Qalereya

"Bakı-Tbilisi-Ceyhan" - İqtisadi uğurun təntənəsi- (VİDEOQRAFİKA)

Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərinin – BTC çəkilməsi ilə reallaşan və ulu öndər Heydər Əliyevin bir neçə onilliklər üçün hesablanan neft strategiyasının həlli və uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində siyasi, iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları artan qüdrətli dövlət kimi tanınır, qəbul olunur. Əminliklə demək olar ki, “Üç dənizin əfsanəsi” adlandırılan və minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və geniş məkan mənasında işlədilən qlobal layihə sözü ötən müddətdə artıq öz təsdiqini tapıb.

 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının təməl daşını təşkil edən “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başlandı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. “Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. Ümummilli lider Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, Heydər Əliyevin səyi və gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq bu layihə həyata vəsiqə aldı. Belə ki, ATƏT-in 1999-cu ilin noyabrın 18-də İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalandı. Beləliklə də, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. Daha sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparıldı.

 

Sosial Tədqiqatlar Mərkəzi Mətbuat Xidməti tərəfindən hazırlanan videoqrafikanı təqdim edirik:

 

 

PAYLAŞ