Günün nəbzi

Ətraf mühit dəyişiklikləri və pandemik risklər… Cavab: davamlı inkişaf

Daha az biomüxtəliflik – daha çox pandemik risklər

 

İnfeksion xəstəliklərin artması riskinin düzgün idarəolunması davamlı inkişaf planlamasının vacib komponentini təşkil edir. Son 20 ildə bir çox virus və infeksiya qlobal sağlamlıq və iqtisadi sistemlərə geniş miqyasda zərbə endirib. Bununla belə, ümumi strategiya ilə yanaşı, ayrı-ayrı dövlətlər tərəfindən davamlı inkişaf prioritetləri müəyyən edilərkən, pandemiya risklərinin biomüxtəlifliyin itirilməsi ilə ciddi surətdə bağlılığı nəzərə alınmır. Dünya inkişaf siyasətindəki bu ciddi çatışmazlığı vurğulamaq üçün Roma Sapienza Universitetinin Biologiya və Biotexnologiyalar şöbəsində biomüxtəliflik üzrə mütəxəssis tədqiqatçı Moreno Di Markonun başçılığı ilə tədqiqat qrupu tərəfindən aparılan araşdırma son dövrlərdə dünyada tüğyan edən infeksion xəstəliklərin geniş yayılmasının təbiətə antropoloji təsirlərlə əlaqəsinə dair nəticələrini yayımlayıb. Araşdırmanın məqsədi biomüxtəlifliyin korlanması və ətraf mühit disbalansı üzərində insan təsiri amilini geniş qabartmaq – bu amillərin bioloji yaşam üzərində ortaya çıxardığı neqativ nəticələrin daha ciddi və əlaqəli qavranılmasını təmin etməkdən ibarətdir. Qeyd edilir ki, son illərdə yaşanan kritik situasiyalar və pandemiyalar, daha dəqiq sıra ilə - Ebola, Sars, Zika, MERS, H1N1 və s. bu kimi daha çox yırtıcı heyvan mənşəli virusların meydana çıxması əslində oxşar xüsusiyyətlərə malik olmaqla dairəvi davam edən bir prosesin tərəfi kimi insanın təbiətə yırtıcı təsiri ilə sıx bağlıdır. Belə ki, proses, özlüyündə təbii artım sürətinə əsasən hazırda denyada yüksək həddə çatan insan populyasiyası sıxlığı ilə də birbaşa bağlı olub, eyni zamanda, davamlılığın qorunmasına zidd səviyyədə ovlanma və vəhşi həyat növlərinin ticarəti, həmçinin, əkin sahələrinin süni şəkildə artırılaraq, heyvandarlığın intensivləşdirilərək (xüsusilə, biomüxtəlifliyin yüksək olduğu ölkələrdə) nəticədə meşə sahələrinin azaldılmasına gətirib çıxaran geniş miqyaslı ətraf mühit dəyişiklikləri ilə sıx əlaqə göstərir. Araşdırmada, qeyd edilən fəaliyyətlər nəticəsində ətraf mühit, insan və vəhşi yaşam arasındakı əlaqə və təmasın, bununla, patolji yoluxmalar riskinin yüksəlməsi faktı xüsusi vurğulanır. Departament və digər xarici beyin mərkəzi üzvləri və tədqiqat rəhbəri di Marko tərəfindən Amerika Elmlər Akademiyasının jurnalında yayımlanan məqalədə, qısa ifadə ilə, dünyada getdikcə artan epidemik risklərin ətraf mühit dəyişikliklərinə insan faktorunun yüksək səviyyədə təsiri ilə bağlılığı kəskin şəkildə üzə çıxardılır. Bununla bərabər, davamlı inkişaf amilinin pandemik təhlükələri nəzərə almasının vacibliyi də qeyd edilir. Həmçinin, qeyd olunur ki, sözügedən risklər təbiətin vəhşi yaşam ərazilərinin mövcudluğu ilə deyil, daha çox həmin ərazilərdə antropogen təsirlərin miqyasının genişlənməsi və bununla da bioloji yaşam əraziləri, oradakı biomüxtəlifliyin dəyişməsinə gətirib çıxaran səbəblərlə izah edilir. Proseslər arasındakı bu əlaqələrin gedişatı və həllinə nəzər yetirilməsində mövcud laqeydlik isə davamlı inkişaf səylərinin nəticəsiz qalmaması, əksinə, səmərəli olması yolunda diqqət edilməli olan çox vacib siyasi əngəl yaradır. Burada ilk növbədə, qida və enerji 2 istehsalı, ümumilikdə, sosial-iqtisadi inkişafla ətraf mühit və biomüxtəliflik və epidemik risklər arasında yüksək asılılığın mövcudluğunu qəbul etməyin vacibliyi xüsusi qeyd edilir.

 

Araşdırma rəhbərinin də bildirdiyi kimi çoxsaylı tədqiqatlar aparılsa da, bioloji müxtəliflik qoruyub saxlanılmadan insan sağlamlığının qorunması mümkün deyildir. Təəssüf ki, təbiətdə biomüxtəlifliyin qorunması sosial-iqtisadi inkişaf aspektləri baxımından dövlətlər tərəfindən ikinci dərəcəli məqsəd kimi qiymətləndirilməyə davam edir. Bununla belə, uzunmüddətdə bumeranq effektinə malik lakin qısamüddətli inkişaf siyasətləri həyata keçirilməsinin özü də yenə risklər yaradır. Belə ki, araşdırma zamanı bu nəticəyə gəlinir ki, biomüxtəlifliyin nəzərə alınmadığı kənd təsərrüfatı siyasətləri, sonradan yaranan ekoloji dəyişikliklərin mümkün nəticəsi kimi ortaya çıxa biləcək vəba riskini nəzərə almamaq və ya SARS virusunda olduğu kimi COVID-19 virusunun da yayılma səbəbi olaraq qeyd edilən istər qanuni, istərsə də qeyri-qanuni vəhşi heyvan növlərin ticarətinə bağlı patogenlərin yoluxma riskinin nəzərə alınmaması mövcud nəticələrə gətirib çıxaran əsas amillərə çevrilir. Di Marko, müəyyən bir patogenə sahib olan heyvan icmasında insan fəaliyyətinə bağlı dəyişikliyin yaranacağı təqdirdə hansı təhlükənin baş verəcəyini izah etmək üçün praktik nümunə ilə çıxış edərək bildirir ki, Berkeley Kaliforniya Universitetinin doktorantı Feliçia Kizinq tərəfindən 2010- cu ildə Nature elmi jurnalında təqdim edilən araşdırmada Qərbi Nil virusunun müxtəlif növ quşlar tərəfindən insanlara məhz ağcaqanad dişləməsi yolu ilə ötürüldüyü barədə izah verilir. Qeyd edilir ki, antropogen təsir səbəbi ilə ekosistemdə quş növlərinin sayının azalması virusların insanlara keçmə riskini artırır. Belə ki, antropogenik təsirlərə məruz qalmış ekosistemlərdə virus daşıyıcıları olan quş növləri üstünlük təşkil edir. Bu, onların daşıdığı virusların ağcaqanadlar vasitəsilə insanlara ötürülmə riskini yüksəldir. Lakin bunun əksinə olaraq, geniş müxtəlifliyə malik quş növləri ilə zəngin ekosistemlərdə isə virusların mövcudolma sıxlığı aşağı düşür ki, bu da öz növbəsində, ağcaqanadların, dolayısı ilə də insanların yoluxma ehtimalını azaldan amildir.

 

Sözügedən araşdırma rəhbəri Moreno di Marko ətraf mühit və epidemik risklər arasındakı əlaqələrə dünyada hal-hazırki kritik zamanda belə səthi yanaşıldığını vurğulamaqla yanaşı, həmçinin, infeksion risklərin azaldılması üzrə qəbuledilməli olan təxirəsalınmaz tədbirlərin davamlı sosialiqtisadi planlaşdırmanın tərkib hissəsinə çevrilməsi gərəkdiyini bildirir və bunun hazırki dövrdə təcili məsələ olub dövlət siyasətinin prioriteti olmasına çağırış edir. Aparılan araşdırmanın gəldiyi qənaətlərə əsasən qlobal dünyanı baş verə biləcək potensial təhlükələrdən qorumaq və fəlakətsonrası atılacaq addımlar yerinə, preventiv tədbirlərin görülməsi üzrə müvafiq çoxşaxəli və birgə araşdırmaların aparılması, müvafiq strategiyaların tətbiqi daha çox önəm daşıyır.

 

BMT-nin bütün üzv dövlətləri tərəfindən 2015-ci ildə qəbul edilən və 2030-cu ilədək həyata keçirilməsi planlaşdırılan, özündə 17 davamlı inkişaf məqsədini birləşdirən 2030 Davamlı İnkişaf Gündəliyi dünyada mövcud iqtisadi, ekoloji və sosial problematik vəziyyətlərin həddinin minimuma endirilməsi məqsədini qarşıya qoyub. İcrası vacib müəyyən edilən vəzifələr sırasına qlobal miqyasda 3 sosial bərabərsizlik ilə yanaşı, insanların təbiətə mənfi təsirlərinin sıfır səviyyəsinə çatdırılması, bununla da geniş miqyasda misligörünməyən ətraf mühit deqradasiyasına səbəb olmuş antropogen təsirlərin təbiətə zərərinin aradan qaldırılması üzrə strategiyaların icrası daxildir. Artan əhali sıxlığı ilə tərs mütənasiblik təşkil edən qida və digər resursların azlığı, əksinə, ərzaq və fossil yanacaqların yüksək istehlak səviyyəsi hazırda dünyada mövcud olan ekoloji və sosial-siyasi problemlərin əsasını təşkil edir. Bu baxımdan, 2030 Davamlı İnkişaf Gündəliyinin məqsədlərinə nail olunması üçün biomüxtəlifliyin qorunması, ərzaq təhlükəsizliyi və iqlim dəyişikliyi kimi faktorların dinamikaları bir-birilə qarşılıqlı şəkildə nəzərdən keçirilməlidir. İnsanın ətraf mühitə təsiri neqativ nəticələrə yol açdığı kimi, əks proses olaraq eyni şəkildə ətraf mühitdə yaranmış mənfi nəticələr də insan həyatı üzərində neqativ göstəricilər əks etdirməklə getdikcə daha çox qlobal səviyyədə yayılan problemlər formasında özünü biruzə verir. Bu səbəbdən, bütün proseslərə bir-biri ilə sıx əlaqəli şəkildə nəzər yetirilməsi və nəticələrlə yanaşı, onları ortaya çıxaran səbəblərin təhlilinin əlaqəli surətdə aparılması olduqca əhəmiyyətli məqamdır. 

 

Hazırda 65 ölkə tərəfindən tamamlanmaq üzrə olan Qlobal Sağlamlıq Təhlükəsizliyi Gündəliyi dünya əhalisinin sağlamlıq səviyyəsinin inkişafı üçün növbəti beş il ərzində yol xəritəsi kimi çıxış edərək davamlı inkişaf məqsədlərinin icrası ilə uyğunluq çərçivəsində insanların sağlamlıq vəziyyətinin qorunması, xəstəliklərin və mövcud risklərin qarşısının alınması üzrə müvafiq preventiv strategiyaların icrasını nəzərdə tutur. 2003-cü ildə meydana çıxmış SARS və bənzər yoluxucu xəstəliklərin davamı kimi qiymətləndirilən hazırki COVID-19 virusu ilə dünya birliyi ölkələri mübarizə aparsalar da, pandemiyaya çevrilən xəstəlik artıq qlobal miqyasda böyük iqtisadi və sosial problemlərə gətirib çıxarıb. İlk yoluxmanın qeydə alındığı vaxtdan başlayaraq altı həftə ərzində 40 mindən çox insanı yoluxdurma və ilkin olaraq mindən çox insanın həyatını itirməsi faktı, getdikcə daha sürətlə yayılma arealını genişləndirməsi və qurbanlarının sayının artması, həmçinin, qlobal iqtisadiyyata ilkin ehtimallarla 150 milyard dollara yaxın zərər gətirməsi baxımından, ümumi olaraq bu kimi infeksion xəstəliklər, onları törədən viruslar və daşıyıcılarının sayının azaldılması, nəticələrin düzgün qiymətləndirilməsi üçün prosesi yaradan səbəblər yuxarıda qeyd olunan formada müxtəlif amillərin qarşılıqlı təsir əlaqələri kontekstdə nəzərdən keçirilməlidir. Böhran sonrası təhlillərin bu istiqamətdə aparılması və mümkün gələcək ehtimalların qarşısının alınması üzrə dövlətlərin sistemli yanaşmasının tətbiqi, həmçinin, müstəqil tədqiqatçıların birlikdə araşdırmalar həyata keçirməsi, insan-ətraf mühit qarşılıqlı təsirləri və bu təsirlərin düzgün ölçülməsi dünya əhalisinin sağlamlığına təhlükə törədə biləcək yeni problemlərdən qorunmağın hazırki şəraitdə ən mühim şərtlərindən birinə çevrilib. Eyni zamanda, bu sahədə qlobal təhlükəsizliyin təminatı üçün dövlətlərin birgə addım atması da proseslərin düzgün, sinxron və sistemli idarəedilməsi üçün olduqca vacibdir.

Image credit (Clockwise from Top Left): Pixabay/Pexels/KlausAires, Flickr/DFID licensed under CC BY 2.0 & Pixabay/12019/3005398/paislie

 

 

 

Infectious zoonotic diseases typically emerge as a result of complex interactions between humans and wild and/or domestic Animals / Image credit: Pixabay/sasint.

 

 

 

Mənbə: https://www.pnas.org/content/117/8/3888/tab-figures-data http://bbcd.bio.uniroma1.it/bbcd/

 

Aytən Babayeva

PAYLAŞ

Oxşarlar

Cinayətkarlıq və qanunsuzluğun dünyadakı real mənzərəsi

Cinayətkarlıq və qanunsuzluğun dünyadakı real mənzərəsi

22 May 2020

Mövcud hüquq qanun və qaydaları pozan, ictimai baxımdan təhlükəli hərəkət və ya suça cinayət deyilir. Azərbaycan Respublikası Cinayət Məc… ƏTRAFLI

"Əhalinin tam 91 faizi..."

22 May 2020

Pandemiya dövrünün çətinlikləri ilə bağlı dünyada bir sıra tədqiqatlar aparıldı. Bu tədqiqatlar yalnızca əhalinin hazırlıq səviyyə… ƏTRAFLI

Yeni düzənin Qarabağ diqtəsi: Proseslərin ikinci dalğası nə vəd edir?

Yeni düzənin Qarabağ diqtəsi: Proseslərin ikinci dalğası nə vəd edir?

14 May 2020

Bütün münaqişəli problemlərə çıxışın birbaşa beynəlxlaq dialoq məkanından izolyasiya ilə məhdudlaşdığı bir ərəfədə sanki Qarabağ… ƏTRAFLI