Ekspert rəyləri

Balaca qızcığazın böyük oyunu, yoxsa böyük oyunun balaca qızcığazı?

Dünyadakı hadisələrin öz sabit axarı ilə hərəkət etdiyi, pandemiya və karantinin olmadığı bir dönəmdə İsveçdən olan Qreta Tünberq adlı 16 yaşlı qız uşağı əlində “Skolstrejk for Klimatet” (İqlim üçün məktəb tətili) yazısı ilə anidən məşhur oldu. Daha dəqiq, 2018-ci ilin 16 avqustundan bu günədək şöhrət hekayəsi davam edən bu qızcığaz bir anın içində dünyanın ən tanınmış dərgilərinin xəbər başlığı, ən ali tribunaların söz sahibinə çevrilməyi bacardı. İsveç parlamentinin qarşısından başlayan bu aktiv iştirak etdiyi hər bir mötəbər tədbirdə öz səlist ingiliscəsi ilə dünya liderlərinə hətta meydan belə oxumaqdan çəkinmədi. Üstəlik arxası ilə apardığı hərakat çox sürətli şəkildə Stokholmdan Brüssel, Hamburq, Paris, Bristol, Nyu York, Qlazqo, Dublinədək yayılaraq bir müddət sonra qlobal miqyas aldı. Son olaraq isə dünyanın nüfuzlu nəşri olan “TİME” jurnalının üz qabığında “Person of the Year” (İlin adamı) adına layiq görülərək şəkli yer alan bu qızcığaz artıq bir qədər sonra cəmiyyətdə fikir ayrılıqlarına səbəb oldu. Axı hələ ilkin gənclik dövrünü yaşayan bu qız uşağının möhtəşəm uğurunun sirri nədə idi ? Əsas şübhə yaradan məqamlardan biri isə tam olaraq 17 il öncə İraq müharibəsinin də məhz 15 yaşlı Nariyah adlı küveytli bir qızın Səddam hakimiyyəti əsgərlərini uşaq qətliamında günahkar görməsi ilə başlamışdı. Bir müddət sonra isə dövri mətbuatda İraq müharibəsinin “Hill & Knowlton” adlı reklam agentliyi tərəfindən planlaşdırıldığı xəbərləri ortaya çıxmağa başladı. İraqın ardınca isə Liviya və Suriya da “uşaq qətliamı” ittihamı ilə uşaqlar üçün qan gölünə çevrildi. Bu tarixi olayın şahidləri kimi indi bizim qarşımızda duran bu azyaşlı iqlim fəalının arxasında hansı gücün dayandığı şübhəsiz ki əksəriyyətimizdə müəmma doğurur.

 

İlk mülahizələrdən biri isə Vaşiqton Universitetinin arxiv kitabxanasından tapılan bir şəkillə başladı. Təxminən 120 il əvvəl Kanadanın Yukon bölgəsində qızıl axtarışları (bəzi mənbələrdə suyu quyusu da yazılır) zamanı çəkilən şəkildə yer alan 3 uşaqdan birinin Qretaya çox bənzəməsi cəmiyyətdə bu barədə bir sıra konspriasiyaların irəli sürülməsinə şərait yaratdı ki, bunlardan da biri həmin arxiv fotodakı Qretanın oxşarının zaman səyahəti edərək hazırki dünyamızın ekoloji probleminin həll edilməsi üçün gəlməsi iddiası idi.

 

 

 

Şəkil. Aktivist Qretanın 1898-ci ildə çəkilən şəkildəki oxşarı.

 

Təbii ki, bu cür uydurma subyektiv yanaşmalara inanaraq, qlobal ekoloji problemin davam etdiyi bir vaxtda belə təqdirəlayiq addıma kölgə salmaq istəmirik. Ancaq müəyyən təhlillərin ortaya maraqlı faktlar çıxara biləcəyini də danmaq mümkün deyil. Belə ki, yarım ildən artıq davam edən pandemiya və qlobal iqtisadi tənəzzül nəticəsində iyun ayının ilk yarısında Beynəlxalq Əmək Təşkilatının rəhbəri Qay Rayder:"Dünyada 152 milyon əməyi istismar olunan uşaq var. Onların 70 milyonu ağır iş şəraitində çalışır. Uşaq əməyi istismarının ən çox olduğu Afrikada hər 5 uşaqdan 1-i istismar olunur. Pandemiyadan sonra gəlirləri azalan ailələrin fonunda bu say daha da artacaq" fikirlərini açıq şəkildə ifadə etdi. Yaxın günlərdə isə bu və növbəti 2 il ərzində məcmu istehsalın 12 trilyon dollar dəyərində itkiyə məruz qalacağını proqnoz edən BVF dünyanın həm inkişaf etmiş, həm də inkişaf edən bazarları üçün son 140 il ərzində misligörünməmiş borc həcmi gözlənildiyini açıqladı.

 

 

Qrafik. Son 140 il ərzində dövlət borclarının həcmi, ÜDM-ə nisbətən faizlə.

 

Bütün bu bədbin proqnoz və açıqlamalar çox təəssüf ki bununla da yekunlaşmır. Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ üçün 11% işsizlik və 19 milyon isizlik müavinəti üçün müraciət, Latın Amerikasında 40 milyonluq işsiz ordusu, BMT-nin 400 milyon ifrat yoxsulluq, 20% gəlir azalması kimi proqnoz göstəricilərindən əlavə, ümumilikdə dünya iqtisadiyyatının 30 il geriləyəcəyi də gözlənilməkdədir.

 

Lakin, maraqlı məqamlardan biri də odur ki, davam edən iqtisadi tənəzzül fonunda maliyyə bazarlarının real iqtisadiyyatdan kəskin fərqliliyini görürük. Sanki bu sahənin göstəriciləri birbaşa fəaliyyətdən daha güclü bərpa perspektivlərinə malikdir. Müşahidələrdən sonra məlum olur ki, daim dalğalanmalarla seçilən qiymətli kağızlar bazarında may ayının sonlarından bəri “S&P 500”, “FTSE”, “JSE”, “Shangai”, Afrika indeksi əhəmiyyətli dərəcədə yaxşılaşmış; xaosun artdığı Braziliyada infeksiya nisbətlərinin son həddə çatmasına baxmayaraq, “Bovespa”nın əhəmiyyətli dərəcədə yüksəlməsi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə portfel axınını sabitləşdirmişdir.

 

 

Qrafik. Birjaların 2020-ci ilin ilk yarısında dalğalanma intensivliyi, faizlə.

 

Maliyyə bazarlarının belə yüksək tempi eynilə bir neçə milyarderin yüksək yoxsulluq və işsizlik göstəriciləri qarşısında daha da zənginləşməsi ilə demək olar ki eyni xarakterə malikdir. Baxmayaraq ki, 2009-cu ildəki qlobal böhran milyarderlərə daha pis təsir etmişdi. Lakin 2020-ci ildəki pandemiya dövründə milyarderlər daha çevik tərpənərək özlərini böhrandan xilas edə bildilər. Bunun nəticəsində, cari ildə dünyanın ən varlı insanlarının reytinq cədvəlində 2.153 şəxs yer almışdır ki, onların da sərvəti dünya əhalisinin 60%-nin (4.6 milyard. nəfər) sərvətindən çoxdur. Ən acınacaqlısı isə dünya əhalisinin 1%-i dünyada yaşayan 6.9 milyard insandan 2 dəfə daha varlıdır. Təqribən dünya əhalisinin 50%-i gün ərzində 5.5 $-dan az gəlir əldə edir. Ümumiyyətlə, son 10 ildə milyarderlərin sayının təqribən 3 dəfə artıdığını qeyd edən nüfuzlu “Forbes” nəşrindən fərqli olaraq, “Wealth-X” şirkəti onların sərvətinin illik müqayisədə 10.3% artımla 9.4 trilyon dollara çatdığını bildirmişdir. Halbuki Britaniyanın humanitar təşkilatı olan “Oksfam” isə son 30 il ərzində dünyanın aşağıgəlirli əhalisinin məvaciblərinin 0% artmasını faktını bəyan edir. “CNN Money”-in 2012-ci ildə yaratdığı və 0-100 bal arası hesablanan “qorxu və acgözlük” (Fear and Greed) indeksi isə son 8 ildə acgözlüyün daha çox dominantlıq etməsini və hətta 2019-cu ildə rəqəmin maksimal - 99 həddinə qədər qalxmasını göstərir.

 

Bütün bu ziddiyyətlərə baxmayaraq, dünyanın qoruyucu mələyi rolunu oynamağa çalışan, ötən ilin adamı balaca Qreta bu mövzuda susqunluq nümayiş etdirməkdədir. Eynilə, onun pandemiyadan əvvəl heyvandarlıq təsərrüfatından bir kəlmə də olsun bəhs etməməsi də şübhələrə zəmin yaradırdı. Necə oldu ki, qlobal iqlim böhranı üçün canını belə fəda edəcək bu fəal dünya su ehtiyatlarının 80%-nin heyvandarlıq təsərrüfatına sərf olunması faktına diqqət yetirmədi ?! Baxmayaraq ki, hesablamalara görə bir qamburgerin hazırlanması üçün 1.695 litr su israfı tələb olunur ki, bu da nəticədə 112 ağacın məhv olmasına gətirib çıxarır. Çox təssüf ki, “Greenpeace”nin yolunu davam etdirən Qreta bu məsələdə də susqunluq içərisindədir.Əlbəttə ki, qeyd etdiyim fikirlər əksəriyyətimizdə müəyyən çaşqınlıqlara səbəb ola bilər ki, o yaşında autizm xəstəliyinin simptomlarına malik bir uşaq bu cür ağır çəkili məsələlərə necə münasibət göstərsin və ya çıxış yolu tapsın ? Sözsüz ki, İsveç dövlət radiosunda “Dünya liderləri mənimlə selfi çəkdirmək üçün növbə gözləyirlər” fikrini səsləndirməklə başda illərin təcrübəsi Kansler Merkel olmaqla, digər dünya liderlərinə də meydan oxuyan isveç dilli Qretanın 2 milyondan çox izləyiciyə sahib rəsmi facebook hesabında ingilis dilində “Hong Kong” məsələsində yerli əhaliyə dəstək olması onun yuxarıda qeyd etdiyimiz problemlərə də münasibət bildirmək cəsarətində olduğunu sübut edir. Ən azı unutmayaq ki, 2009-cu il “Eurovision” mahnı müsabiqəsində İsveçi “La Voix” mahnısı ilə təmsil edən müğənni Malena Ermanın bu balaca qız atası Svanta Tünberqin “Svenska Dagbladet” qəzetinə müsahibəsi zamanı bildirdiyinə görə, hətta 10 milyon İsveç kronu toplayaraq özünə sayt belə yaratmaq məharətinə malik olmuşdur.

 

Göründüyü kimi, kiçik bir müşahidədən aydın olur ki, Qreta təsadüfi bir sima deyil. Toxunduğu məsələlərə fikir verdikdə belə qənaətə gəlmək olur ki, tanınmış müğənninin övladı olması, şübhəsiz ki, onun istedadının üzə çıxmasında açar rolu oynamışdır. Bu təcrübə eynilə bir müddət əvvəl LGBT dərnəklərinin aparıcı siması olan, 2007-ci il təvəllüdlü ifaçı, aktyor, model və elə Qreta kimi müdafiəçi rolunda çıxış edən Desmondla eynilik təşkil edir. Təsadüfi deyildi ki, müəyyən vaxt intervalından sonra bu hadisənin məhz Desmondun valideynləri tərəfindən təşkil olunduğu faktı üzə çıxdı. Bütün bunlardan əlavə, Qretanın da yuxarıda qeud etdiyimiz kimi, dünyada baş verən daha vacib sosial məsələləri görməzdən gəlib, digər qərblilər kimi son illər yüksək inkişaf tempində olan Çinin parçalanmasına dəstək verməsi bir sıra suallara və qaranlıq məqamlara şərait yaradır.

 

Pünhan Musayev

  Mingəçevir

PAYLAŞ

Oxşarlar

 Müasir sosial-siyasi şəraitdə qlobal problemlər və onun yaranma səbəbləri

Müasir sosial-siyasi şəraitdə qlobal problemlər və onun yaranma səbəbləri

29 İyul 2020

COVID-19 pandemiyası da göstərdi ki, müasir sosial-siyasi şəraitdə qlobal problemin həll edilməsi bütün millət və dövlətlərin problemi ey… ƏTRAFLI

Slavoj Jijek: Amerika etirazlarında Tramp siyasətinin qurbanları cinayətkarın günahlarını silir

Slavoj Jijek: Amerika etirazlarında Tramp siyasətinin qurbanları cinayətkarın günahlarını silir

10 İyul 2020

ABŞ-da sərt karantin və polis zorakılığına  qarşı olan etirazlar insanları seçim qarşısında qoyub - pul yoxsa həyat.  Qurbanların əksəriyy… ƏTRAFLI

“Avropa İttifaqı Haqqında Təsəvvürlər. Azərbaycanda ictimai rəy sorğusu”adlanan, Aİ-nın Şərq Tərəfdaşlığı (EaP) layihəsinin altı   ölkəsində  keçirilən  son sorğunun nəticələri

“Avropa İttifaqı Haqqında Təsəvvürlər. Azərbaycanda ictimai rəy sorğusu”adlanan, Aİ-nın Şərq Tərəfdaşlığı (EaP) layihəsinin altı ölkəsində keçirilən son sorğunun nəticələri

04 İyul 2020

AB-nin Şərq Tərəfdaşlığı (EaP) layihəsinin altı   ölkəsində “Avropa İttifaqı Haqqında Təsəvvürlər. Azərbaycanda ictimai rəy sor… ƏTRAFLI