logo
AZ

Ekspert rəyləri

Azərbaycanda dil, din və mədəni identikliyin qorunmasının siyasi-hüquqi əsasları

Vətəndaş inteqrasiyası prosesi beynəlxalq təcrübəyə və etnik azlıqların idarə olunmasının beynəlxalq standartlarını müəyyənləşdirən siyasi-hüquqi tənzimləmələrə əsaslanır. BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların üzvü kimi Azərbaycan burada yaşayan xalqların və etnik qrupların müdafiəsi və vətəndaş inteqrasiyası sahəsində uğurla həyata keçirilmiş beynəlxalq təcrübələri və tənzimləmələri nəzərə almağa, qəbul etməyə və ölkə spesifikasını nəzərə almaqla həyata keçirməyə hazır olduğunu dəfələrlə bəyan etmiş, bu sahədə mövcud beynəlxalq sənədləri imzalamış, ratifikasiya və təsdiq etmişdir.

     

Polietnik ölkə olan Azərbaycanda qanun hər bir kəsə bərabər hüquq və vəzifələr bəxş edir, onların identikliyini qoruyur. Azərbaycanın hər bir vətəndaşı ölkənin güc mənbəyi və sərvətidir. Ümumiyyətlə, hər bir hüquqi dövlətdə milli azlıqların hüquqlarının qorunması üçün xüsusi təminat tələb olunur. Azərbaycanda belə təminat dövlət səviyyəsində verilmişdir. Müstəqilliyin bərpasının ilk illərində - 16 sentyabr 1992-ci ildə “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında” Prezident Fərmanı [2] milli münasibətlər sahəsində dövlət siyasətini müəyyən etmiş, etnik azlıqlar arasında əlaqələrin yaxşılaşdırılması və hüquqi dövlətin yaradılmasına onların cəlb olunmasının səviyyəsinin artırılması məqsədini daşımışdır. Qeyd edək ki, bu Fərman BMT tərəfindən 18 dekabr 1992-ci ildə qəbul edilmiş “Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında Bəyannamə"dən [22] 3 ay əvvəl imzalanmışdır. Ümumilikdə Azərbaycan MDB məkanında etnik azlıqlara yönəlik fəaliyyəti hamıdan əvvəl həyata keçirmişdir.

 

Azərbaycan qanunvericiliyində etnik və dini azlıqların hüquqlarının qorunmasına, onların milli və mədəni irslərinin mühafizəsinə və öyrənilməsinə yönələn kifayət qədər müddəalar vardır. Ali hüquqi sənəd kimi yüksək təsir qüvvəsinə malik olan, 1995-ci il noyabrın 12-də Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası və digər hüquqi aktlar buna misal ola bilər. Azərbaycan Respublikasının Konstitusiyası mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörməti təmin edir. Azərbaycan Respublikasının suverenliyi haqqında Konstitusiya Aktı [13] Azərbaycan Respublikasının bütün vətəndaşlarının qanun qarşısında bərabər olduğunu təsdiq edir. Konstitusiyamızın üçdə iki hissəsinin insan hüquq və azadlıqlarının qorunmasına həsr olunması dövlətimizin hüquqi və demokratik prinsipləri uca tutmasına bariz nümunədir. Konstitusiyamızın 12-ci maddəsində (“Dövlətin ali məqsədi”) mühüm bir müddəa var: “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir” [1].

 

Konstitusiyamızın 5-ci maddəsində (“Xalqın vahidliyi”) qeyd edilir ki, “Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir” [1]. Həmin ali sənədin 25-ci, 44-cü, 45-ci və 47-ci maddələrində milli azlıqlar üçün hüquqlar nəzərdə tutulur. Məsələn, Konstitusiyanın 25-ci maddəsinə (“Bərabərlik hüququ”) əsasən, “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. 44-cü maddədə (“Milli mənsubiyyət hüququ”) qeyd olunur ki, “Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”. 45-ci maddədə (“Ana dilindən istifadə hüququ”) göstərilir ki, “Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz”. 47-ci maddədə (“Fikir və söz azadlığı”) isə qeyd olunur ki, “Hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir” [1].

           

Konstitusiyanın 21-ci maddəsinin ("Dövlət dili") II hissəsinə uyğun olaraq, dövlət əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. Konstitusiyanın 42-ci madəsi ("Təhsil hüququ") hər bir vətəndaşın təhsil almaq hüququnu təsbit edir [1].

           

Konstitusiyanın 50-ci maddəsi ("Məlumat azadlığı") hər kəsin məlumat azadlığı hüququna təminat verir. 51-ci maddədə ("Yaradıcılıq azadlığı") qeyd olunur ki: I. Hər kəsin yaradıcılıq azadlığı vardır. II. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir" [1].

 

Bundan başqa, Konstitusiyanın 27-ci ("Yaşamaq hüququ"), 28-ci ("Azadlıq hüququ"), 29-cu ("Mülkiyyət huququ"), 30-cu ("Əqli mülkiyyət hüququ "), 31-ci ("Təhlükəsiz yaşamaq hüququ"), 32-ci ("Şəxsi toxunulmazlıq hüququ"), 35-ci ("Əmək hüququ "), 38-ci ("Sosial təminat hüququ"), 40-cı ("Mədəniyyət hüququ") ,  47-ci  (“Fikir və söz azadlığı”), 51-ci ("Yaradıcılıq azadlığı"), 52-ci ("Vətəndaşlıq hüququ"), 54-cü ("Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ"),  55-ci ("Dövlətin idarə olunmasında iştirak etmək hüququ"), 56-cı  ("Seçki hüququ"), 60-cı ("Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı"), 61-ci ("Hüquqi yardım almaq hüququ"), 62-ci ("Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi"),  63-cü ("Təqsirsizlik prezumpsiyası"), 65-ci ("Məhkəməyə təkrar müraciət hüququ"), 71-ci ("İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı") və s. maddələri də etnik azlıqların hüquqlarının qorunmasına təminat verir [1].

 

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" 30 sentyabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, "Azərbaycan Respublikasının vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq, hamı üçün bərabərdir. Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir" [12].

     

Azərbaycan Respublikasının cinayət qanunvericiliyi milli zəmində törədilə biləcək cinayətlərə görə məsuliyyət müəyyən etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsi soyqırımı cinayətinə görə məsuliyyət növünü müəyyən edir: "Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə—on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır" [6].

           

Cinayət Məcəlləsi vətəndaşların bərabərlik hüququnun pozulmasına görə məsuliyyəti müəyyən edir. Məcəllənin 154-cü maddəsi insan və vətəndaşların Konstitusiyada təsbit olunmuş bərabərlik hüququnu pozmağa görə məsuliyyət müəyyən edir.

           

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir.           Cinayət-Prosessual Məcəllənin 26-cı maddəsinə əsasən, Azərbaycan Respublikası məhkəmələrində cinayət-mühakimə icraatı dövlət dilində və ya müvafiq ərazinin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır [7].

           

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsi hamının qanun qarşısında bərabərliyi prinsipini təsbit edir. Belə ki, inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər və inzibati məsuliyyətə cəlb olunurlar [10].

           

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.4. maddəsinə əsasən, nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır [5].

Azərbaycan Respublikasının Əmək Məcəlləsində göstərilir ki, işə qəbul zamanı irqindən, milli mənsubiyyətindən və dinə münasibətindən asılı olmayaraq hüquqların hər hansı şəkildə – bilavasitə və dolayısı ilə məhdudlaşdırılmasına yol verilmir [8].

 

“Təhsil haqqinda” Qanunun 5-ci maddəsinin (“Təhsil hüququna dövlət təminatı”) 5.1.-ci bəndinə əsasən “Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və fоrmasından məhrum edilməsinə yоl vermir”. Qanunun 5.2.-ci bəndinə əsasən “Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı оlmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yоl verilməməsinə təminat verir” [17].

 

Bundan başqa, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində ("Kütləvi informasiya vasitələrinin dili") qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisində kütləvi informasiya vasitələri dövlət dilindən istifadə edirlər. Azərbaycan Respublikası vətəndaşlarının kütləvi informasiyanın istehsalı və yayımında Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərdən, habelə dünyada geniş yayılmış digər dillərdən istifadə etmək hüququ vardır. Bu qanunun 14-cü maddəsinə (III fəsil. Kütləvi informasiya vasitələrinin təşkilinin hüquqi əsasları) əsasən, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə təsis etmək hüququna malikdirlər [15]. "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 7.0.7-ci maddəsinə uyğun olaraq, dini və irqi ayrı-seçkiliyi təbliğ edən proqramların yayımlanmaması ictimai yayımçının vəzifəsi kimi müəyyən olunmuşdur [14].

           

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 11.5.4.-cü maddəsinə əsasən terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə teleradio yayımı sahəsində müvafiq dövlət orqanı - Milli Televiziya və Radio Yayımları Şurası nəzarət edir [16].

           

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 3-cü maddəsinə əsasən, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır [11].

           

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun müddəalarına əsasən, irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq ölkə ərazisində yaşayan hər kəsin Ombudsmana müraciət etmək hüququ vardır. Qanunun 8.1.-ci maddəsində qeyd edilir ki, Ombudsman Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərə baxır [9].

           

2011-ci il dekabrın 27-də Prezident Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir. Milli Fəaliyyət Planında etnik azlıqların mədəni irsinin inkişafı da Azərbaycan Hökumətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulmuşdur [3].

 

Daxili qanunvericiliyin bu müddəaları ilə yanaşı, Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixində qoşulduğu “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması”, “Aparteidin qarşısının alınması və onun cəzalandırılması” və “Genosidin qarşısının alınması və onun cəzalandırılması” haqqında BMT Konvensiyaları kimi beynəlxalq sənədlərin müddəaları da ölkədə tətbiq olunur. Onu da qeyd edək ki, Azərbaycan BMT Baş Assambleyasının 1992-ci il 18 dekabr tarixində milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı qəbul etdiyi Bəyannaməyə artıq qoşulub. İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya qoşulmaq barədə təşəbbüs Azərbacan Respublikası Prezidentinin 31 may 1996-cı il qanunu ilə təsdiq olunub.

           

1996-cı il oktyabrın 8-də Azərbaycan Respublikası Prezidenti “Deportasiya olunmuş şəxslərin, milli azlıqların və xalqların hüquqlarının bərpası ilə bağlı məsələlərə dair sazişin təsdiq edilməsi barədə” Qanunu imzalamışdır [19].

 

BMT Baş Assambleyasının “Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında Bəyannamə” [22] və Avropa Şurasının “Milli azlıqların hüquqlarının qorunması haqqında” Çərçivə Konvensiyası [23] Azərbaycan parlamentində ratifikasiya edilmişdir. Qeyd edək ki, Azərbaycan Avropa Şurasının qeyd edilən Çərçivə Konvensiyasına 2000-ci ilin iyun ayında, yəni bu ali quruma üzv olmamışdan əvvəl qoşulmuşdur. Konvensiyanın 25-ci maddəsinə əsasən, Azərbaycan 2002-ci il iyunun 4-də milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının qorunmasına dair vəziyyət barədə milli hesabatını təqdim etmişdir. Milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitə sözügedən hesabatın baxılması məqsədilə xüsusi işçi qrupu tərtib etmişdi. Bu qrup Dövlət hesabatını yoxlamaq məqsədilə 2003-cü il martın 29-dan aprelin 4-nə kimi Azərbaycana səfər etmişdir. Bu tədbirlər Azərbaycanın milli azlıqlara yönəlmiş siyasətinin beynəlxalq standartlara cavab verməsinin əyani göstəricisidir.

 

Ümummilli lider Heydər Əliyevin milli azlıqların vəziyyəti ilə bağlı müvafiq hesabatın hazırlanması barədə Sərəncamı (1 noyabr 2001-ci il) bir ildən bir az çox müddət ərzində yerinə yetirilmişdir. Azərbaycan Respublikasının Xarici İslər Nazirliyi milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının qorunması üzrə mövcud vəziyyət barədə Avropa Şurasına göndərdiyi hesabat məktubunda ölkədə milli azlıqlara tolerant münasibətdən bəhs olunur.

 

2005-ci il dekabr ayının 19-da Bakıda ölkəmizdə “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasının həyata keçirilməsi sahəsində əldə edilmiş nailiyyətlərin nəzərdən keçirilməsi və Məşvərətçi Komitəsinin qərarları, həmçinin Nazirlər Komitəsi tərəfindən qəbul edilmiş Qətnamənin nəticələrinin yerinə yetirilməsi üzrə atılmış addımların müzakirəsinə həsr olunmuş seminar keçirilmişdir. 2007-ci il yanvarın 10-da Azərbaycan Respublikası AŞ-yə ikinci dövr üzrə hesabatını təqdim etmişdir. Məşvərətçi Komitə ölkə hesabatındakı, eləcə də 2007-ci il sentyabr ayının 10-14-də Bakı və Lənkərana baş tutmuş səfər zamanı əldə edilmiş məlumatlar əsasında 2008-ci ilin yanvar ayında Azərbaycana dair ikinci rəyini hazırlamışdır [4].

 

Qeyd edək ki, ATƏT-in Milli azlıqlar üzrə Ali komissarının siyasi müşaviri milli azlıqların hüquqlarının qorunmasına dair vəziyyəti müşahidə etmək məqsədilə Azərbaycana bir neçə dəfə səfər etmişdir.

           

2011-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasına qoşulmasını nəzərə alaraq, həmin Konvensiya üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının üçüncü dövri məruzəsinin hazırlanmasını və Azərbaycan Respublikası Hökuməti adından Avropa Şurasının Baş katibinə təqdim olunmasını təmin etmək məqsədi ilə Sərəncam imzalamışdır.

 

Bütün bu qeyd olunanlara onu da əlavə etmək istərdik ki, Azərbaycan Avropa Şurasının 5 noyabr 1992-ci ildə qəbul etdiyi “Regional dillərin və ya azsaylı xalqların dillərinin Avropa Xartiyası”nın [24] prinsiplərini daim diqqət mərkəzində saxlayır. 2001-ci ildə Azərbaycan Respublikası Avropa Şurasının Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyasını imzalamışdır. UNESCO-nun 2005-ci il oktyabrın 20-də Parisdə qəbul etdiyi “Mədəni özünüifadə  müxtəlifliyinin qorunması  və təşviqi haqqında” Konvensiyaya uyğun olaraq ölkəmizdə yaşayan milli  azlıq  və  etnik  qrupların  mədəniyyəti  Azərbaycan mədəniyyətinin  tərkib  hissəsi  kimi  qorunur  və  inkişaf  edir.

 

1992-ci il avqustun 20-də qəbul edilmiş “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu [20] respublika vətəndaşlarının dinə öz münasibətini bildirmək və ifadə etmək azadlığını təsbit edir, onların dinə münasibətlərindən asılı olmayaraq hüquq bərabərliyini təmin edir. Qanun müstəqil Azərbaycan Respublikasında dini qurum və icmaların fəaliyyətinə, dini etiqad azadlığı ilə əlaqədar vətəndaşların və dini qurumların hüquqlarına, dini qurumların dövlət orqanları ilə münasibətlərinə dair məsələlərin tənzimlənməsi üçün əsas yaratmışdır.

 

Dövlət-din münasibətləri modeli çərçivəsində inkişaf edən Azərbaycanda bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci (“Vicdan azadlığı”) maddəsində qeyd olunur ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır [1]. 2009-cu ildə keçirilən ümumxalq səsverməsində Konstitusiyanın bu maddəsinə belə bir əlavə də edildi ki, heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Konstitusiyanın bu maddəsinə uyğun olaraq dini etiqad azadlığının həyata keçirilməsi üçün münasib şəraitin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunmasını, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edir.

 

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına əsasən, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra ölkədə 969 dini icma fəaliyyət göstərir. Konfessional baxımdan onların 932-si islam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

 

2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 11 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.
Ölkə ərazisində 2250 məscid (onlardan 136-sı Bakı şəhərində yerləşir), 16 kilsə, sinaqoq, 748 pir və ziyarətgah (onlardan 25-i Bakı-Abşeronda) fəaliyyət göstərir [21].

 

Azərbaycan müstəqilliyini qazandıqdan sonra ölkədə məscidlərlə yanaşı kilsələr, sinaqoqlar da təmir olunaraq insanların xidmətinə verilmişdir. Dövlət tərəfindən dini icmaların fəaliyyəti üçün geniş imkanlar yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli  “Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamı bu diqqət və qayğının növbəti təzahürlərindən biridir. Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir [18].

 

Azərbaycan bu gün dünyada həm də dinlərarası dialoqun mərkəzinə çevrilmişdir. 2012-ci və 2019-cu illərdə  Dünya Dini Liderlərinin sammitlərinin Bakıda keçirilməsi Azərbaycanın tolerantlıq təcrübəsinin yüksək dəyərləndirilməsindən irəli gəlir. Həmin sammitlərdə ölkəmizin sülhsevərliyi, birgəyaşayış qaydalarına hörməti Azərbaycan xalqına məxsus humanist və xeyirxahlıq kimi dəyərləndirilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda tolerantlığın səviyyəsi yüksəkdir və məmnunluq hissi yaradır. Azərbaycanda hər kəs istədiyi dinə, etiqad edir, istədiyi kimi ibadət edir. Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meyilləri respublikanın müasirləşməsinə, modernləşməsinə xidmət göstərir. 

 

Azərbaycanın təşkilatçı kimi ev sahibliyi etdiyi mötəbər tədbirlərdən biri də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. İndiyədək Bakıda üç dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub və hər dəfə uğurlu nəticələr əldə edilib. Beynəlxalq aləmdə “Bakı prosesi” kimi təqdim və qəbul edilən bu Forum dünyada mütəmadi keçirilən mötəbər tədbirlərdən hesab olunur.

 

Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri “Dövlət və din: qloballaşan dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda I Beynəlxalq Bakı Forumudur. Tədbirdə qeyd olunan sahədə vahid prinsipləri özündə ehtiva edən “Bakı Platforması” adlı sənəd qəbul edilib. Forumun işinə 30-dan artıq ölkədən nümayəndələr qatılıb və onun mütəmadi keçirilməsi barədə qərar qəbul olunub [18].

 

2017-ci il dekabrın 21-22-də Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Beləliklə, Azərbaycan bu gün etnik mənşəyindən, dini mənsubiyyətindən, irqindən, cinsindən, dilindən və s. asılı olmayaraq ərazisində yaşayan bütün xalqların bigəyaşayışının, birliyinin, sivilizasiyalararası və dinlərarası dialoqun unikal modelini dünyaya təqdim edir. Prezident İlham Əliyev Vətən müharibəsinin qalib sərkərdəsi kimi eyni imkanları Azərbaycandakı erməni azlıqlara da təklif edib: “Azərbaycan xalqı çox xeyirxah xalqdır, məhz ona görə Azərbaycanda digər xalqların nümayəndələri sülh, barış və ləyaqət içərisində yaşayır. Ona görə də mən əminəm ki, ermənilər və azərbaycanlılar o bölgələrdə də bir yerdə yaşaya bilərlər. Necə ki, Azərbaycanın digər yerlərində, necə ki, məsələn, Gürcüstanda yaşayırlar”.


ƏDƏBİYYAT:

 

 

  1. Azərbaycan Respublikasının Konstitusiyası. // http://www.president.az/azerbaijan/constitution#esas huquq
  2. "Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında"Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 16 sentyabr 1992-ci il
  3. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı. /27 dekabr 2011 / - http://www.president.az/articles/4017
  4. Azərbaycan Respublikasında mədəni müxtəliflik, http://www.mfa.gov.az/?options=content&id=114
  5. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. - http://www.e-qanun.az/code/10
  6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. -  http://e-qanun.az/framework/46947
  7. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi.  - http://e-qanun.az/framework/46950
  8. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, http://e-qanun.az/print.php?internal=view&target=1&docid=7&doctype=1
  9. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu. - http://www.e-qanun.az/framework/1407
  10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi. - https://azertag.az/store/files/news/ASASNAME.pdf
  11. Azərbaycan Respublikasının Seçki Məcəlləsi. - http://www.e-qanun.az/code/17
  12. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında"  Azərbaycan Respublikası Qanunu. /Bakı şəhəri, 30 sentyabr 1998-ci il/ - http://www.mfa.gov.az/files/file/16(1).pdf
  13. Azәrbaycan Respublikasının Dövlәt müstәqilliyi haqqında Konstitusiya Aktı. - http://www.azerbaijan.az/portal/History/HistDocs/Documents/09.pdf
  14. İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu. -  http://www.e-qanun.az/framework/5546
  15. Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu. // http://www.azerbaijan.az/portal/Society/MassMedia/massMedia_a.html
  16. "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu. - http://www.ntrc.gov.az/az/content/news/15.html
  17. “Təhsil haqqında” Azərbaycan Respublikasının  Qanunu. /19.06.2009/ -
  18. Tolerantlıq - https://multiculturalism.preslib.az/az_a4.html
  19. Deportasiya olunmuş şəxslərin, milli azlıqların və xalqların hüquqlarının bərpası ilə bağlı məsələlərə dair Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublıkasının Qanunu - http://www.e-qanun.az/framework/4222
  20. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu. –http://www.e-qanun.az/framework/7649
  21. Dini sahə ilə bağlı statistik rəqəmlər. -http://www.dqdk.gov.az/az/view/pages/306?menu_id=83
  22. Declaration on the Rights of Persons Belonging to National or Ethnic, Religious and Linguistic Minorities. / Adopted by General Assembly resolution 47/135 of 18 December 1992/ - http://www.ohchr.org/Documents/Publications/GuideMinoritiesDeclarationen.pdf
  23. Framework Convention for the Protection of National Minorities and Explanatory Report/Strasbourg, February 1995 / - https://rm.coe.int/16800c10cf
  24. Regional and minority languages in the European Union. -https://www.europarl.europa.eu/EPRS/EPRS-Briefing-589794-Regional-minority-languages-EU-FINAL.pdf

 

Aqşin Məmmədov

 

PAYLAŞ

Oxşarlar

Azərbaycanın təbii qaz ehtiyatı Avropanın bərpa olunan enerjiyə keçməsinə kömək edə bilər

Azərbaycanın təbii qaz ehtiyatı Avropanın bərpa olunan enerjiyə keçməsinə kömək edə bilər

01 Aprel 2021

Gələcəkdə təbii qazın istifadəsi qaçınılmazdır.  Avropanı narahat edən ən böyük problemlərdən biri enerji təhlükəsizliyi və Avro… ƏTRAFLI

AZƏRBAYCANDA TOLERANTLIQ: TARİX VƏ MÜASİRLİK

AZƏRBAYCANDA TOLERANTLIQ: TARİX VƏ MÜASİRLİK

18 Mart 2021

Müasir dövrdə beynəlxalq aləmdə baş verən xoşagəlməz hadisələr dünyada sabitliyi qorumaq üçün ilk növbədə insanlar arasınd… ƏTRAFLI

İşğaldan azad edilən şəhərlərimizin “ögey qardaşları” – Qardaşlaşmış şəhərlər

İşğaldan azad edilən şəhərlərimizin “ögey qardaşları” – Qardaşlaşmış şəhərlər

17 Mart 2021

 Los-Anceles Şuşa ilə qardaşlaşmış şəhər münasibətini müvəqqəti olaraq dayandırır.    Bu barədə Ermənistanın “Masis Pos… ƏTRAFLI