Günün nəbzi

İdeoloji işin önəmi və mahiyyəti

Heç şübhəsiz ki koronavirus pandemiyasından əvvəl, həyatımızın normal prosedurlara əsasən davam etdiyi anlar hər birimizin yaddaşımızda müəyyən qədər qalıb. Bu mənada bir fərd kimi mənim də xatirəmdə bir neçə maraqlı məqam və hadisə vardır. Bu xoş xatirələrdən ən yadda qalanı isə ölkəmizin aparıcı təhsil ocaqlarından biri sayılan Bakı Dövlət Universitetinin 100 illik yubileyi, daha dəqiqi yubiley tədbirində Möhtərəm Prezident İlham Əliyevin tarixi çıxışı idi. Üstündən yarım ildən də çox bir müddətin keçməsinə baxmayaraq, ölkəmizin ictimai-siyasi həyatında konsepsiyaya çevrilən bu nitq yaxın tariximiz və gələcək dövr üçün möhür rolunu oynadı.

 

Açılış nitqində iclasın professor-müəllim, tələbə və digər iştirakçılardan ibarət heyətinə öz salamlarını çatdıran ölkə başçısı, çıxışının davamında bir sıra tarixi və ictimai-siyasi məqamlara toxunmaqla, dinləyicilərə maraqlı faktları çatdırmışdır. Universitetin Azərbaycan Xalq Cümhuriyyəti tarixinin ən mütərəqqi addımlarından biri olduğunu qeyd edən İlham Əliyev ardınca Cümhuriyyət dövrünün süqutundan sonra təhsil ocağının fəaliyyəti, Ümumilli Lider Heydər Əliyevin oranın məzunu olması, dahi rəhbərin Sovet dövründə Azərbaycana verdiyi töhfələr və Azərbaycanı müstəqilliyə aparması, Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışına qədər səriştəsiz liderlərin ölkəyə vurduqları ziyan və “Qurtuluş günü”ndən sonra ölkəmizin dirçəlməsi, Heydər Əliyevin təhsili daim diqqətdə saxlaması, ümumilikdə xalqımızın keçdiyi tairixi yol, həmçinin dünəni və bu günü haqqında məzmunlu fikirləri vurğulayaraq, vətəndaşları, ən əsas da gəncləri ölkənin gələcəyinə dair məsələlərə həssas yanaşmağa çağırmış, onlara müəyyən kompaniyalara xidmət edənlərin çağırışlarına məhəl qoymamağı tapşırmışdır.

 

 

Üstündən müəyyən vaxt intervalının keçməsinə baxmayaraq, bu tarixi fikirləri əhatə edən çıxış zaman keçdikcə ölkənin ictimai-siyasi həyatında öz əksini tapmışdır. Son dövlər baş verən bir neçə xoşagəlməz halların fonunda Ölkə Başçısının həmin çıxışından bir hissəni diqqətinizə çatdırmaq istərdim:

 

“Mən indi bu auditoriyada bəzi operativ məlumatları da bölüşə bilərəm sizinlə, Azərbaycan xalqı ilə. İndi anti-Azərbaycan dairələr, xaricdəki dairələr artıq açıq deyirlər ki, bizdə ənənəvi müxalifət yoxdur, ayrı-ayrı satqın dəstələr var ki, onların da kitabı bağlanıb, onlara ümid bəsləmək olmaz. Ona görə onlara pul təminatı da azalıbdır, ona görə çabalayırlar. Əsas hədəf gənclər olmalıdır. Onlar gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar. Ancaq o niyyət var və biz bunu bilməliyik, müəllimlər də bilməlidirlər. Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər. Ümumiyyətlə Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik. Gənclər özləri də bilməlidirlər, tarixi yaxşı bilməlidirlər”.

 

Bəli, Möhtərəm Prezidentin də qeyd etdiyi ki, ideoloji işin həyata keçirlməsində müəyyən qədər boşluqlar meydana gəlmişdir. Bir müddət əvvəl pandemiya ilə əlaqədar həyata keçirilən məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi zamanı polislərə qarşı biabırçılığın da baş verməsi buna bariz nümunə oldu. Polisin mənəvi dəyərlərini heç hesab edən bir neçə nəfərdən ibarət radikal qruplaşmalar əhalidə Azərbaycanın siyasi sferasında demokratiyanın olmaması təbliğatını aparıb, yenə uzaq Avropanı misal gətirdilər. Lakin həmin şəxslər ya məlumatsızlıqdan, ya da məlumatlı olub ancaq dilə gətirmək istəyinin olmamasından irəli gələrək Fransada polisin sarı jiletlilərə qarşı amansızlığı, Almaniyada məhbusun türmədə yandırılması, İsveçdə 8 il ərzində öz həyat yoldaşı və uşaqlarına zorakılıq edən 41 polis işçisinin işdən uzaqlaşdırılması barədə bir kəlmə belə fikir bildirmədilər. 

 

Məhz buna görə də məzmun baxımından “ideoloji iş” məsələsinin təhlilinə üstünlük verdim. İlk öncə baxaq görək ideologiya özü nədir? Bəlkə də cəmiyyətin ən həssas nöqtəsi olan “ideologiya” anlayışı yunan sözü olub “ideya”, “fikir” və “loqos” kimi sözlərin birləşməsindən əmələ gələrək fikir, ideya və obraz haqqında təlim mənasını verir. İctimai psixologiya və elmi-nəzəri şüurun müxtəlif formaları ilə yanaşı, ideologiya da ictimai şüurun əsas komponentlərindən biri hesab olunur. İdeologiya fəlsəfi, siyasi, sosioloji, iqtisadi, əxlaqi, dini, bədii və s. görüşlər sistemi kimi səciyyələndirilir. Cəmiyyətin ayrı-ayrı komponentləri olan fərdlər də digər xüsusiyyətlər kimi ideoloji cəhətdən də müxtəlifliyə malikdirlər. Məsələn, elə başlayaq Qiyas və onun kimilərin “yürütdüyü” solçuluq idealogiyasından: 1789-cu ildə zadəgan zümrənin daha da varlanmasından bezən xalqın artan narazılıqları nəticəsində Fransa inqilabı baş tutdu. 1791-ci ildə Fransa parlamentində yeniləşməni və xalqın hüquqlarının artırılmasını müdafiə edənlər də parlamentin solunda oturmuşdu. Zamanla dünyada sol görüşün inkişafı bu şəkildə baş tutdu: Daimi yeniləşməni müdafiə edənlər, xalqın yaşayış normalarının yaxşılaşdırılmalı olduğunu düşünənlər və işləməyən sistemin yenisiylə əvəz olunmasını istəyənlər sol görüş adı altında birləşdilər. Bunun məntiqi nəticəsi kimi XIX əsrdə sol görüşün əsas müddəalarını özündə əks etdirən marksist nəzəriyyə meydana gəldi. Yoxsul kütlələrin müdafiəsi üçün ayağa qalxan bu sinfi nümayəndələr, həmçinin üzvi olduqları cəmiyyətlərin ictimai-iqtisadi gedişatına da münasibət göstərməklə irad və təkliflərini bildirirdilər. İdeologiyaya sahib olan ayrı-ayrı fərdlər nəinki öz ölkələri, həmçinin digər dünya dövlətlərinin də gündəmi ilə tez-tez maraqlanmalıdırlar. Lakin bu gün adını çəkdiyimiz həmin (özünü solçu hesab edən) şəxslər bu barədə bir söz belə demirlər. Məsələn, bir neçə gün öncə "Dünyada 152 milyon əməyi istismar olunan uşaq var. Onların 70 milyonu ağır iş şəraitində çalışır. Uşaq əməyi istismarının ən çox olduğu Afrikada hər 5 uşaqdan 1-i istismar olunur. Pandemiyadan sonra gəlirləri azalan ailələrin fonunda bu say daha da artacaq" fikirlərini bildirən Beynəlxalq Əmək Təşkilatının rəhbəri Qay Rayderə qarşı bu “solçu”lar nəinki etiraz yürüşü, heç şəxsi sosial şəbəkə hesabından da münasibət göstərmədilər. Eynilə, Rayderin 2015-ci ildəki oxşar çıxışına susqun qalıb, öz bildiklərini etdikləri kimi. Bu halda onlar necə solçu ola bilirlər ? Qeyd etdiyim kimi, solçular həm özlərinin mövcud olduğu cəmiyyət, həm də digər cəmiyyətlərin inkişafı və çatışmazlıqlarına münasibət göstərib, irad və təkliflər irəli sürən müəyyən birlik və camiələ üzvləridir. Lakin Qiyas və onun kimiləri hazırki hərəkət və hərəkətsizlikləri ilə bir daha Azərbaycana qarşı kompaniyanın tənzimləyici qüvvəsi olmalarını isbat etməklə, nəinki solçuluq, heç bir mütərəqqi ideologiya ilə əlaqəsi olmadıqlarını ortaya qoyurlar.

 

Bu “solçuları” dəstəkləyənlərdən birinin də yuxarıda adını qeyd etdiyimiz 8 mart fiaskosunun öncüllərindən biri Nərminin olması zənnimcə heç də təsadüf deyil. Elə o da Qiyas kimi içində olduğu hərakatın nəyə xidmət etdiyini bilmir. Özünü feminist sayan Nərmin şübhəsiz ki, feminizmin nə olduğu barədə heç səthi biliklərə də malik deyil. Doktrinanın banilərindən hesab olunan Fridrix Engels marksizm elminə uyğun olaraq feminizmin müddəaları arasında qadınların kişilər tərəfindən istismarı, qadınların mülkiyyət münasibətlərində rolu, qadın əməyi, evdar qadın subyekti və s. kimi məsələlərə üstünlük vermişdir. Daha Nərmin kimi məntiqsiz şüarların müəllifi olmaq üşqinə düşməmişdir.

 


Şəkil. “Barnervarn” qarşısında etiraz edən norveçlilər.

 

Kiçik bir təhlil və əyani sübutlar nəticəsində, göründüyü kimi, ABŞ və uzaq Avropada demokratik dəyərlər müəyyən missionerlərin qlobal şəbəkəsinə xidmət göstərir. Yüksək gəlir gətirən bu sahələrin üzvlərinə “söz azadlığı və etiraz etmək hüquq”larının verilməsi, əlbəttə ki, bu qrupların yaxşı təbliğatı və əhatə dairəsinin genişləndirilməsinə, yekunda insan alveri, silah ticarəti, narkotik satışı və s kimi qeyri-leqal və əxlaqa zidd fəaliyyətlərin stimullaşdırılmasına təkan verir.

 

Bu mənada Ölkə Başçımızın həmin tarixdəki bir başqa fikrini də xatırlamağımız yerinə düşər: “Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən "ağsaqqal”, "ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, "Stop İslam!” deyənlərə ? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik. Ona görə Azərbaycanda yaşlı nəsil, gənc nəsil bir yerdə olmalıdır, necə ki, ali məktəblərdə. Baxın, indi Bakı Dövlət Universitetində minlərlə gənc var, müəllim var. Müəllimlər biliklərini bölüşürlər, gənclər öyrənirlər, sabah onların yerini tutacaqlar. Belə inkişaf etməliyik. Əlbəttə, kadr islahatları bundan sonra da aparılmalıdır. Ancaq bu, kampaniyaya çevrilməməlidir".

Buna görə də ideoloji iş məsələsinə həssas yanaşmaq hər bir vətəndaşın mənəvi borcu hesab edilir.


Pünhan Musayev

  Mingəçevir

PAYLAŞ

Oxşarlar

Amerikalılar  Ağ Evin COVID-19 ilə bağlı məlumatlarını önəmsəmirlər

Amerikalılar Ağ Evin COVID-19 ilə bağlı məlumatlarını önəmsəmirlər

18 İyul 2020

Hətta bəzi insanlar, baş vermiş hadisənin çox böyük bir razılaşma olduğunu, jurnalistlərin isə  məsələni şişirtdiklərini söyləyir… ƏTRAFLI

ABŞ-da insanlar koronavirusla bağlı məlumatı gündəlik olaraq  Feysbukdan əldə edir

ABŞ-da insanlar koronavirusla bağlı məlumatı gündəlik olaraq Feysbukdan əldə edir

16 İyul 2020

COVID-19 ilə əlaqəli Feysbuk yazılarının dörddə üçü (74%) xəbər təşkilatlarına, yalnız 1% -i səhiyyə və elm saytlarına aiddir.  … ƏTRAFLI

Atatürkün ucaltdığı Azərbaycan bayrağının orağı, çəkici və ulduzu

Atatürkün ucaltdığı Azərbaycan bayrağının orağı, çəkici və ulduzu

10 İyul 2020

Düzgün tarix siyasətini necə yazmalı-Mustafa Kamalın Azərbaycan səfirliyinə gəlişi və bir fotonun tarixçəsi   Sosial Tədqiqatlar Mərk… ƏTRAFLI