Ekspert rəyləri

Uşaqlıq travmaları şəxsiyyətə necə təsir edir? - (Ekspert Rəyi)

Uşaqlıq çağı travmaları təkrarlanan olması, uşağa daha çox yaxınları tərəfindən edilməsi və uzunmüddətli təsirləri baxımından ən çətin travma növlərindən sayılır. Bu travmalara hər mədəniyyətdə, sosial sinifdə, etnik qrupda, cəımiyyətdə rast gəlinə bilər.

 

Ümumdünya Səhiyyə Təşkilatı uşaqlıq travmalarını yetkin şəxs tərəfindən bilərəkdən və ya bilmədən həyata keçirilən və uşağın sağlamlığına, fiziki və psixososial inkişafına mənfi təsir göstərən davranışlar olaraq müəyyən edir.  Burada vacib olan yetkin şəxsin niyyəti deyil, həmin davranışların uşaq üzərindəki təsiridir.

 

Bu travmalarla bağlı bir çox araşdırmalar aparılıb. Mütəxəssislər psixiatrik pozulmalarla uşaqlıq travmaları arasında əlaqə olduğunu üzə çıxarıblar, bu cür xəstələrdə uşaqlıq travmalarının nisbəti yüksək olub. Bu travmalar uşağın fiziki və əqli inkişafı ilə yanaşı, uşaqlıq və yeniyetməlik dövründə bir çox psixososial problemlərə yol aça bilir. Bu baxımdan belə travmaların qarşısının alınması, baş veribsə ələ alınması, uzunmüddətli müşahidələrin aparılması olduqca vacibdir.

 

Ümumdünya Səhiyyə Təşkilatının keçirdiyi tədqiqatlardan birinə əsasən, uşaqlıqda psixoloji travmaya məruz qalan insanlar digərləri ilə müqayisədə karyera qurmaqda daha çox çətinliklərlə üzləşirlər. Məlum olub ki, uşaqlıqda yaranan psixi pozğunluqlar insanın sosial inkişafını zəiflədir, belə insanlar ünsiyyət qurmaq, dostluq münasibətləri yaratmaq, yeni kollektivlərə adaptasiya olmaq baxımından çətinlik çəkirlər.  Tədqiqat zamanı 22 ölkədən 18 yaşından 64 yaşına qədər 40000 insan arasında sorğu keçirilib. Tədqiqatçılar hər respondentin gəlir səviyyəsi, ictimai vəziyyət və təhsili barədə məlumatlar toplayıblar və buna əsasən uşaqlıqdan olan psixiki sağlamlıq durumunu müəyyənləşdiriblər.

 

Ümumiləşdirsək, uşaqlıq travmalarına fərdlərin 18 yaşından əvvəl məruz qaldığı cinsi, fiziki, emosional istismar, laqeydlik, valideynlərin itkisi, valideynlərdən ayrılma, boşanma, miqrasiya, zorakılıq, qəza, təbii fəlakətlər və s. səbəb ola bilər. Bütün bu travmalar şəxsin düşüncələrinə, həyat tərzinə, seçimlərinə və bütövlükdə şəxsiyyət kimi formalaşmasına təsir edir.  Bəzən alınan psixoloji travmalar şəxsin gələcəkdə mənfi davranışlara və vərdişlərə meyl etməsinə də təsirsiz ötüşmür. Bu baxımdan məsələyə kompleks yanaşmaq üçün həm psixoloji, həm də sosioloji aspektdən nəzərdən keçirilməsi vacibdir.

 

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Humay Axundzadə bildirir ki, uşaqlıq dövrü insanın psixikasının, şəxsiyyətinin təməlinin qoyulduğu, intensiv şəkildə formalaşdığı dönəm   olduğu üçün istənilən yaşantı, istənilən psixoloji vəziyyət həm müsbət, həm də mənfi təsirinə görə uzunmüddətli ola bilər. Xüsusilə, uşaqlıq travmalarının fəsadı, uşağa yetirdiyi psixoloji zədə uzun müddət davam edə bilər.

 

Ekspert qeyd edir ki, uşaqlıq travmaları ilk növbədə şəxsiyyətlərarası münasibətlərdəki yalnışlıqlardan, xüsusilə, valideynlərin uşaqlarla uyğunsuz davranışlarından  qaynaqlana bilir:  “Bu münasibətlərə uşağın yaxın adamları - ailə üzvləri, məktəbdə dostluq etdiyi şəxslər, müəllim və başqaları ilə münasibətləri aid etmək olar. Təbii ki, bu münasibətlərdən ən təsirlisi valideynlərlə münasibətlərdir. Valideyn uşağı böyüdərkən, tərbiyə prosesində ilk növbədə ona sağlam özünüqiymətləndirmə və özünəinam hissi aşılamalıdır. Uşağı tərbiyə edərkən düşünmək lazımdır ki, o, bir zaman müstəqil həyata qədəm qoyacaq və nə qədər özünəinamlı olsa, emosional cəhətdən sabit olsa, özünü adekvat olaraq doğru-dürüst qiymətləndirə bilsə, bir o qədər həyati çətinliklərin öhdəsindən gələ bilər.  Lakin bu işdə məsuliyyət yalnız valideynlərin deyil, uşaq üçün nüfuza malik digər böyüklərin də üzərindədir”.

 

Humay Axundzadə bildirir ki, psixoloji travmaların qarşısını almaq üçün valideynlər uşağa dedikləri sözlərə diqqət etməlidirlər: “Uşağın özünəinamını sındıran, ona çarəsizlik, yarıtmazlıq hissi aşılayan sözlər deyilməməlidir. Lakin bu, mühüm və çətin tələbdir. Çünki valideynlik insana dərhal müdriklik nəsib etmir. Valideynin öz şəxsiyyəti də inkişaf etmiş olmalıdır. Öz davranışları üzərində düşünmək, qiymətləndirmək bacarığı olmalıdır ki. tərbiyədə bu məqama diqqət yetirə bilsin”.

 

 

Ekspertin sözlərinə görə psixoloji travmaya başqa bir səbəb valideynin uşağı həddən artıq himayə etməsi, uşağa öz müstəqilliyini ifadə etməyə imkan verməməsi ola bilər. Mütəxəssis bildirir ki, belə hal illərlə davam etdikdə travmatik situasiyaya çevrilir, insan şəxsiyyətinə mənfi təsir edir.

 

Humay Axundzadə vurğulayır ki, həddindən artıq emosional soyuqluq da uşağa travmatik təsir göstərə bilər: “Uşağın ən böyük tələbatı sevgiyə, nəvazişə olan tələbatdır. Ancaq valideynlər müxtəlif səbəblərdən ­- özlərinin müəyyən travmalarını həll edə bilmədiklərinə görə, emosional soyuq olduqlarına görə, bəzən də stereotiplərə görə nəvazişlərini göstərə bilmirlər. Təcrübəmdə belə bir halla rastlaşmışam. Konsultasiyaya gələn ana mənə açıq şəkildə bildirmişdi ki, oğlunu əzizləyir, qızını yox.  Onun təsəvvüründə belə bir stereotip vardı ki, qızları çox əzizləyəndə tərbiyəsi pozulur, gələcəyinə  pis təsir edir.  Belə halda qız övladı görür ki, valideyn daim oğula nəvaziş, sevgi göstərir, ona yox. Bu isə özü də qızın özünüqiymətləndirməsinə mənfi təsir edən amilə çevrilir”.

 

Ekspert qeyd edir ki, ümumilikdə uşaqlıq travmalarının təməl səbəbi bu və ya digər zorakılıq formasıdır:  “Bura həm fiziki, həm də emosional-psixoloji zorakılıq aid edilə bilər. Uşağın travması yalnız döyülməkdən deyil, acı sözdən, hər hansı emosional təzyiqdən də ola bilər. Heç bir halda zorakılıq uşağın sağlam psixikasıyla uzlaşmır. Ailədə zorakılıq, şiddət varsa uşağın psixikasına mənfi təsir göstərir”.

 

Humay Axunzadə bildirir ki, sağlam şəxsiyyət və xoşbəxt insan böyütmək istəyən valideynlər bu məsələlərə diqqət yetirməli, belə nöqsanlara yol verməmək üçün öz üzərlərndə işləməlidirlər. Mütəxxəssis təəssüflə vurğulayır ki, heç də bütün valideynlər öz üzərlərində işləməyə hazır deyillər.

 

Məsələnin sosioloji tərəfinə toxunan ekspert qeyd edir ki, psixoloji izahlar bəzi məsələləri nəzərə almır: “Psixoloji yanaşmalarda bir çox hallarda travmaya görə məsuliyyət sırf valideynin üzərinə qoyulur. Əlbəttə, valideynlər bu baxımdan çox məsuliyyət daşıyırlar. Lakin sosioloji perspektivdə baxanda görəririk ki, psixoloji izahlarda nəzərə alınmayan məsələlər var. Məsələn, sosial bərabərsizlikdən uşağın aldığı emosional-psixoloji travma ola bilər. Deyək ki, hər hansı ailə illərlə çətin maddi durumda yaşayırsa, şagird ailəsinin durumuna görə müəyyən sinif yoldaşlarının geyindiyi kimi geyinə bilmirsə, yediyi bəzi şeyləri yeyə bilmirsə, bu da travmatik situasiyadır. Artıq belə situasiyalar psixologiyanın çərçivəsindən bir qədər kənara çıxır. Bu məsələlər  elə məsələlərdir ki, məsuliyyəti yalnız valideynin üzərinə yükləmək düzgün deyil. Bu baxımdan sosioloji yanaşma valideynlərə münasibətdə daha anlayışlıdır”.

 

Mütəxəssis bildirir ki, valideynlik bir sosioloji fenomen olaraq tarixən böyük transformasiyalara məruz qalıb və müasir dövrün valideynləri tarixin heç bir dövründə olmayan qədər böyük bir mənəvi yükün hədəfinə çevriliblər:  “Çox vaxt deyirlər ki, əvvəllər uşaq sayı çox olurdu, insanlar daha çox uşaq istəyirdilər, uşaqları daha çox sevirdilər. Əslində isə inkişaf edən dünyanın getdiyi istiqamət belədir ki, hər bir uşağa verilən dəyər olduqca yüksəlir. Hər uşağa görə valideynin məsuliyəti olduqca artır. Bu baxımdan psixoloji nəzəriyyələrdə, ictimai disskusiyalarda uşaq mövzusu, uşaqlıq dövrünün önəmi, uşağa bir növ gövhər kimi yanaşma məsələsi gündəmə gəlir.  Bu dövr elə bir dövrdür ki, həssaslıqla yanaşmaq lazımdır”.

 

Humay Axunzadə vurğulayır ki, uşağın təkcə maddi deyil, emosional tələbatları da ödənilməlidir: “100-150 il öncə insanlar belə fikirlə yaşayırdılar ki, uşağı yedirtmək, təhlükəsizlikdə saxlamaq yetərlidir. Əslində indi də belə valideynlərə rast gəlmək olar. Uşağın dərin emosional aləminin olması, ona deyilən hər bir sözün həyatında, gələcəyində əhəmiyyət daşıması məsələsi o zamanlar yox idi. Cəmiyyət inkişaf etdikcə, psixoloji biliklər artdıqca, dünyada qlobal demoqrafik dəyişikliklər baş verdikcə valideynlik roluna verilən məsuliyyət  də artır.  Bu baxımdan uşaqlıq travmaları da tez-tez disskusiya mövzusuna çevrilir”.

 

Psixoloji travmaların vaxtında aşkar olunub, aradan qaldırılması vacibdir. Ekspert bildirir ki, travmaların aşkar olunması metodları müxtəlifdir: “Bu məsələ şəxsin yaşından asılı ola bilər. Çox vaxt insanlar başqa problemlərlə müraciət edirlər, işin gedişində aşkar olunur ki, problemin kökündə uşaqlıq travmaları dayanır. Bəzi hallarda insanlar refleksiv olduqlarına görə, özlərini təhlil edib müəyyən ehtimallarla gəlirlər. Belə halda o ehtimalların doğru olub-olmadığı yoxlanılır. Kəskin travmatik situasiyalar ola bilər ki, hər hansı hadisədən sonra uşağı psixoloqa gətirirlər və  bu halda baş vermiş konkret hadisəylə bağlı psixoloji iş aparılır”.

 

Şəfanə İbrahimova

      stm.az

PAYLAŞ

Oxşarlar

 Müasir sosial-siyasi şəraitdə qlobal problemlər və onun yaranma səbəbləri

Müasir sosial-siyasi şəraitdə qlobal problemlər və onun yaranma səbəbləri

29 İyul 2020

COVID-19 pandemiyası da göstərdi ki, müasir sosial-siyasi şəraitdə qlobal problemin həll edilməsi bütün millət və dövlətlərin problemi ey… ƏTRAFLI

Balaca qızcığazın böyük oyunu, yoxsa böyük oyunun balaca qızcığazı?

Balaca qızcığazın böyük oyunu, yoxsa böyük oyunun balaca qızcığazı?

17 İyul 2020

Dünyadakı hadisələrin öz sabit axarı ilə hərəkət etdiyi, pandemiya və karantinin olmadığı bir dönəmdə İsveçdən olan Qreta Tünberq … ƏTRAFLI

Slavoj Jijek: Amerika etirazlarında Tramp siyasətinin qurbanları cinayətkarın günahlarını silir

Slavoj Jijek: Amerika etirazlarında Tramp siyasətinin qurbanları cinayətkarın günahlarını silir

10 İyul 2020

ABŞ-da sərt karantin və polis zorakılığına  qarşı olan etirazlar insanları seçim qarşısında qoyub - pul yoxsa həyat.  Qurbanların əksəriyy… ƏTRAFLI