logo
AZ

Günün nəbzi

"Gözəlliyin imanı yoxdur"- Aqşin Yenisey deyir ki...

STM-in baş məsləhətçisi Tural İsmayılov şair Aqşin Yeniseylə sənət və elmə dair müzakirə aparıb. Həmin söhbəti təqdim edirik:

 

- Yaradıcılıq cəmiyyətin sosioloji həyatında hansısa proqressiv yeniliklərə təkan verirmi?

 

- Bu sualı biz, təxminən, qırx min il əvvəl İspaniyanın Alçerri mağarasında divarlara şəkillər oyan adama versəydik, yəqin, o da sənəti anlayanların azlığından şikayətlənərdi. Halbuki sosial həyatdakı önəminə görə, Veber də, Durkhaym da sənəti, bir növ, dinin təkamülü nəticəsində ortaya çıxmış sosial bir fenomen hesab edirdilər. Hətta Durkhaym ibtidai ov, qurbanvermə mərasimlərində qədim insanların mahnı oxuyub, rəqs etdiyini söyləyərək sənəti dinin instrumental alt qurumu adlanıdırır. Mağarada filosof və peyğəmbər yox idi, amma ovçu və rəssam vardı. Biri gücü, o biri gözəlliyi təmsil edirdi. Gücün gözəlliklə nikahından, yaxud ittifaqından Həqiqət doğuldu.  Həqiqətin doğuşu ilə də indi gördüyümüz bu insanlıq tablosu çıxdı ortalığa. “Soyuq müharibə” sənətin müdaxiləsi ilə qansız başa çatdı. “Dəmir pərdə” populyar mədəniyyət anlayışının önünü saxlaya bilmədi. Bu gün də turistləri çıxmaq şərtilə insanlar mədəniyyətin qədimliyinə can atmır, harada ki, sənət müasirləşir köç oraya yönəlib. Mədəniyyət qədim ola bilər, amma miqrasiyanın axını həmişə müasirliyə doğru olub, olacaq. Müasirləşmə isə həmişə əvvəlcə sənət aləmində baş verir. Bu elə sənətin sosial həyata göstərdiyi təsirdir. Sənət - bu “estetik din” hər kəsi öz fanatına çevirmək qüdrətindir. Gözəlliyin imanı yoxdur!  

 

- Pandemiyadan sonrakı sosial münasibətlər sistemini necə proqnozlaşdırırsız?

 

- Bu yaxınlarda Almaniyada yaşayan cənubi koreyalı mədəniyyətşünas Byunq Çul Xanın bu mövzuda türk mediasında tərcümə olunmuş bir müsahibəsini oxudum. Bu müsahibəsində Xanın pandemiya və onun gələcəyə təsiri ilə bağlı çox maraqlı fikirlərindən biri də bu idi ki, pandemiya insanlara göstərdi ki, ölüm demokratik deyil, yaxud daha açıq şəkli ilə desək, ölüm demokratiyanı sevmir. Bu nə deməkdir? Pandemiya tüğyan etdiyi bu aylarda ən çox insan itkisi verən ölkələr demokratik ölkələr oldu, Qərbi Avropa və ABŞ. O ölkələr ki, məsələn, Çindən fərqli olaraq sərt qapanmalara getməyin insan haqlarına zidd olduğunu düşünürdülər. Nəticədə insan haqları öz sahiblərini “yedi”. İnsanları yaşatmaq üçün qəbul edilib legitimləşdirilmiş haqlar, azadlıqlar onları kütləvi şəkildə yox etdi. Xan azadlığın bu öldürücü cazibəsinə nəzərən deyir ki, pandemiyadan sonra dünyanın güc mərkəzi Avropadan Asiyaya doğru yer dəyişəcək. Bu, Asiyamərkəzli qədim və yeni bir dünyanın müjdəsidir. Xana görə, pademiyadan sonra insanlar azadlıqlarını təhlükəsizliklərinə qurban verəcəklər. Məncə, gələcəyin necə olacağını düşünmək üçün bu fikirdən yola çıxmaq olar; Azadlıqmı önəmlidir, təhlükəsizlikmi?    

 

- Sosiologiyadan xəbərsiz yaradıcılıq məhsullarının dəyəri varmı? Ümumiyyətlə, sənət və sosioloji biliklər arasındakı sərhədi necə izah edərsiz? 

 

Avstriya sənətşünası Arnold Hayzerin “Sənətin ictimai tarixi” adlı bir əsəri var. Hayzer bu əsərində sənətin cəmiyyətlə üzvü əlaqə nəticəsində yaranmasından bəhs edir, hətta sənətin sinfi münasibətlər nəticəsində yaradığını əsaslandırır. Məsələn, yazır ki, klasisizm kralların, şahların, piramidanın ucunu təmsil edənlərin zövq və sifarişlərinin nəticəsi idi. Romantizm nisbətən burjua emosiyalarının sənətə yansımasıdır. XVIII əsrdə Fransa və İngiltərədə sənaye inqilabında doğulan orta sinifin yaranması ilə modernizm meydana gəldi və modern sənətkarlar aləmi başına götürdü. Məsələn, bizim kimi ölkələrdə orta sinif yaranmadı, yaxud qondarma oldu deyə modern sənət dövrünü yaşaya bilmədik, sadəcə, modern dünyanı yamsılamaqla yetindik. Şerimizdə hələ də şam var, Edison lampası yoxdur. Eyni vəziyyət bütün müsəlman Şərqinə aiddir. Klasisizm var, romantizm var, amma modernizm axsayır. Yaxşı ki, Səlçuk Bayraktar var. Yoxsa biz sənaye dövrü kimi, nanotexnologiyalar dövrünü də qaçıracaqdıq.

 

 

- Ədəbiyyatda, elmdə, incəsənətdə gələcəkdə bir "PostKorona Erası"anlayışı olacaqmı?

 

- Özünün yeni məqaləsində Azərbaycanla Ermənistan arasında baş verən 44 günlük müharibəyə də toxunan məşhur fəlsəfə, sənət alimi Slavoj Zizek, məsələn, Yaponiyada il ərzində intihardan ölənlərin sayının koronavirusdan ölənlərin sayıdan çox olmasına baxmayaraq, iddia edir ki, insanlıq daha heç vaxt əvvəlki həyatına qayıda bilməyəcək. Sosial həyat tamamilə indki şəklini dəyişəcək, ya da tamamilə aradan qalxacaq. XIX əsrdən başlayaraq kasıblar da kralların həyatını yamsılasın, qarsona istədiyi yeməyi sifariş versin deyə ortalığa çıxan kafe-restoran kultu yox olacaq. Oğlum kababı mənim kimi “Alqasım oğlanları” restoranında deyil, sifariş verib mətbəxdə yeyəcək. Ailə bağları möhkəmlənəcək. Bu bir “post-human” çağının başlanğıcıdır. Anarxist ehtiraslar gülməli vəziyyətə düşəcək, dövlətin avtoritetinə inam insanları şəxsi azadlıqlarından güzəştə getməyə razı salacaq. Zizek bir ilə yaxındır ki, daha qorxulu şeylər danışır. Mən ağlıma batan bir şeyi deyim; insanlar bundan sonra maska ilə yaşamağa məcbur olacaqlarsa, sənətdə insan üzü yoxa çıxacaq. Əks halda, sənət əks təbliğatla məşğul olmuş sayılacaq.       

 

- Yaradıcı azadlıq dünya insanının mənəvi-psixoloji ehtiyacları sırasındadırmı?

 

- “Yaradıcılığın üzə çıxması üçün şüurun ölməsi lazımdır”. Bu, Nitsşenin proqnozudur. Şüurun ölməsi üçün hər bir dahinin bir çözümü olur. Niyə Dostoyevski mitili çıxana qədər qumar oynayırdı, Qoqolu əyyaş edən, aclıq içində öldürən şeyin adı nə idi? Heminqueyə bütün günü spirt içirən dərdmi idi, həzmi? Hüqoya niyə elə gəlirdi ki, hər gün buzla dolu çəlləkdə çimsə, ölməyəcək? Eynşteyn saçını kəsdirməyə qoymayan qorxu hardan qaynaqlanırdı? Bethoveni hamama girməyə qoymayan gücün məqsədi nə idi? Dümanın şəhvət düşkünü olmasının səbəbi cinsi güclülükmü idi, psixi zəiflikmi? O başqa söhbətin mövzusu ki, Dostoyevski qumar oynamasaydı, Qoqol əyyaş, Heminquey içki düşkünü olmasaydı, Hüqo hər gün buz dollu çəlləkdə çimməsəydi, həyat necə mənasız, dünya necə yoxsul bir yer olardı. Freyd bu nəticəyə gəlmişdi ki, bu tip adamlar nevrotik boşluqlarını doldurmaq üçün instinktlərini, xəyallarını, emosional güclərini səfərbər edirlər. Şüur onların psixi travmalarının öhdəsindən gəlməkdə acizdir, çünki bu travmalar, məsələn, qrip xəstəliyi kimi şüura tanış deyil. Freydə görə, bizim sənət dediyimiz şey bir dahinin özü üçün yazdığı “xəstəlik tarixçəsi”ndən başqa bir şey deyil. Mən Nitsşenin və Freydin fikirlərini şəxsi təcrübəmlə tutuşdurub bu nəticəyə gəldim ki, yaradıcı adamın azadlığı müalicə ilə mübarizədir. Onun azadlığı xəstəliyinin “ta kendisidir”. Bu xəstəliyin isə onun özündən başqa həkimi yoxdur. Bu vəziyyətin sosial həyatla heç bir əlaqəsi yoxdur. Şair bütün dövrlərdə təkbaşına qaranlıq bir mağaradı.

 

- Kitablar nələri dəyişib, dəyişir və dəyişə biləcək?

 

- Kitablar hər şeydən əvvəl zəkanın, şüurun ikonalarıdır. Bizim sivilizasiyanın rəmzi, simvoludur kitab. İlk papirus “volumen”lərdən tutmuş ta günümüzün elektron kitablarına qədər insanoğlunun bütün yazı sərvəti kitablarda qorunub saxlanılıb. Məncə, kitabın əhəmiyyətini xüsusiləşdirməklə biz onu dəyərə mindirmiş yox, dəyərdən salmış olarıq. Bircə onu deyim ki, ən qədim kitab həm də ən müasir kitabdır. Bu sözü başqa heç bir varlıq haqqında demək olmaz.   

 

- İctimai şüuru qlobal anlamda təhdid edən əsas ünsürlər nələrdir?

 

- Yuval Hararinin “Homodeus” kitabının ilk fəsli haradasa bu suala cavab kimi yazılıb. Harariyə görə, texnoloji inkişaf sayəsində XXI əsr insanın, Tanrını öz antik əcdadlarının yanına göndərəcəyi bir əsr olacaq. Süni zəka monoteizmi sıxışdıracaq. Tibb artıq 150-200 il yaşayacaq insan layihələri üzərində işləyir. Harari çağımızı “ölümün son günləri” adlandırır. İnsanların ölümlə münasibətlərinə yenidən əl gəzdirməsi, mənə elə gəlir ki, bugünkü şüurumuzu təşkil edən dəyərləri yerli-dibli yox edəcək. Çünki indiki şüurumuzun təməli ölümlə barış üzərində qurulub. Yeni şüur ölümlə savaş üzərində formalaşacaq. 200 il yaşayan insan üçün zaman anlayışı faniliyi ifadə etməyəcək yəqin ki.     

 

- Qlobal fəlakətlər yeni insan modeli yarada bilirmi?

 

- Müsahibəmiz boyu adını çəkdiyim bütün çağdaş aydınlar post-insan çağının astanasında olduğumuzu müjdələyirlər. Gələcəklə bağlı fikirlərindən yararlandığımız Byunq Çul Xan da, Slavoj Zizek də, Yuval Harari də və burada adını çəkmədiyimiz digər zəka küpləri də mədəniyyətimizin son təcrübələrinə əsasən bu fikirdədirlər ki, təkamül bu dəfə insandan insanın əmələgəlməsi istiqamətində sürətlə irəliləyir. Təsəvvür edin, yüz, bəlkə də, əlli ildən sonra insan da kərtənkələ kimi özünün qopan “quyruğunu” öz hüceyrələrinin hesabına bərpa edə biləcək. Artıq laboratoriyalarda ilk regenerasiya prosesləri uğurla həyata keçirilib. Təsəvvür elə, oğlan uşaqlarının sünnət olunması kimi müqəddəs bir dəyərin heç bir əhəmiyyəti qalmayacaq, sən bir ucdan kəsəcəksən, bədən bir ucdan bərpa edəcək.   

 

- Sosial tədqiqatları izləyirsizmi? Sorğular nələri ortaya çıxarır?

 

- Vaxt olduqca izləyirəm. Bu, çox vacib bir məsələdir. Cəmiyyət üzərində elmi-intellektual müşahidə postları qurmaq gələcəyi proqnozlaşdırmaq üçün bizə hava, su kimi lazımdır. Türkiyədə hər sahə üzrə bir neçə belə sorğu mərkəzləri toplumla iş aparır.

 

- Ədəbiyyatın təsiretmə mexanizmləri hələ də mövcuddurmu?

 

-  Əlbəttə. Eramızdan əvvəl VI əsrdə yaşamış ellinist filosof Parmenidin “Təbiət haqqında” şeri onun yaranış haqqında fəlsəfi traktatı idi. Ondan əvvəl də ondan sonra da insanlar öz fəlsəfi, elmi, siyasi ideyalarını başqalarına çatdırmaq üçün ədəbiyyatın gücündən yararlanıblar. Hətta bu gün Karl Saqan, Riçard Doukinz, Yuval Harari kimi elm adamları eyni zamanda yazıçı-publisist kimi tanınırlar. Doukinz “Tanrı illüziyası” kitabına çəmənliyə uzanıb otların arasındakı böçəklərin, qarışqaların dünyasına baxan bir uşağın təsviri ilə başlayır. Əsl Tolstoysayağı təsvirdir. Yaxud Harari “Homodeus” kitabının ilk cümləsində insanlığın gələcəyə hazırlanışını bir insanın səhər duş qəbul edib sir-sifətinə əl gəzdirməsi ilə müqayisə edir. Adamın yadına Nabokovun odekalonlu cənabları düşür. 

Vaxtilə Volter, Didro, Nəsimi kimi filosoflar şerin, povestin, romanın imkanlarından yararlanıb. Daha sonra Sartr, Kamyu, Umberto Eko, Amin Maalof kimi fikir, düşüncə adamları da öz baxışlarını insanlara çatdırmaq üçün ədəbiyyata üz tutdular. Ədəbiyyatsız dünya lal və kar olar.

PAYLAŞ

Oxşarlar

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

09 Aprel 2021

"Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin. Mən də kiminləsə oynamaq, danışmaq istəyirəm… ƏTRAFLI

Ermənistanda sorğunun nəticələri bunu deyir

Ermənistanda sorğunun nəticələri bunu deyir

02 Aprel 2021

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük mar… ƏTRAFLI

Hansı xalq kitabı daha çox sevir?

Hansı xalq kitabı daha çox sevir?

31 Mart 2021

Kitab oxumaq bir çoxları üçün asudə vaxtının səmərəli dəyərləndirilməsi cəhətdən sevimli fəaliyyətidir.   Bəs bu fəaliyy… ƏTRAFLI