logo
AZ

Günün nəbzi

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

"Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin. Mən də kiminləsə oynamaq, danışmaq istəyirəm, bacarmıram, nəyisə qavramaq istəyirəm bacarmıram". Bu, autizm sindromu olan bir uşağın gözlərindən oxunan ifadələrdir. Bu gün onların günüdür. 2 Aprel Ümumdünya Autizm məlumatlandırma Günü BMT-nin 18 dekabr 2007-ci il qərarı ilə Qətər dövlətinin təklifi əsasında təsis olunmuşdur. Aprel həm də dünyada Autizm Maarifləndirmə ayı kimi də geniş qeyd edilir. Autizm özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edən və erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və ünsiyyət sahəsində problemlərin olması ilə birlikdə qəbul olunan neyro-psixiatrik pozuntudur. Anadangəlmə olan autizmin səbəbi dəqiq məlum deyil. Bəzimütəxəssislər autizmin beyindəki neyronların normadan az olması ilə əlaqədar olaraq, nitq və duyğulardan gələn məlumatların qiymətləndirilməsi ilə bağlı problem olduğunu qeyd edir. Hesab edirəm ki, Respublikamız üzrə autizm sindromlu uşaqların və ailələrinin ehtiyaclarının təmin edilməsi, imkanlarının genişləndirilməsi məqsədilə bir sıra təkliflərin verilməsi, müvafiq dəyişikliklərin edilməsi zəruri olacaqdır. Bütün inkişaf etmiş ölkələrdə uşaq dünyaya gələndən sonra müəyyən yaş dövrlərində əqli inkişaf səviyyəsi xüsusi testlərlə yoxlanılır. Əqli gerilik aşkarlandıqda valideynə və sahə həkiminə məlumat verilir. Respublikamızda isə valideyn özü əqli geriliyi hiss etdikdə həkimə müraciət etsə də ona müəyyən qədər düzgün istiqamət verilmir. Erkən yaşda autizmdən əziyyət çəkən uşaqlara yanlış qoyulan əqli gerilik diaqnozları və dərəcələri onların gələcəyini həll edərək belə uşaqları cəmiyyətdən tamamilə təcrid edir. Autizmdən əziyyət çəkən uşaqların içərisində xüsusi fitri istedada malik olanlar da az deyildir. Buna baxmayaraq erkən yaşda bu istedad yanlış diaqnoz qoyulmaqla inkişaf etdirilmir, həkim heyətinin bu xəstəliklə dərindən tanış olmaması və yanlış müalicə üsullarının seçilməsi nəticəsində isə "əlilliyi olan uşaqlar"ın sayı artır. Autizm sindromunun simptomlarını 1-3 yaş aralarında uşaqlarda görmək mümkün olur. Bu işdə isə əsasən sahə həkimləri və nevropatoloqlar fəal iştirak etməlidirlər. Qeyd etmək lazımdır ki, əksər sahə həkimləri və nevropatoloqlar uşağın gec danışmağını, hiperaktivliyini genlə və dəcəlliklə əlaqələndirirlər. 

Uşaqda autizm sindromunu hiss etdikdə ailəni operativ olaraq düzgün məlumatlandırmaq və istiqamətləndirmək lazımdır. Çünki autizm sindromu nə qədər tez aşkarlanıb, onunla mübarizə aparılarsa bir o qədər də tez uğurlu nəticə əldə etmək olar. Bunun üçün sahə xəstəxanalarında, poliklinikalarında autizm sindromu haqqında kurslar və maarifləndirici tədbirlər keçirilməlidir. Sahə poliklinikalarının nəzdində "Uşaq psixoloji inkişafı" kabinetləri təşkil edilməli və həmin kabinetlərdə yüksək ixtisaslı mütəxəssislərin fəaliyyət göstərmələri təmin olunmalıdır. Uşaq inkişaf mərkəzlərində autizm sindromlu uşaqlar üçün psixoloq və loqoped xidmətlərindən başqa faktiki olaraq digər reabilitasiya xidmətləri zəifdir. Autizm sindromu üzrə mütəxəssis hazırlığına başlanmalı və həmin mərkəzlərdə xidmətlərin dairəsi genişlənməli və məktəblərdə çalışan kadrlar üçün bu sahədə vaxtaşırı xüsusi treninqlər keçirilməlidir. İnkişaf etmiş qərb ölkələrində belə uşaqların cəmiyyətə qazandırılması üçün bütün zəruri tədbirlər görülür və məhz buna görə bu uşaqlardan gələcəkdə yüksək ixtisaslı mütəxəssislər və alimlər yetişir. Hesab edirəm ki, Azərbaycanda belə uşaqlara dövlət qayğısının daha mükəmməl şəkildə formalaşdırılması və onların cəmiyyətə səmərəli inteqrasiyası üçün "Autizm sindromlu şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanunun qəbul edilməsi məqsədəuyğun olardı.

İlk dəfə övladına autizm diaqnozu qoyulan valideynlərlə xüsusi psixoloq söhbətlər aparmalı və onlar hərtərəfli surətdə məlumatlandırılmalıdır. Belə ailələr maddi vəziyyətlərinə görə çoxlu çətinliklərlə rastlaşırlar. Belə uşaqların inkişaf mərkəzlərində pulsuz təlim almaları mümkün olmur, onların yardımçı bağçaya, məktəbə və inkluziv təhsil müəssisələrinə getmələri problemli olur. Bu isə həmin uşaqların evə məhkum olmaq məcburiyyətində qalması baxımından cəmiyyətə inteqrasiyasına mane olur. Xüsusən də bu fakt özünü daha çox regionlarda göstərir. Bu səbəbdən regionlarda da Uşaq inkişaf Mərkəzləri yaradılması çox zəruridir. Autizm sindromu uşağı cəmiyyətdən, göz təmasından ayıran psixoloji və travmatik pozuntudur. Ona görə də autizm sindromlu uşağın cəmiyyət içərisində və sosial ünsiyyətdə olması çox vacibdir. İctimaiyyətin autizm sindromlu uşaqları olduqları kimi qəbul etmələri üçün cəmiyyət üzvlərinin bu barədə maarifləndirilməsi olduqca vacibdir. Bu sahədə geniş maarifləndirmə layihələri işlənib həyata keçirilməlidir. Azərbaycanda fəaliyyət göstərən bütün kütləvi informasiya vasitələrində, əsasən də televiziya kanalarında "Autizm problemi" haqqında autizm sahəsində fəaliyyət göstərən mütəxəssislərin iştirakı ilə silsilə verilişlər təşkil olunmalı və bu sahədə geniş maarifləndirci işlər görülməlidir.

Cəmiyyətdə autizm sindromlu uşaqlara tolerantlığı artırmaq məqsədilə ölkə səviyyəsində bu sahədə təşviqat və təbliğat proqramları həyata keçirilməlidir. Autizm sindromlu uşaqlarla nəqliyyatda hərəkət etmək çox çətindir. Əksər autizm sindromlu uşaqlar nəqliyyatda özlərini adekvat şəkildə apara bilmirlər. Bu zaman ailə kənar şəxslərin tənbehi ilə rastlaşır. İlk baxışdan onlar dəcəl, hiperaktiv, aqressiv, ərköyün uşaq kimi görünürlər. Mərkəzdə autizm sindromlu uşaqlar üçün xüsusi nəqliyyat vasitəsi ayrılmalıdır. Hal-hazırda dövlət hesabına xarici ölkələrdə xüsusi treninqlər və hazırlıq kursları keçmiş ixtisaslı mütəxəssislər fərdi qaydada evlərdə yox, məhz həmin mərkəzdə fəaliyyət göstərmələrinə şərait yaradılmalıdır. Autizm sahəsində qabaqcıl təcrübəyə malik xarici ölkələrdən mütəxəssislər dəvət olunmalı və autizmə aid mütamadi olaraq xüsusi təlimlər təşkil edilməlidir. Ölkəmizdə digər əlilliyi olan uşaqlarla birgə autizm sindromlu uşaqların İnklüziv təhsilə cəlb edilməsi ilə bağlı tədbirlər planının həyata keçirilməsi zəruridir. Bununla da autizm sindromlu uşaqlar üçün xüsusi proqram, dərslik, qiymətləndirmə metodları müəyyən edilməlidir. Əsasən də həmin uşaqlarla işləyə bilən yetərli sayda kadr hazırlanmalı, onlarla işləyən müəllimlər əlavə ixtisasartırma kurslarına cəlb olunmalı, onların maddi cəhətdən həvəsləndirilməsi məsələsi nəzərə alınmalıdır.

Azərbaycanda autizm sindromlu uşaqlar üçün xüsusi yay düşərgəsi olmalı, həmin düşərgədə istirahət zamanı autizm sindromlu uşaqlar üçün xüsusi məşğələlərin, fizioterapevtik müalicə və müayinələrin aparılması üçün şərait yaradılmalı və müxtəlif dərnəklər, yığıncaqlar, təlimlər təşkil edərək bu uşaqların sosiallaşması yönümündə müxtəlif tədbirlər həyata keçirməlidirlər. Autizm sindromu ilə mübarizədə - hipoterapiya (atlarla müalicə), delfin terapiyası, oksigen terapiyası, idman -"Duysal bütünləmə" və s. kimi ən sınanmış üsulların tətbiqi onların psixi-sağlamlıq inkişafına çox müsbət təsir göstərir. Ölkəmizdə təsis edilmiş autizmə aid problemləri işıqlandıran "Autizm" qəzetinin nəşr edilməsi bu sahəyə xüsusi marağın olmasını göstərir. AR-nın "Uşaq hüqüqları haqqında" Qanununda "əlil, əqli və ya fiziki çatışmamazlıqları olan uşaqların növbədənkənar, pulsuz və ya güzəştlə tibbi, defektoloji və psixoloji yardım almaq hüqüquna malikdir. Dövlət bu uşaqların sosial və psixoloji reabilitasiya imkanlarına uyğun təhsil almalarına, peşə seçmələrinə, əməyə cəlb olunmalarına köməklik göstərir." Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Ümummilli lider Heydər Əliyevin "Biz, əlillər üçün, onların yaşaması, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq" fikri dövlətimizin sosial siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən olunmuş və Prezident İlham Əliyevin uğurlu sosial siyasəti digər sahələrdə olduğu kimi, bu tədbirlərin də getdikcə daha geniş vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlilliyi olan şəxslərə olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Eyni zamanda, Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlilliyi olan şəxslərin evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlilliyi olan vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır. Bəli, bu gün ÜmumdünyaAutizm günüdür. Ancaq, biz ilin tək bir günü deyil, ilin hər günü onları görməli, dinləməli, sahib çıxmalıyıq, eyni zamanda, cəmiyyətdən təcrid olmamaları üçün sevgimizi, qayğımızı, diqqətimizi və dəstəyimizi əsirgəməməliyik. Çünki, bütün insanların bir-birinə daima dəstək və dostluğu lazımdır. Buna nəzərən, autizm sindromlu uşaqların yaşam tərzinə qayğı ilə yanaşmaq, üzləşdiyi çətinlik və problemləri yüngülləşdirmək təkcə dövlətin yox, həm də hər kəsin vəzifəsi olmalıdır. Bunun üçün inklüziv dəyərlərdən başlamaq lazımdır. Dahi mütəfəkkir Mahatma Qandinin də qeyd etdiyi kimi dəyərlərdən başlamaq, həmin dəyərlərə sahib çıxa bilmək və dünyada istədiyin dəyişikliyi görə bilmək üçün ilk öncə özündən başlamalısan! Və insan dəyərlərini heç zaman unutmamalısan! Çünki insanın dəyəri onun qabiliyyət və nailiyyətlərindən asılı deyildir. Bütün insanların inkişafı onların bilik və bacarıqlarından asılıdır və hər bir kəs hiss etmək və düşünmək qabiliyyətinəmalikdir. Uşaqlar bizim gələcəyimizdir. Onlar nə qədər fərqli olsalar da inkişafdan, təhsildən, ünsiyyətdən və diqqətdən kənar qalmamalıdırlar! Onlar sadəcə fərqlidirlər! Fərqlilik özü də bir özəllikdir və hər bir uşaq özəldir! Hər bir uşaq bir möcüzə olduğunu və dünya yaranandan bəri və dünyanın sonuna qədər onun kimi başqa bir uşaq olmadığını və olmayacağını bilməlidir..!

KƏMALƏ ABBASOVA

Hüquqşünas, Sosial işçi, Təlimçi

PAYLAŞ

Oxşarlar

ABŞ nəşri: “İkinci Qarabağ müharibəsi təkcə xəritəni yox, həm də lüğəti dəyişdi”

ABŞ nəşri: “İkinci Qarabağ müharibəsi təkcə xəritəni yox, həm də lüğəti dəyişdi”

22 Aprel 2021

“Ötən il Ermənistan və Azərbaycan arasında müharibə təkcə xəritəni yox, həm də lüğəti dəyişdi. İşğal olunanlar “azad olundu&rdq… ƏTRAFLI

Məğlubların kədəri: hərbi qənimətlər tarixi

Məğlubların kədəri: hərbi qənimətlər tarixi

20 Aprel 2021

1830-cu ilin 1 iyununda “Spaso-Preobrajenski” Katedralının ətrafında 1828-1829-cu illər Rus-Türk müharibələri zamanı ordular tərəfindən … ƏTRAFLI

Ermənistanda sorğunun nəticələri bunu deyir

Ermənistanda sorğunun nəticələri bunu deyir

02 Aprel 2021

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük mar… ƏTRAFLI