçıxma yaşı və staj müddətinin ən aşağı həddini müəyyən edir?

 

2019-cu ilin nəticələrinə əsasən Rusiyada yaş həddinə görə orta pensiya on beş min rubla çatıb. Həmçinin, əlillik və ailə başçısının itirilməsinə görə də ödənilən müavinət daxil olmaqla orta pensiya ödənişi on dörd min rubladək yüksəldilib. Bu cür ödənişin aşağı və ya yüksək olmasına gəldikdə, bu, daha çox, necə müqayisə aparılmasından asılıdır. Bu baxımdan, keçmiş Sovet dövlətləri olan qonşu ölkələrdə oxşar vəziyyətin müqayisəsi daha məqsədəuyğundur. Pul vahidi olaraq rubl ilə hesablandıqda, bugün 35 min rubladək ən yüksək pensiya ödənişi Estoniyada, ən aşağı isə 2 min rubldan bir qədər yüksək olmaqla Tacikistandadır. Bunun səbəbləri əslində anlaşılandır. “Bütün post-sovet məkanında bu sahədə oxşar sistem fəaliyyət göstərir və təqaüdçülərin gəlirləri əmək fəaliyyətində olan iş qüvvəsinin maaşlarından asılıdır” – deyə, Rusiya Prezidenti yanında Dövlət Qulluğu və Xalq Təsərrüfatı Akademiyasının (РАНХиГC) Şimal-qərb İdarəçilik İnstitutunun dosenti Artyom Qolubev vurğulayır. O qeyd edir ki, keçmiş Sovet məkanında ən yüksək maaşlar SSRİ-nin dağılmasından sonra Avropa İttifaqına daxil olmuş Baltikyanı ölkələrdə mövcuddur. Lakin vətəndaş müharibəsi keçirmiş və iqtisadi inkişaf planı olmayan Tacikistana nəzər saldıqda demək mümkündür ki, bu ölkə son otuz ilini itirmiş hesab edilə bilər. Burada işləyən hər üç nəfərdən biri qeyri-qanuni əmək fəaliyyəti ilə məşğuldur və beləliklə onların təqaüd fonduna qatqısı təmin olunmur.

 

Yaşayış xərclərinin azaldılması şəraitində hətta heç bir post-sovet ölkəsində təqaüdçülər əmək fəaliyyəti ilə məşğul olduqları dövrlə müqayisədə yüksək maddi təminat şərtləri daxilində yaşamırlar. Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən qəbul edilən və Rusiya Federasiyası tərəfindən də yaxın zamanlarda ratifikasiya edilmiş konvensiyaya əsasən orta əmək haqqına nisbətdə orta pensiyanın minimal həddi 40 faiz təşkil etməlidir. 2019-cu ildə yalnız Qazaxstan (47%) və Azərbaycan (41%) bu həddi keçə bilmişdir. BƏT-in normativlərinə uyğun vəziyyət daha çox Belarusda müşahidə edilir. Gürcüstan, Ermənistan və Tacikistanda isə bu göstərici 16-23%-dir.

 

“Rusiyada pensiya təminatı ilə bağlı vəziyyət qonşu ölkələrlə müqayisədə orta səviyyədədir. Dövlət tərəfindən pensiya ödəmələri maaşların 30%-ni əvəz edir ki, bu da Baltikyanı dövlətlərdəki vəziyyətlə müqayisədə oradakı səviyyə ilə demək olar ki, yaxındır. Üstəlik bu səviyyə ölkədəki iqtisadi inkişafın göstəriciləri və demoqrafik vəziyyət də nəzərə alındıqda olduqca yüksək hədd hesab edilə bilər. Heç bir post-sovet ölkəsində şəxsi pensiya yığımları maddi təminat baxımından yüksək qazanc təşkil etmir”, deyə dosent Qolubev ifadə edir.

 

Dünyada əhalinin yaşlılıq faiz götsəricisi artdıqca, hökumətlər təqaüdçülərin nisbət faizini azaltmağa və pensiya yaş həddini isə yüksəltməyə çalışırlar. Keçmiş Sovet məkanında belə siyasət ilk dəfə 1995-ci ildə Litvada pensiyaya dövrünə çıxanadək kişilərə əlavə bir il, qadınlara isə iki il əlavə işləmə məcburiyyəti tətbiq edilməklə həyata keçirilmişdir. Bu ölkədə hazırda pensiya islahatlarının artıq üçüncü fazası icra olunur ki, bununla, 2026-cı ildən etibarən bütün insanlar təqaüdə yalnız 65 yaşdan sonra çıxmaq imkanı qazanacaqlar.

 

1998-ci ildə Moldova və Qazaxıstan pensiya yaşını artırdıqdan sonra, 1999-cu ildə bu tendensiya Latviyada davam etmişdi. Sonradan, 2001-ci ildə Ermənistan və Tacikistan, daha sonra 2010-cu ildə Azərbaycan, növbəti olaraq isə 2011-ci ildə Ukrayna pensiya yaş həddini yüksəldən ölkələr sırasına daxi oldu. Belarus, Estoniya və Rusiya bu tədbirlərə yalnız 2017–2018-ci illərdə qoşulmağa başladı.

 

“Sovet dövründə mövcud olmuş pensiya yaş həddinin saxlanıldığı yeganə ölkə hal-hazırda Özbəkistandır. Lakin 2022-ci ildən etibarən bu ölkədə də pensiya təminatı üzrə yaş həddinin məqsədəuyğun şəkildə artırılması nəzərdə tutulur. Özbəkistan Maliyyə Nazirliyi bu həddin 58-63 yaş olaraq müəyyən edilməsi ilə bağlı təklif irəli sürüb. Lakin bu barədə qanun hələ qəbul edilməyib” – deyə, Beynəlxalq Pensiya və Sosial Fondlar Birliyinin direktor müavini Andrey Mordvintsev qeyd edir. O, həmçinin vurğulayır ki, bütün digər post-sovet ölkələri pensiya islahatlarını 2028-ci ildən gec olmayaraq başa çatdırmağı planlaşdırırlar. “Bununla bağlı, artıq səkkiz ölkədə kişi və qadınlar üçün ortaq pensiya yaş həddinin müəyyən edilməsinə başlanılıb” – Mordvintsev bildirir.

 

"Yaşlılar üçün sığorta pensiya hüququ verən minimum pensiya staj müddəti də artırılır"- Golubev əlavə edir. O, deyir ki, Rusiyada bu hədd 11 il olsa da, gələcək üçün 15 ilədək yüksəldilməsi nəzərdə saxlanılır. Bu məsələ ilə bağlı hətta sovet sosial ədalətlilik prinsip və ənənələrinə daha çox sadiqliyi ilə seçilən Belarusda da siğorta üçün pensiya stajının iyirmi ilədək artırılması barədə qərar artıq qəbul edilib.

 

 


Tərcümə: Aytən Babayeva

Mənbə: https://aif.ru/money/mymoney/postsovetskaya_starost_gde_v_byvshem_sssr_samye_bogatye_pensionery

 

PAYLAŞ

Oxşarlar

Amerikalılar  Ağ Evin COVID-19 ilə bağlı məlumatlarını önəmsəmirlər

Amerikalılar Ağ Evin COVID-19 ilə bağlı məlumatlarını önəmsəmirlər

18 İyul 2020

Hətta bəzi insanlar, baş vermiş hadisənin çox böyük bir razılaşma olduğunu, jurnalistlərin isə  məsələni şişirtdiklərini söyləyir… ƏTRAFLI

ABŞ-da insanlar koronavirusla bağlı məlumatı gündəlik olaraq  Feysbukdan əldə edir

ABŞ-da insanlar koronavirusla bağlı məlumatı gündəlik olaraq Feysbukdan əldə edir

16 İyul 2020

COVID-19 ilə əlaqəli Feysbuk yazılarının dörddə üçü (74%) xəbər təşkilatlarına, yalnız 1% -i səhiyyə və elm saytlarına aiddir.  … ƏTRAFLI

Atatürkün ucaltdığı Azərbaycan bayrağının orağı, çəkici və ulduzu

Atatürkün ucaltdığı Azərbaycan bayrağının orağı, çəkici və ulduzu

10 İyul 2020

Düzgün tarix siyasətini necə yazmalı-Mustafa Kamalın Azərbaycan səfirliyinə gəlişi və bir fotonun tarixçəsi   Sosial Tədqiqatlar Mərk… ƏTRAFLI