Qalereya

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya -(İNFOQRAFİKA)

Uzun illərin gərgin müzakirələrindən sonra beş Xəzəryanı ölkə Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı çox mühüm sənəd imzaladılar. Bu hadisəyə bir sıra dövlət başçıları tarixi qiymət verdilər. Mütəxəssislər və kütləvi informasiya vasitələri də baş verənlərə böyük maraq göstərdilər.

 

Qərb mətbuatı əldə edilən razılıqları daha çox "siyasi mövqe"dən dəyərləndirməyə çalışır. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və başqa ölkələrin bəzi nəşrləri Xəzərin hüquqi statusunun müəyyənləşməsini Rusiyanın böyük qələbəsi kimi təqdim etməyə cəhd göstərirlər. "The Guardian", "Le Monde", "The New York Times" və başqa nəşrlərdə imzalanan Konvensiyanın Moskvaya verə biləcəyi geosiyasi dividendlərdən bəhs edilir. Ancaq, bizcə, hadisə daha geniş kontekstdə əhəmiyyət kəsb edir. Onu hansısa bir region dövlətinin uğuru kimi təqdim etmək reallığa uyğun deyil. 

 

Nəhayət, uzun illərdir dünyanı narahat edən bir problem də aradan qaldırıldı. "Xəzər beşliyi" dövlətlərinin başçıları Qazaxıstanın Aktau şəhərində V Zirvə toplantısında mühüm sənədlər imzaladılar. Bu hadisəyə geniş reaksiya verilməsi tam gözlənilən idi. Çünki Xəzərin hüquqi statusunun qeyri-müəyyən qalması iqtisadi, enerji, siyasi, hərbi, ekoloji və geosiyasi risklər yaradırdı ki, bu da istənilən an regionda gərginliyə yol aça bilərdi. Hətta bir neçə dəfə hövzə ölkələri arasında münasibətlər Xəzərin hüquqi statusunun müəyyən edilməməsi ucbatından gərginləşmişdi.

 

Etiraf edək ki, münasibətlərdəki gərginlik Azərbaycan rəhbərliyinin təmkinli və qətiyyətli mövqeyi sayəsində hərbi münaqişəyə çevrilmədi. Həmin hadisələr artıq geridə qalıb və üzərlərində dayanmağa ehtiyac yoxdur. Lakin Xəzərin statusunun müəyyən edilməməsinin hansı təhlükəli nəticələr verə biləcəyi faktını da unutmaq olmaz. Hazırkı mərhələdə həm də ona görə ki, supergüclərin müxtəlif regionlarda nüfuz uğrunda mübarizəsi çox intensiv xarakter alıb.

 

Konkret desək, ABŞ, Rusiya və Çin hazırda beynəlxalq miqyasda çox fəal addımlar atırlar. Xəzərin strateji bir məkan olduğunu nəzərə alsaq, burada hər an böyük təsirləri olan qarşıdurmanın meydana gəlmə ehtimalının az olmadığı qənaətinə gəlmək mümkündür. Bu səbəblərdən Aktau sammitini siyasi liderlər haqlı olaraq "tarixi hadisə" kimi qiymətləndirirlər.

 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Babək Cəfərin hazırladığı infoqrafikanı təqdim edirik:

 

 

PAYLAŞ