Günün nəbzi

“80-90-cı illər” planı: Azərbaycanı nə gözləyir? - Tarixi dərslər

Xatırlayaq: Sumqayıtda özünü “Paşa” kimi təqdim edən Edik Qriqoryan 1988-ci il fevralın 28-də təxribat törətmişdi. Məqsəd azərbaycanlıları vəhşi xalq kimi dünyaya təqdim etmək və bu kartdan istifadə edərək növbəti mərhələdə azərbaycanlılara qarşı sistemli fəaliyyət göstərən  mütəşəkkil dəstələrin, təşkilatların yaradılması idi. Hələ o vaxt ermənilərin Sumqayıt hadisələrin video-foto lentə alması onların fitnəkar planlarından xəbər verirdi. Daha sonra biz ermənilərin beynəlxalq ictimaiyyəti bu cür yollarla aldatdığının şahidi olduq.
 
 
Həmin vaxt bir sıra ziyalılar xalqa belə çağırışlar edirdilər: “Erməni təxribatlarına uymayın”, “Ermənilərə fürsət verməyin”, “Ermənilər bizi qaniçən kimi qələmə verəcəklər” və s. Nəticədə nə baş verdi? Ermənilər daha da irəlilədilər: “20 Yanvar”, “Xocalı” hadisələrini törətdilər və rayonlarımız ard-arda işğal olundu. Ermənilər hələ də torpaqlarımızı işğal altında saxlayır, cəbhədə şəhidlər veririk, beynəlxalq təşkilatlar susur, BMT Qarabağla bağlı qəbul etdiyi qətnamələrin praktiki həllində maraqlı deyil. Biz hansı dünyadan, hansı ölkələrdən ədalət umuruq ki, ermənilərin sabah bizi vəhşi kimi qələmə verəcəklərindən də qorxaq? 
 
 
“80-90-cı illər” planı bu dəfə daha geniş miqyasda və daha böyük tərkibdə işə salınıb. Hələki hadisələr ötən əsrin 80-90-cı illərinin ssenarisi üzrə davam etmək üçün hazırlıq mərhələsindədir. Həmin vaxt küçələrdə “Ermənilər durmalı, türk onları vurmalı”, “Harda gördün erməni, vur başına gülləni” şaüarları səslənirdi. İradə, döyüşənlik ruhu bizdə olsa da, soyqırıma məruz qalan da biz olduq, dünyada səsi ən az eşidilən də! Azərbaycan əvvəlki ölkə deyil, bu dəfə ayıq olmalıyıq! Guya ermənilərin daha sonra bizim əleyhimizə "təxribat" kimi istifadə edəcəkləri bütün bu hadisələrə xalqın iradəsi, dövlətin təmkinli və sərt addımları ilə cavab verilməlidir. 
 
 
Bu gün ermənilər müxtəlif ölkələrdə yaşayan soydaşlarmıza qarşı təxribatlara başlayıblar, azərbaycanlılar təklənərək döyülür, başları yarılır, xarici ölkələrdəki diplomatik korpuslarımıza, soydaşlarımızın ticarət obyektlərinə küt alətlərlə hücumlar təşkil olunur. Los-Ancele, London, Paris, Moskva şəhərlərində ermənilərə düşmən kimi baxan azərbaycanlıların yaşadığı ünvanı deyən şəxslərə 500-1000 dollar məbləğində mükafat da vəd olunub.
 
 
Ötən əsrin 70-80-ci illərində erməni terror təşkilatları “Hınçaq”. “Çkac”, “ASALA” bu ssenarini işə salaraq türk diplomatlarının yaşadığı yerləri və hərəkət marşrutlarını deyənlərə pul vəd edirdilər.  1980-ci ildə Afinada türk diplomatını qətlə yetirilmişdi, erməni terror təşkilatları da məsuliyyəti öz üzərlərinə götürmüşülər. Terror təşkilatının üzvü A.Akopyan məsuliyyəti öz üzərinə götürərək “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə deyirdi: “Bizim düşmənimiz türk rejimidir”.
 
 
Azərbaycanda bir neçə ay öncə başlamış islahatlar kursu özünün müəyyən bir mərhələsini atlamış oldu. “Köhnə”lərlə vidalaşmaq, “yenilikçi”lərlə daha sağlam, müasir və dayanıqlı bir iqtisadi-siyasi sistemin qurulmasına başlamaq ağır prosesdir. Xüsusilə də, əgər islahatlar dünyada elan olunan ağır pandemiya şəraitində həyata keçirilisə... Heç şübhəsiz ki, məhz belə bir şəraitdə həm daxili , həm də bir sıra xarici qüvvələr tərəfindən ölkədə sosial gərginliyin artmasına, siyasi sabitliyin pozulmasına yönəlmiş addımlar da olacaq. Necə ki, biz artıq bunu hiss edirik, bilirik. Bəs belə bir şəraitdə Azərbaycana qarşı mənfur planlar hansı cəbhələrdə həyata keçirilir?
 
 
İyul ayının 12-də Tovuz rayonun bir neçə kəndində erməni təxribatlarının həyata keçirilməsi heç də təsadüfi deyildi. İyul ayının 15-i gecəsi “Qarabağa azadlıq”. “Şəhidlər ölməz, vətən bölünməz” şüarları ilə küçələrə çıxaraq əsgərlərimizə, dövlətə dəstək nümayiş etdirən vətəndaşlarımızın xoş niyyətlərinin bir qrup təxribatçılar tərəfindən ləkələnməsinə yönəlmiş dağıdıcı hərəkətlər də baş verən hadisələrin təsadüf olmadğını düşünməyə əsas verir. Xalq küçələrə axışır, Şəhidlər Xiyabanına tərəf yürüş edir, Milli Məclisin önündə şüarlar səslənir, elə bu zaman bir qrup təxribatçı Milli Məclisə daxil olaraq divarları dağıdır. Amma nə baş verir, nə istədiyini bilməyən bu adamlar Milli Məclisdə dağıntılar törətdikdən sonra Milli Məclisdə mərhum prezident Heydər Əliyevin büstü önündə şəkil də çəkdirirlər. 
 
 
“Siyasi mühacir” adı altında xarici ölkələrdə oturan şəxslər təxribatçıların bu hərəkətlərinə dəstək verir, onları dağıdıcılığa, polislərə qarşı hücuma keçməyə səsləyir. Ermənilərlə müharibə etməyin “mənasızlığı” aşılanır, Ordumuzun gücü təhrif edilir, Azərbaycanda siyasi hakimiyyəti dəyişmək üçün movcud vəziyyəti özləri üçün fürsət hesab edirlər. Amma xalq buna getmir, gedə də bilməzdi. Özünü Azərbaycan müxalifətinin lideləri adlandıran şəxslərin susqunluğu, “tribuna”ya qalxmaq həvəsləri də açıq-aşkar hiss olunurdu.
 
 
Ardınca Los-Ancelesdə, Brüsseldə azərbaycanlılara qarşı ermənilər növbəti terrora əl atırlar. İyulun 21-də ABŞ Konqresinin Qaydalar Komitəsində Azərbaycan ərazilərinin Ermənista tərəfindən işğal faktını tanıyan 296 saylı düzəlişin qəbulu ermənilərin məkrli siyasətlərinin daha da aqressivləşməsinə səbəb oldu. Onlarla azərbaycanlı ermənilərin hücumlarına məruz qalır, soydaşlarımız təklənərək döyülür, başları yarılır, ermənilər müxtəlif küt alətlərlə silahlanaraq diplomatik korpuslarımıza hücuma keçirlər. 
 
 
Bütün bu hadisələr zamanı da xaricdə oturan “siyasi mühacirlər” susurlar, hədəf yenə də Azərbaycan hakimiyyəti olur, ermənilərə sivil şəkildə etiraz edən soydaşlarımıza bu şəxslər dəstək olmurlar. Əksinə sosial şəbəkələr üzərindən canlı yayım açaraq, yenidən xalqı dövlətin üzərinə səsləyirlər. Bu adamlar milli məsələdə də ədalətli mövqedən çıxış edə bilmirlər. Avropadakı, ABŞ-dakı yaşayan soydaşlarımızın ermənilərə qarşı sivil etiraz aksiyalarında da iştirak etmirlər. Məqsəd bəllidir: bulanıq suda balıq tutmaq istəyi, baş verən hadisələri hakimiyyətə qarşı yönəltmək cəhdi və silahlı yolla hakimiyyəti zorla ələ keçirmək təşəbbüsü...
 
 
Hazırda bir sıra ölkələrdə soydaşlarımız erməni təxribatları ilə üz-üzədir və bütün bunlar böyük bir planın tərkib hissəsi kimi həyata keçirilir. Artıq dünən axşamdan Rusiyanın bir neçə şəhərində azərbaycanlılar da qisas almaq üçün erməniləri döydülər.
 
“90-cı illər” ssenarisi Azərbaycanda təkrarlana bilərmi?
 
Həm cəbhə xəttində baş verən hadisələr, həm xarici ölkələrdə ermənilərin azərbaycanlılara qarşı zorakı addımları, həm də Azərbaycan müxalifətinin buradakı və xaricdəki simalarının “susqunluqları”, ermənilərin əleyhinə milli mövqedən çıxış etməmələri, müxtəlif dolayı yollarla insanları hakimiyyəti dəyişməyə təhrik etmələri dövlətin sərt addımlar atmasını labüd edir.
 
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda hakimiyyətdə olmuş AXC-Müsavat cütlüyü həmin vaxt hakimiyyətdaxili böhranı aradan qaldıra bilmədi: sosial problemlər o həddə çatdı ki, insanlar açıq şəkildə evlərə soyğunçuluğa girir, küçələrdə insanların çantalarını oğurlayırdılar. Xalqın psixoloji tarazlığı o qədər korlanmışdı ki, 100 ailədən 5-də müxtəlif ağır və yüngül cinayətlər baş verirdi. Ailə institutları darmadağın edilmişdi. 1992-1993-cü illərdə - 1 il ərzində təkcə Qaradağ rayonunun Qobustan qəsəbəsində 2500-dən artıq cinayət hadisəsi baş vermişdi. Ölümlə nəticələnən, sağlamlığa ağır zərər vuran, narkotik vasitələrin istifadəsi və satışı, seksual xarakterli, dövlət əmlakının talanması, mülkiyyət hüququnun pozulması və s. kimi cinayətlər bu statistikanın böyük hissəsini təşkil edirdi.
 
 
90-cı illərin əvvələrində:
 
- Ordu mövcud deyildi
- Hakimiyyətdaxili böhran pik həddə çatmışdı
- Müharibə aparan dövlətin tərkibində “hərbi komandanlıq” adı altında məzkəzə tabe olmayan müxtəlif silahlı birləşmələr mövcud idi
- Xüsusi xidmət orqanları formalaşmamış, daha çox digər ölkələrin kəşfiyyat qurumlarının təsiri altında idi
- Prezident Aparatanın və Milli Məclisin koridorlarında əsas müzakirə olunan məsələ vəzifə bölgüsü məsələləri idi
- Heç bir dövlət qurumunun müstəqil layihə reallaşdıra biləcək vəsaiti yox idi
- Ölkə investiya qoyulan ölkə statusundan da aşağı bir durumda idi. Çünki sərvətlərin olmasına baxmayaraq, ölkədə siyasi sabitlik mövcud deyildi, heç bir dövlət, şirkət risk edib Azərbaycana investiya qoya bilməzdi
- Dövlət idarəçiliyində pərakəndəlik hökm sürürdü. Təxminən 10 nəfər şəxs prezident səlahiyyətlərinin qeyri-rəsmi daşıyıcıları idi, istədikləri vaxt Prezidentin adından istədikləri qərarı verə bilirdilər
- O vaxtkı büdcənin məbləği indi Azərbaycanda hər hansı iqtisadi-sosial layihəyə ayrılan vəsaitdən çox kiçik idi
- Dövlət Ləl-Cəhavir Fonduna yığılan 1, 5 ton qızıl, qiymətli metallar talan olunmuşdu
 
Bu gün isə, Azərbaycan dünyanın istinad nöqtələrindən birinə çevrilib:
 
- Müasir silahlarla təchiz olunmuş, peşəkar Orduya malikdir
- Hakimiyyətdaxili böhran nəzərə çarpmır
- Ordu vahid komandalığa tabedir
- Formalaşmış, uğurlu əməliyyatlara imza atan xüsusi xidmət orqanları mövcuddur
- Azərbaycan investisiya qoyulan ölkədən investiya qoyan ölkəyə çevrilib
- Dövlət idarəçiliyində vahid idarəçilik prinsipi əsas meyar kimi öz monolitliyini saxlayır
- Ölkədə oturuşmuş polis sistemi mövcuddur və s.
Ən nəhayət, bu gün insanlar dövlətə repressiya maşını kimi baxmır, istənilən milli məsələdə xalq-iqtidar birliyi amili önə çıxır. Halbuki, ötən əsrin 90-cı illərinin əvvəllərində dövlətə inamsızlıq fərariliyin pik həddə gəlib çatmasına şərait yaratmışdı. 
 
 
VACİB QEYD: 
Dünyanın mühüm beyin mərkəzləri əksər ölkələrdəki movcud iqtisadi-sosial vəziyyəti növbəti “Dünya İqtisadi Böhranı” kimi qiymətləndirir. Təkcə bu amil bütün dünya ölkələri, xüsusilə də, müharibə şəraitində olan Azərbaycan üçün mühüm çağırış, həyəcan siqnalıdır. Məsələyə təkcə ölkədaxili, regional çərçivədə deyil, qlobal şəkildə baxmaq, daha məqsədəuyğun olardı. Nəyə görə?  Azərbaycan 2 mühüm məqama diqqət yetirməlidir:  

Dünya İqtisadi Böhranının birinci mərhələsində (1929-1939) münaqişə ocaqlarında aktivlik müşahidə olundu, millətlərarası konfliktlər bu dəfə regional çərçivədən çıxdı, qısamüddətli müharibələr (bir neçə günlük) baş verdi, millətçilik özünün ən pik həddinə gəlib çatdı, təmərküzləşmə prosesi (kiçik müəssislər böyük müəssisələr tərəfindən uduldu) sürətləndi, müxtəlif ölkələrdə yerli və gətirilmə viruslar yayıldı, sosial problemlərin həllinə yox, daha çox gizli silahlanmaya üstünlük verildi və s.
Dünya İqtisadi Böhranının ikinci mərhələsi isə (1939-1945) İkinci Dünya Müharibəsi ilə müşahidə olundu. Düşünmürəm ki, hazırkı pandemiya şəraiti və dünyada baş verənlər Dünya İqtisadi Böhranının birinci mərhələsidir və növbəti - ikinci mərhələdə üçüncü dünya müharibəsi yaşana bilər. Lakin kifayət qədər həssas və təhlükəli bir mərhələnin içində olduğumuzun məsuliyyətini dərk etməliyik.


 

Samir Feyruzov
PAYLAŞ

Oxşarlar

“Bir zamanlar İraqda”: real həyat hekayələri əsasında çəkilmiş sənədli film

“Bir zamanlar İraqda”: real həyat hekayələri əsasında çəkilmiş sənədli film

30 İyul 2020

“Bir zamanlar İraqda” 2003-cü ildə başlayan İraq müharibəsi haqqında beş seriyadan ibarət sənədli filmdir.   Hekayəni danışanlar… ƏTRAFLI

Valideynlər uşaqların internetdə izlədiklərindən nə dərəcədə xəbərdar olmalıdır?

Valideynlər uşaqların internetdə izlədiklərindən nə dərəcədə xəbərdar olmalıdır?

29 İyul 2020

Günümüzdə valideynlər övladlarının təhlükəsizliyi üçün davamlı şəkildə öyrənməli və internet trendləri mövz… ƏTRAFLI

Ermənistanda qadınların ağır durumu

Ermənistanda qadınların ağır durumu

25 İyul 2020

Yerevanda hamilə qadının etirafları hər kəsi heyrətə gətirib. Belə ki, o, “tək idim, bütün gün ağlayırdım, hətta əlimi  tutmağa bi… ƏTRAFLI