logo
AZ

Günün nəbzi

Azərbaycanda dini təhsil (Mövcud vəziyyət və təcrübə)

Giriş

 

Hər nə qədər indi fərqli nümunələr olsa da, tarix boyu İslam aləmində dini mərkəz rolunu təhsil müəssisələri oynayıb. Məsələn, katoliklərin Vatikanı və ya pravoslavların yeparxiyası kimi konkret dini mərkəz islam aləmində olmayıb. Yalnız Osmanlı və Səfəvi dönəmində, yəni sonrakı mərhəədə ali dövlət hakimiyyəti yanında fətva qurumları, şeyxülislamlıq və başqa sırf din xadimlərinin oturduğu mərkəzlər yaranıb.

 

İslam dünyasında bir qayda olaraq dini mərkəzlər təhsil müəssisələri üzərində qurulub. İlk dönəmlərdə Kufə və Bəsrə məktəbləri, daha sonra Bağdad “Nizamiyə” mədrəsəsi, Misirdə “Əl-Əzhər” (970-ci il[1]), İranda Qum, İraqda Nəcəf elmi hövzəsi bir dini və ya fətva mərkəzi deyil, elm-təhsil mərkəzi olub. İslam dünyasında dini-elmi fətvalar, sanbalı əsərlər də məhz bu mərkəzlərdə hazırlanıb və belə demək olarsa, İslam dünyası üzərində əsas təsirə malik olan mərkəzlər məhz elmi-dini mərkəzlər, təhsil ocaqları olub. Çünki mahiyyət etibarı ilə İslam “oxu” əmri üzərində strukturlaşıb və ardıcıllarına dini bir elm kimi tanıdıb. Bu mənada həm də İslamda xüsusən də ilkiin əsrlərdə din xadimi anlayışı olmayıb, dini daha çox bilən, savadlı insanlar din biliciləri kimi çıxış edib. Təbii ki, islamiyyətin yayılması, yeni mədəniyyətlər, din və fəlsəfə ilə qarşılaşdığı 8-9-cu əsrlərdə təhsil müəssisələri formalaşmağa başlayır. Bu da sonrakı əsrlərdə daha da dərin təhsil və elm mərkəzlərinin ortaya çıxması ilə nəticələnir.

 

Bu gün də dünyada müsəlman ölkələrinin güclü islam ənənələrinin olmasının əsas göstəricisi məhz dini təhsil müəssisələrinin olması ilə izah olunur. Məsələn, 70 illik sövet dönəmində Orta Asiyada islam ənənələrinin daha güclü şəkildə qorunub saxlanılmasında Buxara və Səmərqənddəki islam mədrəsə və institutunun rolu vardı. Bu reallığı Azərbaycanda da anlayırdılar. Bu səbəbdən də məhz hələ sovetlər dövründə, 1989-cu ildə Bakıda ilk İslam Mədrəsəsi[2] yaradıldı. İki il sonra bu mədrəsə İnstituta çevrilmiş, 1997-ci ildə isə Bakı İslam Universiteti olmuşdur.

 

Ancaq Bakı İslam Universiteti QMİ-nin nəzdində olsa da, özəl universitet kimi fəaliyyət göstərmişdi.  BİU ötən müddətdə yerli din xadimi ehtiyaclarını ödəyən əsas ali dini təhsil ocağı olub. 

 

2018-ci ildə isə ölkə prezidentinin sərəncamı ilə Azərbaycanda ilk dövlət dini təhsil müəssisəsi yaradılıb[3]. Bu qərar bir mənada Azərbaycanın xarici dini təhsil asılılığını azaltmaq, yerli ilahiyyatçı kadr ehtiyacını təmin etmək və bəlkə də uzaq hədəfdə ölkənin dini təhsil mərkəzinin formalaşdırılması idi. İstənilən halda bu yeni bir tendensiya idi, Azərbaycan dövləti rəsmi olaraq dini təhsil müəssisəsi təşkil edir və onun sponsoru kimi çıxış edirdi. Yeri gəlmişkən, İlahiyyat İnstitutunda təhsil ödənişsiz, yəni dövlət hesabınadır. Bütün xərcləri dövlət, yəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu qarşılayır.

 

Bu araşdırma Azərbaycanda dini təhsilin vəziyyəti, mövcud qanunvericilik və praktika haqqındadır.

 

Qanunvericilikdə dini təhsil

 

Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində[4] dinin dövlətdən ayrı olduğu, bütün dini etiqadlar qanun qarşısında bərabər olduğu qeyd olunur. Həmçinin bu maddənin ikinci bəndində insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağan edilir və nəhayət üçüncü bənddə dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığı qeyd edilir.

 

Eyni zamanda Dini Etiqad Azadlığı Haqqında Qanunun 10-cu maddəsində qeyd olunur ki, din xadimləri və dini ixtisaslar üzrə digər kadrlar hazırlanması üçün dini təhsil müəssisələri yalnız dini mərkəz və idarələr yarada bilərlər[5]. Dini tədris müəssisələrinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərdiyi qeyd olunur.

 

Bundan başqa dini qanuna 2009-cu ildə edilmiş dəyişikliyə əsasən, DQİDK müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə dini təhsil müəssisələrinin proqramlarını təhlil və təsdiq edir, dini tədris keyfiyyətinin müəyyən edilməsi üçün rəy verir.

 

Azərbaycanda dini təhsilin formaları

 

Qeyd edək ki, hazırda Azərbaycanda bir neçə pillədə dini təhsil həyata keçirilir. İbtidai şəkildə dini biiklər orta ümumtəhsil müəssisələrində verilir. Məsələn, Dini Etiqad Azadlığı Haqqında Qanunun 6-cı maddəsində dövlət təhsil sisteminin dindən ayrı olduğu, eyni zamanda “Dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər” deyə qeyd olunur.

 

Həmçinin vətəndaşların istədikləri dildə fərdi qaydada və ya başqaları ilə birlikdə ilahiyyəti öyrənə və dini təhsil ala biləcəyi, eləcə də dini qurumların öz nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini təhsili üçün təhsil müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirə biləcəyi və dini qurumlar tərəfindən gənclərin və yaşlıların müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq, tabe olduqları dini mərkəz və idarələrin razılığı ilə yaradıla biləcəyi qeyd olunur.

 

İbtidai dini təhsil – Quran kursları

 

Beləliklə, hazırda Azərbaycanda dini təhsil və ya məlumatlandırma bir neçə səviyyədə aparılır. İlkin mərhələ orta məktəblərdə “Həyat bilgisi” dərsliyində verilən səhi dini bilgilərdir. Dini Quumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə gələn ildən Azərbaycanın ali məktəblərində islam və digər dinlərlə bağlı məcburi dərs tədris ediləcək. Bundan islam aşağı siniflərdən başlayaraq bütün orta məktəblərdə də tədris proqramına salınacaq[6].   

 

Dini təhsilin nisbətən bir pillə yuxarı mərhələsi Quran kursları və ya hazırkı deyimlə “dini kurslardır”. Hazırda Azərbaycanda 161 ünvanda 204[7] kurs fəaliyyət göstərir ki, onlardan 140-ı oğlan, 64-ü isə qız tələbələr üçün nəzərdə tutulub. Bu kurslardan yalnız 9 istisna olmaqla qalanları məscidlərdə təşkil olunub. Bu kurslardan yalnız 100-dən bir qədər çoxu QMİ-nin nəzdindədir[8]. Bunların 51-i ötən il təsis olunub[9].

Quran kursları üçün tədris proqramı QMİ tərəfindən hazırlanır. Burada əsasən ərəb əlifbası, Quran oxumaq (təcvid), eləcə də ərəb dili qrammatikası və ümumi dini dərslər tədris olunur. Bunların sırasında Əhkam, yəni islam hüququ ilə bağlı ibtidai dərslər, Əqaid, yəni Kəlam və Əxlaq kimi dərslər də tədris olunur.

 

Mədrəsələr

 

2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb[10]. Azərbaycanda 90-cı illərdə bir hissəsi xarici ölkələrdən maliyyələşən dini tədris müəssisələri – mədrəsələr fəaliyyət göstərib. Ancaq 2001-ci ildə Dini Qurumlaral İş üzrə Dövlət Komitəsinin yaranmasından sonra bu mədrəsələrin hamısı bağlanıb.

Son illərə qədər ölkədə yalnız rəsmi olaraq 3 mədrəsə fəaliyyət göstərib. Bunlar Bakıda yerləşən “Şəbnəm” Qızlar Mədrəsəsi, Şəki İslam Mədrəsəsi və Zaqatala Əliabad İslam Mədrəsəsi olub[11]. Ancaq 2016-cı ildə hökumət rəsmiləri Azərbaycanda yeni mədrəsələrin açılacağını bildirdi.  2019-cu ilin mayında QMİ sədrinin müavini Hacı Fuad Nurullayev Azərbaycanda mədrəsələrin sayını 10-a çatdırılacağını deyib[12].

 

Azərbaycanda yeni mədrəsələ - kolleclər QMİ-nin tabeliyində olan məscidlərin nəzdində fəaliyyət göstərəcək. 

 

Yeni mədrəsələrin tədris proqramı hələlik məlum olmasa da (hələ fəaliyyətə başlamadıqları üçün – müəllif.) daha əvvəl yaradılmış və hazırda fəaliyyət göstərən digər mədrəsələrin tədris metodu və qəbul qaydaları bəllidir. Məsələn, Zaqatala Rayonu Əliabad İslam Mədrəsəsində təhsil müddəti Nizamnaməyə əsasən, üç ildir[16]. Mədrəsəyə qəbul olmaq üçün keçirilən imtahanda orta ümumtəhsil məktəblərinin 8-9-cu siniflərini bitirmiş şagirdlər iştirak edir. Qəbul imtahanı iki mərhələdə həyata keçirilir. Birinci mərhələ test üsulu və müsabiqədən ibarətdir. Bu mərhələdən müvəffəqiyyətlə keçən tələbə bir aylıq Yay kursunda oxuma fürsəti əldə edir. Yay kursunda uğur qazanan tələbə üç il təhsil alma hüququna sahib olur.

 

Ali dini təhsil

 

Azərbaycanda ali dini təhsil verən mərkəzlər Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi olub. Bakı İslam Universitei Azərbaycanda sovet və sovetlərdən sonra yaranmış ilk dini təhsil müəssisəsidir və təhsil ocağı 1989-cu ildə QMİ-nin (o zamankı ZMRİ – K.R.) tərkibində Bakı İslam Mədrəsəsi[17] adı ilə təsis olunub. SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurasının 17.01.1989-cu il tarixli 2№-li protokoluna əsasən Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Mədrəsəsi təsis olunub. Mədrəsə 1991-ci ilin yanvarında Mədrəsə Bakı İslam İnstitutuna çevrilir. Bakı İslam Universiteti 1997-ci ildən rəsmi dövlət qeydiyyatına alınır. 2009-cu ildə Təhsil Nazirliyi BİU-ya 5 illik lisenziya verir.

 

2018-ci ilin sentyabrında isə Azərbaycan İlahiyyat İnstitutu yaradılması əsas göstərilərək[18] Bakı İslam Universitetinə qəbul dayandırılıb. 2018-ci ildə qəbul olunan tələbələr başqa universitetlərə, o cümlədən yeni yaradılmış İlahiyyat İnstitutuna yerləşdirilib. Hazırda Bakı İslam Universitetinə qəbul dayandırılsa da, yuxarı kurslar təhsilini davam etdirir.

 

Azərbaycanda ikinci ali dini təhsil müəssisəsi BDU-nun İlahiyyat fakültəsi olub. İlahiyyat fakültəsi 1992/93-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Diyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında təsis olunub[19].   1992-ci ildən bu günə qədər 819 tələbə BDU-nun İlahiyyat fakültəsini bitirib[20].

 

2017-ci ildə BDU-nun İlahiyyat Fakültəsinə qəbul dayandırılıb. Bu Fakültə mövcud olduğu illərdə təfsir, hədis, İslam hüququ, kəlam, İslam fəlsəfəsi, din sosiologiyası, din psixologiyası, təzəffüf, din tarixi və başqa sahələr üzrə mütəxəssis olan müəllim yetişdirilib[21].

 

Ancaq 2018-ci ildə Azərbaycanda dini təhsil sahəsində müstəqillik dövründə ən ciddi hadisə baş verdi. Dövlət ali dini təhsil mərkəzi – Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. Prezident İlham Əliyevin 2018-ci il fevralın 9-da imzaladığı sərəncamda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratmaq tapşırılırdı. Sərancama əsasən, Təhsil Nazirliyi isə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin edəcəkdi[22].

 

Azərbaycan İlahiyyat İnstitutu 2018-ci ildə tələbə qəbulu həyata keçirib. İnstitutda iki ixtisas - islamşünaslıq və dinşünaslıq ixtisasları var. Təhsil ödənişsizdir. İslamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla, ümumilikdə, 60 nəfər abituriyentin qəbulu həyata keçirilib.

 

Ancaq 2018-ci ilin sentyabrında Bakı İslam Universitetinin qəbulunun dayandırılmasından sonra BİU-dan birinci kurslar İlahiyyat İnstitiuna köçürülüb və bu səbəbdən İnstututun tələbə sayı artıb. Belə ki, İlahiyat İnstitutuna 2018-2019-cu tədris ili üzrə ilk tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə ödənişsiz əsaslarla III ixtisas qrupu üzrə iki istiqamət - İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə bakalavriat səviyyəsində 101, magistratura səviyyəsində isə 7 tələbə təhsil alır[23]. Bu il isə Aİİ-də İslamşünaslıq ixtisası üzrə 36, Dinşünaslıq üzrə 36 nəfər olmaqla, ümumilikdə, 72 abituriyentin qəbulu baş tutub[24]. Gələn ildən Aİİ-də doktoranturaya qəbul həyata keçiriləcək[25].

 

Qeyd edək ki, İlahiyyat İnstitutunda Azərbaycan tarixi, Xarici dil (İngilis dili), Azərbaycan dili və nitq mədəniyyəti, məntiq, fəlsəfə, Azərbaycan Respublikası Konstitutiyası, Ərəb dili, Qurani-Kərim (əlifba, təcvid), İnformatika və kompüter texnologiyası, İslam tarixi, İslam hüququ, Müqəddəs mətnlərin hermenevtikası, Müqayisəli teologiya, Mistisizm, Multikulturalizmə giriş, Azərbaycanda dini cərəyanlar, Din psixologiyası, Din fəlsəfəsi, Din Sosiologiyası, Əxlaq fəlsəfəsi, Yəhudilik və Xristianlıq, Hind-Çin dinləri, Müqəddəs kitabların müqayisəsi, Yeni dini hərəkatlar, Qərbdə İslam tədqiqatları, Sosial elmlərin metodologiyası, Mülki müdafiə, Əqaid, Kəlam tarixi, Elmihal, İslam hüququnun tarixi, İslam ölkələri tarixi və coğrafiyası, İslam mədəniyyəti və incəsənəti, İslam elmlərinin müasir məsələləri, İslam elmlərinin tarixi, Sosial psixologiya, Sosial elmlərin tarixi, Müasir İslam mütəfəkkirləri, İslam düşüncəsinə giriş, İslam tədris üsulu, dinlər tarixi, Təfsir, Müasir təfsir məsələləri, İslam əxlaqı, Sufizm, Hədis, Müasir hədis məsələləri, Qurani-Kərim qiraəti, qiraət məktəbləri, İslam fəlsəfəsi, müasir fəlsəfə məktəbləri dərsləri tədris olunur.

 

Aİİ-nin İslamşünaslıq ixtisasında ingilis dili, ərəb dili (əlifba, fonetika, qrammatika, nitq hissələri və sadə cümlələr), Qurani-Kərim, Əqaid, Siyər, Elmihal, Multikulturalizmə giriş, İnformatika və kompüter texnologiyası, İslam tarixi, Mülki müdafiə, İslam əxlaqı, Din psixologiyası, Sosial psixologiya, Azərbaycan dili və nitq mədəniyyəti, İslam ölkələri tarixi və coğrafiyası, İslam düşüncəsi tarixi, Din sosiologiyası, Qərbdə İslam tədqiqatları, İslam məzhəbləri tarixi, məntiq, fəlsəfə, Azərbaycan Respublikası Konstitusiyası, Fiqh üsulu, Müasir fiqh məsələləri, Hədis üsulu, Müasir hədis məsələləri, Dinlər tarixi, Yeni dini hərəkatlar, Təfsir üsulu, Təfsir, Kəlam, İslam hüququ, Dini xitabət və peşə hazırlığı,           Hədis, Fəlsəfə tarixi, Şərq fəlsəfəsi, İslam tədris üsulu, Din tədris üsulu, Azərbaycan tarixi, Təsəvvüf, İslam fəlsəfəsi, Din fəlsəfəsi, Qərb fəlsəfəsinin tarixi, İslam mədəniyyəti və incəsənəti, Müasir İslam düşüncəsi, İslam elmlərinin müasir məsələləri, Mistizm kimi dərslər[26] tədris olunur.

İlahiyyat İnstitutunun daha da genişəlndirilməsi və Azərbaycanda yerli ali savadlı ilahiyyatçı kadr ehtiyatlarını təmin etməsi nəzərdə tutulur. İlahiyyat İnstitutu rəhbərliyi gələcəkdə həm təhsilhəm hökumət və dini qurumlarda mövcud olan və yaranacaq iş yerlərinin məhz yerli ali təhsil müəssisəsi tələbələri tərəfindən təmin olunacağını[27] bildirir. İnstitutda təhsil xərcləri dövlət tərəfindən qarşılanır, tələbələrə təqaüd verilir. Hazırda İlahiyyat İnsitututu bir sıra yerli və xarici təhsil ocaqları ilə əməkdaşlıq edir.

 

Nəticə

 

Azərbaycanda dini təhsil müstəqillikdən bu yana mürəkkəb mərhələlərdən keçib.

Son 5 ildə isə Azərbaycan hakimiyyətinin ölkədəki dini idarəçilik sahəsində ciddi dəyişikliklər etdiyi müşahidə olunub. Daha dəqiqi, hökumət dini fəaliyyətlərə dəstəyi artırıb, din xadimlərinə maaş formasında aylıq yardım etməyə başlayıb,[28] bir sıra icmalara avtomobil hədiyyə edib.[29] Bütün bu fəaliyyətlər daha əvvəl olduğu kimi, QMİ-nin xətti ilə deyil, dövlət xətti ilə, yəni 2017-ci ildə DQİDK-nin nəzdində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu[30] xətti ilə həyata keçirilir. Daha sonra yenə DQİDK-nin nəzdində İlahiyyat İnstitutunun yaradılması və QMİ-nin nəzdindəki BİU-nun qapadılması dövlətin son illərdə din sahəsində fəaliyyətinin başqa bir örnəyi sayıla bilər.

Dövlət dəstəyi ilə yerli ali dini təhsil ocağının yaradılmasının hədəfi Azərbaycanda onsuz da ciddi problemə çevrilmiş xarici dini təsirin azaldılması məqsədinə xidmət edir. Ancaq bu hədəfin reallaşması, yəni Azərbaycanda yerli dini təhsil mərkəzinin formalaşması üçün uzun zaman və ciddi peşəkar fəaliyyət lazım gələcək.

 

Kənan Rövşənoğlu



[26] Dərs proqramını müəllif İlahiyyat İnstitutundan əldə edib.

 

PAYLAŞ

Oxşarlar

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

20 Aprel 2021

1830-cu ilin 1 iyununda “Spaso-Preobrajenski” Katedralının ətrafında 1828-1829-cu illər Rus-Türk müharibələri zamanı ordular tərəfindən … ƏTRAFLI

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

09 Aprel 2021

"Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin. Mən də kiminləsə oynamaq, danışmaq istəyirəm… ƏTRAFLI

Ermənistanda sorğunun nəticələri bunu deyir

Ermənistanda sorğunun nəticələri bunu deyir

02 Aprel 2021

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük mar… ƏTRAFLI