Ekspert rəyləri

“Xalq” və “millət” anlayışları - (Ekspert Rəyləri)

Dövlətin topluluq ünsürü dedikdə, o dövlətdəki insanlar anlaşılır. Dövlət çərçivəsində sosial birlikləri iki fərqli ölçüdə nəzərdən keçirə bilərik.  Bunlar xalq və millət anlayışlarıdır. Bu iki anlayış çox zaman qarışdırılır.  Xalq — müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanlar bir hüquq məkanında yaşayırlar, dövlət qarşısında eyni məsuliyyəti daşıyır. Başqa cür desək, xalq daha konkret olsa da, millət bir qədər mücərrəd xarakter daşıyır. Ümumiyyətlə, millətlərin formalaşması və onun meyarları məsələsi elmdə ən çətin problemlərdən hesab olunur. Üstəgəl, burada ümumi prinsiplər olsa da, hər xüsusi halın xeyli unikallıqları da mövcuddur. Bu anlayışlar arasında dskurs getdikcə daha da aktuallaşır. Bu diskursda çox vaxt siyasi motivlər elmi həqiqətin ortaya çıxmasına əngəl olur.

 

Millətin meydana gəlməsini izah edən əsasən iki fərqli nəzəriyyə var:

- Obyektiv millət anlayışı (alman baxışı) – Bu yanaşmaya görə, bir millətdən danışmaq üçün o cəmiyyətdəki insanların eyni irqdən gəlmələri (irq birliyi), eyni dildə danışmaları (dil birliyi) lazımdır. Zaman-zaman bu baxışa din birliyi də, yəni cəmiyyətdəki insanların eyni dinə inanmaları da daxil edilir. Obyektiv millət anlayışında bu xüsusiyyətlərə necə deyərlər “olmazsa olmaz” (latınca - sine qou non) kimi baxırlar.

- Subyektiv millət anlayışı (Fransız baxışı, E.Renan)  Bu anlayışa görə, uzun müddət bir yerdə yaşayıb, pis gündə, yaxşı gündə birlik olan insanlar eyni irqə, eyni dinə mənsub olmasalar, hətta eyni dili danışmasalar da, tarix birliyi və bu birliyin gətirdiyi mədəniyyət birliyi səbəbindən millət  formalaşdıra bilərlər.

 

Şübhəsiz ki, dilin insanlara bir-birlərini anlaya bilmələri üçün çox önəmli rolu olduğunu nəzərə alsaq, burada dil birliyinin məcburi götürülməməyi ana dili ilə bağlıdır.  Buradan çıxış edərək deyə bilərik ki,  bir dövlət halına gəlmiş insan topluluğunda ana dilləri fərqli olsa da, fərqli mühitlərdə işlətsələr də, o dövlətin rəsmi bir dili olması vacib şərtdir.

 

XX əsrdə «etnos», «milliyyət», «millət», «xalq» anlayışları ilə bağlı Azərbaycan türk ideoloqu Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, qədimdə «ümmət» ilə «millət» arasında fərq olmayıbsa, hazırda bu fərqi görmək və bu anlayışları bir-birindən fərqləndirmək lazımdır: “O, dili millətin varlığının əsas amili kimi verir: «Dil milliy­yə­tin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amil­dir. Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasilərdə əsl bunun üçündür ki, təmsil (assimilyasiyon) əməliyyatı icra edərkən ən birinci fikirləri­ni dilə verər və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edərlər”.

 

Milliyyəti və milləti yalnız dil deyil, soykök, mədəniyyət, adət və əxlaq, tarixi ənənələr də ifadə edir fikrini bildirən Rəsulzadə sonralar Azərbaycanda baş verən siyasi prosesslərin də təsiri və Qərb alimləri Madzi və Durkheymin fikirlərini təhlil edərək millət və xalq anlayışları bir qədər də dəqiqləşdirir: “Millət anlamını ifadə üçün dilimizdə iki söz vardır: “millət” və “xalq”. Bunlardan birincisi lisani, dini, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edir. İkincisi, isə bu topluluqdan doğan ümumi bir iradəni ifadə edir”.

 

İngilis alimi Peter Alter milli şüurun millətin varlığında rolunu yüksək qiymətləndirir: “Milli şüur – siyasi və sosial icmaya məxsus olma hissidir; o, dövlət formasında təşkil olunan millət yaradır, ya onu yaratmağa çalışır; mədəni, ya siyasi millətin fundamental əsasıdır. Prinsipcə, milli şüur milli dövlətin var olmasından asılı deyil; fəqət milli şüur olmadan milli hərəkat məğlubiyyətə məhkumdur.”

 

Sosioloq, sosiologiya üzrə fəlsəfə doktoru, STM-in baş məsləhətçisi Əfqan Vəliyevin yanaşmasına görə, xalq siyasi-ideoloji mənada meydana çıxanda, artıq millət anlayışı yaranar: “Bu da, daha çox dövlətin yaranması ilə bağlıdır. Buna misal kimi 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətini göstərə bilərik. Yəni xalq və millət yeni məna verən dövlət olduğu üçün, burada konkret bir millətin hakimiyyətindən söz açmaq artıq çətinləşir. Ən yaxşı halda konkret bir millətin hakim üstünlüyündən söhbət gedə bilər, ancaq həmin dövlətin tərkibindəki bütün millətləri eyniləşdirmək, eyni bir soya, dilə, mədəniyyətə, dinə və s. malik olduğunu söyləyə bilmərik. Görünür, qədim dövrlərdə və orta əsrlərdə mövcud olmuş dövlətlərdə bu məsələlər bir o qədər vacib olmadığı üçün, indi Midiya, Atropatena, Albaniya və xanlıqlar  b. dövlətlərin etnik tərkibi və dili ilə bağlı kifayət qədər uyğunsuzluqlar meydana çıxıb. Etnik kimlik və dilin müəyyənləşməsində xalq və millətə dar mənada, konkretlik baxımından yanaşmaq mövzu ilə bağlı fikirləri formalaşdırmağa imkan verir. Xalq və milliyyətlə müqayisədə “millət” məfhumu daha geniş anlayışdır və bu dar çərçivə ilə məhdudlaşdırıla bilməz”.

 

Əfqan Vəliyev qeyd edir ki, hal hazırda belə “millət” və “xalq” anlayışları haqqında dəqiq fikirlər söyləmək çətindir: “Çünki, tarixin müxtəlif dövrlərində baş verən siyasi hadisələr bu anlayışlar haqqında fərqli  təsəvvürlər formalaşdırıb. 1830-cu ilə qədər Avropa ölkələrində “millət” yalnız cəmiyyətin yuxarı təbəqəsinə-aristokratlara, eləcə də  sonralar sahibkar-tacir birliklərinə və tələbələrə aid edilib. Avropada sonralar “millət” və “xalq” sözü müəyyən mənada bir-birindən fərqləndirilmiş, “millət” - əhalinin şüurlu və fəal hissəsini, “xalq” - isə siyasi və sosial baxımdan passiv, ətalətli kütlə kimi ifadə edilib”.

 

Müasir dövr Azərbaycan tədqiqatçılarına görə: Millət – tarixən kapitalizmin meydana gəlməsi, feodal pərakəndəliyinin dəf edilməsi, təsərrüfat əlaqələrinin güclənməsi, ədəbi dil bazasında savadlılığın yayılması, milli mənlik şüurunun möhkəmlənməsi ilə səciyyələnən etnos tipidir. Bu anlamda, millət vahid etnik kökdən olan toplum yox, müəyyən dövlətə öz dövləti kimi baxan insanlardır. Xalq isə hər hansı dövlətdə yaşayan əhalinin cəmidir.

 

Əfqan Vəliyev qeyd edir ki, millət və xalq  anlayışına dair təriflər bu məsələlərlə bağlı elmi, fəlsəfi ədəbiyyatda birmənalı fikir olmadığını göstərir. Bu da hər bir xalqın özünəməxsusluğu, dini-fəlsəfi dünyagörüşü, milli ideologiyası və s. ilə bağlıdır: “Fikrimizcə, millət yaxud xalq dedikdə dili, soykökü, adət və əxlaqı, məişət ümumiliyi və s. bir olan tayfalar başa düşülməlidir. Ümumiyyətlə, xalqın sinonimi millətdir və burada başlıca olan sırf dil, kök, adət-əxlaq və yurd birliyidir. Ancaq bu mənada millət və xalq siyasi-ideoloji əhəmiyyət kəsb etmir. Millət tarixən müəyyən bir ərazidə yaşamağa məcbur olan, iqtisadi münasibətlərə malik, bir çox hallarda eyni bir dinə tapınan, zaman-zaman soyca, dilcə, mənəviyyatca qohumlaşan həm birsoylu, birdilli tayfaların (məsələn, türksoylu, türkdilli), həm də fərqli soylu, fərqli dilli tayfaların (türksoylu-türkdilli, irandilli, qafqazdilli və b.) siyasi-ideoloji mənada birliyidir. Bu siyasi birliyin ən bariz nümunəsi dövlətin yaranmasıdır. Dövlətlərin, imperiyaların yaranması ilə, hakim və ya qeyri-hakim vəziyyətdə olmalarından asılı olmayaraq, eyni bir hakimiyyətin sərhədləri çərçivəsində yaşamağa məcbur olan, bəzən soykökü baxımdan türk olmayan tayfalar türkləşərək daha çox türklüyü, azərbaycanlılığı başqa halda isə soykökü fars olmayan tayfalar farslaşaraq farslığı, iranlılığı ifadə ediblər. Doğrudur, hansı etnosun və etnosların (türkdilli, irandilli, qafqazdilli və b.) hakimiyyətdə olması, ümumilikdə həmin dövlətin ərazisində yaşayan, ancaq hakim etnosla bağlı olmayan tayfaların çox vaxt assimilyasiyası ilə nəticələnib. Ancaq unutmaq olmaz ki, bu proses əsrlər boyu yalnız bir istiqamətdə baş verməyib, qarşılıqlı şəkildə olub”.

 

Sosioloq vurğulayır ki, əsrlər boyu “hakim millət”, “əsas millət” anlayışı da öz yerini qoruyub saxlayıb: “Bu da dövlətin özəyini təşkil edən əsas etnos və milliyyətlə bağlıdır. Deməli, “millət” anlayışı dövlətin yaranması ilə bağlı nə qədər siyasi-ideoloji məna daşısa da, ona yad olan tayfalarla bu və ya başqa dərəcədə qaynayıb-qarışsa da, o, özünün başlıca, qohum etnoslarından təşkil olunmasını heç vaxt inkar etməyib və edə də bilməz. Belə ki, «millət» anlayışı dövlətçilik baxımından nə qədər siyasi-ideoloji məna daşıyıb, bir-birinə qohum və qohum olmayan etnik qrupları özündə ehtiva etsə də, bir o qədər də onun yaranmasında və dövlət kimi meydana çıxmasında başlıca rol oynayan vahid etnos(lar) və milliyyətlə bağlıdır”.

 

“Millət” termini dövlətimizin ana qanununda ümumi deyil, konkret mənada ifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının “Milli mənsubiyyət hüququ” adlı 44-cü maddəsində göstərilir ki, hər kəsin milli mənsubiyyətini qoruyub-saxlamaq hüququ var, heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Bu cür normanın konstitusiyamızda təsbiti müasir demokratiyanın bir təzahürü kimi qiymətləndirilə bilər.

 

Digər tərəfdən qarşılıqlı əlaqədə olan millət və milli mənsubiyyət (milliyət) anlayışlarını da fərqləndirmək laımdır.  Etnik birliyi ifadə edən milliyət millət faktorlarından yalnız birini ifadə edir. Buna görə də daha dar mənaya malikdir.

 

Azərbaycan müxtəlif etnosları birləşdirən bir məkan və onların tarixi vətənidir. Belə bir normanın dövlətin əsas qanunu səviyyəsində qəbulu Azərbaycan xalqının demokratik düşüncəsini və tolerantlığını göstərir. 

 

Şəfanə İbrahimova

     stm.az

PAYLAŞ

Oxşarlar

 Müasir sosial-siyasi şəraitdə qlobal problemlər və onun yaranma səbəbləri

Müasir sosial-siyasi şəraitdə qlobal problemlər və onun yaranma səbəbləri

29 İyul 2020

COVID-19 pandemiyası da göstərdi ki, müasir sosial-siyasi şəraitdə qlobal problemin həll edilməsi bütün millət və dövlətlərin problemi ey… ƏTRAFLI

Balaca qızcığazın böyük oyunu, yoxsa böyük oyunun balaca qızcığazı?

Balaca qızcığazın böyük oyunu, yoxsa böyük oyunun balaca qızcığazı?

17 İyul 2020

Dünyadakı hadisələrin öz sabit axarı ilə hərəkət etdiyi, pandemiya və karantinin olmadığı bir dönəmdə İsveçdən olan Qreta Tünberq … ƏTRAFLI

Slavoj Jijek: Amerika etirazlarında Tramp siyasətinin qurbanları cinayətkarın günahlarını silir

Slavoj Jijek: Amerika etirazlarında Tramp siyasətinin qurbanları cinayətkarın günahlarını silir

10 İyul 2020

ABŞ-da sərt karantin və polis zorakılığına  qarşı olan etirazlar insanları seçim qarşısında qoyub - pul yoxsa həyat.  Qurbanların əksəriyy… ƏTRAFLI