logo
AZ

Günün nəbzi

Məğlubların kədəri: hərbi qənimətlər tarixi

1830-cu ilin 1 iyununda “Spaso-Preobrajenski” Katedralının ətrafında 1828-1829-cu illər Rus-Türk müharibələri zamanı ordular tərəfindən ələ keçirilmiş türk silahlarından ibarət hasar qurulmuşdu. Təkcə bu hadisənin özü yox, bütövlükdə, hərbi qənimətlər tarixi bütün xalqlar və dövrlər üçün hərb fəaliyyətinin vacib hissəsini təşkil etməklə, maraq kəsb edir. Qənimətlərin qazanılması iri və kiçik miqyaslı müharibələri müşayiət edən və dünyada hərbi konfliktlər zamanı tətbiq edilməyə davam edən bir praktikadır. Məğlub edilmiş ordunun hərbi sursatlarının yığılmasının müəyyən qaydaları mövcud olsa da, bəzən bu qaydaların gözlənilmədiyi (tətbiq edilmədiyi) və ya pozulduğu hallar xalqları dərindən üzməklə yanaşı, hətta dövlət və hərbi iitifaqların çökməsinə belə səbəb olub.

 

Qədim dövrdə qənimətlər

 

İnsanlıq tarixində müharibələrin meydana gəldiyi vaxtdan etibarən qənimətlər götürülməsi vüsət alıb. Bu ənənənin nə zaman diqqət çəkməyə başladığını müəyyən etmək çətin olsa da, qənimətlər əldə edilməsi artıq hərbi sahə və hətta dini kult baxımından da ayrıca bir faəliyyətə çevrilib. Erkən dövrlərdə oxşar təcrübənin mövcudluğuna dair ehtimallar barədə yalnız arxeologiya elmi məlumat verir. Bununla bağlı, qədim Misir rəsmlərində nümunlərə rast gəlmək mümkündür. Məbədlərin divarlarını bəzəyən freskalar misirlilərin düşmənlər üzərində qələbədən sonra sürüləri necə daşımaları, həmçinin, düşmən silahları və digər yüklərlə yüklənmiş heyvanların onları müşayiət etməsi haqqında sübut xarakterlidir. 

 

Qənimətləri nümayiş etdirən qədim Misir freskaları

Mənbə: https://upload.wikimedia.org

 

Qeyd edilən təcrübənin əsas inkişaf dövrü antik zamanlar, ilk növbədə, Qədim Yunanıstanın klassik dövrünə təsadüf edir. Yunanlar döyüşdən sonra qənimətlərini döyüş ərazisində sərgiləməyi adət olaraq qəbul etmişdilər. Qalib gələn ordunun əsgərləri torpağa xaçabənzər fiqur sancmaqla üzərinə məğlub tərəfin zirehləri, dəbilqə və silahlarını asırdılar. Həmçinin, trofeya çiçəklər və ağac budaqları ilə bəzədilirdi. Lakin belə simvolikanın müstəsna hərbi şücayət göstəricisi, yoxsa sadəcə tanrı Zevsin müqəddəs ağacı sayılan palıddan hazırlanan dirək qismində və məbəd olmayan yerdə qalibin dini ritualı yerinə yetirmə hadisəsi kimi çıxış etməsi isə hələ məlum deyil. Əgər müharibələr zamanı qələbələr dənizdə qazanılırdısa, gəminin burun və ya bütöv gövdəsi müvafiq məna daşıması üçün nümayiş etdirilirdi. Zamanla, trofeyalar davamlı materiallar və metallardan xüsusi olaraq hazırlanmaqla, sonralar məşhur Miltiada yaranmağa başladı. Ardınca, ənənə memarlığa daxil olmaqla, silahlar və dəbilqələr məqbərə və mavzoleylərin bəzədilməsi üzrə istifadə forması qazandı.

 

Qədim yunanlar qənimətləri qurur / Mənbə: https://www.pinterest.ru

 

Sözügedən təcrübənin icra edilməsilə bağlı növbəti fatehlər kimi Makedoniyalılar xüsusi seçilib. Onlar trofeyaları sərgiləmək əvəzinə, əvvəlcə dini məqsədlərlə yerinə yetirilən, Olimp dağından enən aslanın kral Karan tərəfindən yerləşdirilən trofeyanı aşırması ritualını həyata keçirirdilər. Sonralar, Böyük İsgəndər trofeya ənənəsini qadağan etmişdi. Lakin Assuriya, Babil və Persiya (İran) krallıqları dövründə zəngin qənimət kolleksiyalarının paytaxtda qalib əsgərlər arasında paylanılmasına laqeyd yanaşılmadı.

 

Qədim Romalılar trofeyaları qurur

Mənbə: https://www.pinterest.ru

 

Qədim Romada isə qənimətlər yalnız hərbi əhəmiyyət daşımayıb, həm də ümumi mədəniyyətin mühüm tərkibinə çevrilmişdi. Mükafatlar döyüş meydanına qoyulmaqla yanaşı, daha sonra qoşun və qalib generalların zəfər keçidi əsnasında Romaya gətirilirdi. Bu qənimətlər sonradan qələbələr şərəfinə ucaldılmış zəfər tağlarını, stellər, məbəd və abidələri bəzəyən memarlığın bir hissəsi oldular. Öz hərbi reqaliyasının qorunması Romanın hərbi mədəniyyətinin vacib tərəfi idi. Məhz Roma dövründən bəri legionların simvolları olan qartallar, fərqləndirici nişanlar və Roma ordusunun digər seçilən elementləri müqəddəs məna qazanmağa başladı, onların itirilməsi halında isə bunun ordu və komandanı üçün utanca çevrilməsi hadisəsi yarandı.

 

Trofeya mədəniyyətinin inkişafı

Roma mədəniyyətinin yox olmasından sonra xristianlıq dini Avropaya qədəm qoyduğu vaxtlarda xristian xaçının meydana gəlmə tarixi də maraqlıdır. Bu dövrdə o, bəzəksiz və çılpaq bir trofeya kimi şəhidlərin simvolu sayılırdı. Bir çoxları xristian şəhidlərinin bütpərəstlik üzərində qələbəsini simvolizə edən "tropar" (Pravoslav marşı) sözünün yunan "tropayon" (kubok) sözündən meydana gəldiyinə inanır. Bu mənada, buraya, həmçinin, Həvari Peter və Həvari Polun Vatikanda dəfn edilməsi əfsanələrini də aid etmək olar. Çünki onların qalıq yadigarları da həmin dövr mənbələrinə əsasən trofeya adlandırılırdı.

 

Qalliya komandiri Vertsingetoriks Yuli Sezara təslim olur

Mənbə: https://www.pinterest.ru

 

Orta əsrlərdə trofeyalar öz əvvəlki mənada istifadə formasını itirməklə, yalnız qalib tərəfin zənginləşməsi üçün vasitə kimi xidmət etməyə başladı. Silahlar, zirehlər və digər hərbi texnika toplanaraq qalibin öhdəliyinə verilirdi. Maddi nümunələr və pullar talan edilir və ya müvəffəq ordunun əsgərlərinə paylanılırdı. Digər tərəfdən, bu dövrdə heraldika sənəti də inkişaf etdi ki, zəngin silahlarla və zirehlərlə bəzədilmiş heraldik qalxanlar qala və məbədlərin divarlarında şərəfli bir yer tutmağa başladı. Bu baxımdan, şəhər və qalaların viran edilməməsi üçün onlardan töhfə almaq ənənəsi həmin dövrdə meydana gəldi.

 

Baş Qərargah binasının divarlarındakı trofeyalar

Mənbə: https://upload.wikimedia.org

 

Yeni dövrdə muzdlu ordular döyüş ərazilərini daha böyük dağıntılara məruz qoyurdular. Bəzən ələ keçirilmiş şəhərlər tamamilə talan edilirdi. Yalnız 18-ci əsrdə nizami qoşunların meydana çıxmasına paralel, həmin vaxtlar yeni trend olan klassisizm meyllərininin də yaranması ilə, qənimət (mükafatlanma) ənənəsi öz antik məna və prinsiplərini geri qazanmağa başladı. Əldə edilən nişan və emblemlər, hərbi hissələrin reqaliya və musiqi alətləri yenidən qalib ordunun qürur simvoluna çevrilir, qazanılan düşmən xəzinəsi olduqca ciddi hərbi qaydalar əsasında bölüşdürülürdü.

 

Mazurovskidə nişan uğrunda döyüş / https://gallerix.ru

 

Hərbi qənimət mövzusunda fransızlara gəldikdə, onlar xüsusilə, Napoleon Bonapart dövründə bununla bağlı müvəffəq olmuşlar. İşğal edilən Avropa ölkələrindən sənət əsərləri həmin dövrdə Luvra gətirilirdi. Roma hərbi reqaliya kultu o zamanlar fransız ordusunda canlanmışdı. Bu baxımdan, Napoleon alaylarının qartalları və kvadrat standartları hər kəs tərəfindən olduqca yaxşı tanınır.

 

 

“Spaso-Preobrajenki” kilsəsinin həyətindəki top lülələri

Mənbə: http://www.etovidel.net

 

Rusiyada trofeyalarla bağlı inkişaf dövrü, xüsusən, 1812-ci il Vətən Müharibəsindəki qələbədən sonra geniş miqyas alıb. O dövrdə dəbdə olan imperiya üslubundakı bir çox binalar fransız trofeyalarının alleqoriyaları ilə zəngin şəkildə bəzədilirdi. Moskvadakı Zəfər Tağı, Sankt-Peterburqda Saray Meydanındakı Aleksandr Sütunu və Baş Qərargah binası təhlükəli düşmən üzərində qələbənin hərbi və milli qürurunun parlaq nümunələridir. Həmçinin, məğlub edilmiş Napoleon alaylarının emblemləri, reqaliyalar indiyədək ölkənin çoxsaylı hərb muzeylərində saxlanılır.

 

Müasir dövrdə qənimət qazanma təcrübəsi

 

Klassik dövr artıq keçmişdə qalıb. Rusiyada trofeya memarlığı sənətinin son nümunələri yalnız türk silahlarından hazırlanmış çəpər ilə “Spaso-Preobrajenski” kilsəsi və Odessa şəhərində yerləşən, 1877-1878-ci illər Rus-Türk müharibəsi zamanı əldə edilmiş türk toplarının lülələri ilə bəzədilmiş Artilleriya küçəsindəki hasardır.

 

Moskvada Borodinski körpüsü üzərindəki trofeyalar

Mənbə: https://upload.wikimedia.org

 

Mühərriklər əsrinin milyonluq ordusu 19-cu əsrin "centlmen döyüşçüləri"ni əvəz etdi və müharibələr daha miqyaslı qanlı hadisələrə çevrildi. Beləliklə, hərbi qənimətlərə olan münasibət də zamanla dəyişikliyə məruz qaldı. Birinci Dünya Müharibəsindən bəri, ordular illərlə mövqelərindən tərpənə bilmədikləri və ya əksinə irəlilədikləri üçün olduqca çoxsaylı qənimətlər ələ keçirirdilər. Bununla bağlı, xüsusi qənimət toplama komandaları da meydana gəlirdi.

 

Moskvadakı Qorki parkında alman qənimətləri / Mənbə: http://waralbum.ru

 

II Dünya Müharibəsinin əvvəlində qənimətlərin idarə olunması dövrü özünün ən yüksək səviyyəsinə çatdı. Məlumdur ki, Avropanın əksər hissəsini tabe edən nasistlər yüzlərlə ələ keçirilmiş texnika, silah, digər hərbi ləvazimat və vasitələri öz qoşunlarında istifadəyə daxil edirdilər. Müharibə qaydalarına dair bağlanmış və qüvvədə olan beynəlxalq konvensiyalara baxmayaraq, almanlar mədəni və incəsənət nümunələrini də özlərilə gətirirdilər. Beləcə, nasist Almaniyası ölkələrin talan edilməsi ilə məşğul idi. Onlar rus torpağına qədəm qoyduqda da eyni cür davranmışdılar. Belə ki, “Tsarskoye Selo”dan itən məşhur Kəhraba Otağı hadisəsi buna bariz nümunə kimi çıxış edə bilər.

 

 

“Patriot” parkında sərgilənən Suriyadan gətirilən trofeyalar / Mənbə: https://mos-holidays.ru

 

Böyük Vətən Müharibəsi dövründə Qırmızı Ordunun həbi qənimət komandaları irəliləyən qoşunların dərhal arxasınca fəaliyyət göstərir və onların işi yerləşdikləri cəbhə və orduların əmrləri ilə ciddi şəkildə tənzimlənirdi. İkinci Dünya Müharibəsi yalnız ümumi mənada deyil, həm də döyüşən tərəflərin qənimət qazanmasının inkişafı baxımından da ən böyük münaqişə idi. Bəlkə ondan daha əvvəl və ya sonradan hərbi trofeyalar bu qədər geniş istifadə edilməmişdi. Əldə edilmiş alman avtomatına sahib bir rus partizanın tanınmış obrazı isə buna dair nümunədir. II Dünya Müharibəsindən sonra beynəlxalq ictimaiyyət müharibə qaydalarına dair 1949-cu il Cenevrə Konvensiyasını imzaladı. Sözsüz ki, müasir hərbi qarşıdurmalar zamanı bu konvensiyanın qaydaları tam şəkildə gözlənilmir. Çünki, hər birimiz müharibə dəhşətləri, mülki insanlar və hərbi əsirlərlə bağlı vəziyyətlərdən xəbərdarıq.

 

Suriyadan olan qənimətlər “Suriya dağıntısı” qatarı ekspozisiyasında

Mənbə: https://mos-holidays.ru

 

Hərbi münaqişələrin lokalizasiyası diqqətdə saxlanılmaqla, getdikcə, hərbi qənimətlər kəmiyyətcə və əhəmiyyət etibarilə kiçilir. Onlar indi memarlıqda və muzeylərdə istifadə olunmağa davam edir. Müasir müharibələrin gerçəklikləri nəzərə alınarsa, çoxsaylı klassik orduların döyüşlərdə bir araya gəlməsini təsəvvür etmək artıq çətindir.

 

Maraqlıdır ki, hazırki dövrdə Rusiyada qənimətlər işində müəyyən yeni canlanma müşahidə olunur. Belə ki, rus qoşunlarının Suriya Ərəb Respublikasındakı mövcudluğu zamanı zərərsizləşdirilən terrorçular və quldurlardan əldə edilmiş trofeyalar əhəmiyyətli bir kolleksiya yaradıb. İndi, onları Moskva yaxınlığındakı “Patriot” parkında və ya Rusiyanın şəhərlərindən keçən “Suriya dağıntısı” adlı xüsusi qatarın ekspozisiyasında görmək olar. Buradan belə nəticəyə gəlinir ki, hərbi xidmət vəzifəsi yerinə yetirildikcə, o cümlədən, saxlanılması şərəf məsələsi olub, düşməni dəf etdikdə qürur amilinə çevrilən dövlət reqaliya və fərqlənmə nişanları mövcud olduğu müddət etibarilə trofeyalara dair təcrübələr də yaşamağa davam edəcəkdir.

 


 

Tərcümə etdi: Aytən Babayeva

 

STM-in baş məsləhətçisi

 

Mənbə: Nikolay Dubenyukun yazısı: https://histrf.ru/read/articles/gorie-pobiezhdiennomu-istoriia-voiennykh-trofieiev

PAYLAŞ

Oxşarlar

ABŞ nəşri: “İkinci Qarabağ müharibəsi təkcə xəritəni yox, həm də lüğəti dəyişdi”

ABŞ nəşri: “İkinci Qarabağ müharibəsi təkcə xəritəni yox, həm də lüğəti dəyişdi”

22 Aprel 2021

“Ötən il Ermənistan və Azərbaycan arasında müharibə təkcə xəritəni yox, həm də lüğəti dəyişdi. İşğal olunanlar “azad olundu&rdq… ƏTRAFLI

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

09 Aprel 2021

"Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin. Mən də kiminləsə oynamaq, danışmaq istəyirəm… ƏTRAFLI

Ermənistanda sorğunun nəticələri bunu deyir

Ermənistanda sorğunun nəticələri bunu deyir

02 Aprel 2021

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük mar… ƏTRAFLI