logo
AZ

Günün nəbzi

"Kommersant"ın müxbiri nələr görüb?- (TƏRCÜMƏ)

İkinci Qarabağ müharibəsi tədricən dünya gündəmindən çıxır. Azərbaycan işğal olunmuş ərazilərini geri qaytardı. Bölgəyə Rusiya sülhməramlıları yerləşdi. Sülhə nəzarət üçün Rusiya-Türkiyə monitorinq mərkəzi yaradıldı. Mərkəz Ağdamda yerləşir. Artıq Azərbaycan üçün yeni bir mərhələ başlayır. İndi işğaldan azad olunmuş ərazilərin bərpası, reinteqrasiyası vacib məsələyə çevrilib.

 

Rusiyanın “Kommersant” nəşrinin müxbiri Aleksey Naumov  Azərbaycanın  necə yaşadığını, bundan sonra necə yaşamaq istədiyini öyrənmək üçün Bakıda və işğaldan azad olunmuş ərazilərdə olub, reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik.


Bu günlərdə “Qarabağ Azərbaycandır” bu ölkədə ən çox işlənən ifadəyə çevrilib. Bu cümlə Heydər Əliyev adına Beynləxalq hava limanınında iri ekranda insanları salamlayır. Şəhərin  küçələrindəki reklam lövhələrində, avtobusların üzərində də bu cümləni görmək olar.

 

Qarabağ nəinki hüquqi baxımdan, həm də simvolik olaraq heç vaxt Azərbaycan torpağı olmaqdan çıxmayıb. Yerli mətbəələrdə müvafiq xəritələr mütəmadi olaraq çap olunub. “Şuşa” və ya “Ağdam” yazılmış yol lövhələri  illərlə yerində qalıb və səylə yenilənib.

 

 

Əcnəbilərə də vəziyyət barədə məlumat verilib: məsələn, Bakıda ödəmə terminallarının ekranlarında ölkənin 20 faiz ərazisinin işğal olunması ilə bağlı ingilis dilində informasiyanı izləmək mümkün olub.

 

Bakının hər yerində sadəcə qələbənin deyil, həm də son müharibənin izlərini görmək olar. İri mağazaların pəncərələrində, səyyar dönər satan arabaların arxasında, sanballı şirkətlərin binalarında hərbi formalı insanların - əsgərlərin, vətən uğurunda döyüşlərdə iştirak edənlərin fotoları var.

 

 Digər etnik qrupların nümayəndələrinə də yerli KİV-lərdə ayrı seçkilik edilmir. Bu cür qonşuluq ölkənin elan etdiyi multikulturalizmi ən yaxşı şəkildə göstərir.

 

Son olayların başqa bir göstəricisi də küçələrdə, eyvanlarda bayraqların çoxluğudur. Azərbaycan bayrağı ölkədə hər zaman dalğalanır, ancaq Türkiyə bayrağına rəğbət ölkənin bu savaşda Azərbaycana verdiyi böyük dəstəkdən sonra daha da artıb. Bəzən onların arasında Pakistan bayrağını da görmək mümkündür. Ay-ulduzlu bu bayraqlar bir növ siyasi üçlüyü əks etdirir. “Komersant”a müsahibə verən bakılılar xatırladıb ki, Qarabağ məsələsinin Rusiyanın iştirakı ilə həllindən sonra küçələrdə postsovet tarixində ilk dəfə Rusiya bayraqları da dalğalandırılıb.

*****

Artıq müharibə arxada qalıb. Ermənistan tərəfinin Dağlıq Qarabağım təhlükəsizlik kəməri adlandırdığı yeddi rayon Bakının nəzarəti altına qayıtdı. 

 

Ölkə rəhbərliyi torpaqların bərpası, reinteqrasiyası üçün genişmiqyaslı işə başlayıb. AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanovun dediyi kimi bu, asan iş deyil: “Çünki ərazinin çox hissəsi minalanıb. Yollar daha tez təmizlənə bilər, ancaq əkin sahələri də daxil olmaqla, bütün torpaqların minalardan təmizlənməsi uzun illər ala bilər.  İşğaldan əvvəl yerli əhalinin 60 faizinin əkinçiliklə məşğul olduğunu nəzərə alsaq, bu, çox əhəmiyyətlidir”.

 

Ölkə rəhbərliyi əraziləri bərpa edərkən əvvəllər burada yaşayan əhalinin, onların nəsillərinin geri qaytarılmasına öncəlik verməyi qərara alıb. 1 milyon insanın köçürülməsi nəzərdə tutulub. Məskunlaşma genişləndiriləcək və iqtisadiyyatın müasir sahələrinin inkişafına təkan veriləcək.

 

Onun sözlərinə görə, on il ərzində azad edilmiş torpaqların bərpası üçün tələb olunan investisiyaların həcmi 60 milyard dollara çata bilər - Azərbaycanın ÜDM-nin təqribən 48 milyard dollar olduğunu nəzərə alsaq, bu məbləğ fantastik görünür. “Bu, yalnız dövlət investisiyaları olmayacaq. Həm özəl şəxslər, həm də Türkiyə və Rusiya kimi Azərbaycana dost dövlətlər buraya sərmayə qoya bilərlər ”, - iqtisadçı deyib.

*****

Bakıdan Tərtərə yol 4 saatdan artıqdır. Bir vaxtlar cəbhənin ön xəttində olan şəhərin mərkəzi küçəsi gözəl və baxımlıdır. Lakin hər bir binanın zirzəmisində demək olar ki, taxta stullar və sadə yataqlar, məftillərdən asılan elektrik lampaları olan bomba sığınacaqları var. Yerli idarənin girişində müharibə zamanı şəhərə düşən raketlərin şəhərin müxtəlif yerlərindən gətirilən qalıqları yığılır. Sakinlərin dediyinə görə, kiçikləri “Qrad” , böyükləri “Smerç” raketləridir.  Məsul şəxslər burada artıq ilk eksponatları hazır olan müharibə muzeyi yaradacaqlar.

 

Tərtər də atəşlərdən zərər görüb. Qarabağdan köçkünlər üçün tikilən evlərdə pəncərə çərçivələri qırılıb, divarlar çat-çat olub, bütünlüklə dağılan mənzillər də var. Məktəblər də zərər çəkib. Mərmilər damları və sinif otaqlarını dağıdıb. Səlahiyyətli şəxslər artıq təmir işlərinə başlayıblar. Sakinlər ümid edirlər ki, daha çox atəş olmayacaq. Şəhərdə heç bir hərbi hədəf yox idi. Erməni qoşunları yaxınlıqdakı bütün yüksəkliklərə nəzarət edirdilər və haranı vurduqlarını çox yaxşı bilirdilər. Bəs niyə yerli kəndlər vuruldu?  Belə halda azərbaycanlılarla ermənilərin barışığının reallığına inanmaq çətin olur.

 

Qarabağın Dağlıq və Aran hissələrinin sərhəddində yerləşən Ağdama yaxınlaşdıqca bu inam daha da azalır. Ora getmək heç də asan deyil. Ərazidə mülki idarəetmə bərpa olunmayıb və polis bizi hərbi əks kəşfiyyatın əlinə verir. Mikroavtobusumuz hərbi NİVA-nı izləyir. Bizimlə bir əskər də var

 

Ağdam bu gün bir distopiya filminin mənzərələrini xatırladır. Burada məscid də atəşə tutulub. Birinci Qarabağ müharibəsi zamanı şəhərin ciddi şəkildə ziyan görmədiyini və İkincidə döyüşsüz təslim edildiyini nəzərə alsaq, dağıntıların miqyası, xüsusilə, şokdur. Binalar dağıdılıb, ağaclar məhv edilib. Tarlalar yandırılıb.

 

*****

Bu qaranlıq mənzərədə yeganə aydınlıq yer demək olar ki, Rusiya-Türkiyə monitorinq mərkəzidir. Konteyner şəhərcik iki bərabər hissəyə ayrılır. Bu həm də onu göstərir ki, hər iki tərəf bərabərdir və eyni hörmətə sahibdir.

Əsas iş zonası ortaq olsa da, faktiki olaraq iki yerə bölünüb. Hər tərəfin öz masası, səkkiz kompüteri, dronlarla vəziyyəti izləmək və medianın nəzərdən keçirmək üçün dörd ekranı, eyni zamanda məlumat stendi və komandir otağı var.

 

İstirahət zonaları də şüşəli şəkildə bərabər bölünüb. “Komersant” müxbiri iki əskərin şahmat, ikisinin dama oynadığı, üçüncünün isə futbol izlədiyi rus otağını görə bilib. Hərbi qulluqçulardan biri yaşayış şərtlərinin yaxşı olduğunu, əsas məsələnin isə tapşırığın dəqiq icrası olduğunu bildirib.

 

“Azərbaycan  iri addımlarla irəliləyir” - Leonid Brejnevin bu ifadəsi, bəlkə də, günümüzə aiddir. Qarabağ müharibəsini qazanan, bölgədəki təsirli güclərdən biri olaraq özünü sübuit edən Bakı həm Rusiya, həm Türkiyə, həm də digər güclərin bərabər və vacib tərəfdaşı statusunu sabitləşdirməyə çalışır, bir növ Cənubi Qafqazın İsveçrəsinə çevrilir.

 

Bakıda, məhz Azərbaycanın paytaxtında NATO və Rusiyanın yüksək hərbi rütbəlilərinin görüşünün keçirilməsini xatırlatmağı xoşlayırlar. 


Tərcümə:

Şəfanə İbrahimova

PAYLAŞ

Oxşarlar

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

20 Aprel 2021

1830-cu ilin 1 iyununda “Spaso-Preobrajenski” Katedralının ətrafında 1828-1829-cu illər Rus-Türk müharibələri zamanı ordular tərəfindən … ƏTRAFLI

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

09 Aprel 2021

"Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin. Mən də kiminləsə oynamaq, danışmaq istəyirəm… ƏTRAFLI

Ermənistanda sorğunun nəticələri bunu deyir

Ermənistanda sorğunun nəticələri bunu deyir

02 Aprel 2021

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük mar… ƏTRAFLI